Şəkidən reportaj: Qatardakı qadın ayaqları

Şəkidən reportaj: Qatardakı qadın ayaqları
8 sentyabr 2011
# 11:00
Hələ Ramazan bayramında tətil günlərinin sayı barədə Nazirlər Kabinetinin qərarı çıxmamışdan bir ay öncə bu tətildə mütləq Bakıdan çıxacağımı, onu rayonlardan birində qeyd edəcəyimi müəyyənləşdirmişdim.

Tətilin 4 gün sürəcəyini öyrənən kimi dostlara hay saldım. Bir-iki planımız oldu. Tətilin başlamağına bir gün qala məlum oldu ki, bu tətili dostlara birgə keçirmək imkanımız olmayacaq. Onda iki nəfərlik bilet üçün dəmiryolu vağzalına yollandım.

Qatar axşam 9-da vağzaldan tərpəndi. Biz artıq kupedə çantalarımızı yerləşdirib, yerlərimizi rahatlamışdıq. Qatarda “bezbilet“ gedən bir yaşlı oğlum özünü çox rahat hiss edir, qatarın aramsız yırğalanması ona hədsiz ləzzət verirdi. Odur ki, kupeyə girmək istəmir, eləcə vaqonun dəhlizində dəlisovluq eləmək istəyirdi.

Mənsə hələ rahatlaşa bilmirəm. Nəyi necə etməyi götür-qoy edirəm. İran səfəri üçün Bakı-Astara qatarına minməyə hazırlaşan və məndən qat-qat çox səfər təcrübəsinə malik Qan Turalı ilə telefonda danışandan sonra bələdçiyə iki manata verməklə Şəkiyə çatanadək istədiyimiz qədər çay içə biləcəyimizi öyrənirəm.

Pullu nəzakət

O dəqiqə bələdçiyə çay sifariş etdim. Çaylar kupeyə gələndə ona iki manatı uzatdım.

İlahi, pul nə böyük sehrli qüvvəyə malik imiş. Onun ilahi sehrini bir daha hiss edirəm.

Somerset Moem deyir ki, pul altıncı hissdir, onsuz qalan bütün hisslər yarımçıqdır. Ustad doğru söyləyirmiş, bayaqdan bütün suallarıma çımxıraraq cavab verən bələdçi qadın iki manatı alandan sonra mənimlə çox həlim danışır, suallarımı nəzakətlə cavablandırır.

Qatarla çox adam yola salsam və qarşılasam da bu vaxta qədər cəmi iki dəfə sərnişin qismində qatarda olmuşdum. Bunlardan biri əsgərlikdə başqa hərbi hissəyə keçirilərkən, ikincisi isə əsgərlikdən gələn günün səhəri heç Bakını doyunca görməyə macal tapmamış atamla Lənkərana işləməyə gedərkən olmuşdu.

Kiçik haşiyə: əsgərin iztirabı

Bizi Salyan dəmiryolu stansiyasında qatara mindirdilər. 90-a yaxın əsgər idik. Əsgərləri vaqonlarda bir təhər yerləşdirdik. Üstümüzdə rəhbər olan leytenantla mənə uyğun bir yer tapılmadıqda bələdçi bizi mülki vətəndaşların olduğu plaskart vaqona yerləşdirdi.

Orda da yatmağa yer olmadığı üçün naçar masada əyləşib hərbidən söhbət eləməyə başladıq. Mən, elə zabit də Bakıya çatacağımızı səbrsizliklə gözləyirdik. İkimiz də Bakıdan idik. Bakı üçün darıxmışdıq. Mən elə indidən araya salıb ondan Bakıda evimizə dəymək üçün icazə alıram.

Plaskartda bizdən başqa hamı yatmışdı. Qatarda, xüsusən plaskart vaqonlarda sərnişinlərdə qeyri-adi məhrəmlik olur, hamı bir-biri ilə ünsiyyət qurmağa çalışır, bir-birlərindən çəkinmirlər.

Eynən çimərlikdə olduğu kimi heç kim heç kimə nəzər etməz. Əsgər olduğumdan və dəhşətli darıxmağımdan xəbərsiz olan bu insanların yatmaqlarına baxıb gizli-gizli paxıllıq keçirirdim. Mənə elə gəlirdi ki, mənim əsgər olmağımda bu adamlar günahkardırlar, mənim sərbəstliyimi onlara qurban verdiyim üçün onlar da mənə minnətdar olmalı, yeri gələndə təzim etməlidirlər.

Yatıb özündən keçmiş, üstündən sıyrılmış adyaldan çılpaq ayaqları, sinələri görünən qadınlara baxdıqca səbrim tükənirdi. Ömrümdə ilk dəfə insan qəlbindəki seksual istəyin bu qədər dərin olduğunu o an dərk etdim. Necə dəhşətli hisslər idi. Mən o qadınlardan birini məmnuniyyətlə parçalayardım. Kişi qadınsız vəhşiləşir – Beqbederin sözləridir.

Aylardır kişi mühitində olmuş bir adam üçün nəinki çılpaq qadın ayaqları, gülümsəyən qadın çöhrəsi də qənimət idi. Onda mən çox pis olduğumu anlayıb tambura çıxdım.

Şəki bizdən qabaq oyanıb

Qatardan düşüb əvvəlcədən bizi vağzalda gözləyən taksiyə minib şəhərə yollandıq. Hava tutqun idi. Bizə bildirmişdilər ki, dua edin yağış yağmasın. Yağış yağsa tətiliniz bihudə keçəcək. Şəkini görə bilməyəcəksiniz. Şansımızı sınamaq üçün burda deyildik.

Tutqun havaya baxdıqca, arada oğrun-oğrun maşının şüşəsini döyəcləyən yağış damlalarını gördükcə içimdəki narahatlıq artırdı. Buludlar ağ yaylıq kimi yaşıl dağların boynuna sarılmışdı.

Qurcana çayı boyunca qurcana-qurcana

Bizim üçün hazırlanmış evə çatdıq. Ev “doqquz mərtəbə” deyilən ərazidə kirayələnmişdi. Bir az dincəlib yolun yorğunluğunu üstümüzdən atdıqdan və səhər yeməyi yedikdən sonra yollandıq Şəkini gəzməyə.

Şəkinin mərkəzindən Qurcana çayı keçir. Məqsədimiz çay boyunca üzü yuxarı qalxaraq həm şəhəri seyr etmək, həm də yolun başında yerləşən Xan sarayını ziyarət etməkdi.

Ötən il yaponlar Qurcana çayını zibildən təmizləyiblər. Amma yenə də çayın yatağında zir-zibil gözə dəyir. Yaponların başları sunamiyə qarışdığından bu il təmizləyə bilməyiblər.

Şəkililər həqiqətən çox baməzədirlər. Çay boyunca ara-sıra bu cür lövhələr rast gəlmək olar: “Çaya zibil atan 500 manat cərimə olunur”.

İnanmıram ki, bu astronomik məbləği görəndən sonra kimsə ürək edib çaya zibil atsın. Şəkidə olduğum iki gün ərzində boş siqaret qutularını çantamda daşıdım. Hətta siqaret kötüklərini atarkən qabaqcadan ətrafa boylanıb ehtiyatımı görürdüm.

Küçələrə kim su səpdi

Şəkinin küçələri də təmizdir. Şəhərdə bir dənə də Bakıda rast gəldiyimiz, üstünə MİS yazılı zibil tənəkələrinə rast gəlməzsən. Axşam əlimdə bir zənbil zibil yol qırağındakı mağaza işçisindən onu hara ata biləcəyimi soruşduqda gülərək əksər qonaqların mənim kimi zibil qutuları axtardığını bildirir. Lənət şeytana, turist əlindən zara gəlmiş şəkililər onlarla məzələnirlərmi?

Sən demə? Şəki İcra Hakimiyyəti şəhər küçələrindəki bütün zibil qutularını yığışdırıb. Hər gün səhər zibil maşınları məhəllələri dolaşır, sakinlər də həyətlərdə yığdıqları zibilləri bir başa maşınlara boşaldırlar.

Buna görə də şəhərdə zibil qutularına ehtiyac qalmır. Yolların qırağı ilə çəkilmiş arxlar da siqaret kötükləri, tum qabıqları kimi xırda-para zibilləri yuyub apardığı üçün küçələrdə zibil yığılmır. Boz asfaltın təmizliyinə baxanda adam heç yerə tüpürmək belə istəmir.

Xanın yay sarayı

Şəki camaatı turistlərə öyrəşiblər. Buna görə də onlara demək olar ki, fikir vermirlər. Heç taksi şoferləri də turist görəndə mamont ovuna çıxan mağara adamları kimi çığırıb qabağına qaçmırlar. Yalnız əntiq və turistik əşyalar satan alverçilər onlara maraq göstərirlər.

Beləcə Şəkinin əsas küçəsi ilə heç bir xüsusi diqqət cəlb etmədən Xan sarayının yuxarı qapısına çatdıq.

Qala divarlarının çox hissəsi əsaslı təmir olunmuşdu. Köhnə divar daşları gözə dəymirdi. Qala divarlarının içərisində Xan sarayından başqa üç muzey də yerləşir. Amma turistlər buralara daha çox Xan Sarayına tamaşa etmək üçün gəlirlər.

Bilet alıb saraya daxil oluruq. Uşağın ayağına da baxıl geyindirmək gərək olub olmadığını soruşduqda mühafizəçi deyir:

- Fikir yoxdur.

Onun sözünə xımı –xımı gülümsəsək də mənasını anlayıırıq.

Bunları usta Abdulla çəkib

Xan sarayının divarlarındakı rəsmlər valehedicidir. Tavanlarda, divarlardakı, ornamentlər, naxışlar, heyvan təsvirləri, döyüş səhnələri. Bələdçi qadın onların mənasını anladır. Amma məsələyə məişət kontekstində yanaşır. Məsələn, balıq üzərində dayanmış şir başlı qadını göstərərkən deyir ki, qadın ağıllı olmayanda hakimiyyət kişininn ayaqları altından sürüşüb gedər.

Məncə? bu təsvirlərin daha dərin mənaları var. Bunların mənaları qədim Şərq miflərində, yaradılışla bağlı əfsanələrində gizlənib.

Xan sarayı 18-ci əsrin sonlarında tikilib. Tarixdən bildiyimizi kimi, sarayın pəncərələrindəki işləməli şəbəkələrin quraşdırılmasında mismardan istifadə edilməyib.

Sarayın həyətindəki qoşa xan çinarları saraya xüsusi ecazkarlıq bəxş edir. Bələdçi qadın bəlağətli səslə söyləyir: “Çinarların budaqları binanı gündən, kökləri isə zəlzələdən qoruyur”. Çinarların beş yüz ilə yaxın yaşı var. Onları gətirib bulvarda beş yüz yaşlı baobab ağaclarının yanında əkmək olar.

Ruslar məscidi kilsə etdilər

Şəki diyarşünaslıq muzeyi 5-6-cı əsrlərə məxsus alban məbədində yerləşir. Bu məbəd əvvəllər xanın ev məscidi imiş. Ruslar Şəkini zəbt edəndən sonra dairəvi məbədə əlavə tikililər qoşaraq onu xaç formasına salmış, kilsə kimi istifadə etmişlər. Sovet dövründə isə kilsə anbar kimi işlədilib. Burada Şəki ərazisindən tapılmış tarixi eksponatlar nümayiş olunur.

Şəki Sənətkarlıq Muzeyi əski sənətkarların əl işləri və bunların hazırlanma mexanizmlərini əks etdirir. Muzeyin binası 19-cu əsrlərin sonlarında tikilib. Bu bina da Şəkidəki əksər binalar kimi kərpicdəndi. Ötən əsrin ortalarına kimi bina həbsxana kimi istifadə olunub.

Ardı olacaq
Mirmehdi AĞAOĞLU
# 2017 dəfə oxunub

Oxşar xəbərlər

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
# # #