"İradlarla razılaşmıram..." - Əli Novruzovun hekayəsi haqqında

"İradlarla razılaşmıram..." - Əli Novruzovun hekayəsi haqqında
3 fevral 2025
# 17:00

Kulis.az Əli Novruzovun "Sonuncu barista" hekayəsi haqqında Mətanət Vahidin "Əli Novruzovun qəhvə ətirli distopiyası" yazısını təqdim edir.

“Ədəbiyyat qəzeti”ndə çap olunmuş “Sonuncu barista” hekayəsi ədəbi mühitimizdə müəyyən qədər müzakirəyə səbəb oldu. Başqalarının mətnləri haqqında, adətən, obyektiv və əsaslandırılmış, kifayət qədər də sərt münasibət bildirməsi diqqəti “görək özün nə yazmısan?” marağı ilə Əli Novruzovun minimalist hekayəsinə cəlb etdi.

Hələ Viktor Pelevinin “S.N.U.F.F.”(2011),“Üç Zukerbinə sevgi” (2014), “iPhuck 10” (2017) romanlarını oxuyanda camaat süni intellektdən romanlar yazır, bizimkilər xatirələrin romantikasından çıxmaq istəmir qayğısı ilə belə mövzuların bizim yazıçıların menyusuna düşmədiyinə nə qədər təəssüflənirdimsə, onun əsərlərinin ədəbiyyatlaşa bilmədiyini də bir o qədər məyusluqla müşahidə edirdim. Gələcəyin mümkün variantlarını təqdim edən mətnlərə bizdə bu yaxınlarda roman müsabiqəsində rast gəldim. V.Pelevinin romanları kimi, gənclərin mətnlərinin də əsas problemi bədii həllə bağlı idi.

İki gün öncə çağdaş mətnlərdəki mövzu, məzmun və dil köhnəliyindən şikayətlənmişdim. Əli Novruzovun cəhdi məni sevindirdi. Mövzu seçimini, ən azı, üzünü keçmişə tutub xatirələrə köks ötürən, gözü arxada qalan mətnlər bolluğundan sonra yönünü gələcəyə tutan, sabahı “görən”, təxmin edən bir hekayənin yazılmasını təqdir etdim.

“Sonuncu barista” hekayəsində kiberpank elementləri olsa da, əsasən bazar iqtisadiyyatının insan həyatını necə dəyərsizləşdirdiyini, sosial-iqtisadi çöküşün gətirib çıxara biləcəyi mümkün variantı təsvir etdiyinə görə distopiyaya daha çox uyğun gəlir. Hekayədə Elşənin “özümü satıram” bəyanı çarəsizlik şəraitində insanın özünü dəyərsiz hiss etməsi və bazar iqtisadiyyatının diqtə etdiyi şərtlər çərçivəsində obyektə çevrilməsinin, öz bədənini, əslində, bütün varlığını ticarət predmeti kimi görmək məcburiyyətində qalmasının metaforası kimi əksini tapır.

Uşaqlar demişkən, “yatıb dururuq”, tarif şurasının gecə boyu hazırladığı sürprizlərə yuxulu beynimiz necə reaksiya verəcəyini belə bilmir. Buna baxmayaraq, növbəti gün yatsa da, dura bilməyənləri, qayğılar içərisində çabalayanları görmürük, hətta çabalayan özümüz olsaq belə – total korluq, karlıq, lallıq ədəbiyyatımıza da sirayət edir.

Hamımız gözlərimizi möhkəmcə yummuşuq ki, görməyək, görmədiymizi də necə yazaq?! Hekayədə Elşənin dostuna nifrətlə dediyi sözlər elə hamımıza aiddir: “Özünü elə aparırsan, guya baş verənlərin sənə dəxli yoxdur. Bakıda sonuncu barista bu kofebarda imiş. Hələ də ofisiantları var imiş. Yarım saat metro ilə, on beş dəqiqə piyada yol gəlirsən ki, illüziyaya qapılasan. Elə bil camaat hələ də işləyib maaş alır. Böyrəyini satmısan. Onun pulu qurtaranda neyləyəcəksən?” Bu baxımdan Əli Novruzovun hekayəsi, heç olmasa, mövzunun fərqliliyi ilə çağdaş ədəbiyyatı “komfort zonası”ndan çıxarmağa çalışıb. Ən azı, hekayəsinin baristası kimi, müəllif də improvizasiya edə bilib.

İncə siyasi vurğu (“Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:

- Guten Abend, Doktor Tetmajer!

Doktor başını tərpətdi, əlini ürəyinin üstünə aparıb “dobrıy veçer” dedi. Elşən kinayəsindən qalmadı:

- Bu da səni görən kimi rus dilini praktika eləyir. Guten Abendin yenə sənə qaldı.”) və naməlum gələcəklə bağlı mülahizələr (“Gələcəyi bilmək olmaz. Bir il əvvəl kim deyərdi ki, ruslar Seçenovu təzədən açmaq fikrinə düşəcək. Yenə həkim yetişdirmək məsələsi müzakirə olunur. Bəlkə, bizdə də onlara baxıb yavaş-yavaş açmağa başlayacaqlar?”) hekayənin siyasi subtekstinə işarə edir.

“Sonuncu barista” fantastik elementlərə deyil, hazırkı sosial-iqtisadi tendensiyaların bir neçə il sonrakı mümkün inkişafına, real kontekstə əsaslanan distopik gələcəyə işarə edir.

Hekayənin tamamlanmaması ilə bağlı iradlarla razılaşmıram: müəllifin məramı Elşənin özünü satıb-satmamasını, nəticəni göstərmək deyil.

Üstəlik, suyun bitməsi, qırmızı indikatorun yanıb-sönməsi resursların tükənmək üzrə olduğunu bildirdiyi kimi, hekayəyə uyğun sonluq da var: “Bəy hesabı verib getdi.” Bu cümləyə vurğu olduğu sual şəklində yenidən təkrarlanmasından da görünür: “Hesabı verib getdi?!” Burada məsələ Elşənin getməsində yox, “hesabı verib” getməsindədir. Bu atmosfer hekayəsi situasiyanın özünü təqdim etmək üçün yazılıb.

Bütün bunlar Əli Novruzovun hekayəqurmanın prinsiplərinə bələdliyindən xəbər verməklə yanaşı, daha uğurlu bədii həll yolunun potensialını da nişan verir.

# 1871 dəfə oxunub

Oxşar xəbərlər

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

Travmatik yaşantının vizual simvolu - Dilrubanın bananlarla oynama aludəliyini niyə birmənalı yozmaq mümkün olmur?

15:00 12 avqust 2025
"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." -  Yaşar Rzayevin Vəlisi ilə  Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

"Onu “Beş dəqiqəlik yol”da necə sevmişəmsə..." - Yaşar Rzayevin Vəlisi ilə Anarın Kəbirlinskisini qoşalaşdıran nədir?

09:00 11 avqust 2025
"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." -  Abbasqulu ağa Bakıxanov niyə  ərəb-fars tərkibləri ilə yazırdı?

"Buna Azərbaycan dilində yazılmış mətn deməyə adam çətinlik çəkir..." - Abbasqulu ağa Bakıxanov niyə ərəb-fars tərkibləri ilə yazırdı?

12:15 8 avqust 2025
Yar yaraya çevriləndə... -    Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

Yar yaraya çevriləndə... - Müşfiqin illüziyadan gerçəkliyə sərt keçidi

09:00 8 avqust 2025
Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

Xalq yazıçısı Anar: "Elçin bu sirri özüylə apardı..."

12:10 7 avqust 2025
"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

"O tozu bir oxucu kimi boğazımda hiss edirəm..." - Firəngiz niyə Məhərrəmə ərə getməyə razı olur?

09:00 7 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər