Əli Kərimin öldürüldüyü yer

Əli Kərimin öldürüldüyü yer
17 iyul 2013
# 09:52

Azərbaycan tarixində edam edilən, qətlə yetirilən, öldürülməsinə cəhd olunan çoxlu şair var. Ancaq nədənsə həmişə mənə elə gəlib ki, şəhid olan şairlərimiz üçcə nəfərdir: Nəsimi, Mikayıl Müşfiq və Əli Kərim! Bu üç şairi başqa izah edə bilmədiyim keyfiyyətlər də birləşdirir. Sözüm onda yox... Sadəcə maraqlı burasıdır ki, sonuncuya nə edam hökmü çıxarılıb, nə də sinəsinə güllə sıxılıb. Bəs hardandır bu şəhidlik?

Əli Kərim ədəbi darğaların ən müasir silahı ilə məhv edildi. Elə bir silah ki, imperiya dağılsa da o silah yenə işləyir, yenə də yara açmadan, qan tökmədən istedad sahiblərini çox urvatsız şəkildə qətlə yetirir.

Bir dəfə mərhum şair, Əli Kərimin yaxın dostu olmuş Kələntər Kələntərli ilə Sabir bağında hərlənirdik. O, qəflətən iri bir zeytun ağacının altında dayanıb yaşaran gözlərini sifətimə zillədi:

“Bax Əli Kərimi burda öldürdülər!”

Əvvəlcə çaşdım. Söhbətin mabədinə varanda anladım ki, bütün yerlərdən işdən qovulan, öz doğma ailəsində belə təqib və təhdidlər altında qalan Əli Kərim son ümid kimi ensiklopediyaya üz tutur. Bildiyiniz kimi, Azərbaycan Sovet Ensiklopediyasının binası altında dayandığımız zeytun ağacının bir neçə addımlığında, İçərişəhərin məşhur qapısının həmən arxasındadır... Təzə qurulmaqda olan ensiklopediyada yeni işçilər tələb olunurdu. Orada ən azı korrektor işləyib başını dolandıra bilərdin. Əli Kərim son ümid yeri kimi məhz buraya üz tutmuşdu. Dostu Kələntər Kələntərlidən isə həmin zeytun ağacının altında gözləməsini xahiş etmişdi.

Kələntər müəllim qan sağılmış gözlərini çox uzaqlara dikərək buyurdu:

“O qayıdanda sifətində elə bir ifadə vardı ki... Ölənəcən unutmayacam... Mən həmin gün inandım ki, Əli Kərimi həqiqətən də öldürürlər!”

Bundan sonra şairin daha çox içkiyə qurşanması başlayır. Hətta o səviyyədə ki, siqaretin külünü arağın içinə töküb içirmiş...

Belə vəziyyətdə ailə ilə problemsiz keçinmək mümkün deyil, təbii ki! Evə qazanc gəlmir. Əvəzində kişi hər gecə sərxoşdur.

Evin xanımını qınamaq da olmur, bir yana baxanda! Amma nə qədər humanist davransaq belə Əli Kərimin həyat yoldaşının ona münasibətinə haqq qazandıra bilmərik. Bu, tipik Azərbaycan qadınının əsl istedada münasibətidir. Şair ki, yaltaqlanmadı, övladları üçün gün-güzəran düzəltmədi, ona kim inanar?!

Əli Kərim haqqında ürək ağrısız bircə cümlə də yazmaq olmur.

Hətta həyat dolu şeirlərindən yazanda da adamı qəribə hüzn bürüyür.

O, Azərbaycan şeirinə günəş kimi doğmuşdu. Amma çirkaba batan cəmiyyət hər an onun üstünə çamur atmaqda, işığının qarşısını kəsməkdə idi. Bəli, bu mümkün deyildi. Necə ki, olmadı. Ancaq Əli Kərimi cismən məhv eləməyi bacardılar. Əslində ölüm onun alçalmasına, sınmasına, tarixə yaltaq sovet şairi kimi düşməsinə imkan vermədi! Ölüm onu xilas etdi.

Geriyə nələr qalır... Əli Kərimdən yaxşı nitqlər söyləyib özünü ədəbiyyat təəssübkeşi kimi göstərmək! Onun həyatındakı qaranlıq məqamlar heç ailəsinə də lazım deyil. Olan olub, keçən keçib! İndi adamlara rahat yaşamaq və yaxşıca dolanmaq lazımdır. Əli Kərimin şöhrəti isə buna kifayət qədər imkan yaradır.

Bu yerdə nə yadıma düşdü.

Məşhur müğənni Ahmet Kayanın xanımı Gültən Kayaya dedilər ki, artıq başbakan belə onun şarkılarına ağlayır, vətəndaşlığı da alınmayıb, məzarını Fransadan gətirmək barədə düşünürsünüzmü?

Bu sısqa bədənli qadının cavabına baxın:

“Qətiyyən! Əgər belə olsa Türkiyədə Ahmetin arzuladığı azad, demokratik cəmiyyətin qurulduğunu təsdiq etmiş olaram. Mən belə bir məsuliyyətin altına girə bilmərəm!”

Əli Kərim sağ olsaydı özünü nə dərəcədə rahat hiss edərdi bu ədəbi mühitdə? Mən sualı onun canından əziz sevdiyi oğlanlarına ünvanlayıram...

# 5924 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
# # #