“Xosrov və Şirin”in erotik səhnələri

“Xosrov və Şirin”in erotik səhnələri
18 avqust 2011
# 06:00
İranın Mədəniyyət Nazirliyi nəşriyyatlardan Nizaminin 800 illik əsəri “Xosrov və Şirin”indən bəzi hissələrin çıxarılmasını istəyib.

Buna səbəb həmin hissələrdə bəzi açıq-saçıq hissələrin olmasıdır.

Diqqətinizə Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından “Xosrov Şirinin Toyu” hissəsindən bəzi məqamları təqdim edirik.


Səadət bir gülü bəslərsə əgər,
Bəslədiyi gülə həvəskar istər.
Əvvəlcə tikərək tale bir papaq,
Şah başına qoyar vaxtında ancaq.
Üzgüçü dənizdən dürrü çıxardar,
Taxar öz tacına sonra hökmdar.
Şirin ki, olmuşdu təzə şanlı bal,
Xosrovu səslədi: "Bu badəni al!
İç, sənə nuş olsun, qəm çəkmə bir an,
Şirindən qeyrisi çıxsın yadından!"
Bir tərəfdən özü Xosrova gizlin
Xəbər göndərdi ki: "Bəsdir, içməsin."
Dedi: "Bu gecəlik camı tərk elə,
İşrət məclisini quraq mənimlə.
İçkini sevirsən, Şirindən əl çək,
İki sərxoşluğa dözməz bir ürək."...

Şirinin sözündən o şahi-əcəm
Xoşlandı və dedi: "Ey gözəl sənəm!
Ancaq kef günündə qəm çəkmək olmaz."


***

Eşqdən yaranmış ləl dodaq, dür diş,
Nə dişi ləb görmüş, nə ləbi bir diş,

***

Bədəni yoğrulmuş süddən, şəkərdən,
Süddən də ağ idi təbaşir bədən.

Səhər adətincə oyanan zaman
Tikansız çiçəyi gördü nagəhan.
Gözələ vuruldu onun ürəyi,
Isti təndir görüb yapdı çörəyi.
Getdi acı meyin acı buxarı,
Şirinin öpüşü qırdı xumarı.

***
O gül üzdən öpdü hey gülə-gülə.
Sonra da eşq üçün tökərək tədbir,
Təzə meyvələrə əl atdı bir-bir.
Gah alma, səmənlə oynayırdı şah.
Nər ilə, nərgizlə oynayırdı gah.
Əlindən çıxırdı bəzən o qartal,
Döşünə qonurdu kəkliyin dərhal.
Bəzən çırpınaraq qalxırdı, yenə
Göyərçin qonurdu tərlan döşünə.
Dişi marala bax, şirlə güləşir,
Qalib gəldi ona axır nərrə şir.
Xəzinədar bilincə yaqutla birdən
Qopardı möhrünü əqiq üstündən.
Gördü o hasarda gümüş qıfıl var,
Dirilik suyutək möhür vurublar.
Nə duyub məzlumun ayaq səsini,
Nə görüb zalımın qan pəncəsini.
O qönçə peykanla tez birləşirdi,
Peykanının ucu ləli deşirdi.
Sanki şah Xızr idi, zülmət də gecə,
Buraxdı balığı suya gizlicə.
Şadlıqdan həvəslə çəpik çalırdı,
Katibtək altmışa biri salırdı.
Demirəm hədəfə bir ox atırdı,
Yox, tumsuz xurmanı südə batırdı.
Bir bel digərinə olmuşdu çənbər,
Can cana çatmışdı orda, müxtəsər.
Gümüş rəngli cama gül suyu damdı,
Şəkəri əridən məğzi-badamdı.
Sədəfi mərcana bir beşik qurdu,
Odla su əhd edib bir yerdə durdu.
Odla su birləşdi, tez qarışaraq,
Al rənglə civəylə bəzəndi yataq.
Yatmadılar bütün gecə-gündüzü,
Deşdilər yaqutu inciylə, düzü.
Bənövşə qol üstə, nəsrin qucaqda,
Bir gün də qaldılar huşsuz yataqda
Tovuz kimi yatdı iki novcavan,
Tovuzlar çox gözəl olur yatırkan.
Qalxdıqda o şirin yuxudan daha,
Çox şükür etdilər böyük allaha.
Sonra yuyundular, oldular təmiz,
Ibadət etdilər tanrıya səssiz.
Bir ay pozulmadı toyun ahəngi,
Öz yerində qaldı bəzəyi, rəngi.


Hazırladı: Vüqar QURDQANLI
# 5491 dəfə oxunub

Oxşar xəbərlər

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

"Milli Kitab 10-luğu" - "Əli və Nino"

09:10 30 aprel 2025
Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

Bir qrup şair var ki... - Şair xanımları bacı kimi sevənlər

17:30 28 aprel 2025
Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

Gizli tapşırıq: “Boynuna qoyana qədər döyün!”

09:00 28 aprel 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

Tənqidçi sadə söz adamıdır, başqa heç nə... - Cavanşir Yusifli

11:00 27 aprel 2025
Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

Milli düşüncə tariximizdə Mir Cəlal - Elnarə Akimova

14:00 26 aprel 2025
Məmməd Orucla bir gün... - VİDEO

Məmməd Orucla bir gün... - VİDEO

09:40 23 aprel 2025
# # #