"Cavanlıqda bu cür xatalarınız olmamışdırmı?" - İvan Qonçarovun "Adi əhvalat"ından bir hissə

"Cavanlıqda bu cür xatalarınız olmamışdırmı?" - İvan Qonçarovun "Adi əhvalat"ından bir hissə
18 iyun 2026
# 14:30

Bu gün tanınmış rus yazıçı İvan Qonçarovun doğum günüdür.

Kulis.az onun "Adi əhvalat" əsərindən bir hissəni X. Əzizbəyovun tərcüməsində təqdim edir.

Nəhayət, Aleksandr Peterburqa əmisinə və əmisi arvadına məktub yazdı.

Əmisi arvadına dedi ki: "Ma tante, Peterburqdan çıxdığım zaman məni yola salarkən gözünüzdən yaş axa-axa mənə dediyiniz o qiymətli sözlər ürəyimdə dərin naxış bağlamışdır. Siz dediniz ki: "mənə həqiqi dostluq, dərdlərimə səmimi şəriklik lazım olarsa, hər vaxt qəlbinizdə mənim üçün bir guşə tapılar". Bu sözlərin bütün qiymətini anlayıb dərk edə bildiyim an gəlib çatmışdır.

Bütün həyatımın dincliyi, sakitliyi, təsəlli və rahatlığı, bəlkə də səadəti; mənə sizin öz qəlbinizdə yer tutmaq üçün bu cür alicənablıqla verdiyiniz hüquqdan asılıdır. Üç il əvvəl anam vəfat etmişdir: buna daha bircə kəlmə də əlavə etməyəcəyəm. Anamın məndən ötrü nə olduğunu yazdığı məktublarından bilirsiniz və onun vəfat etməsilə mənim nədən məhrum olduğumu başa düşərsiniz... İndi buradan əbədilik qaçıram. Lakin mən kimsəsiz bir səyyah kimiyəm və belə olduqda, yolumu sizin yaşadığınız yerlərdən başqa haraya döndərə bilərəm?

Mənə bircə kəlmə ilə cavab verin: təxminən il yarım əvvəl sizdə buraxdığım şeyi gəlib tapa biləcəyəmmi? Məni öz xatirənizdən çıxarıb atmamışsınız ki? Məni dəfələrlə dərddən xilas edən dostluğunuzla yeni və dərin bir yaramı sağaltmaq kimi cansıxıcı bir vəzifəni üzərinizə götürməyə razı olarsınızmı? Bütün ümidlərimi sizə və ikinci qüdrətli müttəfiqimə -fəaliyyətə bağlamışam. "Təəccüb edirsiniz - eləmi? Bunları məndən eşitmək, mənə xas olmayan sakit ahənglə yazılmış bu sətirləri oxumaq sizə qəribəmi gəlir?

Təəccüb etməyin və mənim qayıtmağımdan qorxmayın: sizə ağlını itirmiş, xəyalpərəst, ümidsiz bir əyalətli deyil, sadə bir adam gələcək, Peterburqda isə belələri çoxdur və mən də çoxdan belə olmalıydım. Bu barədə, xüsusən, əmimə xəbərdarlıq edin. Keçmiş həyatıma nəzər salanda özümü narahat hiss edir, həm özgələrdən, həm də özümdən utanıram. Lakin başqa cür də ola bilməzdi. Baх, gözüm yalnız nə zaman açılmışdır - otuz yaşında!

Peterburqda keçdiyim ağır məktəb və kənddəki fikir-xəyalım müqəddəratımı mənə tamamilə aydınlaşdırmışdır. Əmimin dərslərindən və öz təcrübəmdən xeyli bir məsafəyə çəkilərək burada, bu sükut içərisində onları daha aydın düşünüb götür-qoy edərək görürəm ki, onlar məni gərək çoxdan aparıb haraya çıxartmış olaydı; habelə özümün də o doğru-düzgün məqsəddən nə qədər acınacaqlı və axmaq bir surətdə boyun qaçırmış olduğumu görürəm. İndi qəlbən sakitəm: əzab və işgəncə çəkmirəm, lakin bununla öyünmürəm də; bəlkə de bu ürək sakitliyi hələ xudpəsəndlikdən doğur, ancaq orasını hiss edirəm ki, həyata baxışım tez bir zamanda o qədər aydınlaşacaq ki, başqa, daha saf və təmiz bir qəlb sakitliyi mənbəyi kəşf edəcəyəm.

Bir də indi mən gəncliyi qurtararaq - eyvah! - fikirləşmək, hər cür həyəcanları yoxlamaq və təhlil etmək, hər şeyə dərrakə və şüurla yanaşmaq həddinə çatmış olduğuma hələ təəssüf etməyə bilmərəm. Hərçənd insanlar və həyat haqqındakı fikrim, bəlkə də, az dəyişilmiş olsa da, çox-çox ümidlərim puça çıxmış, bir çox arzularım ötüb keçmiş, bir sözlə, xəyallar yox olub getmişdir, deməli, çox şeylərdə və çox adamlarda daha səhv etməli və aldanmalı olmayacağam, bir tərəfdən baxanda, elə bu özü də təsəlliverici bir haldır!

İndi mən irəliyə aydın nəzərlərlə baxıb görürəm ki, ən ağır cəhətlər keçib geridə qalmışdır; qarşıdakı həyəcanlar dəhşətli deyildir, çünki az həyəcan qalmış, ən başlıcaları isə keçib getmişdir, yaxşı yol, qoy getsin. Özümü bir cəfakeş kimi təsəvvür edərək öz qismətimə, həyatıma lənət yağdırmağımı xatırladıqca utanır, xəcalət çəkirəm. Lənət yağdırırdım! Nə qədər də acınacaqlı bir uşaqlıq və naşükürlük! Cəfanın adamın ruhunu saflaşdırdığını, adamı yüksəldib həm özünün, həm də başqaların yanında dözülə bilən bir insan etdiyini, yüksəltdiyini nə qədər gec görüb başa düşmüşəm...

İndi etiraf edirəm ki, cəfa görməmək həyatın bütün dolğunluğunu dərk etməmək deməkdir, çünki onda çox mühüm şərtlər var ki, onların həllinə, bəlkə də, burada nail ola bilməyəcəyik. Bu.həyəcanlarda mən peşənin iştirakını görürəm. O, deyəsən, insanın qarşısına tükənməz bir vəzifə: aldadıcı ümidlər, əzabverici maneələrlə daima mübarizə aparıb irəliyə doğru can atmaq, nəzərdə tutulan məqsəddən yüksəklərə nail olmaq vəzifəsini qoyur. Bəli, bu mübarizə və həyəcanların həyat üçün nə qədər zəruri olduğunu, həyatın bunlarsız həyat deyil, bir durğunluq, yuxu... olduğunu görürəm. Mübarizə qurtarır - bir də görürsən ki, həyat da qurtarmaqdadır; adam çalışmış, sevmiş, zövq almış, əzab çəkmiş, həyəcanlanmış, öz işini görmüş və deməli, yaşamışdır! Bax mən belə mühakimə edirəm: mən zülmətdən çıxıb görürəm ki, indiyə qədər bütün keçirdiklərim gəlib əsl yola, həyata çatmaq üçün çətin bir hazırlıq, qəribə bir elm imiş. Nə isə mənə xəbər verir ki, qalan yolum asan və aydın bir yol olacaqdır...

Qaranlıq yerlər işıqlanmış, çətin düyünlər öz-özünə açılmış və həyatın əzab deyil, bir nemət olduğu görünməyə başlamışdır. Tezliklə yenə də deyəcəyəm: HƏYAT nə gözəldir! ancaq ani bir zövqlə nəşələnən cavan oğlan kimi yox, hoyatın əsl, həqiqi zövq və acılarını dərk edərəkdən deyəcəyəm. Sonra isə heç ölüm də dəhşətli deyildir, çünki o, adama bir uyuq, hədə kimi deyil, gözəl bir təcrübə kimi gəlir. İndi qəlbimə bir sakitlik mehi deyir: uşaq ədaları, təhqir edil- miş izzəti-nəfs coşqunluqları, insanlara və dünyaya itin filə hür- məsi kimi uşaqcasına qəzəblənmə və gülünc bir surətdə hiddətlənmə -- bunlar hamısı sanki heç yoxmuş. Çoxdan bəri üz döndərib küsdüyüm insanlarla yenə də barışmışam və onların burada da, Peterburqdakılar kimi, lakin daha kobud, daha qaba və daha artıq gülünc olduğunu ötəricə görürəm. Ancaq burada da onlara acığım tutmur, Peterburqda isə əsla tutmayacaq. Özümün yumşalıb mülayimləşdiyimdən sizə bir nümunə: bizə Anton İvanıç adlı bir nəfər qonaq sifəti ilə gəlib gedir, sanki mənim dərdimə şərik olur; sabah bir qonşugilə gedir - onun şənlik və sevincinə şərik olur, nə bilim, bir başqasının evinə gedib mamaça işləri görür. Lakin nə dərd, nə də sevinc və şənlik bu adamın hamının evində gündə dörd dəfə yeyib içməsinə mane olmur. Birisinin ölməsininmi, doğulmasınınmı, evlənməsininmi onun üçün heç bir fərqi olmadığını görürəmsə də, ona acığım tutmur, ondan zəhləm getmir... onun hərəkətlərinə dözürəm, onu qovmuram.. Ma tante, bu, xoşxasiyyətlik əlamətidir, eləmi? Özümü bu cür təriflədiyimi oxuyub nə deyəcəksiniz?"

