Öpüş
28 iyul 2011
10:29
Hava hələ ki, işıqlı idi, amma içəridə pərdələr çəkilmişdi, bir də ki, közərən sobadan zəif, güclə sezilən işartı gəlirdi. Otağın hər tərəfi qaranlıq kölgələrlə doluydu.
Brenten həmin kölgəli yerlərdən birində oturmuşdu. Kölgə onu tamamilə bürümüşdü, amma o, buna fikir vermirdi. Görünməməzlik ona soba işığında oturmuş qıza gözlərini zilləyib ürəyi istədiyi qədər baxmaq imkanı verirdi.
Qız çox yaraşıqlı idi, brünetlərə xas olan xüsusi çalar vardı simasında. O, kifayət qədər sakit bir şəkildə qucağında burulub yatmış pişiyin ipək tüklərini sığallayır, bəzən də kölgədə əyləşmiş dostuna gözünün ucu ilə baxırdı. Onlar asta bir səslə onları zərrəcə maraqlandırmayan mövzulardan söhbət edirdilər. Qız bilirdi ki, oğlan onu sevir. O qədər dürüst və açıq insan idi ki, öz hisslərini nə gizlətmək bacarığı var idi, nə də belə bir istəyi. Brenten düz iki həftə idi ki, dayanmadan onunla ünsiyyətə can atırdı. Qız onun sevgisini etiraf edəcəyinə əmin idi və özü də razılıq verəcəyinə qərar vermişdi. Nəzər cəlb etməyən və yaraşıqsız Brenten dəhşətli dərəcədə varlı idi, qız da bu var-dövlətin onun üçün yarada biləcəyi şərait və imkanları çox arzulayırdı.
Bu iki nəfərin axırıncı dəfəki çay məclisi və növbəti dəvət haqqında etdikləri söhbətdən sonrakı qısa fasilə zamanı qapı açıldı və Brentenin çox yaxşı tanıdığı cavan bir oğlan içəri daxil oldu.
Qız üzünü ona tərəf çevirdi. Bir, ya iki addım atıb qıza yaxınlaşdı və ona tərəf əyildi. Onun nə edəcəyi qızın heç ağlına da gəlmədi, çünki qız heç təsəvvür edə bilməzdi ki, bu cavan oğlan içəri girərkən kölgədə əyləşmiş Brenteni görməyə bilər. Oğlan isə əyilib qızın dodaqlarını ehtirasla və dodaqlarını qızınkından uzun müddət ayırmadan öpdü.
Brenten yavaş-yavaş ayağa qalxdı, elə qız da. Lakin daha cəld şəkildə. Oğlan isə bu iki nəfərin arasında qaldı, onun simasında çaşqınlıq hissi ilə bərabər əylənmək və dalaşmaq istəyi mübarizə aparırdı.
− Mənə elə gəlir ki, − Brenten çaşqınlıqdan hecalaya-hecalaya danışdı, − mən burada bir az ləngidim. Mən... mənim heç ağlıma da gəlməzdi ki... necə deyərlər... sizinlə hüdahafizləşsəm yaxşıdır.
O bu an şlyapasını hər iki əli ilə əzişdirir, yəqin ki, qızın ona tərəf uzadılmış əlini heç görmürdü də. Düzdür, qız özünü tam olaraq itirməmişdi, amma özündə danışmağa cəsarət tapa bilmirdi.
− Onun otaqda olduğunu bilirdimsə, məni vur öldür, Natti! Düzdür, səni necə axmaq vəziyyətə saldığımı bilirəm. Ancaq ümid edirəm ki, mənim günahımdan keçərsən. Yalnız bu dəfə. Nə oldu axı sənə?
− Mənə toxunma, yaxınlaşma mənə! – deyə o, acıqla dilləndi. – Qapının zəngini çalmamış evə girməyə nə ixtiyarın var sənin?
−Mən həmişəki kimi qardaşınla gəldim, − o, soyuq tərzdə, özünü müdafiə etmək məqsədilə dedi. – Biz yan qapıdan girdik. Qardaşın yuxarı qalxdı, mən də səni görmək üçün buraya gəldim. Mənim izahım kifayət qədər aydındır, özün də görürsən ki, bu talesizlik qaçılmaz idi. Nə olar, de ki, məni bağışlayırsan, Natali! – o, yumşalaraq yalvarmağa başladı.
−Səni bağışlamaq?! Sən heç özün də bilmirsən ki, nə danışırsan! İmkan ver keçim. Səni nə vaxtsa bağışlayıb-bağışlamayacağım hələ çox şeydən asılıdır.
Qızla Brentenin bayaq haqqında söhbət etdikləri növbəti dəvət zamanı qız Brenteni görüb ona tərəf mülayim bir sadəliklə yönəldi.
− Sizinlə bir-iki dəqiqə danışmağa izn verərdinizmi, cənab Brenten? – o, cəlbedici, eyni zamanda da utancaq bir təbəssümlə soruşdu.
Brenten çox bədbəxt görünürdü. Lakin qız onun qoluna girib onunla birlikdə sakit bir güşəyə çəkiləndə onun üz ifadəsi kiçicik bir ümidlə komik görünən əzabın qarışığından ibarət idi. Qız da öz növbəsində çox səmimi görünürdü.
− Bəlkə də, mən bu söhbəti heç açmamalıydım, cənab Brenten. Lakin... lakin... mən çox narahatam, keçən gün baş verən o təsadüfi hadisədən sonra, demək olar ki, bədbəxtəm. Mən sizin həmin hadisəni necə yanlış anladığınızı və baş verənlərə inandığınızı təsəvvürümə gətirəndə... (bu an Brentenin girdə, sadəlövh və məzlum sifətində ümid hissi açıq şəkildə üstünlük təşkil etməyə başladı) Təbii ki, mən bütün bunların sizin üçün maraqsız olduğunu bilirəm, amma öz şərəfimi qorumaqdan ötrü deməliyəm ki, cənab Harvi bizim ailəmizin çoxdankı və yaxın dostudur. Sözün düzü, biz hər zaman əmioğlu-əmiqızı kimi olmuşuq, hətta bacı-qardaş kimi də olmuşuq, deyə bilərəm. O, mənim qardaşımın çox yaxın dostu olduğundan, bəzən elə hesab edir ki, özünü ailəmizin bir üzvü kimi apara bilər. Əlbəttə, mən bilirəm ki, bunları sizə danışmağım absurddur, mənasızdır, − qız az qalsın, ağlayacaqdı. – Ancaq mənim üçün sizin mənim haqqımda olan fikriniz o qədər... elə əhəmiyyətlidir ki, − bu an qızın səsi elə sakit və həyəcanla dolu idi ki, Brentenin üzündəki məzlum ifadə tamamən yoxa çıxdı.
− Miss Natali, mənim nə düşündüyüm sizi, həqiqətən də, maraqlandırır? Sizə miss Natali deyərək, müraciət edə bilərəm, elə deyilmi? – Onlar söhbətin bu yerində hər iki tərəfdən hündür ağaclarla əhatələnmiş uzun və qaranlıq bir təbii dəhlizə daxil oldular, onun sonunadək getdilər və geri döndülər. Geri dönərkən Brentenin üzü sevincdən işıldayır, qızınkından isə qalibiyyət yağırdı.
Onların toyu zamanı Harvi də dəvətli qonaqlar arasında idi və o, qızın yalnız dayandığı nadir bir anda ona yaxınlaşdı.
− Sənin ərin, − o gülərək dedi, − məni göndərib ki, səni öpüm.
Qızın sifəti və boynu o dəqiqə qızardı. Harvi isə sözünə davam etdi:
− Məncə, bir kişi üçün belə bir incə məsələdə çox ehtiyatlı və genişürəkli hərəkət etməsi labüddür. Ərin mənə deyir ki, mənimlə sənin aramızdakı yaxın dostluq münasibətinin sizin toyunuzdan sonra pozulmasını istəmir. Başa düşmürəm, sən ona nə danışmısan, − o, qürurlu şəkildə gülümsəyərək dedi, − amma ərin məni buraya səni öpməyim üçün yollayıb.
Qız özünü oyunun hansı axara düşəcəyini bir neçə fiquru hərəkət etdirərək təyin edə bilən bir şaxmatçı kimi hiss etdi. Onun gözləri Harvinkinə baxarkən zərif bir təbəssümlə parlayır, dodaqları isə təklif olunan öpüşə sarı razılıqla uzanırdı.
− Ancaq bilirsənmi, − o, sakitcə davam etdi, − sözün düzü mən bunu ona demədim, çünki bu bir mədəniyyətsizlik olardı, lakin bunu sənə deyə bilərəm. Mən daha qadınları öpmürəm. Bu çox təhlükəli imiş.
Eybi yoxdur, o, Brenten və onun milyonlarına sahib idi. Bir insan bu dünyadakı hər şeyə sahib ola bilməz. Belə bir şeyi gözləmək bir balaca ağılsızlıq idi.
İngiliscədən tərcümə: Svetlana Quliyeva
1152 dəfə oxunub
Oxşar xəbərlər
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif
12:26
22 noyabr 2024
“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət
09:24
19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri
17:00
16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi
13:00
13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan
15:49
11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?
09:30
11 noyabr 2024