Kulis.Az Elman Mustafanın şeirlərini təqdim edir.
Harasındayıq var ilə yoxun?
Yadımızda qalıb o gözəl yerlər,
Ağ süd qoxuluydu üzümüz orda.
Hər söylədiyimiz könlün sözüydü,
Daşı söylədirdi sözümüz orda.
Yeri oxşayırdı güllərin dili,
Öpürdü hər gülü Tanrının yeli,
Nə ağıllı vardı, nə də ki dəli,
Yoxuydu əyrimiz, düzümüz orda.
İlk doğulduğumuz günün ölkəsi,
İlk yurdumuz idi o Gül kölgəsi,
Hardasa gəl deyir o yurdun səsi,
Deyəsən qalıbdı izimiz orda.
Hardadı bilmirik o gözəl anlar,
Bir gün torpaq bizi qoynuna alar,
Bizi torpaq anlar, bizi daş anlar,
Gedərik həsrətlə gözümüz orda.
O yerlərmi yuxu, bu yermi yuxu?
Çətin baxtımızı ey falçı oxu,
De, harasındayıq var ilə yoxun?
Bəlkə biz burdayıq, özümüz orda.
Gülməzmi dünyanın ağlayan gözü
Ana saray tikir beşik başında,
Gözündən iz qalır hörgü daşında,
Baxanda saraya ömrün qaşından,
Gülməzmi dünyanın ağlayan gözü?
Mavilik qalınca başımız üstə,
Bir səsləniş varsa bir qırıq səsdə,
Demək iman vardır baxt gəzən kəsdə,
Gülməzmi dünyanın ağlayan gözü?
Tarixə tarixdən baxsa ulusum,
Su kimi yerinə axsa ulusum,
Haqqını köksünə taxsa ulusum,
Gülməzmi dünyanın ağlayan gözü?
Sabah oldu, axşam oldu
A çiçəklər açın açın,
Qarışqalar qaçın qaçın,
Quşlar siz də uçun uçun,
Sabah oldu, axşam oldu.
Alqış, qarğış söylə dilim,
Qurun, yıxın iki əlim,
Doğran torpaq dilim-dilim,
Sabah oldu, axşam oldu.
Qoyub, dedilər qurucu,
Hər başlanğıca sonucu,
Hardadır yolların ucu?
Sabah oldu, axşam oldu.
Durub divanda suçlu baş,
Əllərdə qalıb ilkin daş,
Başlara dəyən iki daş
Sabah oldu, axşam oldu.
Gələn deyilən
Bir gün oda salsa içim çölümü,
Qorxma çağır məni gələn deyiləm.
Səsin aldadacaq odlu ölümü,
Qorxma çağır məni gələn deyiləm.
Qurduğum ocaqdan köz tutur sözüm,
Ocağımdan keçir gecəm-gündüzüm,
Görsən tüstüsünü yaşarar gözün,
Qorxma çağır məni gələn deyiləm.
Gəlsəm daşa dönər göydə buludlar,
Yollar sona çatar, küsər umudlar,
Gec qalan baharda quruyur otlar,
İndi çağır məni gələn deyiləm.
Ömrün bir vaxtında ömür dolanda,
Könüldən keçənlər gözdə qalanda,
Söz də dustaq olub sözdə qalanda,
Çağırma çağırma, gələn deyiləm.
Ənvər paşa
O nə yarışçıdır, o kimdi elə,
Bürüyüb köksünü al-qan yarışır.
Qalxanı yox qolda, qılıncı beldə,
Canında qılıncla qalxan yarışır.
Gözə görünməyən tac başındamı,
Baxtının rəngi də sağ qaşındamı[1],
Bu yolda haqq südün alqışındamı,
Heç yenilmir üzü yaman yarışır.
Qaçır arasıyla iki dünyanın,
Təriylə getməzmi çirki dünyanın,
Gözü aydın olsun eşqi duyanın,
Tanrının eşqiylə qaçan yarışır.
Məşəldimi yanır bağrının başı,
Azacıq çatılsa Turanın qaşı,
Sellənib axmazmı gözünün yaşı,
Sel ilə bu torpaq candan yarışır.
Yaramı demərəm bir yada deyir,
O bülbül oxuyur qəmini yeyir,
Soydaşım ucalsın dünyada deyir,
Dünyada haqq üçün iman yarışır.
Sular heyran oldu bir Gənc yarışır,
Suların üzünə bu Gənc yaraşır,
Mərhaba söyləyir Tuba Kölgəsi,
Bu yorulmaz Gəncin ən son ölkəsi[2].
[1]
Gerçək
Bir dəfə qapandım qatı gecəyə,
Qaranlıq içində nələri gördüm.
Ulduzlar gedirdi üzü gerçəyə,
Gerçəyi söyləyən dilləri gördüm.
Gülürdü Ay südü içənin içi,
Gecə çıxarmışdı açığa heçi,
İşıq işıq idi gecənin içi,
İşığa uzanan əlləri gördüm.
Gecə soyundurdu yeri dərdindən,
Gündüz solan güllər açdı dərindən,
Solmayan güllərin alın tərindən,
Üfüq boyu axan selləri gördüm.
Ey saqi
Görüşək yenidən, bir məclis olaq,
Bu günü keçmişə bölək ey saqi.
Surət məxrəciylə bu bəlli kəsrin,
Həlli varmı yoxmu, bilək ey saqi.
Meyi sözə qatıb ey dost, sun hərdən,
Can uçur dərd deyil, uçmur söz əldən,
Dərd, dərdi bilənə yoxdu əzəldən,
Gəl, fani dərdlərə gülək ey saqi.
Şərəf bazarının ortasındayıq,
Həyatın içində, tortasındayıq,
Bazarda qıtlıqdı, mal yasındayıq,
Meyinlə bu yası silək ey saqi.
Çarpınca gün günə közərən gözlər,
Tarixin tozuna bələnən sözlər,
Günlərin altında əyilən üzlər,
Əyilən üzlərə gül ək, ey saqi.
Suların saflığı duru həyadan,
Çox görmüş çox sular axıb dünyadan,
Bir zaman meyinlə çıxıb dünyadan,
Yenidən dünyaya gələk ey saqi.
Sözü gəldi
Göy üzünə qonum deyə,
Quş səsi göy göy dikəldi.
Kölgələndi göyün üzü,
Ağ yağışlı sözü gəldi.
Təklər gecəni aradı,
Ah, gecə nədən qaradı?
Tanrı buludu daradı,
Ay işıqlı sözü gəldi.
Budaqlar göz aça aça,
Vurğun yellər uça uça,
İlkbaharın qaça qaça
Al yaşıllı sözü gəldi.
Aldı bir umud içimi,
Bir şeir duyğusu kimi,
Səhrada axan su kimi,
Yaraşıqlı sözü gəldi.
Anama bir söz göndərim
Ulduzlara səs göndərim,
İçimdəki əsintidən.
Ulduzlar da yaşıllansın,
Səsimdəki göyərtidən.
Analar asılı qalıb,
Al yaşıllı ağılardan.
Anama bir söz göndərim,
Durulansın ağrılardan.
Yolçu gecədən usanıb,
Gəlmir gecənin gündüzü.
Bir umud göndər ey Tanrı,
İşıqlansın yerin üzü.
Bu türkü
Bu türkü yolları səsinə gömür,
Gərilir hədəfə bir ox-yay kimi.
Min ələ yatmayan çılğına dönür,
Bir titrək yalqız əl toxunan kimi.
Yayılır, ucalır göylərə sarı,
Bu türkünün soyu bax, hara çəkir.
Zəncirsiz günlərə yollananları
Bir bağrına basır, bir dara çəkir.
Anma
Bülbülün ahı olmasa,
Heç gül açarmı deyirdin.
Günəş gecədən doğmasa,
İşıq saçarmı deyirdin.
Göylər gözəl, göylər dərin,
Quşlara salam göndərin,
Görünsə sonu göylərin,
Quşlar uçarmı deyirdin.
Gündüzlər kölgəmi qoru,
Bürüməsin səni qorxu,
Gecələr yuxuma doğru,
Yuxun qaçarmı deyirdin.
Bir ah, bir də gecə qaldı,
Quşsuz göyləri qar aldı,
Yuxum qaçdı haray saldı,
Səsin də varmı deyirdin.
Sahil vətən
Yığdılar limana Hindin şalını,
Hər yerin incisin, rəngin alını,
Sahilə səs salan dünya malını
Topladıq sahildə, böldük sahildə.
Gəmilərin baxtı qürbət yolunda,
Eşq yolun sağında, həsrət solunda.
Gözlədik gəlmədi yolun sonu da
Ağladıq sahildə, güldük sahildə.
Fəsildən rəng alan dənizə daldıq,
Gəlib keçdi fəsil, biz yola saldıq,
Uzaqlar gəl dedi, biz baxa qaldıq,
Yaşadıq sahildə, öldük sahildə.
Oynaya oynaya
Dağlar xoş xəbər versəniz,
Bizə oynaya oynaya.
Üz qalmadı bizdə artıq,
Üzə oynaya oynaya.
Tələsirik, gec qalırıq,
Bu yollarda ad alırıq,
İz üstünə iz salırıq,
İzə oynaya oynaya.
Bu dünyanın xasdı soyu,
Biz gələndə qurar toyu,
Oynayarıq ömür boyu,
Sözə oynaya oynaya.
İndi dağın enişində
Batır dizləri dərinə.
Ayaqları yetişəmmir,
Ayağının izlərinə.
[1] Başındakı ağlıq Ənvər Paşanın böyük gələcəyinin bir rəmzi kimi yozulurdu.
[2] Su Allah Təalanın üzünü görüb deyilir. Tuba – Cənnətdəki ağacın adıdır.