Kulis.az Hekayə müzakirəsində Əli Zərbəlinin "Kölgə, yaxud itmiş sözlərin izahlı lüğəti" hekayəsi haqqında yazarların fikirlərini təqdim edir.
Şərif Ağayar
“Xəzər sözlüyü”nü xatırlatsa da, maraqlı eksperiment kimi oxudum. Peyğəmbərlərə açıq göndərmələri ilə plagiat-orijinal oyunu qurması xoşuma gəldi. Demək, postmodern estetikanın bu istiqamətini mənimsəyib. Lakin hekayənin forması çox qabarıq nəzərə çarpdığından “ikinci əl” olduğu dərhal görünür və yazıçı bir xal itirir. Bu faktı tənqid kimi yox, fakt kimi deyirəm.
İkinci əl formalar çox ciddi yazıçılarda da var. Lakin bir az gizləyirlər, bic davranırlar. Həm də, düşünürəm ki, bu cür “nəsr oyunları” üçün hekayə çox balacadır. Üstəlik, çox məhrəm janrdır. Hekayə nəsrin bayatısıdır. Onu texnika ilə çox yükləyəndə nəfəs ala bilmir. Anası ölsün romanın, ağır tonnajlı yük maşınıdır – nə istəyirsən vur getsin... Romana da, təbii, nəfəs, enerji, intellekt, iradə və azadlıq lazımdır. Gənc dostumuzda bu əlamətləri görürəm. Sosial şəbəkə və sayt təriflərindən, tost səpkili qiymətləndirmələrdən qaçıb nəsrin əzab-feyz qarışıq ağırlığına otursa, alındıra biləcək. Eksperiment, yenilik axtarışı bu yaş üçün çox vacibdir. Yazmaq istəyir, üstəlik, təzə nəsə yazmaq istəyir. Nəticədən asılı olmayaraq prosesin özü alqışa layiqdir. Çünki proses yoxdursa, heç nə yoxdur. Uğurlar diləyirəm.
İlham Əziz
Əli Zərbəlinin bu hekayəsini bir müddət əvvəl özü ilə eninə-uzununa müzakirə etmişdik. Bu hekayə ənənəvi strukturda deyil. Formanın fərqliliyi, eksperment mətnlədə yeni areallar tapmağa kömək edir. Bu fəndlər olmalıdır ki, başqa nasirlər qorxmasın, belə gedişlər eləsin. Əlinin hekayələrində izaholunmaz aura var. Gənc yaşından xaricdə oxumaq, başqa mühitdə yaşamaq yazıçı kimi xeyrinə işləyir. Əli xarici dildə də yazır, oxuyur, çap olunur. Bütün bunlardan səmərəli istifadə edir. Yazıçını bu gün üstün edən onlayn olmağıdır. Bu hekayədə şüur axını, fərqli struktur, yaşanmışın yaşanacağa güc göstərməsini müşahidə elədim. Mətn ağırdı, diqqət tələb edir. Bir an fikrin yayınsa başdan oxumalısan. Bu hekayə müqayisə kobud olsa da bizim nəsrdə “yeni virusdu”. Belə mətnlərə qarşı immunitet qazanmaq çətindi. Hər halda, mən Əlini alqışlayıram, davamında forma ilə yanaşı məzmun gözəlliyi arzulayıram
Orxan Həsəni
Əvvəla onu deyim ki, hekayəni çox bəyəndim. Yeni nəfəs, yeni hava, ədəbiyyatımızda heç kimə bənzəməyən estetika olduğunu etiraf etməliyik. Heç kimə bənzəməmək, fərdi olmaq ciddi söhbətdir. Bu axtarış yox, "tapış"dır.
Bəzən belə hekayələr haqqında axtarış məzmunlu fikirlər söyləyirlər. Çox zaman elə müəlliflərin özü də hekayələri axtarış hesab edirlər. Sanki hamı İsa Hüseynov, Əkrəm Əylisli. İsi Məlikzadə tipində hekayələr yazmalıdır və yalnız o tipdə hekayələr yazdığın zaman sənin üçün axtarışlar sona çatır. Qənaətlərin yerbəyer olur.
Bu axtarışın sona çatması deyil, bu sadəcə ölümdür.
