Kulis.Az Mübariz Cəfərlinin “Uzaqgörən şir” hekayəsini təqdim edir.
Gün kəlləçarxa dirənmişdi, səhrada cəhənnəm istisi vardı. Nəfəs aldıqca daha da gücsüzləşirdi heyvan, ağız-burnundan od çıxırdı. Yaxşı ki, ucsuz-bucaqsız səhrada əyri-üyrü bir kötük tapıb üstünə çıxmışdı, daha doğrusu, uzanmışdı, yoxsa narın qumun istisi əl-ayağını, bütün bədənini bişirəcəkdi.
Şir əyri-üyrü, enli kötüyün üstünə uzanıb yorğun-yorğun ağzını açmışdı, iri qırmızımtıl dilini çıxarıb tövşüyə-tövşüyə ölümünü gözləyirdi. İri səhra milçəkləri, mığmığalar, qanadlı qarışqalar onun öləcəyini duyub elə indidən şirə hücum çəkməyə hazırlaşırdılar, şirin üstünə qonan milçəkləri qovmağa da heyi, həvəsi, istəyi qalmamışdı. O, taleyi ilə barışıb heysiz-hərəkətsiz gözlərini irəli zilləmişdi, bir az irəlidə, dağın döşündə sımsıx yaşıl meşəlikdi. Şirin cavanlığı o meşədə keçmişdi. Orda, cəngəlliklər arasında quşlar cəh-cəh vururdu, dupduru, bumbuz bulaqlar qaynayırdı, hələ də isti qanının, buğum-buğum ətinin, ilikli sümüklərinin dadı damağından getməyən ceyranlar, cüyürlər saysız-hesabsızdır. Kiçik heyvanlar, dələlər, dovşanlar da öz yerində...
İndisə meşənin sahibi qocalmışdı, ölümünü gözləyirdi, keçmişi xatırlamaq dərdini lap artırırdı, daha gözünü də yumub mürgüləyirdi, çünki milçəklər ürəklənib düz gözlərini deşirdilər. Bu arada şir qəfil ağzını yumdu, dilinin üstündə oturmuş qanadlı qarışqaların, ikibaşlı iri milçəklərin topası şirin ağzında qaldı, şir dişinin altında qalan xırda həşəratları tənbəl-tənbəl çeynəyəndə ağzında xoşagəlməz tam duydu. Çoxdandı dilinə heç nə dəymirdi. Aclıq bir yana, susuzluq onu tamam əldən salmışdı. Belə getsə, deyəsən, həqiqətən onun axırına az qalırdı...
- Bu nə halətdi, ey əzəmətli şir? Bu nə görkəmdi? İrəlidəki, dağ döşündəki meşədə ayılar, canavarlar, pələnglər at oynadır, sən niyə qızmar günün altında mığmığalara yem olmusan? Əsil-nəcabətinə yaraşarmı bu?
Şir gözlərini açıb azca dikəldi. İkibaşlı milçəklər, qanadlı qarışqalar tələm-tələsik uçmağa başladığından ətrafı vızıltı bürüdü.
Tülkü önündə dayanıb yekə quyruğunu yelləyir və şirdən cavab gözləyirdi.
- Bəs neyləyim, ay tülkü lələ, qocalmışam, sakitcə ölmək istəyirəm...
- Ölmək! - tülkü qəhqəhə çəkdi, - sən gərək qəhrəman kimi meşədə öləsən... Dur ayağa, özünü topla, gəl dalımca, gedək meşəyə, bulaqların suyundan iç, ov ovla, dişinə qanlı ət dəysin, qollarına güc, ürəyinə təpər gəlsin. Əcəlisə gözləməyə ehtiyac yoxdu, vaxtı gələndə o özü səni tapacaq...
Şirin tükləri biz-biz oldu. “Tülküdə şir ürəyi varmış...” - utana-utana düşündü. Daha geriyə yol yox idi. Gərək dağın döşündəki meşəyə qalxaydı, çünki bütün heyvanların hiyləgər kimi tanıdığı şələquyruğun sözlərində, məzəmmətində yekə bir həqiqət vardı... Beləcə, şir gözlərini geniş açdı, boynunu sağa-sola fırladı, quyruğunu qaldırıb quş yüngüllüyü ilə neçə vaxtdı ki, oturduğu kötükdən yerə tullandı. Üz qoydu meşəyə sarı... Get-gedə addımlarını yeyinlətdi və nəhayət, qaçmağa başladı. Qaçdıqca qüvvətlənirdi elə bil, içindəki yanğı azalır, aclığı keçib gedirdi. Demə, ətalət, hərəkətsizlik ölümə aparırmış onu. Demə, sözdə doğrudan-doğruya böyük hikmət, ilahi qüdrət varmış. Demə, quyruğunu qaldırıb əcəli gözləməyə, qocalığa boyun əyməyə dəyməzmiş. Axır vaxtlar belə şuxluqla və belə sürətlə qaçmamışdı, nə günün istisi eyninə gəlirdi, nə səhranın ilğımı, qaçdıqca ayaqları görünməz olurdu, sanki meşədə heç bir heyvanın ciddiyə almadığı şələquyruğun kəlmələri şiri cavanlaşdırmışdı, indi ağına-bozuna baxmadan elə laxlayan dişləri ilə bir dağ kəlini parçalamağa, şaqqalamağa hazır idi.
Üzü meşəyə elə götürülmüşdü, sanki orda, meşədə cavanlaşıb öz ömrünü təzədən yaşayacaqdı, sanki əcaib-qəraib, qorxunc, bədheybət bir varlıq arxadan onu qovurdu. Lap çata-çatdaydı, bütün gücünü toplayıb var qüvvəsi ilə irəliləməkdəydi. Pəncələri narın, isti torpağa batırdı, ətrafını toz dumanı bürüyüb gözlərini acışdırırdı, lakin şir heç nəyi eyninə almayıb qaçırdı. Onu irəli, meşəyə səsləyəndən, tülküdən əsər-əlamət yoxdu, tülkünün izi-tozu qalmamışdı. Bəlkə də şələquyruq qoca şirin qəfil sıçrayışından qorxuya düşüb aradan çıxmış, quyruğunu ələ verməmişdi. Hər halda indi dayanıb, ətrafa boylanıb tülkünü axtarmaq məqamı deyildi, o, dediyini deyib işini bitirmişdi, sonrası şirin özündən asılı idi.
Axır ki, qoca şir mənzil başına çatdı, meşəyə girəndə get-gedə addımlarını yavaşıtdı, nəhayət, hündür bir ağacın kölgəsində sərələnib qaldı. Heç quyruğunu altına yığıb oturmağa da taqəti qalmamışdı. Bir az dincəlib güc-bəla ilə qoca palıdın gövdəsini əhatəyə alan sevimli bulağın yanına getdi. Bulağın bumbuz, dupduru suyundan doyunca içdi. Yanğısı azaldıqca gözlərinin işığı artırdı, amma aclığı daha da güclənirdi, dişlərinə etibarı qalsaydı, lap qoca palıdın gövdəsini gəmirərdi. İndi ov dalınca düşmək xam xəyaldı. Pusquda dayanıb, elə buralarda gizlənib şikarını gözləməliydi. Qismətdisə lap ağzının içinə gələcəkdi, yoxsa ha qaç, ha yüyür, bekara əziyyətdi. Qaçmağa, yüyürməyə də ki, zərrəcə taqəti yoxdu. Şir ömrünün son barıtını, son gülləsini atmışdı. Başa düşürdü ki, bir də heç vaxt şikar, ov dalınca qaçmayacaq, qalan ömrünü gizlənməklə, pusquda keçirəcək, timsahlarsayağı gücündən çox hiyləsinə, bəxtinə güvənəcək. Bəxti gətirsə, bir ov tapıb başını girləyəcək, ac qalmayacaq. Elə ən sərfəlisi palıdın yanında gizlənib su içməyə gələn heyvanlara hücum eləməkdi. Həm dincələrdi, həm də marığa yatardı, qisməti özü onu tapacaqdı. Bəxtində vardısa... Bəxtisə üzdəymiş...
Çox keçmədi ki, ceyranlar bulaqdan su içməyə gəldi. Şir lapdan gizləndiyi yerdən çıxıb irəli şığıdı. Amma qocalıq öz işini görmüşdü, şirin əvvəlki çevikliyi qalmamışdı. Ceyranlar pərən-pərən düşüb dağılmışdılar, bu ağırlıqla, bu yalançı, yararsız tullanışla şikara ümid eləmək olmazdı, lakin şirin düz önündə yaralı ceyran yıxılıb qalmışdı, heyvan ürkək-ürkək, qorxa-qorxa yan-yörəsinə baxsa da, ümidlə boynunu irəli uzadıb yerində çabalasa da, ayağa dura bilmirdi. Bax, bu idi Allahın qisməti, düz qabağına gətirmişdi ovunu...
Şir pəncəsini ceyranın boynuna basdı, boynunu qanırdı, ceyran taleyi ilə barışıb son dəfə ətrafı süzdü. Şir iri, laxlayan dişlərini ceyranın dərisinə batırdı. Artıq şirin ağzı qanlı idi. Ceyranın qanlı tikələri ilə bərabər şirin bütün bədəninə güc-qüvvət gəlirdi...
Daha tələsməyə dəyməzdi, bacardıqca bu ləzzətin ömrünü uzatmaq gərəkdi. Ləzzətin ömrünü uzatmaq öz yerində, şir qəti qərara gəlmişdi ki, ölənəcən gününü bu bulağın başında, qoca palıdın ətrafında keçirəcək.
Hardansa hənirti gəldi. Şir ağzındakı iri tikəni uda-uda saymazyana gözaltı irəli baxdı. Tülkü bir az aralıda quyruğunu altına yığıb oturmuşdu. Deyəsən, şələquyruq bayaqdan onu izləyirmiş, bircə an da gözdən qoymurmuş şiri...
Şir yeməyinə ara verib mehriban-mehriban:
- Hə, tülkü lələ, - dedi, - gəl qonaq ol, ceyranın ətindən nuş elə...
Tülkü irəli yerimək əvəzinə bir-iki addım gerilədi:
- Nə danışırsan, ey ədalətli və əzəmətli şir! Mən nə cürət eləyib sənin ovundan dada bilərəm?
- Gəl, gəl, qorxma, bu məsləhəti sən vermisən mənə, ömrümün axırınacan səninlə qardaşam.
- Sənin pəncənin bir zərbəsi məni o dünyalıq eləyərsə, bizdən qardaş olmaz...
Əlqərəz, şir çox dedi, tülkü az eşitdi, axırda şirin əlacı kəsildi.
- Ay tülkü lələ, bəs mən neyləsəm, mənə inanıb yaxına gələrsən, bu ceyranın ətindən doyunca yeyərsən, mən də sənin xəcalətindən, borcundan çıxmış olaram?
Tülkü azca fikrə gedib dedi:
- Bunun bircə yolu var. Mən uzun sicim gətirim, sən öz əl-ayağını bağla, mən də sənin alicənablığına güvənib yaxına gələrəm, sicimə vurduğun düyünləri yoxlayandan sonra bu ceyranın ətindən bir tikə yeyərəm...
Şir çar-naçar nərildədi:
- Razıyam.
Şərtləşdikləri kimi elədilər, tülkü hər şeyi yoxlayandan sonra acgözlüklə ceyranın buğlanan ətindən ən yaxşı yerləri ötürməyə başladı. Şir əl-ayağı bağlı kənarda sərələnib qalmışdı, tülkünün yeməyinə baxırdı. Tülkü qarnını doydurub yediklərinin üstündən qurtaqurtla sərin bulaq suyu içdi və quyruğunu yelləyə-yelləyə çıxıb getmək istəyəndə şir onu çağırdı:
- Ay şələquyruq, hara belə, yediyini yedin, içdiyini içdin, indi gəl mənim əl-ayağımı aç...
Tülkü saymazyanalıqla şirə baxıb:
- İncimə, - dedi, - hələ bizim nəsildə özündən güclünün qollarını açan olmayıb. Mən əcdadlarımın qoyduğu ənənəni poza bilmərəm, - göz qırpımında sıx cəngəlliyin arasında görünməz oldu.
Şir qəzəbindən bir-iki dəfə nərildədi, sonra sakitləşib fağır-fağır ətrafa göz gəzdirdi.
Beləcə, ağzı qanlı şir əl-ayağı bağlı köməksiz-köməksiz uzanıb qaldı...
Bu arada qan iyinə gələn çaqqal yaxınlaşıb ceyranın ətindən nuş eləmək istəyirdi ki, qəfil şiri görcək ayaqları tutuldu, qorxudan, çaşqınlıqdan qaçmağa da taqəti qalmadı, elə yerindəcə mıxlanıb durdu.
Şir sakit-sakit:
- Ceyran əti düşüb xətrinə? - soruşdu.
Çaqqalın boğazı qurumuşdu, dinə bilmirdi.
Şir davam elədi:
- Qorxma, yaxın gəl, doyunca ye, mənim əl-ayağım bağlıdı.
Çaqqal qımıldanmırdı, çünki görüb eşitdikləri ona yuxu kimi gəlirdi. Nəhayət, şirin halından agah olub ceyrana yaxınlaşdı və onun olan-qalan ətini yedi.
Çaqqal yeyib doyandan sonra getmək istəyəndə şir onu səslədi:
- Dayan!
Çaqqal ayaq saxladı:
- Buyur, ey meşənin sahibi...
Şir çaqqalın müraciətindən utansa da, özünü sındırmadı:
- Yediklərin halalın olsun, gəl mənim əl-ayağımı aç. And olsun əcdadlarımın ruhuna, sənə toxunmaram...
Çaqqal ürkək-ürkək şirə yaxınlaşdı, lakin şirin iri gözlərindəki dərindən dərin kədəri görüb cani-dildən işə girişdi, güc-bəla şirin əl-ayağını açdı və çıxıb getdi.
Əl-ayağı açılmış şirsə, elə əvvəlki kimi sərələnib qalmış, düşüncələrə dalmışdı. “Bir yerdə ki, şirin əl-ayağın tülkü bağlaya, çaqqal aça, orda yaşamağa dəyməz”... Şir dərin xəyallar içində yavaş-yavaş, addım-addım geri qayıtdı.
Axşama yaxın səhradakı həmin əyri-üyrü kötüyün yanına çatdı. Şığıyıb kötüyün üstünə qalxdı. Gözlərini yumub tərpənməz qaldı. Səhəri canını tapşıranda kötüyün üstündən daş kimi yerə dəydi. Səhranın narın qumu qaynar idi, amma daha isti, soyuq, yağış, külək şirə əsər eləməyəcəkdi. Gecə yerin altından çıxan ətyeyən qarışqalar şirin cəsədinə daraşdı, minlərlə vəhşi cücü ikicə saatın içində şirin ətindən bircə tikə də qoymadı. Təkcə skeleti, sümükləri qaldı şirin. Bir neçə gündən sonra səhrada külək qopdu, neçə gün göz-gözü görmədi, toz burulğanı ərşi-əlaya qalxdı, göylə yer birləşdi. Külək yatandan sonra nə əyri-üyrü kötük gözə dəyirdi, nə də şirin sümükləri. Səhra onları udmuşdu...