Sənətin elitarlığını korlayanlar - Aqşin Yenisey yazır...

Sənətin elitarlığını korlayanlar - Aqşin Yenisey yazır...
4 iyun 2020
# 16:11

Kulis.az Aqşin Yeniseyin "Sənətdə bütpərəstlik heyrətlənmək yanğısıdan doğur" essesini təqdim edir.

Metafizikanı kinoya gətirən, ya da kinonu metafizikaya çevirən Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? Sənət, bəlkə də, ölümü insana bir anlıq da olsa unutdurmaq cəhddir; gerçəkliyin yumoristik şərhi sənətin zatındadır. Servanteslə Tarkovskinin yaşadığı eyni dünya olsa da, yaratdıqları dünyalar tamamilə bir-birinə zidd idi.
Tarkovski bəşəri faciəni kinomatoqrafik deformasiyaya uğradıb ondan başqa bir faciə düzəldirdi. Servantes isə əksinə, insan əli toxunan faciənin artıq faciəvi vahiməsinin qalmadığını, onun faciəvi tilsiminin sındığını və içindən qəhqəhə çəkiləsi bir komediyanın çıxdığını göstərirdi bizə Don Kixotun timsalında.

İkisi arasında seçim etmək, əlbəttə, ruh hallarının işidir. Adam var həyatında faciə effekti olmadan bir gün belə yaşaya bilmir; adam da var ki, həyatındakı ən böyük faciənin içindəki komediya zərrələrini görə bilir.
Ümumiyyətlə, sənətin boynuna dinin, siyasətin, məişətin və s. missiyalarını yükləmək gözlə görünən bir boşluğu doldurmaq məqsədi güdür. “Sənət gerçəkliklə təkbaşına üz-üzə gəlməlidir. Təkbaşına nəticələr çıxarmalı və öz nəticələrini fərdlə təkbətək bölüşməlidir” kimi özümdən sitatlar gətirmək istəsəm də, gətirmirəm; çünki sənətin adından ümumi sözlərlə danışmağa haqqımın çatmadığını bilirəm.

Heyrətləndirmək! Çoxları sənətdən onları heyrətləndirməsini gözləyir, hətta tələb edir. Sənət, doğrudan da, insanı heyrətləndirməlidirmi? Bu, mağaradaqalma bir duyğu deyilmi? Yəni ovladığı və yediyi bizonun şəklini səhər durub mağara divarında görən insan heyrəti sənət qarşısında bu gün də yaşayırmı?

Heyrətləndirməlidirsə, necə, hansı yolla yaratmalıdır bu heyrəti? Tarkovski kimi apolaptik vahiməni canlandırmaqlamı? Yaxud Kafka kimi metafizik bürokratiyada insanın bir heç olduğunu açıb-ağartmaqlamı? Füzuli heyrət məsələsini belə şərh edirdi öz lirizmində: “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, Surəti-halım görən, surət xəyal eylər məni”. Yəni heyrət bütün insanı lal etməsidir. Danışa bilməyənin danışa biləni susdurmasıdır. Düşünə bilməyənin düşünə biləni çaşdırmasıdır.

Heyrət möcüzənin insanda yaratdığı təssüratdır. İnsanlar həmişə möcüzəyə və möcüzə kimi görünənə heyrətləniblər. Heyrət hissi möcüzədən törəyib. Möcüzələr gözəl idilərmi? Axı sənətin möcüzədən fərqi estetik olması, qorxulu olandan gözəllik yarada bilməsidir.

Sənətin estetik gözəlliyi insanda heyrət yarada bilər, amma bu gözəllik sənət həmişə möcüzənin sirrini açanda baş verir. Sənət özü möcüzəyə bürünəndə bayağılaşır. Sənətin estetik gözəlliyi möcüzəni çözməsidir. Məsələn, Saramaqonun “İsanın İncili” romanının estetik gözəlliyi xristian üçlüyü möcüzəsini açıb-ağartmasındadır ki, kilsə bunu yazıçıya bağışlamadı. Çünki Saramaqonun “İncil”i, Papanın “İncil”ni ifşa etmişdi. Saramaqo sənətin “möcüzəsini” yaratmışdı, dini möcüzəni çözməklə. Tarkovski bunu bəyənməzdi.

Heyrət, əslində, əsl sənəti gözdən salan bir duyğudur. Böyük mövzuların arxasında gizlənməkdi heyrət yaratmaq istəyi. Heyrətləndirməkdən ötrü dünyada dəridən-qabıqdan çıxan nə qədər “sənət adam”ları gördük və görməkdə də davam edəcəyik. Heyrətə səcdə sənətin elitarlığını korlayan bir davranışdı.

Amerikalı rəssam Andres Serrano öz rəsmlərini nəcislə çəkir, yəni tablolarının boyasını özü ifraz edir. Onun nəcislə çəkdiyi tabloların arasında hətta İsa peyğəmbərin çarmıxa çəkilməsinin təsviri olan bir şəkil də var. Serrano bunu belə izah edir ki, nəcis də İsa da gerçəkliyin bir parçasıdırlar və onları bir-birindən ayırmaq doğru deyil. Bəlkə də, ABŞ-da tanrının mövqeyi İsanın mövqeyindən güclü olduğu üçün Serrano bir az da Avropa dindarlığına “ilişir”. Amma bütün hallarda bu qədər bəsit adiliklərin sənət adına şəhr olunması nə qədər vacib məsələdir? Bu qədər barbar azadlığın istər sənətə, istər insana bir faydası varmı? Həqiqətin nəcislə ifadə olunmaq zərurəti nə vaxtdan yaranıb? Bunlar mənim suallarımdır.

Bizim kimi müstəmləkə xalqlarının azadlıq təcrübəsi az olduğu üçün nəcislə çəkilmiş İsa portretini anlamaqda çətinlik çəkirik. Amma əsarət kimi azadlığın da insanı mənəviyyatsızlaşdırması mümkündürmü?
Bu sualın cavabı açıq qalır: hüdudsuz azadlığın sonu mənəviyyatsızlıqdırmı?

Yaxud Nen Koldin, Ceff Kuns və Harri Qross kimi fransız rəssamları uşaq bədənlərindən ibarət erotik şəkillərin sərgisini keçirdikdə Fransada böyük səs-küy qopdu. Ancaq vaxtilə Bodleri erotik şeirlərinə görə cərimələyən məhkəmə erotik uşaq bədənləri çəkən rəssamlara bəraət qazandırdı ki, sənət azaddır.

Bu azadlıq nəyin naminədir desəniz, mən yazının əvvəlində dediyim heyrət məsələsinə qayıdacağam. Sənət bəzən azadlığını heyrət adlı cahil bir duyğuya xərcləyir. Heyrətlənmək cahilə xas haldır.
“Filankəs nəcislə İsanın rəsmini çəkib”; xrisitian kütlənin get-gedə qəzəbə çevrilən heyrətini, yuvarlandığı mənəvi xaosu təsəvvür etmək çətin deyil.

İngiltərəli metalik müğənni Ozzi Osbourn hər səhnəyə çıxışında balaca cücələri ortalığa buraxıb tapdalaylb öldürürdü, yaxud yarasaların başını dişləyib qoparırdı. Duyğunu hiss etdiyi kimi dinləyiciyə ötürmək üçün sənətin bu cür psixopat vəhşiliklərə ehtiyacı varmı? Yoxsa barmaqla göstərilməkdən başqa bir işə yaramayan məşhurluq xəstəliyinin əlamətləridir bütün bunlar?

Azadlığın tərəfimdən məhz sənətdə mühakimə olunması da qəribə bir paradoks. İnsan azadlığının ifadəsi olduğunu söyləyən bir fenomen azadlığın özünə hücum edir. Sənətin azadlığı başqalarının azadlığını ayaqlamağa başladıqda o artıq sənət olmaqdan çıxır. Dəlixanalıq olur.

Əlcəzairli Adel Abdəssəməd irqçiliyin qorxulu bir şey olduğunu göstərmək üçün bir keçinin başına çəkiclə vurub öldürmüş və bunu kameraya çəkərək yayımlamışdı. Fransızların Əlçəzairi uzun illər müstəmləkədə saxlamasından o keçinin heç bir xəbəri yox idi, amma müstəmləkəçiliyin “günah keçisi” kimi öldürüldü, həm də özünə sənət adamı deyən bir cəlladın əlində. Abdəssəmməd öz ideyasını dünyaya çatdırmaq üçün o çəkici öz başına vura bilməzdimi? Keçini qurban seçən sənətin, qoçu qurban seçən dinlə nə fərqi var? Hətta din bəzən daha adil davranır, öz ideyaları uğrunda öz şəhidlərini hazırlayır. Məsələn, ötən yazılarımızın birində siyasi etiraz olaraq özünü dirigözlü yandıran buddist rahib Txit Kuanq Dık haqqında yazmışdıq. Dıkdan fərqli olaraq Abdəssəməd siyasi etirazının çanağını bir keçinin başında sındırmışdı. Və bunu sənət adına etmişdi.

Bütün bunları yazmaqla Azərbaycanda da sənətin dəyərinin insanda yaratdığı heyrət duyğusu ilə ölçülməsinin dəbə çevrilməsini saf-çürük etmək məqsədi güdürəm. Şeirdən, romandan, musiqi əsərindən hər şeydən əvvəl heyrət gözləmək sənət cahilliyidir deməkdən özümü güclə saxlayıram. Sənət əsərinə “məni heyrətləndir” deməkdənsə, “məni düşündür”, cəhənnəm, “məni özümdən uzaqlaşdır, yaxud məni özümə yaxınlaşdır” demək daha dərin bir istək. Sənətin zay olmasında heyrətlənmək istəyənlərlə heyrətləndirmək istəyənlər yarı-yarıya şərikdir.
Heyrətlənmək istəyənlər sənət yox, büt axtaranlardı.

# 6316 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
#
#
# # #