Əmisinə yazdı:

"Ən istəkli, ən mərhəmətli əmim və eyni zamanda zati-dövlətləri! Karyeranızın tərifəlayiq olduğunu bilib nə qədər sevinmişəm; bəxtlə çoxdan barışmışsınız! Siz həqiqi statski müşavir - dəftərxana direktoru olmuşsunuz! Mən buraya gələndə zati-dövlətlərinin "qulluğa, işə və ya pula ehtiyacın olsa, mənə müraciət elə!" deyə verdiyi vədi sizə xatırlatmağa cəsarət edirəm. İndi həm qulluğa, həm də işə ehtiyacım var; əlbəttə, pul da lazım olacaq. Bədbəxt bir əyalətli yer və iş istəməyə cəsarət edir.

Mənim sizdən xahişimin müqəddəratı necə olacaqdır? Bir zaman öz işi haqqında çalışmağı sizdən xahiş edən Zayezjalovun məktubunun müqəddəratı kimi olmayacaq ki?.. Məktublarınızın birində mənə amansızcasına xatırlatdığınız yaradıcılığa gəlincə isə... yadıma düşəndə özüm də qızardığım axmaqlıqları mənə bir daha xatırlatmaq sizin üçün günah deyilmi?.. Eh, əmican, eh, zati-dövlətləri! Kim cavan və qismən səfeh olmamışdır?

Dünyada kimin qəribə bir arzusu, müqəddəs deyilən və heç bir vaxt doğrulub həqiqətə çevrilməyən bir xəyalı olmamışdır? Bax, mənim sağ tərəfdəki qonşum özünü qəhrəman, pəhləvan hesab edirdi... Öz hünər və rəşadəti ilə dünyanı heyrətə gətirmək istəyirdi... ancaq iş onunla qurtardı ki, müharibəfilan görməmiş praporşik rütbəsi ilə istefaya çıxıb sakitcə yaşayaraq kartof becərir, turp əkir. Sol tərəfimizdəki o biri qonşum bütün dünyanı və Rusiyanı öz istədiyi kimi yenidən qurmaq istəyirdi, amma bir müddət palatada kağız-kuğuz yazdıqdan sonra çəkilib buraya gəlmiş və hələ indiyə qədər öz köhnə barısını belə düzəldə bilməmişdir.

Mən elə güman edirdim ki, mənə Allah tərəfindən vergi verilmişdir və ona görə də indiyə qədər məlum olmayan yeni sirlər açıb dünyaya göstərmək istəyirdim, lakin bunların sirr, mənim də peyğəmbər olmadığım ağlıma gəlmirdi. Biz hamımız gülməli adamlarıq, lakin söyləyin, özünün çox da mülayim olmayan bu nəcib, coşqun gənclik arzularını kim utanıb qızarmadan rüsvayçı bir söyüşlə damğalamaq istəyər? Kimin mənasız və səmərəsiz arzuları olmamışdır, kim özünü şanlı bir hünər, təntənəli mahnı, gurultulu bir dastan qəhrəmanı kimi təsəvvür etməmişdir?

Kim xəyalında əfsanəvi qəhrəmanlıq zəmanələrinə uçmamışdır? Kim yüksək və gözəl xəyallar arzusu ilə ağlamamışdır? Belə bir adam varsa, qoy məni məzəmmət etsin, ona həsəd aparmıram. Mən öz gənclik xəyal və arzularım üçün utanıb qızarıramsa da, onları hörmətlə yad edirəm, çünki onlar ürək saflığının rəhni, yaxşılığa mey! göstərən nəcib qəlbin əlamətləridir. Bilirəm, sizi bu dəlillər təmin edib inandırmayacaq: sizə müsbət, əməli dəlillər lazımdır. Buyurun, bu da siz istəyən dəlillər: əgər cavanlar özlərində olan bu ilkin meyilləri boğub yatırsaydılar, öz iradə və xəyallarına vüsət verməyib qüvvələrini sınamadan qul kimi göstərilən səmtə getsəydilər, söyləyin, onda onların istedadları necə meydana çıxıb inkişaf edərdi?

Nəhayət, cavanlığın həyəcanlı, coşqun, bəzən dəlisov, axmaq olması, indi mənim xəyallarım yumşalıb qaydaya düşdüyü kimi hamının xəyallarının vaxtında yumşalıb qaydaya düşəcəyi təbiətin ümumi qanunu deyilmi? Elə sizin özünüzün cavanlıqda bu cür xatalarınız olmamışdırmı? Xatırlayın, yaddaşınızı bir eşələyib baxın. Sakit və heç bir vaxt həyəcanlanmayan nəzərlə baxaraq başınızı bulayıb "heç bir şey yoxdur!" dediyinizi buradan görürəm. İcazə verin sizin, məsələn, lap sevmiş olduğunuzu isbat edim... Yoxsa, danırsınız? Xeyr, dana bilməzsiniz: dəlil və sübut əlimdədir... Yadınıza salın ki, mən işi öz görüldüyü yerindəcə tədqiq edə bilmişəm. Sizin sevgi macəralarınızın meydanı -bu göl, gözlərimin qabağındadır. Orada sarı çiçəklər hələ də bitməkdədir; şirin xatirə üçün birini lazımi qaydada qurudub zati-dövlətlərinin qulluğuna göndərirəm. Ancaq sizin ümumiyyətlə sevgiyə və xüsusilə, mənim sevgimə hücumunuza qarşı qüvvətli bir silah vardır ki, o da sənəddir.

Qaşqabağınızımı tökürsünüz? Həm də necə bir sənəd!!! Rənginiz ağardımı? Mən bu qiymətli qədim şeyi xalamdan, onun bu məktub qədər qədim olan sinəsindən oğurlayaraq sizin əleyhinizə çıxmaq və özümü müdafiə etmək üçün əbədi bir dəlil kimi özümlə gəzdirirəm. Hm, əmican, ürəyiniz çırpınır! Hələ bu harasıdır, sevginizin bütün tarixini müfəssəl bilirəm: hər gün səhər çay içərkən və gecə şam edərkən xalam maraqlı faktları bir-bir mənə danışır, mən də hamısını qiymətli bir material kimi xüsusi xatirə dəftərimə yazıram.

Onu burada bir ilə qədərdir ki, məşğul olaraq kənd təsərrüfatına dair yazdığım əsərlərimlə bərabər sizə şəxsən verəcəyəm. Öz tərəfimdənsə, sizin xalama olan hissiyyatınızın möhkəm və sabit olduğuna onu inandırmağı özümə borc bilirəm.

Öz xahişimə dair siz zati-dövlətlərindən xoş bir cavab almaq şərəfinə nail olduqda moruq qurusu, bal gətirəcək və məhkəmədəki işi qurtarmadan ölmüş Zayezjalovdan başqa qalan qonşularımızın işləri düşdüyünə görə göndərəcəklərini vəd etdikləri məktublarla bərabər qulluğunuza gəlməklə şərəfyab olacağam".

# 155 dəfə oxunub

Oxşar xəbərlər

"Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini..." - İngilis yazıçıdan  sitatlar

"Oğrular pul kisəsini və ya canını tələb edir, qadınlar isə hər ikisini..." - İngilis yazıçıdan sitatlar

13:30 18 iyun 2026
"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə

"Bəlkə də köklüyümə gülürlər?" - Miriam Presslerin "Tünd şokolad" əsərindən bir hissə

13:00 18 iyun 2026
Gecə - Varlam Şalamovun hekayəsi

Gecə - Varlam Şalamovun hekayəsi

10:30 18 iyun 2026
"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

"Yalan qulların və ağaların dini, həqiqət isə..." - Maksim Qorkidən aforizmlər

10:00 18 iyun 2026
Ziyarətçi - Mario Varqas Lyosanın hekayəsi

Ziyarətçi - Mario Varqas Lyosanın hekayəsi

10:00 17 iyun 2026
Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

Şərq dəftəri - Sevinc Çılğının hekayəsi

13:00 16 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər