Kulis.az Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” romanı haqqında İlham Əzizin təəssürat yazısını təqdim edir.
Bir neçə gün əvvəl Vüqar Vanın “Əli və Nino” kitab mağazasında “Hardasa, olardı 13-14 yaşım” romanının təqdimatı oldu. Çoxdan görmədiyimiz qələbəlik vardı. Adətən, belə təqdimatlarda ədəbi mühit və yazıçının qohum-əqrəbası olur. Bu dəfə tanımadığımız oxucular çoxluq təşkil edirdi. Açığı, son zamanlar təqdimatlar urvatdan düşmüşdü. Oxucuları görüb sevindik.
Təqdimat həm də onunla yadda qaldı ki, ilk dəfə yazıçılar təkcə tərif yox, bolluca tənqid də eşitdilər. Tənqidçi Əli Novruzov müasir Azərbaycan nəsrinin “estetik dalana” dirəndiyini iddia elədi, köhnə estetikada yazmağın mənasızlığından danışdı, misallar gətirdi. Ardıyca yazıçı Şərif Ağayar roman barədə tənqidlərini dedi, Əli Novruzova cavab verdi. Təqdimat bir az da canlandı. Mən bu polemikadan ləzzət aldım. Adam Smitin “tələb-təklif” qanunu burda da öz aktuallığını göstərdi, rəqabətin müstəsna faydalılığı üzə çıxdı.
Avtofiksiya janrı barədə fikirlər haçalandı. Təqdimatdan sonrakı günlərdə də janrın məziyyətləri hesab-kitab olunmağa başladı. İlk daşı Qismət Rüstəmov atdı. İngilis yazıçısı Tim Parksdan əvvəl sitat gətirib status yazdı, səhərisi də məqalə tərcümə edib, saytda verdi.
Yazıçı Mirmehdi Ağaoğlu da müzakirələrə qoşuldu. Əsas fikir də bundan ibarət idi ki, “avtofiksiya” əsl janr mahiyyəti daşımır, şişirdilib. Amma bütün dünyada söz-söhbətə səbəb olan Karl Uve Knausqor əlahəzrət faktı var. Ölkəsində ən çox satılan, dünyada da ən çox danışılan yazıçı... Qısa, funksional cümlələrlə öz həqiqət və mübhəmlərini aləmə faş edən 6 cildlik əsər, məşhur yazıçı və tənqidçilərin heyrətinə səbəb olub.
Məni başqa sual düşündürür. Əgər yazıçı Vüqar Van romanda baş qəhrəmanın adını dəyişsəydi, hadisələr də başqa məkanda, məsələn, Kolumbiyada təsvir olunsaydı, biz bu əsəri yenə də “avtofiksiya” kimi qiymətləndirə biləcəkdikmi? Romana tamamilə təxəyyül məhsulu kimi baxacaqdıqmı?
Belə çıxır ki, Vüqarın səhvi bizə həqiqəti demək olub?
Axı mətni ədəbiyyat müstəvisində tənqid etməliyik. Onun harda, necə, kim tərəfindən yazılması sonrakı məsələdir. Məncə, romanın strukturuna, üslubuna, dilinə, yaratdığı suallara, məzmununa fikir bildirmədən, “avtofiksiya” yarlığı asıb aşağılamaq insafdan və ədalətdən uzaqdır. Trumen Kapotenin dediyi kimi, “hekayə yalnız öz təbiiliyində nəql ediləndə, düzgün formanı tapır”.
Məni sevindirən başqa məsələ odur ki, romanın ayın əvvəlində çap edilməsi, təqdimatın da ayın sonlarında baş tutmasına baxmayaraq artıq, demək olar ki, kitabın tirajı bitmək üzrədir. Belə çıxır ki, ölkədə yeniliyə açıq oxucu kütləsi var, reaksiyası da sürətlidir. Hamımızın adına böyük uğurdur.
****
Vüqar Vanın “Hardasa, olardı 13-14 yaşım” romanı avtofiksiya janrında yazılmış ilk ədəbi nümunəmizdir. Roman 208 səhifədən ibarətdir. Dizaynı və hissələrin başlıqları uğurludur. Bu cür başlıqların ədəbi əcdadı Servantesin məşhur romanı “Don Kixot”dur.
Əsər yetkinlik yaşına çatmış uşağın dünya və içindəkilərlə tanışlıq, onlara qarşı müqavimət və hadisələrə baxış bucağının yaranması paradiqmasından yeni üslubda işlənilib. Hissə başlıqları oxucunu növbəti əhvalatlara hazırlayır, hadisələrə maraq oyadır. Bu baxımdan roman oxunaqlıdır.
Mahiyyətə keçməmişdən əvvəl əsərin dili və üslubu barədə bir neçə kəlmə demək yerinə düşərdi.
Çünki romanın dili barədə müxtəlif fikirlər deyilir. Hətta bu dili bayağı və bədii saymayanlar var. Mətn qısa, funksional, sifətlərdən maksimum arınmış, hərəkətdə olan və sabit nəsnələrin müşahidəsini rahat ifadə edən cümlələrlə yazılıb. Üslubu yeni adlandırmaq olmaz. Bu üslub Saday Budaqlıdan başlayaraq, 80-ci illərin modern mətnlərində mövcuddur. 60-ların bağlı-bağatlı, iki əsr əvvəl Avropada dəbdə olan cümlə qurluşlarından yaxa qurtarmaq üçün Saday müəllimin mətnləri göydəndüşmə idi.
Əsərin ovqatının məhz cümlə hesabına deyil, bədii situasiyalarla yaratmaq cəhdi bugünkü yazıçının ümdə vəzifəsi olmalıdır. Bu, romanın gələcəkdə tərcümə edilib, uğur qazanmaq şansını birə-beş artırır. Qeyd edilənləri şərtləndirən başqa vacib məsələ də gözdən qaçmamalıdır. Müasir oxucu həddən artıq təsvirlərə dözmür. Dünya internet əsri yaşayır, hər şey əlçatandır. Kainatda elə bir məkan, elə bir təbiət mənzərəsi, elə bir texnika yoxdur ki, oxucu bir “tık”la onu görə bilməsin. Həmin təsvirlərə vaxt sərfini izafi sayır, əsərdən soyuyur. Vüqar bu məsələni romanda həll edə bilib, yuxarıda dediyim kimi, artıq təsvir və sifətlərdən çəkinib. Kitabı oxuyan müxtəlif peşə sahiblərindən bu refaranslar alınmaqdadır.
Roman müasir dünya və Azərbaycan mətnləri ilə dialoqdadır. İçində əli çatdığı bütün müasirlərinə gizli göndərmələr var. İstər Mirzə Cəlil, Haqverdiyev, istər Knausqor, Seymur Baycan, istərsə də, Günel Mövlud.
Bütün bunlarla yanaşı əsər intertekstuallığı müasir dünya müstəvisində həll edib. Məsələn, hamam tikən “molla usta” obrazı, ta Haqverdiyev, Mirzə Cəlil və sonrakı ədiblərimizin bu günə gəlib çıxan nümunəsidir. Ancaq yazıçı 18-19 əsr eynəyini çıxarıb, məsələyə daha bəşəri və insani yanaşır. Hamamın tikilşini uzadan, işləməli olduğu vaxtda guşənişin olub ibadət edən usta, Sevil anadan qınaq eşidən kimi üzr istəyir, hətta gördüyü son işlərin pulunu almayıb, halallıq diləyir. Məhz belə həll fərdə qarşı bəşəri münasibətdən, insanı fanilik kontekstində dəyərləndirməkdən irəli gəlir.
Roman öz müasirləri kimi bir neçə “izm”ləri öz içində əridib. Biz bu mətndə modernist və postmodernist çalarları aydın sezə bilirik. Qəhrəmanın özünəironiyası bizə bunu deməyə əsas verir. Özü də bu ironiyalar saxta yox, situativdir, mətnin içinə ustalıqla səpilib. Məsələn:
Yaxamdan tutub, mənə badalaq gəldi. Bir anda yerə yıxıldım. Yerdən bizim davamıza baxan uşaqları gördüm, onların gözlərində mən necə də yazıq və miskin idim. Özümü ələ alıb ayağa qalxmağa hazırlaşan vaxt məni itələdi, səndirlədim, ayaqlarım dolaşdı, təzədən yerə yıxıldım.
***
Romandakı hadisələrin cərəyan etdiyi yer olan Lerik, rayon mərkəzi olsa da, hətta başqa rayonlardan inkişaf baxımından geri qalır. Yazıçı bu geriliyi təsvirlə deyil, yenə də situasiya ilə bizə çatdırır. Uşaqların asudə vaxtında oynadıqları oyunlar, arzuları, getmək istədikləri məkanlar buna bariz nümunədir.
Gələk nəsrimizin “qara ləkəsi” olan aqrarlıq probleminə... Vüqar kəndə qonaq getdiyi səhnələrdə kənd işlərinə şahid olsa da, yazıçı işığı qəhrəmanın daxili aləminə salır, bu söhbətlərlə bizi yormur.
Romanın onurğa sütunu olan ata problemi əsər boyu davam edib, ələ düşməz finalla yekunlaşır. Vüqar mətndə müxtəlif “ata” modellərindən istifadə edir. Dindar, usta, müəllim, sürücü, qohum-qonşu “ata”larını bədii aynada əks etdirir. Oxucu bu “modelləri” görə-görə belə qənaətə gəlir ki, bunların heç biri qəhrəmanın atası ola bilməz, çünki insanın öz atası təkrarsız və birmənalı olaraq özünəməxsusdur. Yazıçı ata modellərini bu konsepsiya ipinə düzüb, oxucunu da özüylə birgə düşünməyə vadar edir.
Romanın ən böyük uğurlarından biri ana obrazının dolğun işlənməsidir. Romanı oxuyanda məni qəribə qorxu bürüdü ki, “ana” obrazı qəhrəmanı üstələyəcək. O qədər konservativ, iş-güc sahibi bir obrazdır ki, bir balaca zəiflik göstərsən, ön plana çıxar, məntin bitkinliyinə zərbə vura bilər. Vüqar bu problemi görüb, əsərin sonuna kimi cilovu əlindən buraxmayıb, zaman-zaman ananı unutdurub, aerodinamikanı qoruyub. Romandakı “ana” obrazı müasir nəsrimizdə ən dolğun işlənmiş yan obrazlardandır desək, yanılmarıq.
Əsərdə ananın öz dünyası, öz ağrıları, öz müşkülləri var. Sevil muzey direktorudur, savadlı və sərt qadındır. Verdiyi qərarlardan əmindir. Həyat yoldaşı onu tək qoyub getmişdir. Mənəvi olaraq yeri dolmayan adamın ailə konstruksiyasındakı rolu uşağın taleyində nə qədər vacib məsələ olmasına yazıçı bizi inandıra bilib. Ana hər vəchlə atasızlığı ört-bas etmək istəsə də, alınmır, son nəticədə günahkar uşaq olur. Sevil ərsizliyin gətirdiyi maddi sıxıntıdan əziyyət çəkmir. O, cəmiyyətin baxış bucağından qaçır. Əsərdə hamam tikintisi səhnələrinin birində dindar “ata” modeli uşağa anasının yenidən ailə qurmasının şəri vacibliyindən bəhs edir. Bunu eşidən ana az qala, dəli olur. Söyüb, söylənir. Ancaq biz bilirik ki, bu stress, əsəb təkcə dindar ustanın tərbiyəsizliyi ilə əlaqədar deyil, Sevil həm də ərsizliyi unutmaq istəyir. Həyat yoldaşını yada salan hər bir cümlə, hər bir əməl onu özündən çıxarır.
Qəhrəman rayondan həm xarici ölkəyə, həm də öz ölkəsinin paytaxtına səyahət edir. Xarici ölkəyə müalicəyə gedən Vüqar müalicə vaxtı istifadə etdiyi dərman ucbatından qısa müddətli kor olur və o ölkəni görmür. Bakıya gələndə isə o hər şeyi görür və duyur. Bu yazıçı məharətidir. Yetkinlik yaşına təzə qədəm qoyan uşağın başqa ölkə barədə danışması qeyi-peşəkar çıxmasın deyə bu fəndi işlədib. Bunun təbii və ya qeyri-təbii baş verməsi konteksti dəyişmir.
Bacı obrazı isə digər obrazlar kimi dinamik hərəkətli deyil. Təbiətən sakit, öz dünyasında olan qız uşağı çox gözə girmir. Fəqət Bakıya köçən kimi doğmalıq instinkti baş qaldırır və o özündən kiçik qardaşını qorumağa başlayır. Bu hərəkət insanidir, realdır, həm də romanın cilvələrindən, naxışlarındandır.
Amma Bakıya köçəndən sonra təmiz dəyişmişdi. Evdə olanda mənə çay gətirir, dərslərimlə maraqlanır, məktəbdəki uğursuzluğumu anama demirdi. Bilirdi ki, nəsə problem var. Özü də, deyəsən, xoşbəxt deyildi. Hətta bir dəfə məktəbdən evə qayıdanda başımı sığallamışdı.
Əsərin ən mütərəqqi xüsusiyyəti onun vizuallığıdır. Oxucu hadisələri oxumur, görür. Situasiyalar elə seçilib ki, başlıqdan başlayaraq hər şey canlanır.
Səhnələrin birində Vüqar köhnə məişət evində play-station oynayan vaxt anası onu tozlu pəncərə arxasından izləyir. Bu səhnə o qədər kinematoqrafikdir ki, xeyli filmləri yada salmalı oluruq. Dünya vizuallığa doğru getdiyi bir zamanda bu tərz yanaşma təqdirəşayandır.
Roman sonlara yaxın yenidən sürət götürür. Hər şeyin sonu ölüm olduğu kimi mətnin sonunda qəhrəmanımız ölümlə rastlaşır. İlkin tanışlıq dəhşətli prosesə çevrilir. Əsərin bu yerində sentimentallıq şüvən müstəvisində deyil, ağrı müstəvisindədir. O, artıq ölümü görüb, bu haqda düşünür. Qəhrəmanın bu vəziyyəti, onun uşaqlığına əlvida səhnəsidir. Xəstələnir, əzab çəkir. Evdən tapdığı kiçik kağız parçasını oxuyub, qəflətdən ayılır. Sonluğu açıq yazmıram, istəyirəm ki, bu gözəl aydınlanma hissəsini hamı özü oxusun, situasiyanın nübarını eləsin!
Əsərdə məni qane etməyən bir iki məsələni də qeyd etməliyəm.
Hətta bilərəkdən edilsə də, 13-14 yaşlı uşağın öz atası barədə bir kəlmə də danışmaması, soruşmaması açıq sualdır. Ata modellərində obrazlarında tələskənlik, növbəti əhvalatın sehrinə qapılıb əhvalatları maksimum tez adlamaq meylləri hiss etdim.
Müəllifi təbrik edir, oxucuları bu gözəl romanı oxumağa səsləyirəm!