Kulis.az Əli Hacının yeni şeirlərini təqdim edir.
Heç oxşaya bilmədim
Solmuşdu sabah-sabah.
Göz yaşımı şeh bilən
Gülümə bax, ay Allah !
Görən bilir bəxtəvər
Ər içində özgə ər.
İçim məni yandırır
Çölümə bax, ay Allah!
Kimdi mənə daş atan
daş atıb başın tutan
Can" deyib halın tutan
dilimə bax, ay Allah!
Bu sevgidi yada dərd
iki vurdun elər dörd.
Azında dərd, çoxunda
Zülmə bax, ay Allah !
Əynini göydə bulud
Ağ, qara geydi bulud.
Yağdısa öldü bulud
Ölümə bax, ay Allah !
***
Ayrılığın dəsmalın
qoy yaranın üstünə .
gör, necədi yaşamaq
dərd güləndə üzünə.
yollarının tozuna
gözlərim-su quyusu.
şəkil qoyub getmisən,
gözlərimdə uyusun!
başıma gün döyürdü,
od yağırdı kölgədə.
ha sıxdım, su çıxmadı
qurumuş bu sevgidən !
Sən dur toyuna tələs
Mən də durum ölməyə.
Sən gəldin dərd verəsən,
Mən də dərd öldürməyə.
Toyunun xərci olsun
Göndərim döz daşımı.
Su əvəzi dalınca,
Səpim bu göz yaşımı.
Havasızda oynayan
əllərini sal yana.
Göylər mənimdi, dayan,
Ah çəksəm külün yanar.
***
İlahi! Qapısın aç
yerdə dəyişsin hava.
dəyişsin havan kimi
Mən Adəmlə, bu Həvva !
İblisi mələk olan
Dinin bazar içində
Mən-dinsiz, o-imansız
mən əkin, o biçində.
son varağı boş qalıb
alnımdakı dəftərin.
buyur yaz, mürəkkəbin -
alnımdan axan tərim.
dəymədi bu olmağa
olmağı dərd saxlayım.
Şükür yenə də sənə,
olanı yurd saxlayım !
***
məni yazda qurudublar
içimdə bir az su qalıb.
qanadımı yolsalar da
yaşamaq arzusu qalıb.
yığıb evimi tikmişəm,
yoluma tökülən daşdan.
söz kimi qalmağım gözəl...
şəkilim çəkilən daşdan.
Tanrı yazan o, üzü də
öz adına əzizlədim.
gündüzlərin ləkəsini ,
Ay üzünə təmizlədim !
sənə yazdıqlarımı,
axar suya demişəm.
oda, yelə, torpağa
bir də göyə demişəm.
unudum məktubları
qoy səni də unudum.
içimdə yatırdığım,
sözün kirini yudum.
salxım söyüd, çay daşı…
bir az alım dincimi.
olmayana inanmaq
öldürüb sevincimi…!
***
Gedirəm vüsal yox ,
qalıram...
ayrılıq var!
İLAHİ ! bu dərdlə daşladın məni,
durub üz tutmağa yerim yox daha .
Yollarda itməyə həvəsimdə yox,
çəkdiyim hesabda hələ qalıq var!
tənhalıq qoxuyan ayrılıqların
içində kirlənmiş qaranlığı var!
günəşi içində batan günlərin
gecəsi süd verməz gələn sabaha.
anasız uşağam çiyinlərimi
qurbanı demişəm ölən sabaha.
sənin sabahların hardan başladı?!
bitdiyi yerdədi bax, ayaqlarım.
atdığım addımın üzü daşadı...
içi görünmürsə qaranlıqların .
Gedirəm vüsal yox,
qalıram ayrılıq var!
İLAHİ !
bu dərdlə daşladın məni...
***
Gedək ruhum, tək-tənha
Mənə iman da dindir.
Döydüm qapısı bağlı
Dünya yas yerindədir.
Qaç cütdüyüm birə qaç,
Dərd səni güldürər qaç.
Nə qapı var, nə baca
Ölümdə sirr birdədir.
Olub gedən var-yoxum,
Olmaq deyil bu qorxum.
Axirətdəki qoxum
Dünyanın üzündədir.
Haqqa gələn, haqq gəlir,
Şərabımız ağ gəlir.
Yersiz bir sağlıq gəlir,
Dindən çıxan dindədir.
Gedək ruhum, tək-tənha
Mənə iman da dindir.
Döydüm qapısı bağlı
Dünya yas yerindədir.
***
bir yeri var göylərin,
yerin də bir yeri var.
cüt atdığın qoşanın
yerinin öz biri var.
sevginin özü - birdi
kölgənin özü - birdi.
bazar belə bazardı
əyrisi, düzü - birdi.
birdi - yaradan özü,
brdi - qaranın üzü.
əlində beş barmağın
ayrı ayrıdı izi.
hər şey birdən başlayır,
göydən, yerdən başlayır.
sonu ölüm, onun da
biri gordan başlayır !
***
mən öləndə qopuz çal
ruhum sevəni ozan !
ayrılıq havasına
oynat öləni ozan !
yası neynirəm, yası
yollarımı sözə çək.
gözümün ağ-qarasın
gecəyə gündüzə çək...
damarımı tel eylə
əlin telsiz qalmasın.
dil tövbəsiz qalsa da
qopuz dilsiz qalmasın.
məni böl tikə-tikə,
qulaq ver bəy səsinə.
tikələr sığal çəkə
kimsənin yarasına.
qopuz çal, dəli ozan...
götürəcək göy məni.
Göydə Tanrı öləndə
öldürərlər Əlini… !
***
Pəncərədən baxma mənə
Nəfəsin tərlədir şüşəni
Gözlərimə nəfəsin
Gizlədir səni
Ağaca bax, yarpağa
Gör necə baş daşıdı !
Yerdən göyün üzünə
Dərdini dağ daşıdım.
İçimdə qar yağır, qar
Sən hansı fəsildəsən?
Mən getdim əriməyə
Sən məni görməyəsən.
***
yüküm ağırdı oğul!
bu yer, göy-yəni yoldu.
ayaq altı, baş üstü
yəni hər yanım yoldu.
dərviş libası geyin
haqq elə, sonda öyün.
oyundu dünya, oyun
yenə gümanım yoldu.
mən əbədi deyiləm
heç Kəbədə deyiləm.
min tövbədən keçirəm
yenə amanım yoldu.
öz nəfsinə hakim dur
əməl ömrə hakimdir.
istər Tövratla, Zəbur
İncil, Quranım - yoldu.
***
Kim örtəcək üstümə
qışın soyuq qarını?!
bir hava çal, oynayım
unutmaqçün ağrımı.
boran gəlir, qar yağır
içimə bu istidə.
dədəm gedib dərd qoyub,
anam yoxdu isidə.
qapım açıq, ay döyən
sevinsin boş əllərin.
üzə bağlı olana -
mənim sərxoş əllərim…
soyuq düşdü gecəmə
sabahım qar içində…
nəfəsi al, səs salma
Tanrı yatır içimdə!…
***
Sinəm açıqdı ozan
dərdini yaz ovunsun!
elə yaz yuxulu can,
bir də Araz oyansın.
bulud tutub göyünü
yelə ver göynəyini.
söz qurudan əyninin
sındırıblar aynasın.
adamlar öz ömrünü,
yaşar, həm ölümünü.
dur sındır qələmini
söz kağızsız oynasın!
buraxdım hər şeyi mən
buraxdım boydan, boya.
bir hüzürdə içəcəm
bir də ki, toydan, toya.
Buraxdım sənə Allah
kimsəyə sağlığım yox…
hamıdan ayrılsam da
qəlbimdə yaylığım yox !
***
Döyməyə qapı qalmadı
Ürək açmağa adam.
Bizi sabahlara ötürən
Gedənlər də gəlmədi!
Durum gedim!
Hər gecə səhərin xəstəsi
Könlüm sabahlardan da bezir
Hər gün Gəzdiyim yollarımda
Tənhalığım gəzir.
Gəzdiyim yollarım
Əl üzdüyüm yollarım
Durum gedim!
Buluda bax! İlahi!...
Əlləri göydən üzülüb
Yer də götürə bilmir.
Mən çoxdan ölmüşün
Yanına adamlar yığılıb
Yerdən götürə bilmir,
Durum gedim!
***
payıza sarı açılır
hər ömrün, günün qapısı.
aramızı azad eylə…
sevib unudaq hamısın.
yağış havadan asılıb,
külək kəsir qabağını…
bu gecə yağış yuyacaq
o, tozlanmış sabahını !
yer adamı-dərd adamı,
yerdən salaq yerimizi.
dünya bizə yiyə durmaz,
dur yığışdır evimizi!..