Dörd ayda üç qadından ayrılmaq

Dörd ayda üç qadından ayrılmaq
12 fevral 2014
# 12:26

Kulis.Az Vurğun Mişiyevin iki qısa hekayəsini təqdim edir.

Üç qadın

Səhv etmirəmsə, dünən idi. Hə, hə, dünən idi.

Mənasız bir günü arxada qoymuşdum. Evə gecə saat 3-ün yarısı gəlmişdim. Gün ərzində nələ olduğunu heç fikirləşmək istəmirdim. Taksü sürücüsündən pulun qalığını almağı unutmuşdum deyəsən. İki gün əvvəl bir aylıq maaş məbləğinə aldığım eynəyimi haradasa yaddan çıxarmışdım. Axşamçağı evlənmə təklifi etdiyim o qızın gözləri yaşıl idimi?

Axırıncı dəfə nə vaxt belə olduğum yadıma gəlmir. Otağıma keçdim, stulda oturub bir müddət “Placebo”-nun yeni albomundan mahnılara qulaq asdım. Bitdi, başa fırladıb yenə qulaq asdım. Bir neçə saat dayanmadan qulaq asdım. Musiqi adlanan bu xəstəlik həqiqətən də ruhun qidasıdırsa, mənim ruhum çoxdan qarınqulu olub yəqin. Hər janra qulaq asıram mən: Nirvanadan Baloğlan Əşrəfova, Eros Ramazzottidən Tacirə qədər. Xalq mahnıları ilə muğamı ələ salan zəmanə gənclərindən deyiləm mən.

Çoxdandır kitap oxumurdum. Yaza da bilmirdim düz-əməlli. Üç dəfə ayrılıq yaşamışdım son dörd ayda. Eyni vaxtda iki oğlanı idarə edən bir qızdan ayrılmışdım birinci. Mənə həddindən artıq bağlandığı üçün bezdiyim bir qız gəlmişdi ardınca və məndən on iki yaş böyük olan sevgilimlə dünən ayrılmaq məcburiyyətində qalmışdım. “Uşağı yaşda bir oğlanla gəzir” deyirlərmiş ona və bu, xoşuna gəlmirmiş xanımın. Və mən, deyəsən, ən çox onu sevmişdim.

Həyatı dərk edirsiniz yəqin: işlər istədiyiniz kimi getmirsə, yalan dünyada “mənim olsun” dediyiniz çox da şey qalmayıbsa, saxta təbəssümlərdən iyrənirsinizsə və “hamının tanıdığı məşhur adam” çıxıbsa sevdiyiniz qız – bax, o zaman mahnı oxumaq lazımdır.

Musiqinin səsini azaltdım, işığı söndürdüm və əynimdəkilərə toxunmadan eləcə çarpayıma uzandım. Onsuz da səhəri gün eyni şeyləri geyinəcəkdim.

İt davası

İtləri sevmirəm. Onlar də məni sevmir. Pişikləri də sevmirlər…

Dünən səhər dayanacaqda bir itlə əlbəyaxa olub, bir-birimizi söydük. Əslində mənə hürür kimi görünsə də, öz dilində söyüş söydüyünə şübhəm yox idi. Mən də bu söyüşləri qəbul edəcək halda deyildim hər halda. Camaat araya girməsəydi, qanına qəltan eləyəcəkdim əclafı. Kiməsə hirslənib, hirsini də məndən çıxarmağa çalışır. Lazım gəlsə tumar çəkərəm, ancaq elə ağzını əyə-əyə hürmək nə deməkdir ki?! Hürmək var hürmək var da!

Bir-iki nəfər məni sakitləşdirməyə çalışdığı bir vaxtda, o da qarşı səkiyə keçib öz cinsindən məxluqlarla nəsə danışırdı. Sezdiyim qədəriylə, bizim kimi onlar da nəsə danışırdı öz aralarında. Aralarındakı balaca və qara rəngli olanı hərdən mənə tərəf rişxəndlə baxır, sonra yenə dostlarının yanına qayıdıb nəsə deyirdi. Deyəsən, məni təkləmək istəyirdilər.

Ümumiyyətlə, itlər – kişilikdən özlərinə düşən payı almayan heyvanlardır. Beş-altı itin bir nəfərə hücum etdiyinin dəfələrlə şahidi olmuşam. Məni də elə hala salacaqlarını zənn edirdilər. Boğuşmadan sonra “heyvanla heyvanlıq eləmə!” deyən qocaya “sürüş burdan!” dedim, gözdən itdi. Guya biz bilmirik a! Fürsət tapan kimi hamı şou göstərir.

Bəstəboy olanının baxışlarından əməlli-başlı dilxor olmuşdum. Dözmədim, qəfil itə elə bir hərəkət göstərdim ki, mat qaldı. Hər iki əlimi başımın üstündə birləşdirdim və başımı da o həlqədən keçirərək əsrin hərəkətini sərgilədim. Yeri gəlmişkən, iki il əvvəl bir futbol oyununda rəqibin üçüncü qolundan sonra tribunadan eyni hərəkəti hakimə göstərərkən kameraların obyektivinə düşmüşdüm. İndi də eyni hərəkəti eləmişdim. Bilirdim, məni təkləmək istəyirdi sürtüklər…

Dayanacaqda avtobus gözləyən bir yaşlı qadın keçən il də onun başına belə bir şey gəldiyini danışmağa başlamış, dayanmaq bilmirdi. Siz də görmüsünüz belələrini: xatirələri bitib-tükənməyən insanlar var, bir gün sizi ələ keçirirlər və danışırlar. Yas yerində, bir tanışın toyunda, ictimai nəqliyyatda yaxud da bulvarda çay içəndə. Fərqi yoxdur. Həmin günün tələbinə uyğun olaraq dəyişir bu xatirələr. Uzaq bir qohumumdan illər əvvəl eşitdiyim bir xatirəni keçən il eyni adamdan yenidən eşitdikdə, özünü ifşa edən xırda bir detal istisna olmaqla, iki fərqli hekayə eşitmiş oldum.

Avtobus gəldi, getdim. Axşam evə qayıdarkən, gördüm ki, evimin yanında yeddi dənəsi məni gözləyir. Bir şeyi yaddan çıxarmışdılar: mənim öhdəmdən gəlmək üçün həmişə bir köpəklikdən daha artığına ehtiyac duyulur. Qabaqcadan tədbir görmüşdüm: günəş eynəyi, parik və feyk bığ taxmışdım, beləcə, mənim mən olduğumun fərqinə varmadılar. Paltomun da astar üzünü geyinmişdim deyə heç bir şansdan söhbət belə gedə bilməzdi. Məndən ağıllı olduqlarını zənn eləyirdi oğraşlar. Yanlarından elə keçdim ki, görməliydiniz. Evə çatdıqda gülməkdən qarnım cırılmışdı az qala. Səhərə qədər gözləsinlər. Ha ha ha!

# 1550 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #