Qəşəm Nəcəfzadə
Xocalı mövsümü Fevral
Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri...
Qan fışqırır televizorlar...
Məhkəmələr təzədən işə düşür...
Xocalını göstərirlər...
Oğlum mənə deyir ki, keçən ilki lentdi...
Həmin uşaqdı yanında potu...
Mən ondan kiçik idim,
Böyüyüb keçdim onu - deyir oğlum.
Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır...
Bir də göstərilməyi qaldı gələn ilə .
Xocalını göstərirlər...
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.
Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.
Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı təkrar.
Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Guya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır
Onun da ayrıdı lentləri
Ölümləri ayrıdı
Ayrıdı dərdləri.
Sonra Zəngilanın ildönümü
Sonra Qubadlının, Ağdamın...
Xocalı mövsümüdü bu ay...
Kişiliyin qısır ayı...
Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin
Çünki sən bilirsən bu lentin yerini.
Realist
Qəflətən
Azdramanın səhnəsinə çıxıb
Bütün qəhrəman obrazları
güllələmək keçir könlümdən.
Baş rolda Əlabbas Qədirov
oynasa belə.
Rejissoru Bəhram Osmanov
olsa belə.
Bu il də yenə
Xocalının ad günündə
Azdramaya getdik.
Xocalı faciəsinə
Tamaşa elədik.
Oğlum səhnəyə baxıb dedi:
-Ata, bura televezorun içidir?
Xocalı uşaqlarının soyuqdan
Donduğunu görəndə,
Uşağımızın paltosunu
Yaxşıca düymələdik.
əlinə peçeniye verdik,
üzündən öpdük
Başını sığalladıq.
Arxamızda qalın geyinmiş
Böyük adamlar əyləşib.
Maşallah çox yaxşıdılar.
Əgər tapançam olsaydı,
səhnəni tamaşaçı salonunua,
salonu səhnəyə çevirərdim bu saat.
Ən birinci özümü güllələyərdim.
Səhnədəki xocalılar
Oyunlarını yarımçıq qoyub
Zala baxardılar.
Mənim gözlərim uşaq gözləri
Kimi ölür.
Ayaqlarım uşaq ayaqları
Kimi donur.
Bax, sinəm uşaq sinəsi kimi balacadı,
Ürəyim sönür.
Yanımdakı tamaşaçıların
Daz başları
Ağdamın təpələri kimi
Qoymur məni
O üzə aşam
Başlarındakı tək-tək tüklər
Tikan kimi əlimə batır.
İcra başçısı çiynimdən
Tutub bərk-bərk məni basır aşağı:
Mən sənin başçınam
Sən burda ölməlisən.
Çölə çıxsan
Prezident deyər
Xocalını kim buraxıb şəhərə
Məni işdən çıxardar.
Xocalı gərək öz yerində
Şəhid olsun.
Ay camaat, mən öz yerimdə ölürəm eeeyy.
25 Fevral 1993
Qara günün çəkilişi
26 fevralda qalın geyinin
Yaxşıca yeyin.
Video kameraları sazlayın
Ssenarilər yazın.
Divarlara meyit şəkilləri yapışdırın.
Adamları Xocalıdan xatirə
Danışmağa çağırın.
Palto geyinsinlər
Yan-yana düzülsünlər.
Humay arvadı tapın
O danışsın, camaat ağlasın.
Axırda bir dənə bayatı desin...
Sabaha ümidli olduğunu
Söyləsin.
İşıqlı evdə yaşadığını desin.
İcra başçısından
Razılıq eləsin.
Qoca kişiləri gətirin
Saqqallarındakı ağ işığı çəkin.
Bir az başı aşağı çəkin.
Qəmli-qüssəli çəkin.
İmişlidə dəmir yolu
Vaqonunda yaşayan
Gülgəz arvadı axtarın.
Tapmasanız keçən ilki lenti
Təkrar göstərin.
- Necəsən, xala?
- Yaxşıyam, bala
Bəs kişi hanı?
- Xocavənddə öldürdülər,
Başına dönüm.
- Bəs oğlun hanı?
- Şuşada öldürdülər,
Başına dönüm.
- Bəs qızın hanı?
Xocalıda əsir düşdü,
Başına dönüm.
- İndi özünü necə
Hiss eləyirsən?
- Çox yaxşyam,
Başına dönüm.
Bu səhnəni televiziyanın
Qızıl fonduna salın.
Adamlara danışmaq öyrədin.
Xocalıdan xatirə danışdırın.
Günahkarı söydürün.
Kadrlara meyit şəkilləri salın.
İşğal olunan rayonların
İcra başçıları ilə məsləhətləşin.
Yaxşı danışa bilənlərin
Siyahısını onlardan alın.
Deputatları qabağa verin.
Yanların qaçqınları düzün.
Lap axırda soyuqdan
Donmuş bir uşaq ayağı çəkin.