Kulis Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanından "Böyük inkvizitor" hissəsini təqdim edir.
... Hadisələr İspaniyada, Sevilyada, inkvizisiyanın ən dəhşətli dövründə cərəyan edir, elə bir dövrdə ki, o vaxt hər gün ölkədə tonqallar çatılır və mənfur kafirləri tonqallarda yandırırdılar...
... Və budur, o [İsa peyğəmbər], bir anlığa olsa da xalqın gözünə görünmək istədi — zülm çəkən, iztirab içində olan, böyük günahlara batmış, amma yenə də onu körpə kimi sevən xalqın gözünə görünmək istədi.
Ah, əlbəttə, bu, onun özünün vəd etdiyi zühur, axırzaman günü, “məşriqdən məğribə qədər işıq saçan şimşək kimi” qəfildən baş verəcək, şöhrəti yeri-göyü bürümüş o peyda zühur günü deyildir.
Yox, o, heç olmazsa bir anlığa öz övladlarına baş çəkmək və bunu məhz kafirlərin tonqallarının çatırtı ilə yandığı yerdə etmək arzusuna düşmüşdü.
O özünün hədsiz mərhəməti üzündən bir daha, on beş əsr bundan qabaq adamların arasında gəzdiyi kimi, insan qiyafəsində adamların arasından keçir.
O, cənub şəhərinin “qızmar geniş küçələrinə” enir; bu həmin şəhərdir ki, bir qədər əvvəl orada kralın, saray əyanlarının, cəngavərlərin, kardinalların və gözəl-göyçək saray xanımlarının iştirakı ilə bütün Sevilyanın saysız-hesabsız əhalisinin gözü qabağında kardinal — böyük inkvizitor Allahın şərəfinə az qala yüz nəfər kafirin hamısını birdən tonqalda yandırmışdı.
O, gözə görünmədən sakitcə peyda olmuşdu, lakin, qəribədir, hamı onu tanıyır... Xalq yenilməz bir qüvvə ilə ona tərəf can atır, onu dövrəyə alır, onu əhatə edənlərin sayı get-gedə artır, onlar onun ardınca gedirlər.
O, onların halına hədsiz acıdığını ifadə edən sakit bir təbəssümlə onların arasından keçir.
Onun ürəyində Məhəbbət günəşi yanır, gözlərindən İşıq, Ziya və Qüvvət şüaları saçılır və bu şüalar insanların üstünə süzülərək cavab sevgisi ilə onların qəlblərini sarsıdır.
O, əllərini geniş açıb adamlara tərəf uzadır, onlara xeyir-dua verir və onun bədəninə, nəinki bədəninə, hətta paltarlarına toxunanda onlarda şəfaverici qüvvə təzahür edir.
Budur, kütlənin arasından qoca bir kişi çıxır. Uşaq yaşlarından kor olmuş həmin qoca deyir: “İlahi, mənə şəfa ver ki, mən də səni görüm”. Dərhal qocaya elə gəlir ki, onun gözlərini örtmüş pul-pul dərini qaldırırlar və kor qoca Allahı görür.
Xalq ağlaşaraq onun ayaqları altındakı torpağı öpür. Uşaqlar onun yoluna gül-çiçək səpir, onlar oxuyur və sevinclə qışqırırlar: “Osanna!”. “Bu odur, özüdür, — deyə onlar təkrar edir, — bu, o olmalıdır, özüdür ki var”.
O, Sevilya kilsəsinin girəcəyində ayaq saxlayır; bu həmin an idi ki, adamlar ağlaşa-ağlaşa ağ rəngli açıq bir uşaq cənazəsini kilsəyə gətirirdilər: cənazənin içindəki yeddi yaşlı qızcığaz şəhərin adlı-sanlı vətəndaşlarından birinin yeganə qızıdır.
Uşağın meyiti tamam gül-çiçəyə qərq olub. Kütlənin içindən uşağın ağlayan anasına qışqırırlar: “O, sənin balanı dirildəcək”.
Cənazəni qarşılamağa çıxmış kilsə keşişi çaşqın halda baxaraq qaşqabağını sallayır. Lakin, budur, ölmüş uşağın anasının fəryadı ucalır. O, Allahın ayaqlarına döşənir, əllərini ona tərəf uzadaraq deyir: “Əgər bu sənsənsə, onda mənim balamı dirilt!”.
Mərasim iştirakçıları ayaq saxlayır, cənazəni kandara endirib onun ayaqlarının yanına qoyurlar. O, ürək yanğısı ilə cənazəyə baxır, dodaqları ahəstə-ahəstə tərpənir: “Talifa kumi” — “Qalx ayağa, qızcığaz”.
Qızcığaz cənazənin içində ayağa qalxır, oturur və gülümsəyərək, heyrətdən geniş açılmış balaca gözləri ilə ətrafa nəzər salır. Onun əllərində ağ qızıl gül dəstəsi var, o, cənazədə uzanarkən bu gülləri onun üstünə səpmişdilər.
Camaatın içində vurnuxma düşür, qışqıran kim, hönkürüb ağlayan kim...
Və elə həmin anda kardinal, böyük inkvizitorun özü kilsənin yanındakı meydandan keçib gedir.
Yaşı doxsanı haqlamış bu qocanın hündür boyu, dik qaməti var, çöhrəsi qupquru quruyub, gözləri çuxura düşüb, lakin bu gözlərdə işıqlı qığılcıma bənzər bir parıltı var... Ondan müəyyən məsafədə qaşqabaqlı köməkçiləri, qulları və “müqəddəs” keşikçiləri gedir.
O, kütləni görüb ayaq saxlayır və uzaqdan onları müşahidə edir.
O, hər şeyi — cənazəni Allahın ayaqlarının yanına necə qoyduqlarını da, qızcığazın necə dirilməsini də görür və üzünü kədər bürüyür. O, çallaşmış sıx qaşlarını çatır, gözlərində kinli bir qığılcım parlayır. O, barmağı ilə Allahı göstərib keşikçilərinə əmr edir ki, onu tutsunlar.
Qoca o qədər güclüdür, xalq da o qədər vərdişkar, ona o dərəcədə itaətkardır və ondan o dərəcədə qorxur ki, kütlə dərhal keşikçilərin qabağında aralanır və qəflətən yaranmış məzar sükutu içində onlar Allaha əl uzadır və onu tutub aparırlar.
Həmin anda camaatın hamısı bir nəfər kimi qoca inkvizitorun qabağında yerəcən baş əyib təzim edir.
O, dinməzcə camaata xeyir-dua verir və ötüb gedir. Keşikçilər əsiri müqəddəs divanxananın qədim binasındakı darısqal və qaranlıq, qübbəvari məhbəsə salıb qapını bağlayırlar. Gündüz keçir, qaranlıq, bürkülü və nəfəssiz Sevilya gecəsi düşür.
Havadan “dəfnə və limon iyi gəlir”. Zülmət qaranlığın içində qəflətən məhbəsin dəmir qapısı açılır və əlində çıraq tutmuş qoca, böyük inkvizitor tələsmədən məhbəsə daxil olur. O təkdir.
İçəri girən kimi dərhal qapı bağlanır.
O, girəcəkdə dayanıb bir-iki dəqiqə diqqətlə məhbusa nəzər salır. Nəhayət, sakitcə ona yaxınlaşır, çırağı masanın üstünə qoyub deyir:
— Bu sənsənmi? Sənsənmi?
Cavab almayanda tezcə əlavə edir:
— Cavab vermə, sus. Bir də ki, axı sən nə deyə bilərdin? Sənin nə deyəcəyini mən lap yaxşı bilirəm.
Axı sən nəyə görə gəlib bizə mane olursan?
Sən bizə mane olmağa gəlmisən və bunu özün də bilirsən. Lakin sabah nə olacağını bilirsənmi?
Sənin kim olduğunu mən bilmirəm və heç bilmək də istəmirəm: bu sənsən, yoxsa yalnız ona oxşayırsan, fərqi yoxdur, amma günü sabah mən səni mühakimə edəcəyəm və səni ən məlun bir kafir kimi tonqalda yandıracağam.
Və bilirsənmi ki, bu gün sənin ayaqlarını öpən həmin xalq sabah mənim bircə işarəmlə cumub sənin yandırılacağın tonqala od qalamağa başlayacaq?
O fikirli halda, lakin bir an belə əsirdən gözünü çəkmədən əlavə etdi:
— Bəlkə də sən bunu bilirsən?
...Sənin gedib görüb gəldiyin aləmin heç olmazsa bircə sirrindən bizi agah etməyə haqqın varmı? — deyə qoca soruşur və əsirin əvəzinə özü cavab verir. — Yox, əvvəllər deyilənlərə heç nə əlavə etməmək üçün, sən yer üzündə olarkən cidd-cəhdlə müdafiə etdiyin azadlığı adamların əlindən almamaq üçün sənin buna haqqın yoxdur.
Sənin verəcəyin təzə xəbərlərin hamısı adamların etiqad azadlığına qəsd demək olacaq, çünki sənin deyəcəyin sözlər möcüzə kimi görünəcək, onların etiqadının azadlığı isə hələ o vaxt, min beş yüz il bundan əvvəl də sənə hər şeydən əziz idi.
Tez-tez “sizi azad etmək istəyirəm” deyən sən deyildinmi? Bax, indi gördün bu “azad” adamları? — deyə qoca fikirli halda istehza ilə qəflətən əlavə edir. — Bəli, bu bizə baha başa gəlib, — qoca ona sərt bir nəzər salıb sözünə davam edir. — Lakin biz sənin xatirinə bu işi axır ki, başa çatdırdıq. Biz bu azadlığın əlindən on beş əsr əzab-əziyyət çəkmişik, lakin indi hər şey bitib, həmişəlik bitib.
Sən inanmırsan ki, həmişəlik bitib? Sən mənə mülayim-mülayim baxırsan və mənim dediklərim səni heç heyrətləndirmir də?
Lakin onu bil ki, indi və məhz bu adamlar indiyə qədər olduğundan daha artıq əmindirlər ki, onlar tamamilə azaddırlar, halbuki onlar öz azadlıqlarını özləri gətirib itaətlə ayaqlarımızın altına atıblar. Bunu biz etmişik. Sən də bunu istəyirdinmi, sən belə azadlıq istəyirdinmi?
Nəhayət, azadlığa üstün gəldik və bunu ondan ötrü etdik ki, insanları xoşbəxt edək. Çünki birinci dəfədir ki, yalnız indi insanların xoşbəxtliyi barədə düşünmək mümkün olub.
İnsan təbiətən qiyamçı yaranıb, lakin məgər qiyamçılar xoşbəxt ola bilərmi?
Səni xəbərdar etmişdilər, xəbərdarlıq və göstəriş sarıdan əyər-əskiyin yox idi. Amma xəbərdarlıqlara qulaq asmadın, insanları xoşbəxt etməyin yeganə yolunu qəbul etmədin, lakin xoşbəxtlikdən, gedəndə işi bizə təhvil verdin.
Və indi, əlbəttə, bu hüququ bizim əlimizdən almağı heç ağlına da gətirə bilməzsən. Bəs nəyə görə gəlib bizə mane olursan?
Qorxunc və ağıllı ruh [İblis], özünüməhvetmə və yoxluq ruhu, — deyə qoca sözünə davam edir, — böyük ruh səhrada səninlə söhbət edib və kitablarda bizə xəbər verilib ki, guya o, səni “yoldan çıxarmaq istəyirdi”.
Bu belədirmi? Və onun sənə üç sual şəklində xəbər verdiyi, sənin qəbul etmədiyin və kitablarda “yoldançıxarma istəyi” adlanan həqiqətdən daha güclü bir həqiqət tapmaq mümkün idimi?
Halbuki əgər yer üzündə nə zamansa əsl, gurultulu bir möcüzə olubsa, o da həmin gün — bu üç sualla səni yoldan çıxarmaq istədiyi gün olub. Möcüzə məhz bu üç sualın meydana gəlməsindən ibarət idi...
Çünki bu üç sualda sanki bəşəriyyətin bütün sonrakı tarixi bütöv bir tam halında cəmləşib və bütün yer üzündə insan təbiətinə xas olan, həll edilə bilməyən bütün tarixi ziddiyyətləri birləşdirən üç obraz əks olunub.
O vaxt bu, hələ indiki qədər görünə bilməzdi, çünki gələcəkdən xəbər yox idi, amma indi — on beş əsr keçəndən sonra görürük ki, bu üç sualdakı mətləblərin hamısı qabaqcadan o dərəcədə dəqiq deyilmişdi və o dərəcədə düz çıxdı ki, onlara nə bir şey artırmaq olar, nə də bir şey əskiltmək.
Özün qərara gəl, kim haqlı imiş — sən, yoxsa o vaxt səni sorğu-suala tutan?
Birinci sualı yada sal; onun məzmunu hərfən olmasa da, mənaca belədir:
“Sən xalq arasına getmək istəyirsən və yalın əllə hansısa bir azadlıq vəd edərək gedirsən, onlar özlərinin sadəlövhlüyü və anadangəlmə nadanlığı üzündən onun mənasını belə başa düşə bilməyəcəklər, onlar azadlıqdan qorxur və vahiməyə düşürlər, çünki heç vaxt insan üçün, bəşər cəmiyyəti üçün azadlıqdan daha dözülməz heç bir şey olmayıb!
Bəs bu çılpaq, qızmar səhradakı daşları görürsənmi?
Onları çörəyə çevir, onda insanlar sürü kimi sənin arxanca qaçacaq, sənə minnətdar və itaətkar olacaq, daim həyəcan keçirəcəklər ki, sən əllərini onların üstündən götürsən, o saat onların çörəkləri də kəsiləcək.
Amma sən insanı azadlıqdan məhrum etmək istəmədin və bu təklifi rədd etdin, çünki fikirləşdin ki, əgər itaət çörək bahasına satın alınıbsa, hansı azadlıqdan danışmaq olar? Sən etiraz etdin ki, insan təkcə ruzi ilə yaşamır, lakin bilirsənmi ki, həmin bu dünyəvi ruzisi naminə
Yerin ruhu sənin üzünə duracaq, səninlə savaşacaq və səni məğlub edəcək.
Bilirsənmi ki, əsrlər keçəcək və bəşəriyyət öz müdrik və elmli adamlarının (sosialistlərin — red.) dili ilə deyəcək ki, cinayət yoxdur, deməli, günah da yoxdur, yalnız aclar var.
“Əvvəlcə onları yedirt, sonra onlardan xeyirxah işlər tələb et!”. Sənə qarşı qaldırılan bayrağın üstündə belə yazacaqlar, sənin məbədin də bu bayraqla dağıdılacaqdır...
Ah, biz olmasaq, onlar heç vaxt, heç vaxt özlərini dolandıra bilməz! Nə qədər ki, onlar azad olaraq qalırlar, heç bir elm onlara ruzi verməyəcək, axırı da bu olacaq ki, onlar öz azadlıqlarını bizim ayaqlarımız altına atıb deyəcəklər:
“Yaxşısı budur bizi kölə edin, amma bizi yedirin”.
Sən onlara göylərin ruzisini vəd etmişdin, lakin yenə təkrar edirəm, zəif, daim günahkar və daim naşükür olan insan tayfasının nəzərində o, dünya ruzisinə bərabər ola bilərmi?
Və əgər minlərcə, on minlərcə adam göylərin ruzisi naminə sənin arxanca getsə, göylərin ruzisindən ötrü çörəkdən əl çəkmək iqtidarında olmayan milyonlarca və on milyonlarca məxluqun aqibəti necə olacaq?
Bəlkə səndən ötrü yalnız on minlərcə böyük və güclü bəndə əzizdir, yerdə qalan, dənizdəki qum qədər sayı-hesabı bilinməyən zəif, lakin səni sevən milyonlar isə böyüklər və güclülər üçün yalnız material olmalıdır? Xeyr, bizdən ötrü zəiflər də əzizdir.
Onlar günahkardır, qiyamçıdır, lakin axırda onlar həm də itaətkar olacaqlar.
Biz onlara başçılıq edib onların azadlıqlarını daşımağa və onlara ağalıq etməyə razılıq verdiyimizə görə onlar bizə heyran olacaq və bizi allah hesab edəcəklər — azad olmaq axırda onlar üçün bu dərəcədə dəhşətli olacaq!
Biz isə deyəcəyik ki, sənə itaət edirik və sənin xatirinə ağalıq edirik. Biz yenə onları aldadacağıq, çünki biz daha səni özümüzə yaxın buraxmayacağıq. Onları aldatmağımız bizə də əzab-əziyyət verəcək, çünki yalan danışmağa məcbur olacağıq.
Səhradakı birinci sualın mənası bundan ibarətdi və sən hər şeydən uca saydığın azadlıq naminə bunu rədd etməliydin.
Halbuki bu sualda dünyanın böyük bir sirri vardı. Sən “ruzi”ni qəbul etməklə istər ayrıca bir məxluqun, istərsə də bütün bəşəriyyətin ümumi, əzəli və əbədi bir qüssəli sualına cavab vermiş olardın. Budur həmin sual: “Kimə sitayiş etməli?”.
İnsan azad qalanda ondan ötrü pərəstiş etməli olduğu kimsəni mümkün qədər tezliklə axtarıb tapmaq qayğısından daha aramsız və bundan daha iztirablı bir qayğı yoxdur.
Lakin insan sitayiş etməkdən ötrü o kimsəni axtarır ki, onun sitayiş edilməyə şəksiz ləyaqəti olsun, o dərəcədə şəksiz olsun ki, bütün adamlar hamısı birdən, hamılıqla ona sitayiş etməyə razı olsunlar.
Ona görə ki, bu yazıq məxluqların qayğısı təkcə mənim, ya başqa birisinin sitayiş etməli olduğu varlığı axtarıb tapmaqdan ibarət deyil, onların qayğısı elə bir varlığı axtarıb tapmaqdan ibarətdir ki, ona hamı etiqad bəsləsin və hamı sitayiş etsin, özü də hökmən hamı birlikdə sitayiş etsin.
Bax, bu sitayişin ümumi olması tələbatı əsrlər boyu həm hər bir ayrıca fərdin, həm də bütün bəşəriyyətin ən başlıca iztirabıdır.
Sən bəşər təbiətinə xas olan bu sirri bilirdin, sən bunu bilməyə bilməzdin, lakin sən hamını sənə şəksiz sitayiş etməyə məcbur etmək üçün sənə təklif edilən yeganə mütləq bayrağı — “çörək” bayrağını rədd etdin, özü də onu azadlıq və göylərin ruzisi naminə rədd etdin.
Gör sən bundan sonra nə etmisən! Özü də yenə hamısını azadlıq naminə!
Sən adamların azadlığına sahib olmaq əvəzinə onlara daha çox azadlıq verdin!
Bəlkə unutmusan ki, insan nəyin xeyir, nəyin şər olduğunu azad dərk etməkdənsə əmin-amanlığı və hətta ölümü üstün tutur? İnsandan ötrü vicdan azadlığından cazibədar bir şey yoxdur, fəqət bundan cəfalı bir şey də yoxdur.
Sən insanların azadlığına sahib olmaq əvəzinə bu azadlığı artırdın və azadlıqdan irəli gələn iztirabları insanın qəlb evinə əbədi yük elədin. Sən istədin ki, insanın sevgisi azad olsun, o da sənə heyran olsun, sənin əsirin olsun və özü sənin arxanca getsin.
Məgər fikirləşmədinmi ki, əgər seçmək azadlığı kimi dəhşətli bir yükün əziyyətini çəkirsə, axırda o hətta sənin simanı da, sənin həqiqətini də qəbul etməyəcək? Beləliklə, səltənətinin viran edilməsini özün təşkil etmisən və buna görə özündən başqa heç kəsi müqəssir bilmə.
Lakin məgər sənə təklif edilən bu idimi? Dünyada bu aciz qiyamçıları həmişəlik ram etməyə və onların vicdanını əsir etməyə qadir olan üç qüvvə var, yalnız üç qüvvə. Budur həmin qüvvələr: möcüzə, sirr və nüfuz.
Sən bunların birincisini də, ikincisini də, üçüncüsünü də rədd etdin və özün başqalarına nümunə göstərmiş oldun.
Qorxunc və müdrik ruh səni məbədin zirvəsinə qoyub:
“Əgər sən Allahın oğlu olub-olmadığını bilmək istəyirsənsə üzüaşağı sürün, çünki Allahın oğlu barədə deyilib ki, mələklər onu tutub əlləri üstündə aparacaqlar, o yıxılmayacaq, əzilməyəcək və onda sən Allahın oğlu olub-olmadığını bilərsən və onda öz atana necə etiqad bəslədiyini isbat etmiş olarsan”, — deyəndə sən onun təklifini qəbul etmədin, dediyinə əməl etmədin və üzüaşağı atılmadın.
Ah, əlbəttə, bu məsələdə sən Allah kimi məğrur və gözəl hərəkət etdin.
Bəs adamlar, qiyama qalxmış bu aciz tayfa necə, məgər onlar allahdırlarmı? ...
Onlar səni lağa qoyaraq:
“Xaçdan aşağı düş, onda inanarıq ki, bu sənsən” — deyə qışqıranda sən xaçdan düşmədin. Sən ona görə düşmədin ki, möcüzə göstərib insanı özünə kölə etmək istəmədin, sən çox istəyirdin ki, onlar sənə möcüzəyə görə yox, öz qəlblərinin hökmü ilə etiqad etsinlər.
Köləyə xas məftunluq yox, azad sevgi istəyirdin. Lakin sən burada da adamlar barəsində həddən artıq yüksək fikirdə idin, çünki onlar qiyamçı kimi doğulmuş olsalar da, əlbəttə, kölədirlər.
Gözünü aç, bax və fikirləş, o vaxtdan on beş əsr keçib, indi gəl onlara bax: onlardan hansını öz yanına qaldırmısan? And içirəm ki, insan sənin düşündüyündən daha zəif və daha rəzil xəlq edilib! Məgər o da sənin etdiklərini edə bilərmi, bilərmi?
Yəni doğrudanmı sən yalnız seçmə adamların yanına gəlirdin, yalnız seçmə adamlar üçün zühur edirdin?
Fəqət əgər belədirsə, onda burada da bir sirr var və biz bu sirri anlamağa acizik.
Lakin əgər bu, sirdirsə, onda bizim də haqqımız var ki, həmin sirri yayaq və onları öyrədək ki, bu sirli qüvvə onların qəlbinin sərbəst qəbul etdiyi qərar və sevgidən daha vacibdir, onlar kor-koranə, hətta öz vicdanlarına xilafən həmin əsrarəngiz qüvvəyə itaət etməlidirlər.
Biz belə də etdik. Biz sənin igidliyini bərpa etdik, möcüzə, sirr və nüfuz da onun bünövrəsi oldu. Adamlar da sevindi ki, onları yenidən sürü kimi qabaqlarına qatıb apardılar və onlara bu qədər əzab-əziyyət verən, bu qədər qorxunc qismət — azadlıq axır ki, onların qəlbindən çıxarıldı.
De görüm onları bu cür öyrətməkdə, bu cür hərəkət etməkdə biz haqlı idikmi?
Yəni doğrudanmı bəşəriyyətin acizliyini bu qədər sakitcə dərk etməyimiz, onu sevə-sevə yükünü yüngülləşdirməyimiz və onun aciz təbiətinə bizim icazəmizlə hətta günah da işlətməyə icazə verməyimiz onu sevməyimiz deyilmi? İndi nəyə görə gəlib bizə mane olursan?..
Ah, indiyə qədər bu iş yalnız başlanğıc mərhələsindədir, lakin həmin iş başlanıb.
Onun nə vaxt başa çatacağını hələ çox gözləməli olacağıq və hələ yer üzü çox müsibətlər görəcək, lakin biz istəyimizə çatacağıq, hökmdar olacağıq və o zaman artıq bütün dünyadakı adamların xoşbəxtliyi barədə düşünəcəyik. Halbuki sən hələ o vaxt hökmdar qılıncını ələ ala bilərdin. Nəyə görə sən bu son bəxşişi qəbul etmədin?
Sən müdrik ruhun bu üçüncü məsləhətini qəbul etsəydin, insanın yer üzündə axtardığı hər şeyin əvəzini verə bilərdin, yəni onların kimə itaət etməli, kimə ürəyini açmalı və nəhayət, hansı yolla bütün sakinlərin birlikdə və mehriban ömür sürdüyü qarışqa yuvasına bənzər bir cəmiyyət halında birləşməli olduqlarını öyrədərdin, çünki bütün dünyadakı insanların birləşməsi zərurəti onların üçüncü və axırıncı əzabıdır...
Sən hökmdar qılıncını qəbul edib hökmdarlara məxsus uzun qırmızı xələti əyninə geysəydin, bütün dünyaya hökmdar olardın və bütün dünyada sülh yaradardın.
Ona görə ki, əgər bir kimsə insanların qəlbinə hakim kəsilibsə və onların çörəyi onun əlindədirsə, onların hökmdarı başqa kəs ola bilməz...
Sən öz seçmə bəndələrinlə fəxr edirsən, lakin səninkilər yalnız seçmə bəndələrdir, biz isə hamıya təskinlik verəcəyik.
Hələ bu da belədirmi: bu seçmə bəndələrin nə qədəri, səndən ötrü seçmə bəndəyə çevrilə biləcək kəslər səni gözləməkdən təngə gəldilər, ruhlarının gücünü və qəlblərinin hərarətini başqa sahəyə sərf etdilər və hələ yenə də sərf edəcəklər, axırda onlar özlərinin azadlıq bayraqlarını sənin də başına endirəcəklər.
Lakin bu bayrağı sən özün öz başına endirdin.
Bizdə isə hamı xoşbəxt olacaq və indən belə onlar nə qiyam edəcəklər, nə də sənin azadlığında olduğu kimi, hər yerdə bir-birini qırıb məhv edəcəklər. Ah, biz onları inandıracağıq ki, onlar bizdən ötrü öz azadlıqlarından imtina edəndə və bizə itaət edəndə — yalnız o vaxt azad olacaqlar.
Necə bilirsən, biz haqlı olacağıq, yoxsa yalan danışmış olacağıq? Onlar özləri inanacaqlar ki, biz haqlıyıq, çünki sənin verdiyin azadlığın onları necə dəhşətli köləlik həddinə və hərc-mərcliyə gətirib çıxardığını yada salacaqlar.
Azadlıq, azad zəka və elm onları elə əlçatmaz yerlərə aparıb çıxaracaq, onları elə möcüzələrlə və anlaşılmaz müəmmalarla qarşılaşdıracaq ki, onlardan bəziləri — yenilməz və tündməcazlar özləri özlərini qırıb məhv edəcək, başqaları — yenilməz, lakin gücsüzlər bir-birini qırıb məhv edəcək, üçüncülər — yerdə qalan aciz və bədbəxtlər bizim ayaqlarımıza düşüb fəryad edərək deyəcəklər:
“Bəli, siz haqlısınızmış, onun sirlərini təkcə siz bilirdiniz, biz də sizin yanınıza qayıdırıq, bizi özümüzdən xilas edin”.
Onlar bizdən çörək alanda aydın görəcəklər ki, biz onların öz çörəklərini, öz əlləri ilə qazandıqlarını onların özünə paylayırıq... Onlar bunu həddən artıq yüksək qiymətləndirəcəklər, həmişəlik itaət etmək budur! Və nə qədər ki insanlar bunu başa düşməyib, onlar bədbəxtdirlər.
Söylə, onların bunu anlamasına hamıdan çox mane olan kim idi? Sürünü pərən-pərən salıb onu naməlum yollara səpələyən kim oldu? Lakin sürü yenidən bir yerə toplaşacaq və yenidən, artıq həmişəlik itaət edəcək.
Onda biz onlara sakit, dinc bir səadət, aciz varlıqlara xas olan səadət bəxş edəcəyik, axı onlar bu cür xəlq edilib.
Ah, nəhayət, biz onları inandıracağıq ki, qürrələnməsinlər, çünki sən onları göylərə ucaltmısan və bununla da qürrələnməyi öyrətmisən; biz onlara sübut edəcəyik ki, onlar zəifdirlər, onlar yalnız aciz uşaqdırlar, lakin uşaq səadəti hər hansı başqa səadətdən daha şirindir.
Onlar ağciyər olacaqlar, qorxu hiss edəndə cücələr qırt toyuğa sığınan kimi onlar da bizə baxacaq, bizə sığınacaqlar.
Onlar bizə baxıb mat qalacaqlar, onları dəhşət bürüyəcək və bizimlə fəxr edəcəklər — biz belə qüdrətli və belə ağıllıyıq ki, min milyonluq bu harın sürünü beləcə ram edə bilmişik.
Biz qəzəblənəndə onlar zağ-zağ əsəcək, onların ağlı da cəsarətsiz olacaq, uşaqlarda və qadınlarda olduğu kimi gözlərinin yaşı ovuclarının içində olacaq, lakin biz bircə dəfə işarə etsək, onlar dərhal şadlanacaq və güləcək, sevincə qərq olacaq, xoşbəxt uşaq nəğmələri oxumağa başlayacaqlar.
Bəli, biz onları işləməyə məcbur edəcəyik, işdən asudə saatlarda isə onların həyatını uşaq oyununa çevirəcəyik, onlar xorla uşaq mahnıları oxuyacaq, sadəlövhcəsinə rəqs edəcəklər.
Ah, biz onların günah işləmələrinə də icazə verəcəyik, onlar zəif və gücsüzdürlər və biz onların günah işləmələrinə icazə verdiyimiz üçün onlar uşaq kimi bizi sevəcəklər.
Biz onlara deyəcəyik ki, əgər hər hansı günah iş bizim icazəmizlə edilibsə, həmin günah bağışlanacaq; onların günah işləmələrinə isə ona görə icazə veririk ki, onları sevirik, bu günahların cəzasını isə, daha neyləyək, öz üzərimizə götürürük.
Və doğrudan da, həmin günahları öz üzərimizə götürəcəyik, onlar isə bizi Allahın qarşısında onların günahlarını öz üzərinə götürmüş xeyirxah insanlar kimi ilahiləşdirəcəklər. Və onların bizdən gizli heç bir sirri olmayacaq.
Onların sözəbaxan olub-olmamasından asılı olaraq biz onların öz arvadları ilə, yaxud məşuqələri ilə yaşamasına, övlad sahibi olmasına icazə verəcək, yaxud bunları qadağan edəcəyik, onlar da sevinə-sevinə, şadlana-şadlana bizə itaət edəcəklər.
Onlar ən gizli ürək sirlərinin hamısını bizə söyləyəcək, biz də hər şeyi həll edəcəyik, onlar da sevinə-sevinə bizim qərarımıza inanacaqlar, çünki bu qərar onları şəxsi məsələlər barədə azad qərar qəbul etməkdən, böyük qayğıdan və indiki dəhşətli əzablardan xilas edəcək.
Və hamı, milyonlarca məxluqun hamısı xoşbəxt olacaq, bircə onları idarə edən yüz minlərcə məxluqdan başqa. Çünki yalnız biz — bu sirri saxlayanlar bədbəxt olacağıq.
Min milyonlarca xoşbəxt körpə və şərin nədən ibarət olduğunu dərk etməyin qarğışına gəlmiş yüz min əzabkeş olacaq...
Bəziləri peyğəmbərlik edərək deyirlər ki, sən yenidən gələcəksən və qələbə qazanacaqsan, özünün seçmə, məğrur və qüdrətli yaxınlarınla birlikdə gələcəksən, lakin biz deyəcəyik ki, onlar yalnız özlərini xilas etmişdilər, biz isə hamını xilas etdik...
Mənim sənə dediklərim həqiqətə çevriləcək və bizim dövranımız qurulacaq.
Təkrar edirəm — günü sabah görəcəksən ki, mən bircə dəfə işarə edən kimi bu itaətkar sürü bizə mane olmağa gəldiyin üçün səni yandıracağım tonqala qaynar közü kürüyüb tökməyə başlayacaq. Çünki bizim tonqalımıza hamıdan çox layiq olan bir kəs varsa, o da sənsən. Sabah səni yandıracağam. Belə də olsun...
...İnkvizitor susub bir müddət gözlədi. Görən, əsir ona nə cavab verəcək?
Əsirin susması ona ağır təsir bağışlayırdı. O görürdü ki, məhbus daim düz onun gözlərinin içinə baxa-baxa səmimiyyətlə və sakitcə qulaq asır və görünür, heç etiraz etmək istəmirdi.
Qoca istərdi ki, əsir nə isə bir söz desin, lap acı, dəhşətli söz də olsa desin. Amma birdən o, dinməzcə qocaya tərəf yaxınlaşır və onun doxsan yaşlı, solğun dodaqlarından öpür. Onun bütün cavabı bundan ibarət olur.
Qoca titrəyir. Onun dodaqlarının ucunda nə isə tərpəşir; o, qapıya tərəf gedir, qapını açır və əsirə deyir: “Get və daha gəlmə... ümumiyyətlə, gəlmə... heç vaxt, heç zaman!”. Və onu “şəhərin qaranlıq meydanlarına” buraxır.
Əsir çıxıb gedir. Qoca isə... öpüş onun qəlbində od tutub yanır, amma qoca əvvəlki fikrində qalır.