Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Orxan Həsəninin “Qırmızı ayaqqabılar” hekayəsi haqda yazarların fikirlərini təqdim edir.
Xatırladaq ki, bu layihədə çap olunan hekayələr ədəbi mühit tərəfindən müzakirəyə çıxarılacaq.
Cavanşir Yusifli
Hekayədə hərəkətdə olan rəng spektrini görmək adamı sevindirir, Orxanın "Qırmızı ayaqqabılar" mətninə belə sevindim, təəssüf ki, indi belə hekayələrə az rast gəlirik. Bu hekayə məncə, Orxanın hələlik ən yaxşı təhkiyəsi sayıla bilər: metaforik düşüncəni ən uyar şəkildə lirik, psixoloji... diskursa çevirə bilməsi ilə. Orxanın üslubunda çox maraqlı nüanslar var, bütöv mətn kölgəylə işığın və ümumən səs və rənglərin oyunundan toxunsa da o sanki bir cümləlik mətn yaradır, məsələn bu hekayədə o cümlədən bir neçəsi var: Bakıda insanlar sanki tənəffüsdə olduğu kimi yaşayırlar, bu şəksiz ki, çox gözəl bir müşahidədir, eyni zamanda isə şüuraltının müdaxiləsidir, Orxan hekayələrdə modern gedişlər edir, mətn əslində, "mən sabah öləcəm" deyən adamın kədərinə çevrilməyə macal gəzir və bu kədər qırmızı ayaqqabların, təhkiyənin sel kimi axıtdığı sirli səslərin, işıq və kölgələrin fonunda gerçəkləşir.
Məti Osmanoğlu
Orxan Həsəninin bir nasir kimi ümid verən keyfiyyətlərindən biri onun öz yaşının, öz zamanın və müasirlərinin hekayələrini yazmasıdır. O, yazılarında sevgi və nifrət, həyat və ölüm kimi təzadlar haqqında düşüncələrini şüur axını içindən konkret lövhələrlə, bədii detallarla əyaniləşdirməyə daha çox üstünlük verir. Bu baxımdan, “Qırmızı ayaqqabılar” də istisna deyil. Hekayədə müharibənin ilk günündə minaya düşüb həlak olacağı ürəyinə daman, ölüm hissiyyatı ilə yaşayan pasifist əhval-ruhiyyəli əsgərin düşündükləri canlandırılır.
Hələ sentyabrın 26-sıdır, müharibəyə bir gün qalıb. Əsgər iki şey haqqında düşünür: ölüm və sevgi. Bu anlayışlar bir-biri ilə təzad təşkil etsə də, ölümlə üz-üzə olan insanı öləcəyi barədə düşündüyünə görə mühakimə etmək də çətindir. Cəsarət, qəhrəmanlıq kimi ölüm qorxusu da insanın təbiətindədir...
Müharibə, xüsusən, qələbə ilə sona çatan müharibə qeyri-adi şücaət göstərməyə, insanlara xarakterlərindəki cəsarəti və fədakarlığı meydana qoymağa şərait yaradan bir sınaq meydanıdır. Hünər meydanı olan müharibənin o biri üzündə isə ölüm, yarımçıq qalan arzular, nakam sevgilər var...
Mənə elə gəlir ki, Orxan bu hekayədə əsgər obrazı yaratmaqdan daha çox, cəmiyyətdə mövcud olan təzadları əks etdirməyə çalışıb. “Qırmızı ayaqqabılar” sevgilisi müharibəyə getmiş qadın və onunla eyni otaqda, eyni mühitdə çalışan, axşam sevgilisi ilə restoranda kefə baxan, beyni axşamdan içdiyi fransız şərabının təsirindən ayılmayan qadının yan-yana yaşadıqları cəmiyyətin təzadlarının hekayəsidir. Hekayədəki maraqlı detallardan biri insanların üzlərinə maska tutmaqlarıdır. İlk baxışda, epidemiya şəraitində maska insanların sağlamlığını qoruyan tibbi vasitədir. Ancaq hekayənin məzmunu maskaya fərqli yozum gətirir: sanki cəmiyyət özü maskalanıb. O maskanın altında isə bizim yaxından tanıdığımız, həyatın təzadlarının yükünü çiyinlərində daşıyan insanlar var.
Üzümaskalı cəmiyyətə ironiya ilə baxan bu hekayəni Orxan bizə təsirli təhkiyə vasitəsilə çatdırmağa çalışıb. Mən Orxanın, ümumiyyətlə, təhkiyə axtarışlarını təqdir edirəm. Onun başqa yazılarında da oxucu-mətn münasibətlərindəki sürprizlər diqqətdən yayınmır: mətn oxucunu çox vaxt gözlənilməzliklərlə üz-üzə gətirir.
Tövsiyəm isə budur ki, Orxan öz yazılarının dili üzərində daha çox işləsin. Sərt bir həqiqət var ki, bədii söz dilin pintiliyi ilə axıra qədər yola getmir. Burada mən üslub səliqəsizliyini deyil, yerinə düşməyən ayrı-ayrı söz və ifadələrin çiyliyini nəzərdə tuturam.
Qəşəm Nəcəfzadə
Hekayə çox xoşuma gəldi. Əladı. Poeziyaya yaxın hekayədir.
Ayxan Ayvaz
Orxanın, məncə, ən yaxşı hekayələrindən biri budur. Sadə, heç bir iddia olmadan yazılmış mətndir. Mənə elə gəlir, biz müharibəni də, onun doğurduğu ağrı-acını da sadəliklə, qırmızı ayaqqabılarının fonunda verməliyik. Müasir, çevik dünya artıq 60-ların “beşmərtəbəli” cümlələrindən xilas olmalıdır. Orxan müasir dünyadakı öz modelini yalnız bu cür hekayələrlə inşa edə bilər. O, bu dünyanın konturlarını dəqiqləşdirməli və gücü çatmadığı yükün altına girməməlidir. Təəssüf ki, ədəbiyyatımızda Markesdən sonra Orxan Pamuk, Prust, Kalvino xəstəliyi baş alıb gedir. Hərdən Orxan Həsənidə də bunu müşahidə edirəm. Ümid edirəm ki, o, yavaş-yavaş bu xəstəlikdən qurtulub üzündəki maskanı çıxaracaq.