Kulis.az Həmid Piriyevin “Şaftalı çiçəkləri fəsli” hekayəsini təqdim edir.
Bağlarda yabanı razyanalar bitir. Baxımsız bağlarda böyüyür, kollanır, hasar boyu qalxır. Yayda razyananın iyi elə də hiss olunmur, başqa güllərin iyinə qarışır, təsiri itir. İndi qışdı, hər tərəfdən razyana iyi gəlir.
Gecəni yatmamışam. Sərxoş dünən səhər gedəndə burnunu çəkirdi, axşam da gəlmədi. Axşam zəng eləyib naxoşladığını dedi. Mənsə tək qalanda qorxuram, yata bilmirəm...
Həyətə çıxan kimi razyananın iyi burnumu qıcıqlandırır. İyi ciyərlərimə çəkdikcən bütün yorğunluğum, yuxusuzluğum yoxa çıxır, gümrahlaşıram. Quyunun motorunu vururam, əl-üzümü yuyuram bumbuz quyu suyuynan. Su sifətimə dəyəndə qeyri-ixtiyari çənəm əsir, dişlərim dişlərimə dəyir, canıma üşütmə düşür. Heç yarım dəqiqə keçməmiş üzümdəki su damcıları qızışır, üşütməm keçir, amma dekabr ayazı damcıları yenə soyudur, üzüm elə bil çatlayır. Motoru söndürüb evə girirəm. Gecədən yarım dənə çörəknən ət konservinin yarısı qalıb. Bu Sərxoşun payıydı, gəlsəydi o yeyəcəkdi. Əl-üzümü siləndən sonra konservi elə öz qabında qızdırıram, soyuducudan şoraba çıxartanda ağzı açılmamış arağa baxıram. Sərxoş gəlsəydi bunu da gecə içəcəkdik. Üzü pəncərəyə oturub çörəyimi yeyirəm. Sərxoş keçən il düz pəncərənin qabağında şaftalı ağacı əkib. Şaftalıdan xoşu gəlir. Öz həyətləri şoranlıqdı, ağaclar iki-üç ildən sonra quruyur. Gətirib burda əkib ki, bəlkə tutsun, öz əkdiyi şaftalının meyvəsindən yeyə bilsin.
Dəniz qırağına yaxın bağdı bura. Burda işləyirəm, həm bağbanam, həm də gözətçi. Gündə bir-iki saat gedib evə dəyirəm, kənddən alınmalı şeyləri alıb gəlirəm, qalan bütün vaxtım burda keçir. Bağ yiyəsi qışda çox gəlmir, ayda bir dəfə gəlib maaşımı verir, hərdən də kefinə düşəndə dost-tanışını yığıb yeyib-içməyə gəlir.
Sərxoş da qonşu bağın gözətçisidi. Açılıb-yığılan çarpayısını gətirmişik, gecələri burda yatır. Tək qalmaqdan qorxuram. Uşaqlıqdan beləyəm, amma uşaqlıqda az şeydən qorxurdum, indi çox şeydən. Böyüyə-böyüyə qorxularım da böyüyüb məniynən. Tez-tez araq da alıram, içib şellənirik. Sərxoşu tez tutur, ona görə Sərxoş deyirəm ona.
Uşaqlıqda araqdan xoşum gəlmirdi. Səlimə xalanın araq üçün yalvardığını görmüşdüm uşaqlıqda. Səlimə xala qonşumuz idi, uşaqları, nəvələri şəhərdə yaşayırdı. Qocalıb əldən düşmüşdü, hay-hayı getmişdi, vay-vayı qalmışdı, gedəndə ayaqları dolaşırdı bir-birinə. Yaman içəndi, hər gün içirdi.
O vaxtlar limonad butulkalarını yığıb satırdım, puluna yenə limonad alırdım. Butulkaları Faiq əmi alırdı. Bir dəfə yenə butulka aparmışdım. Pulumu alanda Səlimə gəldi. Əlindəki sellofan torbalarda "çubuş" butulkaları vardı.
"Faiq," dedi, "otuz iki danadı..."
"Ay Səlimə," Faiq səsinin gur yerinə salıb dedi, "demişəm bunlardan gətirmə də. Bunları almıllar".
Səlimə yenə torbaları uzatdı Faiqə.
"Səlimə, söz başa düşmürsən? Min manat sənə verceyəm, min manat da verceyəm ki, aparıb tullasınlar. Götür apar bunları."
Səlimə yazıq-yazıq baxıb lap yavaşdan dedi:
"Otuz iki danadı..."
Faiq əmi cibindən min manat çıxarıb uzatdı Səlimə xalaya. Səlimə xala pulu alıb yazıq-yazıq baxdı.
"Çubuşa çatmır axı, min manat da ver də..."
O vaxtdan ağlıma batmışdı ki, araq pis şeydi. Söz vermişdim heç vaxt içməyim. Amma indi araqsız dayana bilmirəm...
Çörəyimi yeyib süfrəni yığışdırıram. Həyətə çıxıb siqaret yandırıram. Yenə razyana iyi burnumu qıcıqlandırır. Bizim həyətdə razyana kolu yoxdu, bağ yiyəsinin ot-ələfdən xoşu gəlmir, bağı təmiz saxlayıram. Bu biri bağsa yiyəsizdi, Sərxoşun işlədiyi yox, sol tərəfimizdəki. Neçə ildi buralardayam, o bağın qapısını açan görməmişəm. Həyət başdan-başa razyana koludu. Yayda lap qəşəng görsənir, kollar yaşıllaşır. İndi saralıblar, amma yenə də qəşəngdilər.
Beli götürüb əncir ağacının dibini qazımağa başlayıram. Qazıya-qazıya kökündəki bic-qıcları təmizləyirəm. Bunu atamdan öyrənmişdim. Hər il belə eləyirdi. Dövrələmə qazıyandan sonra bir araba peyin götürüb paylaşdırıram, çalanı doldururam. Bu iki saat vaxtımı alır. Çay qızdırıb içəndən sonra bir ağacın da dibini açıram. Bu ağacın dibindən paslı qıfıl çıxır. Bu həyətdən tapdığım ikinci qıfıldı. Birinci nar ağacının dibini qazıyanda çıxmışdı. Onda Sərxoş demişdi ki, bu bağın köhnə sahibi cindar arvaddı. Yəqin kimlərinsə bəxtini bağlayıbmış.
İkinci ağacın da dibini peyinləyib örtürəm. Bugünlük bəsdi.
Bir stəkan da çay içəndən sonra durub geyinirəm. Həm gedim evə dəyim, həm də Sərxoşu başa çıxım. Soyuducudakı araq yadıma düşür, götürüb gödəkçəmin iç cibinə soxuram. Bir stəkan içirdərəm Sərxoşa, heç nəyi qalmaz.
Qapını qıfıllayanda görürəm ki, papağımı götürməmişəm. Amma dala qayıtmıram, yoldan qayıtmaq xoşuma gəlmir. Yiyəsiz bağın yanından keçəndə əl atıb hasardan boylanan razyana kolundan bir əlçim qopardıram, sağ əlimdə ovuşdururam. İyi əlimə hopur. Tünd iyi var razyananın, əlini sabunnan yumasan axşamacan getməz. Gedə-gedə hərdən ovcumu iynəyirəm. Təxminən on dəqiqə gedəndən sonra bağlar qurtarır, kənd evləri başlayır. Küçələr bomboşdu. Evə çatıram, anam yemək çəkir, yeyib dururam.
"Dükana gedəciyəm, bir şey lazımdı?" soruşuram.
"Yox," - deyir.
Həyətdən çıxıb siqaret yandırıram. Külək dayanıb, hava çox soyuqdu, qulaqlarım kəsilir. Sərxoşgilin evi kəndin o biri başındadı. Kəndin içindən keçəndə dükana girirəm, deyirəm bir az şirni alım, əliboş getməyim. Piştaxtadakı şirnilərə baxanda Məlik əmi gəlir.
Məlik əmini balacalıqdan tanıyıram. Sısqa, yazıq görkəmi var. Mən böyüdükcə balacalaşıb elə bil Məlik, yumağa dönüb.
Belələri özünü dolandıra bilmir. Gərək kimsə başının üstündə olsun. Təbiəti belədi, buyruğu xoşlayır belə adamlar. Nə tapşırsan cannan-başnan hazırdı.
Saf adamdı Məlik. Ürəyi təmizdi.
Əfəl adamdı Məlik.
Deyirlər, bunun toyu olanda, axşam böyüklər çağırıb ki, vaxtdı, gəl gir içəri. Bu da başa düşməyib, deyib ki, siz gedin, mən də gəlirəm. Lətifəyə dönüb bu əhvalat kənddə. Kim Məliki görsə, dalıycan bunu danışıb gülür. Mənimsə gülməyim gəlmir. Heç vaxt gülə bilməmişəm ona.
Yazıq adamdı Məlik.
Məlik qapının yanında, konfetlər düzülən cərgənin qabağında dayanır, dükançı Rəşadı yavaş səsnən çağırır. Əlini iris konfetinə tərəf uzadır, deyir ki, ondan altı dənə çək. Rəşad altı dənə iris götürüb elektron tərəziyə qoyur.
"Məlik əmi, otuz qəpik eləyir".
Məlik ovcunda hazır sıxıb saxladığı otuz qəpiyi uzadır, konfetləri alıb həmin ocvunda saxlayır, gözləri gülür əvvəlcə. Çoxdan arzuladığı oyuncağı alan uşaq kimi sevinir. Sonra konfetləri ovcunda sıxır, gizlətməyə çalışır elə bil. Utandığı bilinir, çəkinir məndən. Oğrun-oğrun mənə tərəf boylanır. Cəld üzümü çevirirəm ki, baxdığımı görüb daha da sıxılmasın. Dükandan çıxıb becid-becid gedir.
Birdən cibimdəki araq bədənimi soyudur.
İki qutu biskvit, bir kilo şokolad, bir qutu da çay alıram.
Rəşadnan sağollaşıb dükandan çıxıram...
Sərxoşgilə çatanda anası da qonşudan çıxır. Salamlaşıram, Sərxoşu soruşuram, başını yellədir. Həyətə giririk.
Sərxoşun otuz səkkiz yaşı var, evlənməyib. Anasıynan bir yerdə yaşayır, atası Qarabağda şəhid olub. Bir bacısı var, ərdədi. Bildir anasını əməliyyat elətdirib, onda kalan borca girmişdi. Keçən ay qurtara bildi borcunu.
Evə girirəm. Sərxoş şüşəbənddə, divanda uzanıb. Şirni olan torbanı Sərxoşun anasına verib Sərxoşun yanına gəlirəm. Anası yorğanı yaxşı-yaxşı basdırıb, başına yun papaq basıb, boynundakı şərfin ucu yorğanın altından görünür. Məni görən kimi dikəlmək istəyir, imkan vermirəm, stul çəkib yanında otururam. Yorğanı sinəsinə çəkir, üzü açılır.
"Sərxoş," deyirəm, "necəsən?"
"Ölürəm," - deyir, xırıltılı səsi elə bil quyudan gəlir.
"Görürəm," - deyib gülürəm.
Anası sinidə çay gətirir mənimçün, qənddana mən aldığım şokoladlardan töküb. Çayı qoyub həyətə çıxır.
"Sənin dərmanın məndədi," - deyib cibimdən arağı çıxarıram.
"Yox," Sərxoş başını yellədir, "boğazımdan bir gilə su keçmir".
"Bir stəkan iç, yaxşı olacaqsan," - deyirəm.
Yenə başını yellədir. Çiyinlərimi çəkirəm, yəni özün bil. Butulkanı təzədən cibimə soxuram.
"Doxdurxanaya getmisən?"
Yenə başını yellədir. Pulu yoxdu Sərxoşun, getsə bir palaz iynə-dərman yazacaqlar, nəynən alacaq?
"Gözlə, gedim Elnur doxduru gətirim," - deyirəm.
"Lazım deyil," - deyir, "onsuz da öləciyəm".
"Hardan bilirsən?"
"Atam da otuz səkkiz yaşında ölmüşdü".
Bilmirəm nə deyim. Çoxdandı bu fikir Sərxoşun beyninə işləyib. Çox vaxt dəm olanda deyirdi ki, atam ölən yaşda öləcəyəm. İndi də deyir. Mənsə bilmirəm nə cavab verim. Bir-iki dəqiqə bir-birimizə baxırıq. Bayırdan nəsə tappa-tup səsi gəlir, deyəsən odun doğrayırlar. Sərxoş çaya işarə edir, stəkanı götürüb bir-iki qurtum içirəm.
"Şaftalı bu il gül açmalıdı," - Sərxoş deyir.
"Hə," - deyirəm. "İkinci ilidi".
"Qoyma qurusun," - deyir, "şaftalının güllərinə fikir vermisən? Badam gülünə oxşayır".
"Hə," - deyirəm, "oxşayır. Az qalıb, bir-iki aya yaz gəlir, gül açacaq".
Anası bir qucaq odunnan evə girir. Odunları dəmir sobaya doldurur, sobanın yanındakı köhnə corabı düyünləyib fitil düzəldir, butulkadakı ağ neftnən isladıb yandırır, odunların arasına soxub sobanın qapısını bağlayır. Sonra yenə mətbəxə keçir.
Çayı içib ayağa dururam. Cibimdən bir az pul çıxarıb Sərxoşun balışının altına qoyuram. Etiraz etmək istəyir, imkan vermirəm.
Gödəkçəmin yaxasını bağlayanda Sərxoş soruşur:
"Papağın hanı?"
"Bağda qalıb".
"Mənimkini götür". Asılqandakı papağa işarə edir. "Bayaq xəbərlərdə dedilər, yağış yağmalıdı. İslanarsan".
"Yox," - deyirəm, "hara gedirəm ki? Beş dəqiqəyə çataciyam da bağa".
Amma Sərxoşgildən bağacan hardasa yarım saatlıq yoldu. Əslində yolun uzunluğunu fikirləşmirəm, gecə yenə tək qalmalıyam, onu fikirləşirəm, bir də arağı tək içməyin dərdi götürüb məni...
Sağollaşıb çıxıram. Evin damına, sobanın bacasına baxıram. Bacanın ağzına yanakı kərpic qoyublar, tüstü kərpicin yanındakı boşluqlardan çıxıb göy üzünə millənir.
Göy üzü tərtəmizdi, bir tikə də bulud yoxdu.
Yağış yağmır.
İyul-sentyabr 2018