“Onların Mehdisi, bizim Mixaylo” filminin təqdimatı oldu

“Onların Mehdisi, bizim Mixaylo”  filminin təqdimatı oldu
17 iyun 2026
# 15:46

Lyublyana şəhərində Sloveniyanın aparıcı telekanallarından RTV Sloveniya tərəfindən istehsal edilən və Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadəyə (Mixaylo) həsr olunmuş sənədli filmin ilkin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, "Njihov Mehdi, naš Mihajlo" (“Onların Mehdisi, bizim Mixaylo“) adlı sənədli filmi İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə döyüşərək böyük qəhrəmanlıq göstərmiş Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadə - Mixaylonun həyat hekayəsini, eləcə də o dövrdə igid azərbaycanlılar və slovenlər tərəfindən nümayiş etdirilən şücaət və cəsur mübarizəni əks etdirir.

Sözügedən sənədli filmin ərsəyə gəlməsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA), Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası, Azərbaycan Respublikasının iqamətgahı Vyana olmaqla Sloveniya Respublikasındakı səfirliyi, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Televiziyası, eyni zamanda Sloveniya Azərbaycan Dostluq Cəmiyyəti, Nova Qoritsa şəhər meriyası və Şempas yerli icmasının dəstəyi və töhfəsi olub.

Şəhərin məşhur kinozallarından biri olan "Kinodvor" kinoteatrında keçirilən tədbirin açılış mərasimində Azərbaycanın Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli, Azərbaycan Respublikasının Kino Agentliyinin baş direktoru Rəşad Əzizov, sənədli filmin rejissoru və ssenari müəllifi Zvezdan Martiç, tarixçi və Sloveniya Respublikasının Milli Assambleyasının üzvü Martin Premk çıxış ediblər.

Səfir R.Sadıqbəyli filmin təqdimatının Azərbaycan və Sloveniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğu 2026-cı ildə baş tutmasının simvolik məna daşıdığını qeyd edərək, filmin reallaşdırılmasında göstərilən dəstəyə görə RTV Sloveniya telekanalının İdarə Heyətinin sədri Nataliya Qorşçaka təşəkkür edib. Çıxış zamanı, həmçinin Azərbaycan xalqının igid oğlu, əfsanəvi partizan Mehdi Hüseynzadənin xatirəsinə Sloveniyada bəslənilən hörmətin və doğma münasibətin dostluq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət etdiyi nəzərə çatdırılıb. Sənədli filmin iki ölkə arasında mövcud "Mixaylo " irsinin gənc nəsillərə ötürülməsinə töhfə verəcəyinə inam ifadə olunub.

ARKA-nın baş direktoru R.Əzizov layihənin təşəbbüsü və uğurlu reallaşdırılmasına görə Sloveniya tərəfinə təşəkkür ifadə edərək, Mehdi Hüseynzadənin o dövrdə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətin iki xalq arasında dostluq münasibətlərinə verdiyi töhfədən danışıb. İki ölkə arasında mədəniyyət sahəsində mövcud əlaqələrin vacibliyinə, bu sahədə əlaqələrin daha da genişlənməsinə və inkişafına film və kino istehsalının verə biləcəyi töhfəyə toxunub.

Sloveniya nümayəndə heyəti tərəfindən səsləndirilmiş çıxışlar zamanı Mixaylonun uzaq bir ölkədən gələrək Sloveniyanın azad olunmasında iştirak etdiyi və sloven xalqı uğrunda gənc ömrünü fəda verdiyi qeyd olunaraq, Mehdi Hüseynzadə kimi qəhrəman oğula görə Azərbaycan xalqına minnətdarlıq bildirilib. Mixaylonun xatirəsinin yaşadılmasının vacibliyi vurğulanıb və bu xüsusda Sloveniyanın aparıcı telekanalı tərəfindən hazırlanmış sənədli filmin bu sahəyə öz töhfəsini verəcəyindən əminlik ifadə olunub.

Tədbirdə Sloveniya Respublikasının Milli Assambleyasının üzvləri, Xarici və Avropa İşləri üzrə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Ətraf mühit, İqlim və Energetika Nazirliyinin nümayəndələri daxil olmaqla bir sıra dövlət və hökumət nümayəndələri, Sloveniyanın İslam İcmasının Müftüsü Nevzet Poriç, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sloveniyanın müxtəlif regionlarından gələn ziyalılar, özəl sektorun nümayəndələri, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

# 522 dəfə oxunub

Oxşar xəbərlər

“44” bədii filminin treyleri yayımlandı

“44” bədii filminin treyleri yayımlandı

10:46 3 avqust 2026
Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

Vin Dizeldən "Forsaj" seriyasının yeni filmi ilə bağlı etiraf

10:30 3 avqust 2026
2 avqust Azərbaycan Kinosu Günüdür

2 avqust Azərbaycan Kinosu Günüdür

11:30 2 avqust 2026
Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər