Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?

Repressiya qurbanı olmuş qadının adı Bakıdakı küçədən niyə götürüldü?
11 aprel 2025
# 12:00

Kulis.az Mirmehdi Ağaoğlunun "Köylü qızının Mirzə Qədimə çevrilməkliyi" yazısını təqdim edir.

Qərbi Azərbaycan İcmasının yerləşdiyi Gülarə Qədirbəyova küçəsinin adı dəyişdirilib. Belə ki, XIX əsrdə yaşamış Azərbaycan portretçisi və ornamentalist rəssamın anadan olmasının 200 illiyi münasibətilə həmin küçənin adını Mirzə Qədim İrəvani qoyublar.

Məni burda bir neçə məqam narahat edir. Əvvəla, Gülarə Qədirbəyova Azərbaycanın ötənəsirki tarixində müəyyən rol oynamış şəxsiyyətdir. Jurnalist olub, “Şərq qadını” jurnalının baş redaktoru kimi işləyib, sovetlərin quruculuğunda iştirak edib və sair və ilaxır.

Sonra da bu bədbəxt qızının repressiya illərində başına iş açıblar. Onu Hüseyn Cavid, Əhməd Cavad, Seyid Hüseyn, o cümlədən müsavatçı ziyalılarla dostluq əlaqələrində günahlandırıb, əksinqilabi təşkilatın üzvü kimi antisovet fəaliyyətdə ittiham ediblər. Nəhayət, ərini güllələyiblər, qardaşını və özünü isə tutub sürgün ediblər. İşgəncələrə dözə bilməyən 39 yaşlı Gülarə də 1942-ci ildə Sibirdə vəfat edib. 1957-ci ildə də günahsız olduğu sübut edilib, bəraət alıb.

Daha mən orasını bilmirəm, bu qadın Sovet hökumətinin əleyhinə, həqiqətən, gizli-gizli mübarizə aparırmış, yoxsa o vaxt kiminsə qəzəbinin qurbanı olub. Hər halda yekunda bu xanımın adı Bakıdakı balaca küçələrdən birinə verilib.
Hamı da Heydər Əliyev Mərkəzinin qarşısındakı küçəni o cür tanıyıb.

İndi birdən-birə o xanımın adını bu küçədən götürməyin səbəbi nə idi?

Əgər əsas arqument kimi Qərbi Azərbaycan İcmasının (QAİ) yerləşdiyi küçə götürülübsə, sabah QAİ başqa ünvana köçsə, necə olacaq? Onda İcma küçənin adını da özü ilə aparacaq?

Məgər Bakıda İrəvaninin adının verilə biləcəyi başqa küçə yox idimi? Niyə bu bədbəxt qızının nakam ruhunu narahat edirdiniz? Niyə birini düzəldəndə birini də dağıdırsınız?

Gələk məsələnin “daimilik”, “qalıcılıq” tərəfinə.

Bakıda heç bir şey daimi, qalıcı deyil. Bu artıq aksiomdur. Sübut olunub. Şəhərin düz ortasında, gündüzün günorta çağı 150-200 il əvvəl tikilmiş hansısa bina “daşdan keçən” bir bəhanə ilə sökülə bilər, heç kəsin də tükü tərpənməz. İllərlə hamının bir adla tanıdığı məşhur küçənin adı bir qələmlə dəyişdirilər, kimsənin vecinə olmaz. Bu cür nümunələr çoxdur. Son illərin statistikasına baxın, görün Bakıda nə qədər küçənin adı dəfələrlə dəyişib.

Nəticədə nə baş verir? İstər-istəməz hamının şüuraltında belə bir fikir formalaşır ki, Bakıda hər şey hər an dəyişə bilər, heç nə daimi, qalıcı deyil. Ona görə də Bakıda heç bir küçənin adı yadda qalmır. Heç kəs küçə adına fikir vermir. Ünvanı deyirsən, tanımırlar. Gərək, mütləq həmin ərazidə yerləşən hansısa bir şadlıq sarayının, başqa bir məşhur yerin də adını çəkəsən. Yoxsa, tanıyan olmayacaq.

Ona görə yox ki, adamlar tənbəldirlər, Bakını küçə-küçə əzbərlərmək istəmirlər, ona görə ki, bu gün adını öyrəndikləri küçənin adının sabah heç bir səbəb gətirilmədən, ötkəm qərarla dəyişdirilə biləcəyindən əmindirlər. Necə ki Qədirbəyova bir gecəyə İrəvani olur (Mən hələ orasını soruşmaq istəmirəm ki, gərçi bu qədər böyük şəxsiyyət idisə, niyə bu vaxta kimi adına küçə olmayıb?). Gülməli bir səbəbdən: Qərbi Azərbaycan İcması o küçədə yerləşdiyi üçün.

Bax, Bakıda hər şey, hətta küçə adları belə fani, ötəri, müvəqqəti, güvənilməz olduğu üçün doğma şəhərimizi sevə bilmirik. Çünki qalıcılıq yoxdur!

Ötəri olanın nəyini sevəsən?

Təəssüf!

# 1763 dəfə oxunub

Oxşar xəbərlər

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

"Milli kitab 10-luğu" - "Bir gəncin manifesti"

20:29 15 aprel 2025
"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

"Belə mətnləri yazmaq sənətkarlıq tələb edir" - Hekayə müzakirəsi

14:00 15 aprel 2025
On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

On il qabaq müəllimimin mənə dedikləri... - Ulucay Akif

12:00 15 aprel 2025
Labroides - Nahid Hacıyevin yeni hekayəsi

Labroides - Nahid Hacıyevin yeni hekayəsi

09:00 15 aprel 2025
Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

Əsgər özbaşınalığı, üç oğlanın bir sevgilisi, şəhər və itlər - Mirmehdi Ağaoğlu

17:00 14 aprel 2025
O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

O, Səfəvi xanədanına niyə son qoymuşdu? - Hökmdar bədii-fəlsəfi niqabda

12:20 14 aprel 2025
# # #