Bu mövzuda oxucunu ağlatmaq asandır, ağlatmamaq çox çətin... - Ədəbiyyatımızın təkərini geri döndərən mətn

Bu mövzuda oxucunu ağlatmaq asandır, ağlatmamaq çox çətin... - Ədəbiyyatımızın təkərini geri döndərən mətn
28 dekabr 2023
# 12:00

Kulis.az Həmid Herisçinin Samirə Əşrəfin "Saturasiya" hekayəsi haqqında yazısını təqdim edir.

"Əynimdəki boz palto, başımdakı tünd bənövşəyi yaylıq və dağınıq saçla özüm-özümə anamı xatırladıram. Yadıma gəlir, dayılarım, xalalarım öləndə anam da belə edərdi”. “- Siz xəstənin nəyisiniz?”. “Sonralar oğlum dedi ki, dörd-beş dəqiqə hərəkətsiz bir nöqtəyə baxıb dayanmışam”. “Gəlmə! İmkan verin, tək qalım. Sizin əlinizdən ağlamaq da olmur. Cəbrayıl alınanda da qoymadınız! İlahi, bu qədər həngamənin içində Cəbrayılın alınması hardan ağlıma gəldi?"

Yazıçı Samirə Əşrəfin “Saturasiya” hekayəsinin bu cümlələrini oxuduqdan sonra bilgisayardakı mətndən ayrıldım. Başqa bilgisayarıma-daxilimindəkinə boylandım.

Daxili aləmlərimiz, bilgisayarlarımızın nurlu - bəli, məhz nurlu, işıqlı yox... - ekranları birləşdi. Mətnlərimiz, duyğularımız, ruhi, ədəbi aləmimiz də.

Bəli, həyatın öz senzurası var: uşaqlar, qohumlar. Cəbrayıl alınanda bu səbəbdən, bu ictimai senzuraya görə təkcə Samirə Əşrəf yox, çoxumuz ağlamamışıq.

Ancaq yazıçının bu senzurasız, tam açıq, səmimi mətnini də oxuyanda mən ağlamadım. Çünki Samirə mərsiyəxan deyil. Mən isə əzadarlıq məclisində oturmamışam.

Əsl ədəbiyyatla təkbətəkəm, bu səbəbdən, ağlamıram. Ağlamaq, - yazıçı düz deyir, yersiz idi: həm Cəbrayıl alınanda, həm də yaxınlarımız dünyasını dəyişəndə. Əsl ağlamaq təklikdədir.

Üzüdivara ağlayanlardandı, hekayə yazanlardandı Samirə Əşrəf. Məqsədi oxucunu ağlatmaq deyil.

Məqsədi öz hekayəsini bizə oxutmaqdı. Özü istəyir ki, özü kimi biz də bu mənzərələri görüb də ağlamayaq.

Bizi ağlatmaqdan ötrü yox, ağlatmamaqdan ötrü bu hekayəsini yazıb.

Ədəbiyyatımızda təkəri geri döndərib. Ədəbi mətni romantikadan, sentimental hisslərdən qoparıb. Hərbi üsulda, alman yazarı Ernest Yunger kimi yazıb bu hekayəsini.

Göz yaşlarsız.

Dənizdə doqquz dalğa var. Marinist rəssam Ayvazovski bu doqquzuncu dalğa haqda çox gözəl tablo çəkib. Samirə Əşrəfin həmin bax bu mətni, dənizin “doqquzuncu ölümcül zərbəsi” ilə eyni miqyaslı, deyərdim, hətta çox əhatəlidir. Çoxqütblüdü, çoxbucaqlıdır.

Bu mövzuda oxucunu ağlatmaq çox asandı. Ağlatmamaq isə çox çətin.

Misralara fikir verin. Bir də oxuyun. Ancaq Levitanın səsi ilə oxuyun. Şəmistan Əlizamanlının ahəngini qatın bu oxunuşa:

"Modulun dəmir qapısında bizi iki hərbçi qarşılayır:
- Meyitlər burdan bir az aralıdan - axırıncı qapıdan verilir.

İşgüzar addımlarla maşına əyləşib onlar deyən yerə gedirik. Geniş ərazidir. Palçıq qarışdıran maşın gurultulu səs çıxarır. Ətrafda çoxlu kağız sement kisələri var.

Mühafizəçi bizə yaxınlaşır:

- Bu gecə beş xəstə ölüb. Bir azdan hamısını çıxarıb Sabunçuya morqa aparacaqlar. Qara maşınlardı. Gözləyin, sizinki hansı maşında olsa, ona yaxınlaşarsınız..."

Azca yaşarmış, nəmlənmiş oxucu gözlərimiz bax bu sərt, hərbi cümlələrdən sonra tam quruyur. Daxilimiz də quruyur. Samirə, bəli, yaşartmır bizi. Qurudur. Qupquru edir.

“Quru qələm” deyərdim buna.

60-cıların yaş qələmindən min dəfə təsirlidir bu quraqlıq, bu qupquru mətn.

Qupquru yaşıl, ancaq yaşsız gözlər.

P. S. “Səsimdəki soyuqluq özümü də qorxudur”. “Külək yenə toz-torpağı göyə sovurur. Ətrafdakı düzəngahda qurumuş kollar küləkdə kirpi kimi yumulub açılır”.

Samirədə yadplanetli hissiyyatı var. Məndəki kimi. Çox sevdim hekayələrini. Bizim planetlisən.

# 5642 dəfə oxunub

Oxşar xəbərlər

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

Varaqları oxunmaq üçün ağrıyan romanlar - Cavanşir Yusifli

15:00 10 yanvar 2026
"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

"Mən o kişidən yaxşı insanam..." - Kim sol düyməni basmaq cəsarətini gözə alır?

12:00 7 yanvar 2026
"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

"Bu dünya sizi öpərək boğmağa çalışan kişilərlə doludur..." - Məşhur iranlı rejissor Füruğ Fərruxzadı necə adlandırmışdı?

15:00 5 yanvar 2026
Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

Qarabağ həsrəti ilə dünyadan köçən Şahmar Əkbərzadə - Bəxtiyar Vahabzadə onun haqqında nə yazmışdı?

12:00 28 dekabr 2025
Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

Corc Eliota çevrilən Marian Evans - O, hansı məşhur filosofdan təsirlənmişdi?

17:00 22 dekabr 2025
"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

"Hər bədbəxt qadının arxasında başqa bir qadının imzası dayanır" - Qadınlar bir-birinin həyatını necə məhv edir?

15:00 22 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər