Kulis.az Anar Oğuzun "Özünü axtaran müəlliflər haqqında" yazısını təqdim edir.
Şəhriyar Del Geraninin “Messi futboldan böyükdür!” adlı yazısını oxudum.
Şəhriyar del Gerani şeirlərində hansı bədii qüsurlardan əziyyət çəkirsə, futbol yazısında da eyni qüsurlardan əziyyət çəkməkdədir. Cümlə xatirinə yazılmış cümlələr, mahiyyətinə bələd olmadığı terminlərin mətndə kor-koranə tətbiqi, məhəllə leksikonu ilə böyük iddialar, xülasə, bədii boşboğazlıq. Bu yazısı ilə Şəhriyar bir daha sübut edir ki, əgər bir yazı adamının deməyə sözü, dərin intellekti yoxdursa, onun adicə futboldan yazdığı yazı da şeirləri kimi boşboğazlıqdan ibarət olacaq.
Şəhriyar Del Gerani futbola baxmaq əvəzinə kitab oxusaydı, futbola sərf etdiyi vaxtın beş faizini kitab oxumağa, özünü inkişaf etdirməyə sərf etsəydi şeirlərində “it kimi darıxmaq” mərhələsini aşa bilərdi.
Deyəsən, Şəhriyar bəy kitab oxumağa, inkişaf etməyə ehtiyac hiss etmir. Ona görə ki, “it kimi darıxmaq” mərhələsində ilişib qalmış Şəhriyar bəyi ətrafı tərifləməkdən yorulmur. Şərif Ağayar Şəhriyar Del Gerani, Aşıq Ələsgər, Füzuli analizi edir, onların oxşar və fərqli cəhətlərini sadalayır, Orxan Həsəni “Şəhriyar şeirdə elə bir mərhələyə çatıb ki, indən belə heç nə yazmasa da olar” deyir, Orxan Saffari bığ saxlayır, Nadir Yalçın bir az daha qabağa gedib deyir;
“Axı Şəhriyarın şeirlərini oxuyanda prozayabənzər poeziya nümunəsi yox, məhz şeir, nəzm, ritm, ahəng nümunəsi sənə təqdim olunur. Şəhriyar epitet və təşbehləri müəyyən hadisələrlə, onların fonunda ifadələrlə, sonu feilləşən birləşmələrlə, hərəkətlərlə çatdırır.”
Nadir Yalçın ahəng, ritim, akustika deyəndə yəqin bunu nəzərdə tutur:
“Gər çi gör üzüüü…m üstə yağışları,
diziii..m üstə gəlib sənə bağışlanam…”
Nadir Yalçın elə bilir ki, “üzüüü…m”, “gözüüüüü…”, “diziiii…m” kimi dingiş forma oyunları ilə Şəhriyar ritim, ahəng yaradıb.
Şeirdə “it kimi darıxmaq” mərhələsinə ilişib qalmış Şəhriyar Del Gerani daha çox bu bəndləri, misraları ilə məhşurdu:
“yaşayırsan, deyirsən: Ömürdü
ölürsən, deyirlər: Həyatdı…
Daş üstünə çəkilmiş gül şəkli
ətriylə hamını aldatdı…”
“Elə tutardım əllərin,
əllərin elə yoxdur ki.
Elə öpərdim saçların,
saçların elə yoxdu ki.”
“Anam qadın, bacım qadın, qızım qadın
ağlama, əlləri nağılım mənim.
düz deyirsən, Allah haqqı qalmayıb ağlım mənim.
Anam qadın, bacım qadın, qızım qadın,
ağlama, əlləri nağılım mənim
Mən bilirəm kimə düşür almalar… “
“sən axı bilmirsən
üzünnən iraq –
it kimi darıxmağ nə təhər olur…
sən axı bilmirsən
sənin yoxluğun
hamıdan, hər şeydən
beş-betər olur.
sən axı bilmirsən
əlim qurusun –
sənə açmadığım zəng zəhər olur…”
Xülasə, Şəhriyar Del Gerani ay allah öldüm, ürəyim qısıldı, qapınızda hürürəm, it kimi darıxıram, qollarımı kəsib tullayacam, özümü öldürücəm, kəsəcəm damarları məzmunlu şeirlər yazır. Məktəbli qızların xatirə dəftərlərinə yazılan bayağı şeirlərdən bir qarış, bircə qarış o tərəfə adlamış Şəhriyar Del Gerani nədənsə özü və yaradıcılığı haqqında çox yüksək fikirdədir.
Şeirdə “it kimi darıxmaq” mərhələsində ilişib qalmış Şəhriyar özü haqqında eşitdiyi təriflərə, yağlı yazılara inanıb, təriflərin təsiri ilə kurs da açıb, orda şeir, poeziya dərsləri keçməkdə, özündən sonrakı nəsilləri də bədbəxt etməkdədir. Futboldan, Messidən, Maradonadan duzsuz yazılar yazmaqdansa, şeir, poeziya barəsində bir yazıdan zaddan yazsın görək, Şəhriyar Del Gerani yaradıcılıq kursunda gənclərə hansı tövsiyələri verir, nələr öyrədir?
Şəhriyar Del Gerani özü poeziyadan nə qanır ki, camaata da nəsə öyrətsin?
Şeir yaza bilməməyi, kitab oxumamağı bir yana qalsın, Şəhriyar Del Gerani sənət, ədəbiyyat, roman, hekayə haqqında həmkarlarının yazdığı yazılara “Eşqlər”, “Eşq olsun, sənətkar” tipli rəylər yazsa da heç o yazıları da oxumur. Yazmaq istədiyi romanın mövzusunu isə hər məclisdə danışdığı üçün həvəsi ölüb, daha yazmaq istəmir, onsuz da artıq hamı kitabın məzmununu bilir. İndi oturub futboldan, Messidən, tanrının əlindən, tanrının hər yerindən yazı yazır.
Ümumiyyətlə, bizim yazı pozu adamlarının bu qədər futbolla məşğul olmaları həm avaraçılıq kimi, həm də öz istedasızlıqlarını, savadsızlıqlarını ört basdır etmək cəhdi kimi başa düşülməlidi. Şəhriyarı yenə də hardasa başa düşmək olar, şeir yazdı, olmadı, YAP-a girdi, çıxdı, AYB-ə girdi, çıxdı, AYO-çularla gəzdi, bezdi, roman yazmaq istədi, alınmadı.
Xülasə, bu boyda gen dünyada özünə iki kvadratmetrlik yer tapa bilmədi.
Bəlkə elə Şəhriyar özünü futbolda tapıb? Bəlkə o illərlə axtardığı hissləri futbola baxanda keçirdib, özünü aid hiss etdiyi yeri məhz futbolda görüb? Nə bilmək olar, bəlkə Şəhriyar indən sonrakı həyat və yaradıcılığını Messiyə, Maradonnaya və futbola həsr etmək istəyir? Bu mənada deyirəm ki, Şəhriyarı hardasa başa düşmək olar. Bəs bu ağsaqqal Aqil Abbasa nə olub? O niyə ağarmış saçına, yaşına, vəzifəsinə, maaşına hörmət eləmir?
Ay Aqil Abbas, sən bu ölkənin qanunverici orqanının üzvüsən, deputatsan. Get parlamentdə qanun layihələri ilə məşğul ol, səni o kürsüyə “layiq görən” seçicilərin min bir dərdi, problemi var, onlarla maraqlan.
Qol.az saytında “Qarabağ” elə getdi, “Neftçi” belə gəldi” tipli mənasız, dərinliyi olmayan, məhəllə səviyyəli söhbətlərlə camaatı bezdirməyin , camaatın əsəbləri ilə oynamağın mənası nədir?
Sən millətin vəkilisən, yoxsa ştatdankənar futbol şərhçisi? Niyə öz işlərinlə məşğul olmursan?