Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə

Çəpərin üstündən öpdüyüm traktorçu – Fəridədən yeni hekayə
2 mart 2021
# 09:03

Kulis.az “Hekayə günü” Fəridə Zeronun “Durnaların lənəti” hekayəsini təqdim edir.

“Uşaqlar qurbağaları əylənmək üçün daşlayırlar, amma...”

Qırmızımtıl-çəhrayı üfüq xətti boyunca durna qatarı düzülmüşdü. Axşamın enməkdə olan toranlığında bu mənzərə məni kədərləndirir, keçmiş, qayğısız uşaqlıq illərimi xatırladırdı.

Axşamlar işıq sönəndə kerosin lampasının divara düşən kölgəsində anam əllərini birləşdirir, yellədir, əllərinin divardakı kölgəsi quş kimi çırpınırdı. Boz, soyuq, maraqsız payız axşamlarında anamın əllərinin kölgəsi bizi əyləndirir, güldürür, yavaş-yavaş mürgülədirdi.

- Buna bax indi – səsə çevrildim.

Qarabəniz, çəlimsiz, üst-başı mazut içində olan traktorçu oğlan məndən bir qədər aralıda dayanmışdı. Onu dünən də burda görmüşdüm. Evin yanındakı köhnə qarajda traktorların böyür-başında hərlənirdi.

Çevrilib ona baxır, nə deyəcəyini gözləyirdim. Oğlan əyilib yerdən bir daş götürdü və daşı tərs çevirib yerinə qoydu. Əlini gözünün üstündə kölgələyib, sağ əlinin şəhadət barmağını üfüqə tuşladı.

Qeyri-iradi onun göstərdiyi istiqamətə çevrildim. Bayaq üfüq boyu qatarlanmış durnalar indi dovğa qazanı kimi qaynayır, havada qarışıq şəkildə, dairəvi çevrə cızırdı. Nə baş verdiyini anlamadan yenidən oğlanın üzünə baxdım. Gülümsəyirdi. Qapqara mazutun, qarabəniz sifətin içindəki gözləri kerosin lampası kimi parıldayırdı. Yenidən əyilib daşı götürdü və çevirib yerinə qoydu.

Tez üfüqə boylandım. Dairəvi durna çevrəsi fırlanıb-fırlanıb, qəfildən ipə düzüldü sanki. Yollarına davam etdilər.

Məəttəl qalmışdım. Oğlan gözüylə daşa işarə edib “Sən də yoxla” - dedi.

Böyür-başıma boylandım. Yolun kənarında torpağa batmış yumru daşlardan birini götürüb tərs çevirib atdım və dərhal durnalara boylandım. İpə düzülmüş durnalar yenə qaynaşmağa, dairəvi şəkil almağa başladılar. Sevinc qarışıq heyrət duyğusuna bürünmüşdüm. Tez əyilib daşı çevirdim və əvvəlki vəziyyətinə qaytardım. Bir neçə saniyə sonra durna qatarı üfüqdə yenidən düz xətt boyunca düzüldü.

- Amma durnaların lənəti tutacaq bizi, biləsən - oğlan əllərini cibinə salıb sakitcə uzaqlaşdı.

***

Anamın xəstəliyi yenidən şiddətlənmişdi. Qanda şəkərin səviyyəsi qalxır, müalicə, iynə-dərman kömək etmirdi. Bu şoğərib mərəz hər nə idisə şəhərə köçəndən düşmüşdü anamın canına. Yazıq qadın illərdir xəstəxanalarda ora-bura gedib-gəlməkdən birtəhər olmuşdu.

İndi də bu virus başlayandan qorxudan hamı evlərə tıxılıb qalmış, evdən bayıra çıxa bilməyən anamın əsəbləri tamam pozulmuşdu. Axırda həkimi dedi ki, havasını dəyişmək ona yaxşı təsir edər.

İlk ağla gələn yer kənd, köhnə ocağımız, ata evimiz olmuşdu. Qardaşım çoxdan evlənib ailə-uşağa qarışdığı, şəhərdə işlədiyi üçün anamla mən gələsi oldum.

Yayın bürküsü yavaş-yavaş seyrəlmiş, havanın beli sınmışdı. Sentyabr yenicə girmişdi.

Kəndə gəldiyimiz vur-tut dörd gün olsa da anamda ciddi dəyişiklik hiss edirdim. Deyəsən, həkim haqlı idi. Kənd anama yaramışdı. Bilmirəm, bunda havanınmı payı çox idi, ya illərlə həsrətini çəkdiyi ata yurdunun, qohum-qonşusu ilə yenidən görüşməsininmi, amma hər nə idisə anamın çiçəyi çırtlamışdı. Gəldiyimiz günün səhəri qardaşı uşaqlarını başına yığıb kol-kos basmış həyət-bacanı təmizləməyə, bağın mal-heyvan dağıtmış çəpərlərini düzəltməyə başlamışdı.

Mənsə darıxırdım. Dörd gün mənə dörd il kimi gəlmişdi. Məşğul olmağa heç nə tapmırdım. Bir-iki dəfə köhnə televizoru açmağa çalışsam da, həyətdəki turbaya bağlanmış antenanı küləyin çoxdan sıradan çıxartdığın, turbanın pas atdığını gördüm.

Hərdən həyətdə kol-kos kəsib ağac sürüyən, yer belləyən uşaqlara yaxınlaşsam da,uzun və manikürlü dırnaqlarımla toz-torpağa, kol-kosa toxunmaq gəlmirdi içimdən. Yenicə düzəltdirib gəlmişdim, əllərimə, dırnaqlarıma bir şey olsa bu Allahın unutduğu kənddə necə düzəldəcəkdim onları?

İyirmi il öncə bu kənddən çıxanda altı yaşlı uşaq idim. Atam neft daşlarında işə düzəlmişdi. Ailəsini də özü ilə aparırdı. Qardaşım sevincək olsa da, mən sevinmirdim. Əl-ayaq qabqaran anama qoşulub xısın-xısın ağladığımızı xatırlayıram. Anam kimi mən də ömrümün bu kənddə keçdiyini düşünür, dünyamın bu kənddən ibarət olduğunu sanırdım. “Şəhər” sözü mənə o qədər uzaq, qəribə, qorxulu gəlirdi ki. Uşaq ağlımla ağaclardan asdığımız yelləncəklərin, qoz, tut, heyva ağaclarının, qırmızıyanaq, uzun hörüklü qohum-qonşu uşaqlarının ayrılığı mənə ağır gəlirdi. Qardaşım deyirdi ki, şəhərdə bu yelləncəklərdən daha gözəlləri var. Orda qızlar da oğlanlar kimi şalvar geyinir, ordakı ağaclar bizim ağaclardan daha gözəldir və evlər üst-üstə tikilib...

Bircə ay çəkdi. Bir aydan sonra şəhərin səs-küyü, maşınları, binaları, parkları, yelləncəkləri başımı necə qatdısa... Hər şeyi və hamını unutdum. Unutdum və şəhərli kimi böyüdüm.

Kəndin bircə müsbət tərəfi o idi ki, burda maska taxmağa məcbur deyildin. Koronanın vahiməsindən uzaq, sakit, səksəkəsiz həyat var idi burda. Di gəl, darıxırdım. Və ən pisi çantamda gətirdiyim siqaret tükənmək üzrə idi. Dörd dənə qalmışdı. Bitəndə neyləyəcəkdim? Dükandan ala bilməzdim, hamı maraqlanacaqdı! Axı evdə anamla mən qalırdım, kimə alırdım siqareti? Anamın mənə görə narahatlıq yaşamasını, söz-söhbət olmasını istəmirdim. Özümü çarəsiz dərdə düşmüş insan kimi kədərli hiss edirdim.

Mənasız və darıxdırıcı günlər idi. Zaman keçmək bilmirdi.

Bağı dolanıb çəpərin qurtaracağına gəldim. Çəpəri əməlli-başlı təmir etmişdilər. Həyət-bacaya həyat əlaməti qayıtmışdı. Boynumu uzadıb qaraja tərəf boylandım. Bir neçə traktor dayanmışdı. Traktorlardan birinin altında adam uzanmışdı. Ayaqqabıları görünürdü. Deyəsən, dünənki oğlan idi. Yerdən bir daş götürüb ona atdım. Daş ayaqqabısına dəydi. Oğlandan qəribə səs çıxdı. Deyəsən, başını qaldırıb nəyəsə çırpmışdı . Gülməkdən özümü zorla saxlayırdım. Boynumu qısıb çəpərin arxasında gizləndim. Oğlan traktorun altından çıxıb döyükə-döyükə ətrafa boylandı. Başımı qaldırıb astaca “şşşt!” elədim. Oğlan səsə boylanıb kol-kosun arxasında məni gördü və yaxınlaşdı.

- Xumar?

- Adımı hardan bilirsən? – təəccüblə ona baxdım.

- Mamam deyib.

- Hə? - nə deyəcəyimi bilmədim.

Oğlan çəpərin o tayındakı qovaq ağacına söykənib düz gözlərimin içinə baxa-baxa siqaret yandırdı. Ətrafa boylandım, heç kim gözə dəymirdi. Şər qarışmaq üzrə idi. Bir qədər tərəddüddən sonra:

- Mən də istəyirəm – deyə qəfildən dilləndim və mən də düz onun gözlərinin içinə baxdım.

- Nə? – oğlan çaşqınlıq içində idi.

- Siqaret. Birini də mənə yandır.

Təəccüblü gözlərini gözümdən çəkmədən cibindəki qutudan bir siqaret çıxardı, dodaqlarına yaxınlaşdırdı, o biri əlində tutduğu siqaretin közüylə yandırdı və itaətkar şəkildə çəpərin üstündən mənə uzatdı. Əli qapqara mazut içində, dırnaqları çirkli idi. Siqareti uzadanda utanırmış kimi əlini tez geri çəkib cibinə saldı.

Siqareti qapan kimi dodaqlarıma yaxınlaşdırdım. Qəribədir, az öncə bu mazutlu oğlanın dodaqlarına dəyən siqaretdən iyrənmədim. Çəpərin arxasında gizlənib siqareti çəkdim. Oğlan iki əli cibində, qovağa söykənib heyranlıqla mənə baxırdı.

- Pul versəm, mənə də siqaret alarsan? Amma heç kim bilməsin.

- Hansından çəkirsən?

- “Vinston-slim”. Burda tapılar?

- Bilmirəm, baxaram. Burda ucuz siqaretlər olur.

- Dayan, gəlirəm, pul gətirim.

- Lazım deyil, Xumar.

İkinci dəfə idi onun dilindən öz adımı eşidirdim. Min ilin tanışı kimi çox səmimi deyirdi. Ona məhəl qoymadan evə tərəf qaçdım.

Geri qayıdanda çəpərin o üzündə heç kim yox idi. Məni gözləməyib getmişdi. Ovcumda sıxdığım iyirmi manata baxa-baxa qaldım. Heyf. Ümidlənmişdim. Boğazımda bir az əvvəl çəkdiyim ucuz siqaretin acı tüstüsü qalmışdı. Pulu cibimə dürtüb kor-peşman evə qayıtdım.

***

Ertəsi günün axşamı bağı bir neçə dəfə dolanıb çəpərin qurtaracağına getmiş, qaraja boylanmışdım. Bir neçə nəfər traktorların yan-yörəsində dolanır, mazut tökür, təkər düzəldirdi. Mənim qaraqaş oğlanım gözə dəymirdi.

Həyətdə uşaqların asdığı yelləncəkdə oturub rəfiqəmlə yazışırdım. Durna əhvalatını və dünənki siqaret söhbətini ona danışıb, gülürdüm. Oğlanı ələ salır, üst-başının, əllərinin çirkindən danışırdım. Rəfiqəm də gülə-gülə səs atır, “səni o oğlana verəcəm” deyib məni cinləndirirdi.

Birdən qaraj tərəfdən traktor səsi eşidildi. Bir qədər dinşədim. Deyəsən, traktor qaraja yaxınlaşırdı. Yelləncəkdən düşüb telefonu cibimə basdım və qaraja tərəf qaçdım.

Çəpərə çatanda kollardan birindən asılıb, içəriyə tərəf sallanmış qara sellofan torba gördüm. Sakitcə yola boylandım. Qarajda bir neçə nəfər vardı. Qaraqaş oğlan da burda idi. Sellofan torbanı astaca koldan çıxarıb açdım. İçində üç qutu adını ilk dəfə gördüyüm siqaret, üç dənə plitka şokolad vardı. Boynumu uzadıb baxdım. Qaraqaş qaraj tərəfdən boylanırdı. Məni görən kimi əl işarəsi ilə “get” dedi. Başımı “yox” mənasında tərpədib pişik kimi ona baxdım. Təxminən on dəqiqə gözlədim. Öz aralarında nəsə danışırdılar. Qaraqaş hərdən baxır, hələ də burda olduğumu gördükcə başını yellədirdi.

Axır, kişiləri yola saldı. Ətrafa boylana-boylana çəpərə yaxınlaşdı və qovaq ağacına söykəndi.

- Bunlar çoxdur. Dünən sənə məni gözlə deməmişdim?

- Başqa siqaret tapmadım, bunları rayondan aldım bu gün. Siqaret qəhətə çıxıb, deyəsən, müharibə başlayacaq.

- Necə yəni? Siqaretlə nə əlaqəsi? – təəccüblə soruşdum.

- Qalın siqaretlər yoxa çıxıb mağazalardan. Naziklər də azalıb. Müharibəyə hazırlaşanda siqaret istehsal edən fabriklərdə güllə hazırlayırlar. Bunları çək, yollar açılsa, Gürcüstandan siqaret gətirəcəm sənə.

Heç nə başa düşmədim; açığı mənə maraqlı da deyildi. Onsuz da kənddə həmişə belə qəribə şayiələr yayılırdı. Siqaret zavodu hara, güllə istehsalı hara?! Qucağımda üç qutu siqaret vardı, qənaətlə işlətsəm düz bir ay çatardı.

- Şokoladlar üçün çox sağ ol. Xahiş edirəm, gözlə pulunu gətirim. Yoxsa götürməyəcəm.

- Artıq götürmüsən – oğlan güldü.

- Burda gözlə məni, yaxşı? Bax getsən, bir də heç nə istəməyəcəm səndən.

- Yaxşı – oğlan hiyləgər təbəssümlə baxırdı.

- Beş dəqiqəyə gəlirəm - deyib çevrildim. Sonra dayanıb geri döndüm və çəpərə yaxınlaşdım.

Oğlan sakitcə mənə baxırdı.

- Yaxınlaşa bilərsən? Söz deyəcəm sənə.

Oğlan ehtiyatla çəpərin üstündən mənə tərəf əyildi. Mən qəfildən boynumu uzatdım və onun yanağından astaca öpüb evə tərəf qaçdım. Burnuma mazut qoxusu dolmuşdu.

Bir neçə dəqiqə sonra geri qayıdanda o yox idi. Yenə gözləməyib getmişdi. Pul yenə ovcumda qaldı.

O gecə saatlarla rəfiqəmlə bunu danışıb-güldük. Rəfiqəm elə bir oğlanı öpdüyümə inana bilmirdi. Heç özüm də inanmırdım. Bəlkə də ömründə ilk dəfə idi bir qız onu öpürdü. Rəfiqəm deyirdi, o oğlan indi bir ay üzünü yumaz.

Bunu niyə etdiyimi bilmirdim. Heç bir hissim olmadan öpmüşdüm onu. Heç təşəkkür öpüşü də deyildi. Sırf əyləncə üçün...

***

Virus söz-söhbəti səngimişdi. İndi bütün xəbərlərdə ancaq bir söz oxuya bilirdin: “Müharibə”. Səssiz-sədasız qəfildən başlamışdı müharibə. Və qəribəsi bu idi ki, heç kim qorxmurdu. Əksinə, hamı sevinc, həyəcan içində idi.

Hər yerdə “Qarabağ Azərbaycandır” sədaları yüksəlirdi. Kəndin bütün oğlanları dəstə-dəstə rayon mərkəzinə, hərbi komissarlığa axışır, könüllü cəbhəyə yazılırdı. Düzü, mənim müharibə haqda konkret bir fikrim yox idi. Müharibə mənim üçün yalnız ölüm demək idi. Çox insan öləcəkdi...

Axşamüstü yenə günlərdir görüş yerinə çevirdiyim çəpərin dibinə getdim. Sabir - artıq adını öyrənmişdim - qarajda eşələnirdi. Astaca “şştt” eyə səsləndim. Ətrafa boylana-boylana mənə yaxınlaşdı. Onu öpəndən bəri məndən utanırdı. Gözlərimin içinə baxmırdı.

- Necəsən? - deyə təbəssümlə dilləndim.

- Yaxşı, sən necəsən?

- Sən də getmişdin?

- Hara?

- Könüllü yazılmağa. Müharibəyə gedəcəksən?

- Gedim? – gözlərimin içinə baxdı, nəhayət.

Bir anlıq duruxdum. Mən ondan cavab gözləyərkən indi özüm cavab axtarmalı olmuşdum.

- Hamı gedir də. Sənin nəyin əskikdir? – gülümsəməyə çalışdım.

- Yaxşı, mən gedim. Anamı evə gətirməliyəm.

- Yaxşı, sağ ol, mən də qaçdım.

- Xumar - arxadan astaca məni səslədi.

Çevrilib ayaq saxladım və nə deyəcəyini gözlədim.

- Getsəm, mən gəlincə gözləyərsən burda?

Nə dediyini başa düşmədim.

- Hara?

- Müharibəyə. Getsəm, qayıdana qədər gözləyərsən burda?

- Bəs qayıtmasan? – gülə-gülə dilləndim.

- Heç nə. Qayıtmasam gedərsən.

Nə deyəcəyimi bilmədiyim üçün çevrildim və evə tərəf addımladım. Arxadan yenə adımı səsləsə də, eşitməzliyə vurdum.

Həmin gecə yenə rəfiqəmlə bu hadisəyə xeyli güldük. Rəfiqəm deyirdi, o oğlan sənə vurulub, yazıqdır. Daha ümid vermə ona. Sabah-birigün çıxıb gedəcəksən, oğlan neyləyəcək? Nə deyəcəksən? Deyəcəksən, bağışla, mən darıxdığım üçün əylənirdim?

O gecə yata bilmədim. Sinəmin altında ağırlıq hiss edirdim. Sanki nəsə oğurlamışdım, ya da nəyi isə salıb sındırmışdım. İlk dəfə idi özümü belə nigaran və qəribə hiss edirdim.

***

Sonrakı gün qarajda onu görmədim. Ondan sonrakı gün də yox idi.

Və daha sonrakı günlərin heç birində Sabir yox idi. Döyüşə yollanmışdı. Könüllü.

İçimdə qəribə bir əminlik, narahatlıq və kədər vardı. Sanki, onu bir daha burda, qarajda, hətta bir daha heç yerdə görməyəcəyimi hiss edirdim.

Kəndin uşaqları könüllü-könülsüz müharibəyə yollanmışdılar. Artıq iki həftə idi döyüşlər davam edirdi. Şəhid və zəfər xəbərləri bir-birinə qarışmışdı. Bütün ölkə bir nəfər kimi birləşib, bu qanlı və şanlı günlərdən üzüağ çıxmaq arzusuyla yaşayırdı.

Üçüncü həftənin ikinci günü kəndə ilk qara xəbər yayıldı. Şəhidimiz vardı. Düz dörd nəfər. Kənd bir-birinə dəymişdi. Ağlayan qadın səsləri, sirenalar kəndi başına götürmüşdü. Bayraqlara bürünmüş uşaqlar “Şəhidlər ölməz!” deyə qışqıra-qışqıra yollarda təpik döyür, bütün evlərin, talvarların üstündə ay-ulduzlu bayraqlar dalğalanırdı.

...Çəpərin dibində yerə çöküb başımı əllərimin arasına almışdım. Göz yaşları içində boğulurdum. Şəhidlərdən biri Sabir idi. İnana bilmirdim. Tez-tez qaraja tərəf boylanır, Allaha yalvarırdım ki, yalan olsun. Kaş Sabir yenə ordan mənə “get” – deyərdi. “Get” yox, lap elə “rədd ol” deyərdi. Beş dəfə, on dəfə, yüz dəfə baxdım bəlkə. Amma Sabir yox idi. Günlər öncədən hiss etdiyim kimi bir də heç vaxt olmayacaqdı...

Hamı bir-birinə qoşulub müharibəyə dözməyə, şəhidlərə səbr etməyə, zəfərə sevinməyə çalışırdı. Qadınlar bütün gün ağlaşır, oğlanlar bir ucdan cəbhəyə yollanırdı. Kəndə ara-sıra yenə şəhid xəbərləri gəlirdi.

Günlərdir evdən bayıra çıxmır, telefonu söndürüb yatırdım. Hər şeyin yuxu olduğuna inandırmaq istəyirdim özümü. Hər dəfə bu ümidlə yatırdım.

Qaraja tərəf gedə bilmirdim. Çantamda bir neçə qutu siqaret, şokolad və saqqızlar vardı. Heç birinə toxunmaq istəmirdim.

Neçənci gün olduğunu bilmirdim. Yerimdə bir xeyli uzanandan sonra durub otaqdan çıxdım. Anam bir dəstə qadınla aynabənddə söhbət edirdi. Pəncərəyə söykənib onlara qulaq asmağa başladım.

- Deyir, cibindən bir kağız çıxıb baxtıqaranın. Yazıbmış ki, sənə ümid vermişdimsə, məni bağışla. Bir də böyük “X” hərfi yazılıbmış kağızın küncünə.

- Kimin, Bəsirə xala? – qeyri-ixtiyari, həyəcanla soruşdum.

Səsim arvadları diksindirdi. Burda olduğumdan xəbərsiz idilər, deyəsən.

- Sabirin, ağrın alım, Surayanın baxtıqarasının – qadın dəsmalı gözünə sıxıb hönkürdü – görəsən, hansı yığvalsız qız imiş Sabirin ümid verdiyi? Anası deyir, tapsam, o qızın ayaqlarına düşüb yalvaracam, oğlumun dilindən “bağışla” deyəcəm.

Yer-göy başıma fırlandı. Üzümü çevirib, otağa qaçdım. Yorğanın altına girib, dişimlə dodaqlarımı sıxdım ki, hönkürtüm eşidilməsin. Boğulurdum. Nəfəs ala bilmirdim.

Mənim ona deməli olduğum “bağışla” sözünü o mənə demişdi. Öləndən sonra həm də .

Gör ona nə boyda ümid vermişəmmiş, ilahi, mən bu yükün ağırlığı ilə necə yaşayacaqdım?

Nə edəcəyimi bilmirdim. Hara gedəcəyimi, bundan sonra necə yaşayacağımı, dərdimi kimə danışacağımı bilmirdim.

“Necə”lər və göz yaşları içində azıb qalmışdım, vurnuxurdum.

Kimsə hardasa bir daş çevirmişdi və mən yolu tapa bilmirdim.

Onun sözləri qulaqlarımda cingildəyirdi: “Durnaların lənəti bizi tutacaq, biləsən...”

# 10908 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #