Beş pəridən biri

Beş pəridən biri
9 sentyabr 2011
# 11:03

Beş ilham pərisi – tənhalıq, sakitlik, siqaret, tünd çay və seks – başım üzərində dolaşaraq məni it əzabı çəkməyə sövq edir – yazmağa.

Onlardan birini böyük məmnuniyyətlə qovardım. Amma müşahidələrimi, gözlə gördüyümdən doğan düşüncələri və düşüncələrin məni baiskarına çevirdiyi hadisələri yaza bilməyəndə köməyə çağırdığım ilk ilham pərisi də məhz siqaret olur.

Bu vərdişi neçə illərdir tərgitmək istəyirəm. Və bütün nikotin aludəçiləri kimi bilirəm ki, həm cibə, həm də cana ziyandır. Amma ilham pərim hər dəfə özünə təhlükə gördükdə təkcə mənim deyil, neçə-neçə qələm adamının əvəzsiz sirdaşı olduğunu yadıma salır.

Ola bilsin ki, Erix Mariya Remark tam haqlıdır: “Siqaretin olması yaxşıdır. Bəzən o, dostlardan daha etibarlıdır. Siqaret düşüncələri dağıtmır. O, lal-dinməz dostdur”.

Bəli, “Yaşamaq və ölmək vaxtı”nda o belə yazır.

Etibarlı, lal-dinməz?

Deməzdim. O hər zaman susmur. Və həmin an mən sədaqətli ilham pərimə Onore de Balzakın sözlərini xatırladıram: “Tütünün satışı – qumarxanalardan min dəfə əxlaqsız vergi formasıdır; o, tütün bədəni məhv edir, zehni inkişafa mane olur və xalqın başını xarab edir”.

Başım üzərində dolaşan ilham pərim küskün görkəm alır və ətrafdakı digər dörd ilham pərisinin rişxəndlə necə güldüyünü görürəm. Onlar ciddi görkəm alır və ağız-ağıza verərək mənə xatırladırlar ki, bir qram nikotin təkcə insanı deyil, atı belə öldürməyə qabildir. Və mənə daha bir ədibin – Onore de Balzakla həmfikir olan Uilyam Şekspirin tütün haqqında sözlərini nümunə gətirirlər: “İnsanlar düşmənlərini dodaqlarına yaxınlaşmağa imkan verirlər və o, insanların beynini oğurlayır”.

Bunun ardınca dörd ilham pərisi tütündən ilk dəfə istifadə etmiş Kolumbun səyahət yoldaşı – Pobert Peyni min dəfə lənətləyib bu hekayəti mənə danışırlar:

“...Avropaya ayaq basmış tütün əvvəlcə dekorativ bəzək bitkisi kimi istifadə edilirdi. Və günlərin bir günü əvvəlcə Andre Tevet onun asudə vaxtın ən yaxşı əyləncəsi olması haqqında fikir yaratdı, sonra Fransada tütünün müalicəvi əhəmiyyəti haqqında şayiə yayıldı. Deyilirdi ki, guya Jan Niko 1560-cı ildə onun vasitəsilə Katerina Mediçini və onun oğlu II Fransiski sağaldıb. 1664-cü ildə isə vəbanın tüğyan etdiyi İngiltərədə İton kollecinin tələbələrini zorla tütün çəkməyə məcbur edirdilər. Tütünün iylənməsi, çeynənməsi və çəkilməsi yalnız bundan sonra başladı. İngilis kralı III Corcun xanımı Şarlott isə tütünə o qədər meylli idi ki, onu “Snuffy Charlotte” (“Tütün qoxuyan Şarlott”) adlandırdılar. Lakin qəflətdən ayılma çox tez baş verdi və tütündən istifadə sərt şəkildə cəzalandırılmağa başladı: Osmanlıda tütün istifadəçilərini paza otuzdurardılar; Apennin yarımadasında tütün şeytanın əyləncəsi hesab olunurdu; İngiltərədə buna görə boğazdan asırdılar...”

Etibarlı, lal-dinməz?

...Daha yaza bilmirəm, düşüncələrim dağınıqdır, ilham pəriləri fikirlərimi qarışdırdı. Siqareti siqaretə o qədər calamışdım ki, ağzım zəhər qoxuyur, şokoladla içdiyim tünd çay da mənə təravətsiz görünür. Qulaqlarımda ilham pərilərinin səsləri uğultuya çevrilir...

Tavana qalxan tüstü halqaları və əvəzsiz ilham pərimin səsi: “Yazarlar arasında sən çəkən təkcə sənsənmi!? Adbaad xatırladım, hə? Yaxşı, sadalayıram, Jorj Sand, Mark Tven...” Yerimdən qalxıram: “Di bəsdir, bilirəm. Mark Tvenin “Əgər cənnətdə siqar çəkə bilməyəcəyəmsə, cənnət mənə gərək deyil” – dediyini də xatırlayıram...”

Etibarlı, lal-dinməz?

Tənha otaqda qulağıma başqa adlar da pıçıldanır: Jorj Simenon, Jan-Pol Sart...

Dörd ilham pərisi birinə qarşı.

Nəhayət, sükut!

Bu dəfə onlar uduzdular.

Mən də təslim oluram. Çünki artıq yazıram.

# 2699 dəfə oxunub

Oxşar xəbərlər

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

Bu hekayəni niyə görməzdən gəlirlər? - Ulucay Akif

12:23 18 sentyabr 2024
"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

12:00 18 sentyabr 2024
"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

"Oxucu öpüb alnına qoyur, şair üstünə tüpürüb yeyir..." - Aqşin Yenisey

10:10 18 sentyabr 2024
Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

Saranın atasını zəhərləməklə kifayətlənməyən ögey ana... - Həcər Atakişiyeva

13:30 17 sentyabr 2024
İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

İlk mifo-politik əsərimizi dəyərləndirmək zamanı - Azər Turan

16:15 16 sentyabr 2024
Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

Ərinə xəyanət edən qadın - Onu liftdə kim öldürmüşdü?

14:41 13 sentyabr 2024
#
#
# # #