Eyləyir xalqa təcavüz faiz

Eyləyir xalqa təcavüz faiz
29 dekabr 2013
# 15:46

Kulis.az satirik şair Əvəz Qurbanlının şeirlərini təqdim edir.

Faiz... (satira)

(əruz vəzninin rəməl bəhrində yazılıb)

Ödəyə bilməmişəm yüz faiz,

Qoymayıb məndə qala üz faiz.

Gecə borc qayğısı, gündüz kredit -

Həmdəmimdir gecə-gündüz faiz.

Yata bilsən, yuxuda bolluca ye,

Süfrənin hər yerinə düz faiz.

Borc götür qənd yerinə qəndqabıdan

Sonra da istəkana süz faiz...

Nə dedin? “Guya zinadan pisdir,

Eyləyir xalqa təcavüz faiz”?!

Gəl haram söhbətini “xırdalama”,

Tap mənə, varsa əgər düz faiz!

Dirənən vaxt bıçaq xirtdəyinə,

Nola, göstərməyə möcüz faiz:

- Ödəyə bilməyəsən yüz faiz,

Qoymaya səndə qala üz faiz!..

...Ac tifil nəfsi qalıb arxanca,

Torbanın ağzını gəl büz, faiz!

Qoy sənə borclu həyatdan əl üzüm,

Sən də məndən əlini üz, faiz!

Sən də dostum, qəzetində belə yaz:

“Əvəzə neylədi, gördüz, faiz?”

***

İnternet

İnternet haqqında Azərbaycanda yazılmış ilk satira

(əruz vəzninin rəməl bəhrində yazılıb)

Bəşərə bəxş eləyib başqa həyat, internet,

Eyləyir yoxsa həyatla zarafat, internet?

Gəldi internet-əzəl fikrimizi çaşdırdı,

Bizi dünyada bu xidmət “qloballaşdırdı”.

O sayaq girdi ki axırda həyat tərzimizə,

Onsuz hər bir işimiz səbrimizi daşdırdı...

Girib internetə, məktub yazıram dost-tanışa,

Tanış olmaq ümidilə çıxıram “axtarışa”.

Mənə təklif edir öz xidmətini hər şəbəkə,

Var klub hər qarışa, sanki giriblər yarışa:

- Burdadır sərfəli qiymətlə rahat internet!

Gözümün düşmənidir işləyə internet ləng,

Vay o gündən dona ekran - oluram çox diltəng.

Qaralıq qan, daralır hövsələ, tutmur səbrim,

Belə anlarda həmişə vururam dostlara zəng:

- Var sizin məhlədə sürətdə babat internet??

...Neynim? İnternetə oğlum ki salıbdır marağı,

Son zamanlar ev-eşikdən kəsilibdir ayağı.

Tərki-dünya kimi üzmüş əlini hər şeydən,

Başqa əyləncələr əyləndirə bilmir uşağı –

Uşağı aldı əlimdən, camaat, internet!

Bala, “kompüter”in insana ziyandır şüası,

Bu klub-zirzəmiyə girmə, ağırdır havası!

Nola, bir gün tuta interneti kəşf eyləyəni –

Ananın qarğışı ilə atanın bədduası!

İxtira eyləməyəydi salamat, internet...

Görmüşük, işləyər üç-dörd saat insan balası,

Yoxsa day sutkada on yeddi saat internet?!

***

Sənə zəng etməyə əlim öyrəşib...

(müasir şeir)

Sənə zəng etməyə əlim öyrəşib,

Yığsam da nömrəni, basmıram “Yes”ə.

Elə bilirəm ki, hər şey bitəcək,

Kimsə “Bu nömrəyə zəng çatmır” desə.

Bəlkə zəng çatacaq, çağıracaq da

Qulağın batacaq siqnal səsindən.

Basa bilməsən də “Yes” düyməsini

Əlim düşməyəcək zəng həvəsindən.

Bəlkə telefonu yanında deyil?

Bəlkə yanındadı, tez götürəcək?

Dilim yorulacaq “alooo” deməkdən,

Xəttin o başında köks ötürəcək?

...Sənə zəng etməyə əlim öyrəşib,

Nömrəni yığsam da... “No”nu basıram.

“Telefon-telefon” oynayıb hərdən

Özüm danışıram, qulaq asıram...

Demirəm incitmə, qurbanın olum,

Nə qədər istəsən, əzab ver mənə!

Bu qədər əzabın qarşılığında

Barı bircə dəfə cavab ver mənə...

Qəzəl

(əruz vəzninin müzare bəhrində yazılıb)

Bilməm, nədən gəlir mənə hər gün bir il kimi,

Ancaq sən ömrə bax, görünür dörd fəsil kimi.

Göz açdığında, göz yaşı tək saf sudur bəşər,

Dağ-daş keçib gəlincə olar rəngi lil kimi.

İnsan nədir dedim, dedilər bir qarışqadır,

Yüksək fikirdədir özü haqqında - fil kimi.

Qalxan baş olmağın yolu gər nizədən keçər,

Min üç yüz il nahaqqa əyilməz rəzil kimi.

Firontək həqqi zülm ilə inkar edənlərin,

Qalmış həyatı inkarolunmaz dəlil kimi.

Çox görmüşük şər əldə süpürgə olanları,

Dövrün xəkəndazında gediblər zibil kimi.

Dünya malından ötrü, Əvəz, çox da ağlama,

Dövran atıb-tutar səni bir ac tifil kimi...

“Kaspi” qəzeti

# 1820 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
# # #