Heç şübhəsiz ki, Cəlil Məmmədquluzadə adı çəkiləndə yada düşən ilk əsərlərindən biri də "Usta Zeynal"dır. Böyük ustadın 1905-ci ildə yazıb, 1906-cı ildə 31 səhifədən ibarət kitabça kimi nəşr etdirdiyi hekayə, zənnimcə, bir çox məqamları ilə təkcə ədəbi ictimaiyyətdə yox, eləcə cəmiyyətdə də yanlış qavranılır və məzmunundan qoparılaraq şərh edilir. Hekayə haqqında mülahizələrimi qələmə almağımın səbəbi budur.
Usta Zeynal yalançıdır!
Usta Zeynal atasının ölümündən sonra əmisinin onu evləndirmək istədiyini ancaq dar ağacından asılsa belə çəhardəh məsumu ziyarət etməyincə evlənməyəcəyini nəql edir. Ancaq söhbətin sonunu gətirmir.
Dövrün adətinə uyğun olaraq hekayədə hər kəs ziyarətlə aldığı titullarla adlandırılır: Hacı Rəsul, Kərbəlayı Qulaməli və s. Usta Zeynal isə eləcə Usta Zeynaldır. Bu adi faktla Usta Zeynalın ziyarətdə olmadığı və yalan danışdığı məlum olur.
Yalanlar təkcə ziyarətlə məhdudlaşmır. Belə ki, o, atası Hacı Heydərin "özünə görə yaxşı dövlət qazandığını" bildirir, özünü isə "kasıb bənnaların biri" kimi təqdim edir. Bəs bu varidat hara getdi? O varidat varsa, nə səbəbdən bir tikə çörək dalınca Usta Zeynal qürbətə düşmüşdür?
Usta Zeynal paxıldır!
Usta Zeynalın Ağa Sadıqa olan mənfi münasibətinin kökündə onun sərvətinə olan paxıllığı dayanır. O, Ağa Sadığın imarətini, atını, üç arvadını və hətta mahud çuxasını qısqanır. Burda Mirzə Cəlil maraqlı bir fənd işlədir: "Muğdusi Akop əhd elədi ki, əgər Usta Zeynal bu şərti vaxtında əmələ gətirsə, ustaya daha altı arşın yarım mahud versin". Ancaq mahud Usta Zeynala nəinki qismət olmur, hətta o mahuddan heç xəbər də tutmur.
Ustad Zeynal qeybətcildir!
Usta Zeynalın ziyarətdə olmaması Ağa Sadıq adlı şəxsi buna görə yamanlamasına qətiyyən mane olmur. O, Qurbana belə deyir: "Görürsən, sizin o binamus Ağa Sadığı? Deyirəm, Ağa Sadıq, qardaş, bu dövləti nədən ötrü cəm edibsən?
Azərbaycan gerçəkliyində bir kişinin digərini binamus adlandırması qətl səbəbidir. Söhbətin davamında Usta Zeynal "qardaş"ını məlun, həyasızın oğlu həyasız, ləvənd adlandırır. Məlun lənətlənmiş, ləvənd isə pozğun deməkdir.
Ağa Sadıq "qardaş"ın Kərbəla ziyarətinə getməməsi binamus, ya da pozğun adlandırılması üçün əsas ola bilərmi? Əlbəttə ki, yox. Usta Zeynal ürəyində Ağa Sadığa sərvətinə görə paxıllıq etsə də, üzdə onun Kərbəlaya getməməsini bəhanə gətirir. Bir növ, sublimasiya...
İslamda qeybət etmək müsəlmanların eyibini onların ardınca danışmağa deyilir və böyük günah sayılır. "Hücurat" surəsində qeybət etmək ölmüş qardaşının ətini yemək kimi qiymətləndirilir. Bütün bunlardan Usta Zeynalın qeybətcil olduğu üzə çıxır.
Usta Zeynal bisavaddır!
Hekayədə Usta Zeynal "Quran"dan ayə gətirir: "Allah-taala özü Qurani-Məcidində buyurub: "Cahan, ey bəradər, nəmandə bə-kəs..." (Tərcüməsi: ey qardaş, dünya heç kəsə qalmayacaq).
Hər şeydən qabaq Usta Zeynal bu yerdə ərəbcə yox, farsca danışır. "Quran" isə ərəb dilindədir. Və "Quran"da belə bir ayə yoxdur.
İrandan gələn Usta Zeynal söz yox ki, ərəb dili ilə fars dilini fərqləndirməyi bacarır. Eləcə də "Quran"ın ərəbcə olduğunu. Və Qurbanın bisavadlığından sui-istifadə edən Usta Zeynal əslində özünün savadsızlığı üzə çıxır.
Usta Zeynal Şeyx Nəsrullahdır!
Akopa Usta Zeynalı Hacı Rəsul məsləhət görmüşdü. Buna görə də Akop Usta Zeynaldan Hacı Rəsula şikayət edir. Davamında oxuyuruq:
"Hacı Rəsul genə başladı and içib Muğdusini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır; Usta Zeynalı o, çoxdan tanıyır ki, Usta Zeynal mömindir, Allah bəndəsidir, qeyrətlidir, sadiqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır".
Fikir verin, Hacı Rəsul Usta Zeynalı 9 təyinlə vəsf edir, ancaq 9 təyinin cəmi 2-sinin Usta Zeynalın peşəsinə dəxli var. Üstəlik, Usta Zeynal nə zirəkdir, nə də iş görən. Məhz bu səbəbdən Akop şikayətə gəlibdir. Usta Zeynalın namazının qəzaya qoymamasının xristian Akopa nə dəxli?
Bu məqamı izah etmək üçün Usta Zeynalın Ağa Sadıq haqqında söhbətinə qayıtmaq gərəkdir. Usta Zeynal sözə belə başlayırdı: "Sizin vilayətin müsəlmanları əgər müsəlmana bir tük qədəri oxşuyurlarsa, mənim atama lənət!". Və "binamus" Ağa Sadığın yamanlanmasına Usta Zeynal belə nöqtə qoyur: "Qərəz, Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdilər". Ağa Sadıq Kərbəlaya getmədiyi üçün "biqeyrət" olmadığı kimi, hətta bu doğru olsa belə, "biqeyrət"liyin cəmi vilayət müsəlmanlarına aid edilməsi də əsaslı sayıla bilməz.
Usta Zeynal "bu vilayətin müsəlmanlarını qeyrətsiz olması" barədə nitqləri, farsca "Quran"ı və yalan söhbətləri ilə Hacı Rəsulu da öz təsiri altına salmışdır. Bu səbəbdən Hacı Rəsul onun dindar olduğunu heç bir dəxli olmadan və hər vəchlə vurğulayır.
Cənubi Azərbaycan teokratik şah rejimi, həm şiəliyin müqəddəs məkanlara yaxınlığı səbəbindən çarizm müstəmləkəsi olan Şimali Azərbaycana görə xüsusən də son əsrlərdə dindar idi. Usta Zeynal bu məqamdan da məharətlə istifadə edir.
Bəs Usta Zeynal niyə bu oyuna əl atır? Onun davranışları tipik manipulyator davranışıdır. Belə ki, o, əvvəlcə gerçəkliyi təhrif edərək saxtalaşdırır və bu saxta sübutlarla qarşı tərəfi ittiham edir. Yəni Usta Zeynal vilayət müsəlmanlarını "biqeyrət"liyini ifşa etməkdə məqsədi özünün qeyrət sahibi olduğunu göstərməkdir.
Eyni üsuldan Usta Zeynal kimi İrandan gələn Şeyx Nəsrullah da istifadə edir. Hər bir normal insan kimi evinə gələn qonağa yemək üçün cücəplov təklif edən Hacı Həsənə Şeyx Nəsrullahın cavabına diqqət edin:
"Necə təam? Necə cücəplov? (Şeyx Əhmədə). Şeyx Əhməd, məni hara gətirmisən? Bunlar necə müsəlmandılar? Necə mömindilər? Bu nədir? (Otağın fərşlərini göstərir). Bu xalilər nədir? Necə təam, necə cücəplov? Şeyx Əhməd, məgər sən bunlara deməmisən ki, mənim xörəyim gündə bir xurmadır?!".
Usta Zeynal Ağa Sadığı qaraladığı kimi, Şeyx Nəsrullah da cücəplovu əlində dəstavüz edərək qonaq gəldiyi şəhərin əhalisinin "möminliyini" və "müsəlmanlığını" şübhə altına alır. Bir neçə səhifə sonra oxuyuruq: "Hacı Həsənin nökəri əli bir məcməyi içində plov və qeyri xörəklər gətirib qoyur ortalığa".
Mirzə Cəlil Usta Zeynalı bu cür sadə yolla ifşa etmir. Şeyx bu nüfuzundan "qızları boğmaq" üçün istifadə edir. Usta Zeynal isə xırda-xuruş alverindədir, onun "dindarlığı" öz tənbəlliyini, ləngliyini, avaralığını örtmək üçündür. Bu metodun adı psixologiyada emosional manipulyasiya adlanır. Və onun bir forması da manipulyatru saxta bir ittihamla günahlandırmaq və sonra onun üzərində hakimiyyət qurmaqdır. Usta Zeynal manipulyasiyasında Şeyx Nəsrullah kimi dindən istifadə edir.
Və bu səbəbdən də Hacı Rəsul Akopa Usta Zeynalın peşə məziyyətlərindən yox, qəzaya namaz qoymamasından danışır. Çünki Usta Zeynal qədər dindar olmadığı üçün özünün onu yanında günahkar hesab edir və "günah"ını yumaq üçün Usta Zeynalı usta kimi müştərilərə tərif edir. Usta Zeynalın manipulyasiyası hədəfə çatmışdır.
Usta Zeynal tənbəldir!
Diqqət edin:
Bir saatdan sonra Usta Zeynal şəyirdi Qurbanla Muğdusi Akopun evində hazır oldu və əlindəki xurcunu balkona qoyub, girdi otağa və başını yuxarı qalxızıb, üzünü tutdu Muğdusi Akopa: "Xozeyin, qorxuram sabah axşama kimi başa gətirə bilmiyim".
İlk dəqiqədən Usta Zeynal bunu deyir və uzun hazırlıq prosesindən sonra axır ki, iş başlayır. Oxuyuruq:
"Usta Zeynal "Bismillah" deyib, sol əlilə gəci götürüb, qoydu malanın üstünə və səqf vurub başladı suvamağı.
"Muğdusi Akop gördü ki, iş başlandı, bir qədər rahat oldu. Hətta övrəti şadlığından Usta Zeynala çay təklif etdi. Usta Zeynal çay barəsində razılıq edib, ancaq təvəqqə elədi ki, zəhmət çəkib ona bir papirosla, bir spiçka versinlər; çünki Qurbanın əlləri gəcli idi. Muğdusi Akop papirosu və spiçkanı uzatdı Usta Zeynala. Usta papirosu damağına salıb, başladı işini və dedi:
- "Xozeyin, oğlun neçə il dərs oxuyub?".
Heç beş dəqiqə işləməyən Usta Zeynal "kef siqarası"nı yandırıb pedaqoji mülahizələrə başlayır.
Usta Zeynal zalımdır!
Akopun işinin niyə yarımçıq qalmağı yadınızda? Qurban erməninin küpəsinə su doldurur və Usta Zeynalın əqidəsincə "dünya aləmi mırdar eləyir". Arxası belədir:
"Usta Zeynal üzünü turşudub iki dəfə tüpürdü yerə, bir dəfə Qurbanın üzünə və həyətə çıxıb getdi oturdu arxın kənarında və başladı əllərini yumağı və sonra otağa gəlib Qurbana dedi ki, şeyləri yığışdırsın. Və akoşkanın içindən paltarını götürüb, genə Qurbanın üzünə bir dəfə tüpürdü və üz qoydu çıxıb getməyə".
Usta Zeynal Qurbanın üzünə düz iki dəfə tüpürür. Dəhşətli deyilmi? Söhbət heç də ondan getmir ki, müasir hüquq sistemində üzə tüpürmə təhqir kimi nəzərdən keçirilərək cəzalandırılır. Həm də söhbət ondan gedir ki, üzə tüpürmək daha çox frazeoloji birləşmə kimi (yol verdiyi qəbahətə görə bərk danlamaq mənasında) işlədilir, nəinki fiziki akt kimi.
Qurban günahkar olsa da, onun günahı bu cəzanı haqq eləmir. Heç bir cəza insan ləyaqətinin bu cür alçaldılmasına əsas vermir.
Mirzə Cəlil artıq ittiham edir. Usta Zeynal ifşa edilir: O, zalımdır!
Usta Zeynal fariseydir
Qurbanla Usta Zeynalın mübahisəsi onların həyata baxışları arasında kəskin fərqləri üzə çıxarır.
- "Usta, Allah atana rəhmət eləsin. Ağa Sadığın heç taxsırı yoxdur. Ağa Sadıq neyləsin? İmam özü gərək adamı istəyə; əgər imam istəməsə, nə cür ziyarətə getmək olar?".
Usta Zeynal hirsli kimi ucadan söylədi:
- "A kişi, get işinə sən Allah, axmaq-axmaq danışma! Necə gərək, imam istiyə? Əgər adamda imam məhəbbəti olmasa, dəxi imamın nə vecinə o cür məlunu istəsin? İmama çox lazımdır ki, Ağa Sadıq kimi axmaqlar onun ziyarətinə getdi, ya yox?".
Qurban gəc ləyənini yuxarı qalxıza-qalxıza başladı:
- "Usta, hər nə deyirsən de, amma imam adamı istəməyincə ziyarətə getmək olmaz".
Mübahisə burda bitir. Və məncə, burda dərin bir mətləb gizlənibdir. Belə ki, Usta Zeynalın başa düşdüyü din repressivdir, ittihamçıdır, aqressivdir, cəzalandırıcıdır. Usta Zeynalın Tanrısı zalımdır, sərtdir, hökmlüdür. Onun dini mərasimçidir, ziyarət, ibadət kimi ritualları tələb edir, mahiyyətə varmır, formalistdir, məzmunu yox formanı güdür.
Qurban isə sevgini şərt qoşur... "Gərək imam adamı istəyə". O, Ağa Sadığı Kərbəlaya getmədiyi üçün qınamır. Hekayə boyunca Qurban heç kimin haqqında pis söz danışmır. "Bir könül sındırsan bu qıldığın namaz deyil" deyən Yunus Əmrənin Tanrına inanır, o dini də könüldən dindarlıq, ürəkdən bağlılıq kimi başa düşür, nəinki mərasimçilik kimi...
Usta Zeynal üçün boş məbədlər dəhşətdir, Qurban isə "Vay o qəlbə ki, boşdur" deyir... Usta Zeynal din möhtəkiri, fariseydir, Qurban isə əsl mömin.
Qurban heç kimin qeybətini eləmədiyi kimi dindən də danışmır, ancaq Usta Zeynalın dindən başqa mövzusu yoxdur. Və hekayədə kiçik bir nüans bu kontekstdə böyük məna qazanır: "Qurban, təqlidin kimədir?.." - Usta Zeynalın səsi gəldi. Qurbandan cavab çıxmadı".
Kiçik bir arayış: Şiəliyin cəfərilik (isni əşariyyə də deyirlər) qolunda XVIII əsrin sonlarından etibarən mərceyi-təqlid institutu mövcuddur. Belə ki, hər bir cəfəri dövrünün mərcəyi-təqlid ünvanını almış alimlərindən birinin yolundan getməlidir. Yəni ibadətləri belə onun risaləsində yazılan qaydada yerinə yetirilməli, onu özünə müəllim, şeyx kimi qəbul etməlidir.
Burda Usta Zeynal Qurbandan hansı ayətullahı təqlid etdiyini soruşur. Və Qurbanın sükutu o qədər çox söz deyir ki... Hətta o sözlərin içində bu gün üçün deyilənlər də var.
Sonda...
Usta Zeynal yalançıdır. Yalançı olduğu qədər paxıl, paxıl olduğu qədər də qeybətcil... Tənbəl Usta Zeynal bisavad Şeyx Nəsrullahdır. Onun qədər zalım, onun qəddər möhtəkirdir.
"Usta Zeynal" ifşadır!
"Ədəbiyyat qəzeti"