Körpüdəki qoca

Körpüdəki qoca
23 yanvar 2014
# 13:52

Xaqani Əliyev (Cavadoğlu) 1980-ci il 23 yanvarda Ağdam şəhərində doğulub. ADU-nun tərcümə fakültəsini bitirib. 2005-ci ildə ədəbi tərcümə sahəsində qazandığı uğurlara görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı tərcüməçi-şairi nominasiyası” üzrə mükafatla təltif olunub.

Şeir və tərcümələri “Ulduz ”, “Alatoran” və “Söz” jurnallarında, ingilis dilinə tərcümə etdiyi nəsr nümunələri “Azərbaycan nəsri antologiyası”nda işıq üzü görüb.

Kulis.az Xaqani Cavadoğlunun tərcüməsində Ernest Heminqueyin “Körpüdəki qoca” hekayəsini təqdim edir.

Gözlərində dəmir çərçivəli eynək, əyninə nimdaş paltar geymiş bir qoca yolun kənarında oturmuşdu. Yaxınlıqdakı çayın üzərində üzən körpü var idi və arabalar, yük maşınları, qadınlar və kişilər körpünün üzərindən keçib gedirdilər. Qatır qoşulmuş arabalar yırğalana-yırğalana körpünün üzərindən keçib yoxuş sahilə keçirdilər və əsgərlər arabaları itələməklə onlara kömək edirdilər. Yük maşınları palçığa bataraq irəliləyir və kəndlilər dabanlarına kimi çatan palçıqda onların yanınca yortaraq gedirdilər. Qoca isə orada sakitcə oturmuşdu. O taqətdən düşmüşdü və hərəkət etməyə gücü qalmamışdı.

Körpünü keçmək, irəlidə döyüş meydanındakı vəziyyəti və düşmənin haraya kimi irəlilədiyini öyrənmək mənim üzərimə düşmüşdü. Körpünü keçən arabaların və kəndlilərin sayı azalmışdı, qoca isə hələ də orada idi.

“Haradan gəlirsən?” deyə soruşdum.

“San Karlosdan” - deyə cavab verdi və gülümsədi.

Bu onun anadan olduğu şəhər olduğundan adını çəkmək ona zövq verdi və o gülümsədi.

“Mən heyvanlara baxırdım” - deyə izah etdi.

Yaxşı başa düşmədiyimdən “Oh” dedim.

“Hə” – dedi. “Gördüyünüz kimi mən qalmışdım ki, heyvanlara baxam, mən San Karlosu hamıdan axırda tərk etdim.”

O heç çobana oxşamırdı və mən onun nimdaş köynəyinə, toz basmış sifətinə və dəmir çərçivəli eynəyinə nəzər saldıqdan sonra soruşdum: “Nə heyvanlar idi, onlar elə?”

“Müxtəlif heyvanlar” - deyə cavab verdi və başını yellədi: “Mən onları qoyub gəlməli oldum”.

Mən körpüyə və Afrika sayaq Ebro Delta kəndinə baxır və sirli olan və əlaqə adlanan hadisənin ilk səslərinə qulaq asırdım, qoca isə hələ də orada oturmuşdu.

“Nə heyvanlar idi onlar elə?” mən yenidən soruşdum.

“Cəmi üç heyvan idi,- cavab verdi,-iki keçi və bir pişik, hə, bir də dörd cüt göyərçin”.

“Sən onları qoyub gəlməli oldun eləmi? ” deyə mən soruşdum.

“Hə, artilleriyaya görə. Kapitan artilleriyaya görə mənim çıxıb getməyimi istədi”.

Sahilin yoxuşu ilə aşağıya doğru tələsən son arabalara baxaraq soruşdum: “Bəs sənin ailən yoxdur? ”

“Yox,- o dedi,- olanım saxladığım heyvanlardır. Əlbəttə, pişiyə heç nə olmaz, pişiklər hardan olsa ərzaq tapa bilir. Ancaq o birilər nə edəcək, bilmirəm”.

“Sən hansı siyasətin tərəfdarısan?” - deyə soruşdum.

“Mən siyasətdən uzağam,- dedi,- mənim yetmiş altı yaşım var. Bura kimi iyirmi kilometr yol qət eləmişəm, burdan o yana gedə bilmirəm”.

“Bura dayanılası yer deyil,- dedim,-Tortosa aparan bu yolun ayağında yük maşınları var, bacarsan, oradakı camaata qoşul”.

“Mən bir az gözləyəcəm, - dedi və sonra gedəcəyəm. Yük maşınları haraya gedir? ”

“Barselona istiqamətində” - dedim.

“Mənim orada tanışım yoxdur,,- dedi,-amma, yenə də sağ olun, çox sağ olun”.

O mənə mənasız və yorğun baxışlarla baxdı və öz narahatlığını kimləsə bölməyə ehtiyacı olduğu üçün: “Pişiyə heç nə olmaz, əminəm. Pişik barəsində narahat olmağa ehtiyac yoxdur. Ancaq , o biriləri... Sizcə onların aqibəti necə olacaq?”

“Narahat olmayın, onlara heç nə olmayacaq”.

“Doğrudan? ”

“Əlbəttə,-” artıq heç bir arabanın gözə dəymədiyi sahilə baxaraq dedim.

“Ancaq onlar artilleriyanın altında nə edəcəklər, mən artilleriya təhlükəsinə görə çıxıb gəlmişəm”.

“Göyərçinlərin qəfəsini açıq qoyub gəlmisən?” deyə soruşdum.

“Hə”.

“Onda onlar uçub gedəcəklər”.

“Hə, düzdür, onlar uçacaq, bəs o biriləri. Yaxşısı budur ki, o birilər barədə düşünməyim” dedi.

“Əgər dincəlmisənsə ayağa dur və gəzməyə çalış” deyə onu inandırmağa çalışdım.

“Çox sağ ol” dedi və ayağa qalxdı, sağa sola ləngərlədi və yenidən tozun içində oturdu.

“Mən heyvanların qayğısına qalırdım,- qəmli-qəmli dedi, ancaq, bu dəfə öz-özünə danışırdı,- mən sadəcə heyvanların qayğısına qalırdım”.

Onun üçün heç nə edə bilməzdim. Bazar gününə təsadüf edən Pasxa bayramının səhəri idi və faşistlər Ebro istiqamətində irəliləyirdilər. Səma tutqun olduğundan onların təyyarələri gözə dəymirdi. Bu və pişiyin öz qeydinə qala bilməsi indi qocanın bəxtinə yazıla biləcək yeganə uğur idi.

# 2347 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

Kamal Abdullanın teatrımıza gətirdiyi postmodernizm - Zəhra Həşimova

17:00 26 noyabr 2024
"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

"Ədəbiyyat həm də inam və iman işidir..." - Səlim Babullaoğlu

13:10 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

Şeiri yaradan məqamlar - Cavanşir Yusifli

12:00 24 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
#
#
# # #