Kulis.az Muxtar Kazımoğlunun "Sənətkar və repressiya mühiti" yazısını təqdim edir.
Keçən əsrin 20-ci illərində şeirə gələn gənc şairlərimiz arasında Mikayıl Müşfiq və Səməd Vurğun öz istedadları ilə daha çox seçildilər. Coşqun təb, romantik üslub, yüksək poetik dil bu şairləri başqa qələm yoldaşlarından fərqləndirdi. Gənc şairlərdən oxucular arasında ən çox Mikayıl Müşfiq və Səməd Vurğun tanınmağa başladı. Amma tale belə gətirdi ki, Mikayıl Müşfiq repressiya qurbanı oldu, Səməd Vurğun isə 50 yaşında 70-80 yaşlı ixtiyar kimi dünyayla vidalaşdı. Mikayıl Müşfiqin cavankən güllələnməyi, Səməd Vurğunun isə vaxtsız qocalmağı o vaxtkı siyasi rejimin amansızlığından xəbər verirsə, bu böyük istedad sahiblərinin dövrlə bağlı sıxıntılarına toxunmadan ötüşmək çətindir. Ədəbi fikirdəki məlum tezislə razılaşıb belə demək olar ki, başqa gənc yazıçılar kimi Müşfiq və Vurğun da şura hökümətinə inanırdılar və siyasi mövzuda yazdıqlarını ürəkdən yazırdılar; Mərkəzin sənətlə bağlı çağırışlarına Müşfiq və Vurğun da müsbət cavab verib “yeni ədəbiyyat” uğrunda mübarizəyə səmimi bir ehtirasla qoşulmuşdular və mübarizənin ifadəsi kimi yazılan alovlu şeirlər köhnə qələm sahiblərinə düşmən kəsilmək, onları sözün hərfi mənasında məhv edib sıradan çıxarmaq meylindən uzaq idi:
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!
Məsələyə “yaşlı qələm sahibləri ilə sağlam rəqabət aparmaq” baxımından yanaşanda Səməd Vurğunun Hüseyn Cavidə qarşı yazılmış bu məşhur misralarında düşmənçilik notları axtarmamaq lazım gəlir. Lazım gəlir düşünəsən ki, gənc şair mövzuları başqa ölkələrdən yox, doğma Vətəndən, onun əliqabarlı övladlarının həyatından almağı “yeni ədəbiyyat” üçün vacib şərtlərdən sayır. Turandan, İrandan baş qəhrəmanlar seçməyi irad tutduğu Cavidə, onun romantik sənətinə heç də yad olmadığını Səməd Vurğun yaradıcılığındakı neçə-neçə ədəbi faktdan açıq-aydın görmək olur. Məsələn, 1926-cı ildə yazdığı “Sızıltılarım” şeirini Səməd Vurğun böyük ehtiramla “möhtərəm və əziz” Hüseyn Cavidə ithaf edir:
Xastayım, yalnızım ürəyimdə qəm,
Nəyə dəyər həyat, olmasa həmdəm?
Sevgisiz, sevdasız həyatı sevməm,
Gəl çıxalım seyrə, günlər ötüşsün.
Bu şeirin yazılmasından cəmi on-on bir il sonra siyasi repressiyaların kəskin şəkil alması şura hökümətinə bəslənən ümidlərin boşa çıxması, daşa çırpılması üçün kifayət deyildimi? Əlbəttə, kifayət idi. Cavidlə bir sırada Müşfiqin - “yeni ədəbiyyatın” yaradıcılarından birinin də repressiyaya məruz qalması Səməd Vurğun kimi həssas bir insanı və siyasi proseslərin içində olan bir sənətkarı daxilən necə silkələmişdi? Bu sual ətrafında düşünüb Səməd Vurğunun o zamankı sarsıntılarını təsəvvürə gətirmək çətin deyil. Çətin deyil təsəvvür edəsən ki, səninlə birlikdə ədəbiyyat meydanına atılan gənc qələm yoldaşını, “əziz və möhtərəm” saydığın məşhur söz ustasını qan-qadanın caynağından qurtarmaqda nə qədər acizsən; səni aciz duruma salan, hər gün, hər saat səni ölüm vahiməsi ilə üz-üzə qoyan bir rejimə bel bağlamaqda nə qədər aldanırsan.
Səməd Vurğunun bir şair kimi 37-38-ci illərdə hansı hisslər keçirdiyini az-çox duymaq üçün onun həmin illərdə yazılmış şeirlərinə baxıram. Bu şeirlərin bir neçəsində müxənnət yazıçı obrazı diqqət mərkəzindədir:
Mənmiyəm “vicdanı, məsləki satan”?
Yaxamdan əl çəksin bu qara böhtan.
Ellərin bağında ötən bir quşam,
Bir az da vaxtından tez doğulmuşam...
Könüldən demişəm, deyirəm bunu!
Töhmət almamışam ömrüm uzunu.
İndi bu böhtanlar mənə dar gəlir,
Saçlarım ağarır, ömrüm gödəlir.
Qapımdan çəkilsin qara buludlar,
Mənim günəş adlı bir vicdanım var.
37-ci il noyabrın 6-da yazılmış “Böhtan” adlı bu şeirdə müəllifin hiddətlə oxucuya tanıtmaq istədiyi tip başqa bir kəs yox, məhz qələm əhlidir. Oxşar bir tipi Səməd Vurğun 38-ci ildə yazdığı “Karyerist” şeirində oxucuya yenidən xatırladır:
Onun kinli gözlərində min tikanlı hiylə var,
Hayla girər hər iclasa, ağızlardan söz qapar...
Nahaq yerdən tələ qurar insanların başına,
Bu minvalla keçmək istər bir vəzifə başına.
O, tarixə verməmişdir hələ kiçik bir əsər,
Vicdanı boş bir saraydır,-səhər, axşam yel əsər.
Qürrəsindən qurumuşdur, kasad keçir bazarı,
Qurumsağın sifətindən kin tökülür sapsarı.
Hər gün bizə o rast gəlir, hiyləsinə yaxşı bax,
Bizim təmiz vicdanlara böhtan atır o alçaq.
Yuxarılarda müdhiş planı cızılan repressiyanın aşağılarda geniş miqyas alması Səməd Vurğunun nişan verdiyi yaramazların mənfur əməlləri ilə, şəksiz-şübhəsiz, bağlıdır. O da bəlli məsələdir ki, hər addımı istedadlı adamları satmaq, ləkələmək, vurub sıradan çıxarmaq niyyətinə hesablanmış yaramazlar mühitində Cavidləri, Müşfiqləri qorumaq mümkün olmadığı kimi, özünü qorumaq da müşkül məsələ idi:
Ey alçaq Trotskinin qara quldur dəstəsi!
Bizim yerdə gülürkən azadlığın ilk səsi
Sizə dünya dar gəlir.
Boran gəlir, qar gəlir
Üstümüzə havadan...
Gülür hünər və həyat,
Bunu görən “Müsavat”
Sizinlə orda-burda gizli-gizli tapışır,
Ölülər baş qaldırıb dirilərdən yapışır.
Özünü repressiyadan qorumaq məqsədi güdən bu misralar Səməd Vurğunun 1937-ci ildə yazılmış “Ölüm xəbərçilərinə” adlı şeirindəndir. Şeirdə Trotskinin və Müsavat partiyasının təsiri ilə “əksinqilabi” fəaliyyət göstərən “düşmən” qüvvələr pislənir. Şeirin ömrə balta çalan, şairi ömürlük əzablara düçar edən bir yazı olduğunu söyləməyə ehtiyac varmı? Yəqin ki, yox.
Unutmaq olmaz ki, Səməd Vurğun məşhur “Vaqif” pyesini də 37-ci ildə yazıb və əsər 38-ci ildə tamaşaya qoyulub. Bir anlıq o ilin qorxunc ab-havasını təsəvvürə gətirək və pərdə açılanda tamaşanın hansı sözlərlə başlamasına diqqət yetirək:
Xudaya! İnsanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır.
Əsərdə Vidadinin dilindən söylənən bu misralar həm dolayı şəkildə repressiya ab-havasını hiss etdirmək, həm də Cavid sənətini yada salmaq baxımından maraq doğururdu. Axı bir vaxtlar Cavid də “Ana” pyesini belə başlamışdı:
Ey mərhəmət kanı, ey ulu Tanrı!
Ey yerlərin, göylərin hökmdarı!
İnayət qıl, yoq başqa havadar.
Romantik pafosu kifayət qədər açıq-aydın duyulan “Vaqif” dramında Cavidlə ruhi səsləşmənin təsadüfi olmadığını göstərən faktlardan biri şair və hökmdar qarşılaşmasıdır. 1935-ci ildə qələmə aldığı “Xəyyam” pyesində Cavid Xəyyamı ölümdən qorxmayan, qan hərisləri qarşısında öz vüqarını qoruyub saxlayan bir şair kimi təqdim edir. Xəyam “Qan, saçdığı qan, içdiyi həp qan!” deyib hökmdarı ittiham edən bir qiyamçını ölümdən qurtarmağa çalışır və çox keçmir ki, Xəlifə ilə qarşılaşmada o (Xəyyam) özü də qiyamçıya çevrilir:
Kimdir onlar? Zavallı qurbanlar!
Sən də bir duyğusuz, quduz canavar!
Göründüyü kimi, Xəyyam zülm altında yaşayan insanları “zavallı qurbanlar”, Xəlifəni “quduz canavar” adlandırır. 1935-ci ildə yazılmış əsərdə şair- hökmdar qarşılaşmasının bu cür ifadəsi üstüörtülü şəkildə həm repressiya qan-qadasından, həm də ideal sənətkar obrazından xəbər verir. Belə bir səhnəni daha geniş ölçüdə iki il sonra “Vaqif” əsərində Səməd Vurğun da yaradır. Deməli, 30-cu illərdə sənətkarın irtica qarşısında əyilməzliyi tək Hüseyn Cavidin yox, başqa yazıçıların, o cümlədən də cavanların sənət idealına çevrilir. Belə bir idealı teatr səhnəsinə gətirməyin səciyyəvi nümunəsidir ki, hökmdarla qarşılaşmada Vaqifi məhz əyilməz bir sənətkar kimi görürük:
Mən az görməmişəm bu sarayları,
Burda göyə çıxan ahu vayları...
Nifrət! Qan çanağı taclara nifrət!
Var olsun azadlıq, bir də məhəbbət!..
Qanlı-qadalı repressiya mühiti ilə azadlıq və məhəbbət deyilən müqəddəs mənəvi aləm arasında dərin uçurum olduğunu hər addımda hiss edən gənc yazarların başlıca sənət qayğılarından biri sovet ədəbiyyatının aparıcı mövzusu olan sinfi mübarizədən əsərlər yazıb həmin əsərlərdə özünü ifadə etmək, öz içindən gələn duyğu və düşüncələri ortaya qoymaq idi. 30-cu illər ədəbiyyatını bu baxımdan gözdən keçirəndə ən çox diqqəti cəlb edən əsərlərdən biri Səməd Vurğunun “Komsomol poeması” olur. Ağrı-acılı məhəbbət səhnələri ilə süslənmiş bu əsərdə Səməd Vurğun iki bəy övladının- Cəlalla Humayın, bütövlükdə isə bəyliyin faciəsini qələmə alır və ruhən Cavid sənəti ilə səsləşməyin başqa bir nümunəsini ortaya qoyur.
1929-cu ildə yazdığı “Knyaz” faciəsində Cavid də inqilabi mübarizəni əsas mövzu kimi götürmüşdü. Bu mübarizənin bir tərəfində Knyaz, o biri tərəfində çörək verib oxutduğu, özünə oğul bildiyi Anton dayanır. Bolşevizmə qoşulan Anton neçə-neçə evin yandırılmasına bais olduğu kimi, atalığı Knyazı da qəbir evinə qədər yandırıb-yaxır. “ Lənət, bana lənət, sana lənət, ona lənət! Kor şeytana lənət!” deyib fəryad qoparan Knyazın gözündə bolşevik Anton bir İblis misalındadır. Əsərdə Knyazın gözünə görünən xəyali yanğın səhnələri də, başqa bir şeyə yox, məhz İblisə işarədir. Birinci ona görə ki, evlər yandırmaq iblisanə əməldir. İkinci ona görə ki, İblis oddan yaranıb və od-alov rəmzidir. Od-alovun tez-tez gözə görünməsi İblisin Knyazı qarabaqara izləməsi, onu insan kimi rahat nəfəs almaqdan məhrum etməsi deməkdir. Knyaz nə qədər sərt və amansız adam olsa da, İblis qarşısında duruş gətirmək onun imkanı xaricindədir. Əvvəl mal-dövləti, yurd-yuvası, sonra isə ömür-gün yoldaşı, heysiyyəti əlindən alınan Knyazın İblisə- uzaq Tiflisdən basa-basa gəlib Berlində də meydan sulayan Antona məğlub olması qaçılmazdır.
“Komsomol poeması”nda yuxarı təbəqəyə mənsub ola-ola inqilabi mübarizəyə qoşulan Cəlalın Anton kimi iblisanə bir biçimdə təsvir edilməsindən söhbət açmaq, əlbəttə, mümkün deyil. “ Komsomol poeması”nda özünəməxsusluq ondadır ki, müəllifin rəğbət və məhəbbətlə qələmə aldığı Cəlal iblissayağı qalibiyyətin yox, hüznlü talesizliyin timsalı kimi təqdim olunur. O ki qaldı Gəray bəyə, qeyd etmək lazımdır ki, bu obrazda Knyazla səsləşmə daha çox özünü göstərir. Belə ki, zalımlığı və amansızlığı ilə seçilən Gəray bəy naçar vəziyyətdə belə məğrurluğunu qoruyub saxlayır, bolşeviklər əlində ölməkdənsə, intihar etməyi daha şərəfli çıxış yolu sayır. Yeri gəlmişkən xatırladım ki, Knyaz və Gəray bəy obrazları 60-cı illər nəsrində Cahandar ağa və Kərbəlayı İsmayıl kimi xarakterlərin ortaya çıxmasına əsaslı zəmin yaradır.
Səməd Vurğundan, onun repressiyaya münasibətindən bəhs edən bu yazıda Hüseyn Cavidi tez-tez xatırlatmağım səbəbsiz deyil. Məsələ burasındadır ki, Hüseyn Cavid repressiya mühitində öz sənətkar mövqeyini qoruyub saxlayan tək-tük qələm sahiblərindən biridir. Bu qələm sahibinin böyük mənəvi çətinliklər bahasına axıracan sadiq qaldığı mövqe həm ideya-məzmun, həm də üslub məsələlərini əhatə edirdi. Hüseyn Cavidin sovet dövründə yazdığı əsərlər sovet ideoloqlarının çağırışlarına yox, öz ürəyinin səsinə cavab olaraq yazılmış əsərlər idi. Üslub baxımından isə o əsərlərdə sosrealizm əlamətləri axtarmaq mümkün deyildi.
Hüseyn Cavidlə müqayisə bir tərəfdən Səməd Vurğun şeirinin real həyatla, insan taleləri və müxtəlif xarakterlərlə, qəlbin ən zərif duyğuları ilə sıx bağlı olduğu məqamları daha qabarıq şəkildə görməyə kömək edirsə, digər tərəfdən Səməd Vurğunun sosrealizm çərçivəsinə sığmayan romantik üslubunun özünəməxsus tərəflərini sistemli araşdırma predmetinə çevirmək zərurəti yaradır. Zərurət yaranır ki, Səməd Vurğunun lirik-romantik üslubunda dil amili xüsusi nəzərə alınsın. Nəzərə alınsın ki, bu poetik dil Cavidin dilindən Azərbaycan türkcəsinin ifadə imkanlarını səfərbər etmək baxımından xeyli fərqlənir. Cavid ortaq ədəbi dil yaratmaq məqsədilə Türkiyə və Azərbaycan türkcələrinin qovuşuğu əsasında yazıb-yaradırdısa, Səməd Vurğun Azərbaycan türkcəsinin poetik imkanlarından maksimum istifadə etməyə çalışırdı. Dilə bu cür yanaşmanın nəticəsidir ki, Səməd Vurğun özündən sonra neçə-neçə şairə təsir göstərdi, Səməd Vurğun məktəbinin formalaşmasında bu böyük sənətkarın poetik dili əvəzsiz rol oynadı.
...1954-cü ildə yazdığı “Mən tələsmirəm” şeirindən bir daha aydın olur ki, ömür vəfa etsəydi, Stalinin ölümündən sonra sovet ədəbiyyatının az-çox sərbəstlik qazandığı bir dövrdə yaşasaydı, Səməd Vurğun parlaq istedadını “Zamanın bayraqdarı”(1952) kimi əsərlərin yox, tamam fərqli bədii örnəklərin ərsəyə gəlməsinə sərf edərdi.