Anlayışları səhv salmamaq lazımdır. Axtarış mükalimə, müzakirə zamanı baş verə bilər, mətnin qarşısına keçmək, hansısa məhsul istehsal etməyə başlamaq isə müəllifin həyat və ədəbiyyat haqqında qənaətlərinin tamlığından xəbər verməlidir. Axı istənilən hekayə öz ürəyində müəyyən estetik çalar daşıyır və dolğun həyat və təəssurat, intellekt bolluğu olmadan çaları yaratmaq demək olar mümkün deyil.
Geniş mənada isə heç vaxt yaxşı yazıçılar nəsə tapmır, onlar həmişə axtarır, insan da belədir, o daim axtarmaqla məşğuldur. Dayandınsa, batdın. Bu həyatın qayəsidir.
Çox sevdiyim belə hekayələrin yazılması vacib olduğunu ona görə düşünürəm ki, müəyyən mənada elit kəsimə xitab edir. Sözlərin, mənaların sehrli dərinliyində üzən adamların zövqünə işləyir. Sirr həmişə həyəcanlandırır. Gerçəkiyin kifayət eləmədiyi adamlar üçün belə hekayələr sığınacaqdır, həyatın ikinci üzüdür, astar tərəfidir və mənə elə gəlir, bu hekayələri yazmaq olduqca çətindir.
Ali Zarbali in hekayəsini bəyəndim və düşünürəm ki, belə estetikada olan bir-biri ilə əlaqəli hekayələr yazmaq mümkündür. Tematik hekayə kitabları dünya təcrübəsində var. Bir-biri ilə əlaaqəli, eyni yerə vuran, konseptual.
Təbriklər və uğurlar!
Təvəkkül Boysunar
Hekayə haqqında fikrim soruşulmazdan əvvəl, yəni mətn kulis-də dərc ediləndən dərhal sonra onu oxumağa başladım, ancaq bir neçə paraqrafı səbrlə oxuduqdan sonra dayandım və mütaliəni yarımçıq buraxdım.
Hekayə haqqında fikrim soruşulduqdan sonra isə təzədən sayta girdim ki, bu dəfə bütöv oxuyum. Ancaq bir neçə cümlədən sonra yenə dayandım və qərara gəldim ki, elə bu vəziyyətin özü də hekayə haqqında fikir bildirmək üçün kifayətdir.
Mənim zənnimcə, əgər bir mətn oxucunu oxumağa vadar edə bilmirsə, əgər müəllif hansısa ustalıq, sehr, hiyləgərlik, uydurma və digər vasitələrlə oxucunu mətndə saxlaya bilmirsə, demək ki, artıq o mətn ən önəmli mərhələdən keçə bilmir.
Məncə müəllifin gücünü, ustalığını, bacarığını göstərən ən önəmli amillərdən biri budur.
Haqqında bəhs etdiyimiz hekayədə bunun çatışmadığını düşünürəm. Belə olduqda, mətndəki eksperimental yeniliklərin ciddi bir əhəmiyyəti qalmır. Çünki mətnin özü maraqlı gəlmir.
Sürət əsrinin və ekranların kitabları arxa plana atdığı, kitab oxuyanların günü-gündən azaldığı bu dövrdə bu cür mətnlərin rəqabətə heç bir dözümünün olmadığı qənaətindəyəm.
Qeyd etdiyim məqam təkcə bu hekayə yox, müasir nəsrimizdəki əksər əsərlərin ən ciddi problemlərindən biridir.
Müəllifə uğur arzu edirəm.
Vüqar Van
Eynilə Təvəkkül kimi hekayəni iki dəfə oxumağa cəhd etdim. Amma təəssüf ki, oxuya bilmədim. Nə qədər cəhd etsəm də, alınmadı. Başa düşə bilmədim. Başa düşə bilməyəndə də oxuya bilmirəm. Amma mən başa düşməmişəm deyə, o demək deyil ki, hekayə zəifdir, pisdir. Bu hekayədən onu başa düşdüm ki, şəxsən, mənim üçün forma yox, məzmun daha vacibdir.
Ölçü hissimi itirmişəm. Bilmirəm, nə yaxşıdır, nə pisdir. Amma Əli nə yazsa, oxuyacağam. Başa düşməsəm belə.