Qaşov
Tövlənin həyətində oynayanda aşağıda-gümüşü söyüd ağacları altında görünməyən kəhrizin hüznlü şırıltısını eşidirdik. Hasarın içərisindəki şabalıd ağacları evimizi gizlədirdi.
Anam İstanbula getdiyi üçün məndən bir yaş kiçik qardaşım Həsənlə birlikdə Dadaruhun yanından heç ayrılmırdıq. O, yaşlı adam idi. Səhər açılan kimi tövləyə qaçırdıq. Ən sevdiyimiz şey atlar idi. Dadaruhla birlikdə onları suya aparmaq, çılpaq bellərinə minməkdən bezməzdik . Həsən qorxduğuna görə tək minə bilmirdi. Dadaruh onu öz qabağında oturdardı. Torbalara arpa yığmaq, yemliklərə ot doldurmaq, gübrələri qaldırmaq bizim üçün hər hansı əyləncəli bir oyundan daha maraqlı idi.
Tumar çəkmək isə ən zövqlü iş idi. Dadaruh əlinə qaşovu alıb işə başlayan kimi yerimdə dayana bilmir, atılıb-düşürdüm:
- Mən də edəcəm!- deyə əl çəkmirdim.
O zaman da Dadaruh məni Tosunun belinə oturdar, qaşovu əlimə verərdi.
- Di, elə baxım!-deyirdi.
Bu dəmir aləti heyvanın üstündə gəzdirdikcə suallar verirdim:
- Quyruğunu yellədir?
- Yellədir.
- Hanı? Baxım.
Əyilib uzanırdım amma atın sarğısı quyruğu görməyə imkan vermirdi.
Hər səhər tövləyə gələn kimi:
- Dadaruh, bu gün mən tumar çəkəcəm!
- Bacarmazsan.
- Niyə?
- Hələ balacasan ona görə.
- Edəcəm.
- Bir az da böyü, sonra.
- Nə vaxt?
- Boyun at qədər olana kimi...
At, tövlə işlərində ancaq tumar çəkməyi bilmirdim. Boyum heç atın qarnına kimi çatmırdı. Halbuki ən əyləncəli iş bu idi. Qaşovlanmak Tosunun xoşuna gəlir, qulaqlarını oynadır, quyruğunu da yellədirdi. Elə ki tumar çəkmək bitirdi Tosun yaramazlıq edir, ayaqlarını qaldırır, etiraz edirdi. Dadaruh bu zaman onun sarğısına bir sillə atar, o biri atlara yaxınlaşardı. Bir gün mən təkbaşına qaldım. Həsənlə Dadruh bulaq tərəfə getmişdilər. İçimdən tumar çəkmək keçdi. Qaşovu axtarsam da tapa bilmədim. Tövlənin bir küncündə Dadaruhun pəncərəsiz bir otağı var idi. Bura girdim. Rəfləri axtardım. Yəhərlərin arasına-filan baxdım. Yox idi!
Çarpayının altında bir sandıq vardı. Onu açdım. Az qaldı sevincimdən qışqırım. Anamın bir həftə əvvəl İstanbuldan göndərdiyi hədiyyələrin içindən çıxan nikel qaşov parıldayırdı. Cəld götürdüm. Tosunun yanına qaçdım. Qarnına sürtmək istədim, amma rahat dayanmırdı.
- Deyəsən, incidir?
Gümüş kimi parıldayan bu qaşovun dişlərinə baxdım. Çox iti idi. Bir az kütləşsin deyə divarın daşlarına sürtməyə başladım. Yenə də atların heç biri yerində dayanmırdı. Hirsləndim. Hirsimi sanki qaşovdan çıxarmaq istədim. On addım qabaqda olan bulaq tərəfə qaçdım. Qaşovu axur daşının üstünə qoydum. Yerdən qaldıra biləcəyim ən ağır daşı götürüb qaşovu əzdim. İstanbuldan gələn üstəlik də Dadaruhun da işlətməyə qıymadığı bu gözəl qaşovu parça-parça etdim. Sonra da axurun içinə atdım.
Hər səhər atam sahəyə getməzdən əvvəl bir dəfə tövləyə keçib ora göz gəzdirir. O gün mən tövlədə yenə tək idim. Həsən evdə qulluqçumuz Pərvinlə qalmışdı. Atam bulağa baxanda axurun içində qırılmış qaşovu gördü və Dadaruhu çağırdı:
- Bura gəl!
Nəfəsim kəsiləcəkdi, bilmirəm niyə, amma çox qorxmuşdum.
Dadaruh təəccübləndi, atam bunu kimin etdiyini soruşdu.
Dadruh:
- Bilmirəm.
Atamın gözləri bərəldi, artıq bir şey soruşmamış mən dilləndim:
- Həsən!
- Həsən?
- Bəli, dünən Dadaruh yatanda otağa girdi, sandıqdan götürdü, sonra axurun daşında əzdi.
- Niyə Dadaruha xəbər vermədin?
- Yatırdı.
- Onu bura çağırın görüm!
Çəpərin qapısından içəri girdim, kölgəli yolla evə tərəf qaçdım. Həsəni çağırdım. Yazığın heç nədən xəbəri yox idi. Qaçaraq gəldi. Atam çox sərt idi. Hirslənəndə qorxumuzdan girməyə yer axtarardıq. Həsənə:
- Əgər yalan desən səni döyərəm!
- Demərəm.
- Yaxşı, bu qaşovu niyə qırmısan?
Həsən Dadruhun əlində olan alətə təəccüblə baxdı. Sonra sarı saçlı başını yelləyərək:
- Mən qırmamışam-dedi.
- Deyirəm yalan danışma!
- Mən qırmamışam.
- Düzünü de hirslənməyəcəyəm. Yalan çox pis şeydir.
Həsən yenə inkar edirdi. Atam hirsləndi. Ona tərəf getdi:
- Yalançı, utanmaz!-deyə üzünə bir sillə çəkdi.
- Bunu evə apar, bir də bura qoyma. Ancaq Pərvinlə birgə otursun!-deyə qışqırdı.
Dadaruh ağlayan qardaşımı qucağına aldı. Çəpərin qapısına tərəf getdi.
Artıq tövlədə tək oynayırdım. Həsəni evdən çölə buraxmırdılar. O, anam qayıdandan sonra da bağışlanmadı. Fürsət düşdükcə atam:
-O yalançıdır!-deyirdi.
Həsən o silləni yadına saldıqca ağlayırdı, onu sakitləşdirə bilmirdik.
Anam da mənim şər atdığıma inanmır və deyirdi:
- Səfeh Dadaruh atlara əzdirib bəlkə?
Növbəti il anam yenə İstanbula getdi. Biz tək qaldıq. Həsənə hələ də tövləyə girmək qadağan idi. Gecə yatağa girəndə atların nə etdiyini, dayçaların böyüyüb-böyümədiyini məndən soruşardı. Bir gün birdən-birə xəstələndi. Qəsəbəyə at göndərildi, həkim gəldi. Həkim dedi ki, difteriyadır. Fermadakı kəndli qadınlar hamısı bizim evə axışdılar. Bəzi quşları kəsib qardaşımın boynuna sarıyırdılar. Atam onun yatağının başından heç ayrılmırdı.
Dadaruh çox sakit idi. Pərvin hönkür-hönkür ağlayırdı.
- Niyə ağlayırsan?-deyə soruşdum.
- Qardaşın xəstədi.
- Yaxşı olacaq.
- Yaxşı olmayacaq.
- Nə olacaq?
- Qardaşın öləcək-dedi.
- Öləcək?
Mən də ağlamağa başladım. O xəstələnəndən bəri Pərvinin yanında yatırdım. O gecə heç yata bilmədim. Yuxuya gedən kimi gözümün qabağına Həsənin xəyalı gəlir: “Böhtançı! Böhtançı!”-deyirdi .
Pərvini oyandırdım:
- Mən Həsənin yanına gedəcəm.
- Niyə?
- Atama bir söz deyəcəm.
- Nə deyəcəksən?
- Qaşovu mən qırmışdım, onu deyəcəm.
- Hansı qaşovu?
- Keçən ilki. Atam ona görə qardaşımı cəzalandırmışdı.
Sözümü sona çatdıra bilmədim. Hıçqırıqdan boğulurdum. Ağlaya-ağlaya Pərvinə hər şeyi danışdım. İndi atama desəm Həsən də eşidib məni bağışlayacaqdı.
- Sabah deyərsən.
- Yox, indi gedəcəm.
- İndi atan yatır, sabah deyərsən. Həsən də yatır. Onu da öpərsən, ağlayarsan, səni bağışlayar.
- Yaxşı.
- İndi yat!
Səhərə qədər yenə gözlərimi yuma bilmədim. Hava yenicə ağarırdı ki, Pərvini yuxudan oyatdım. Mən vicdan əzabını boşaltmaq üçün tələsirdim. Təəssüf ki, günahsız qardaşım o gecə ölmüşdü.
Şüşəbənddə fermanın imamıyla Dadaruhu ağlayan gördük.
Atamın çölə çıxmasını gözləyirdilər.
Elnarə Ağaoğlu