“Tərkedilmişlər”  filmi

“Tərkedilmişlər”  filmi
24 yanvar 2013
# 13:29

Həyat böyük bir film şirkəti kimidir. İnsanlar isə bu şirkətlə müəyyən müddətə müqavilə bağlamış çarəsiz aktyorlardır. Həyat istədiyi rolu verir insana...

Mən oynadığım bütün filmlərin ikinci dərəcəli aktyoruyam. Yalnız bir neçə dəfə filmin qəhrəmanı olmağı bacarmışam.

Bir neçə dəfə də mənfi qəhrəmanı, qapını çırpıb gedən, sərt baxışlı və soyuqqanlı tipi canlandırmışam...

Rol verilməyəndə kütləvi səhnələrdə oynamışam. Ya da epizodik bir tipi canlandırmışam. Məsələn bir bar köşəsində siqaret çəkə-çəkə dalğın baxışlarını boşluğa zilləmiş avara bir tipi...

Hər şey çox sürətlə dəyişib həyatımda...

Bir vaxtlar dəli kimi sevdiyin, sənin üçün fədakarlıq edən birisinin dəyişməsi, sıradan biri olması, səninlə də sıradan biri kimi davranması çox üzücüdür. Kədərli aktyor olmaq da asan deyil... Dramatik rolların mahir ifaçısı olmaq, komik aktyor olmaqdan qat-qat çətindir...

Amma nə etməli, verilən rol budur və oynamaq zorundayam...

Təəssüf ki, insan dəyişkəndir və bütün böyük sevgilər bir gün tükənir. Tanıdığım bütün qadınlar tərk etməyi ən azı bir dəfə də olsun ağlından keçirib. Fiziki cəhətdən tərk etməyi bacarmayanlar isə ruhən çoxdan tərk ediblər bir vaxt sevdiklərini...

Bir sevdaya tutulanda hara qədər gedəcəyini düşünmür insan, yox əslində düşünə bilmir. Unudulmaq, adiləşmək istəməsək də bu, baş verir. Bir gün hay-küylə, həyəcanla, dəli bir sevgiylə həyatımıza daxil olan qadınlar, günün birində də sakitcə, dərin bir iz buraxaraq çəkib gedir və yadlaşır.

Bitməməyini istədiyimiz gözəl bir film kimi, bütün sevgilər bir gün bitir.

Mən əbədi sevginin varlığına inamımı çoxdan itirmişəm...

Hər gün sevdalanmaq, hər gün sevmək istədiyim birisi olsun istədim həyatımda. Bir az çətin, bir az imkansız, bir az da əlçatmaz...

Xəyallarımda olmayan sevgini göyün yeddinci qatına qaldırdım. Xoşbəxt olmaq üçün ağına-bozuna baxmadan, bəzən də kor-koranə mübarizə apardım. Bəzən bir təbəssüm belə məni yolumdan azdırdı. Xoşbəxt olmaq üçün imkansız sevdaların arxasınca düşdüm. Başqasının səadətinə əl uzatdım, sevgisini, ümidini oğurladım.

Film dadında bir sevgi əsib keçdi həyatımdan...

Ssenarisini kimin yazdığını bilmədiyim kədərli bir filmdə sınadım özümü.

Əslində fərqində olmadan həyatın verdiyi rolu oynadım.

Günlərin bir günü başqasının səadətimə göz dikəcəyini, ümidimi oğurlayacağını bütün ruhumla hiss edə-edə xəyanətdən bəhs edən bir sevgi filmdə baş rol ifaçısının tərəf müqabili oldum...

Və bir gün öz kədərli taleyimlə barışmaq zorunda qaldım. Ümidsiz, çarəsiz, darmadağın bir halda...

Verilən rolu oynamaqdan başqa nə edə bilərdim ki?

Başqa bir filmdə atılmış sevgilini də oynamaq varmış qismətdə...

Mən həmişə tənhalıqdan, yalqızlıqdan narazıyam. Kədərliyəm hər gün. İçimdə qəribə təlatüm, anlaşılmaz fırtınalar olur. Bəzən sırf kədərli ovqatım üzündən təkliyə məhkum olduğumu da anlayıram.

Başqa bir filmdə zarafatcıl, şən və deyib-gülən bir oğlanı oynayacağam. Təkliyin və tərk edənlərin acığına...

Əgər həyat bu rolu mənə etibar etsə...

# 2994 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #