Heç vaxt intiqam almayacağam

Heç vaxt intiqam almayacağam
3 sentyabr 2019
# 16:28

Kulis.az Cəlil Cavanşirin “Eşq və İntihar” kitabından “Sentyabr” yazısını təqdim edir.

Bir yay da beləcə keçdi.

Aşiq olmadan, səfərə çıxmadan, xoşbəxt olmadan tükətdim zamanı.

Bundan sonra neçə yay görəcəyim bəlli deyil.

Sahib olduğum ən dəyərli şeyi – zamanı – boşuna xərclədim getdi.

Buna kədərlənmək yerinə, kiçik uğursuzluqlara üzüldüm.

Zaman axıb getdi.

Bir yay da əyləncəsiz, sevincsiz, gülüşsüz, dənizsiz keçdi.

Ömür də belədir – fürsətləri qaçırdınsa, su kimi axıb gedir.

Ömür də belədir – bir göz qırpımında bitir.

***

Bu yay da onlarla oxumadığım kitabı düşünüb üzüldüm.

Baxmadığım filmlər, dinləmədiyim musiqilər yığılıb qaldı.

Gedə bilmədiyim uzaqlara dikdim gözlərimi.

İçimdəki uzaqlara səfərə çıxdım.

Yol çantama bir az şeir, bir hüzn, bir az gözyaşı qoydum.

Günlərlə bir dağ çayının kənarında oturub həyatı və insanları düşündüm.

Bu yay da aldandım, bu yaya da aldandım.

Keçdi getdi.

Əlimdən qaçırdığım fürsətləri gözümün önündən keçirdim.

Hələ nə qədər fürsətləri qaçıracağımı düşündüm.

***

Artıq dünənlə və dünəndəkilərlə beynimi məşğul etmirəm.

Daim yanımda olanlarla və olacaqlarla kifayətlənirəm.

Bu yay səbr etməyi, düşünməyi və vaz keçməyi öyrəndim.

Unutmağın zamana ehtiyacı olmadığını fərq etdim.

Bu yay içimdəki o məsum uşağı tərk etdim.

Bir günəşli iyun sabahında buraxdım əlini.

Hardasa yol ayrıcında azıb qalsın istədim.

Bu yay uşaqlığıma uzaqdan baxdım.

Günəşli günlərdə sentyabr, yağışlar və buludlar üçün darıxdım.

İçimdəki son məsumu öldürdüm.

Gözümdəki son damla yaşı qanlı əllərimlə sildim.

Bütün keçmişimi silib atdım, rahatladım bir az.

Uşaqlığımı, qırılan oyuncaqlarımı unutduğum kimi qəlbimin qırılmağını da unutdum.

***

Ötüb-keçən isti və günəşli günlərdə susqunluğum dərinləşdi.

Anladım ki, bir az yaşıllıq, bir az şeir və quşların səsiylə daha tez sağalır yaralar.

Göylərin intəhasız, ağacların, daşların nə qədər qayğısız olduğunu fərq etdim.

Sonra nə oldu bilmirəm, mən çox şeyin fərqinə vardım.

Məsələn, anladım ki, etdiklərimiz mütləq bir gün qarşımıza çıxır.

Anladım ki, hər şeyi başlamaq üçün gözləmək zaman itkisidir.

İndi susqunam.

İllər keçsə də danışmayacağam.

Heç vaxt intiqam almayacağam.

Daha sözlərimin hansısa qəlbə toxunmasını istəmirəm.

Bu yay daha çox susmağı öyrəndim.

***

Uzun müddət "Biz" olduğum üçün, bu yay "Mən" olmağa çalışdım.

"Mən" olmağa necə ehtiyacım varmış.

Bu yay bütün "daşlar yerinə oturdu".

Boşuna keçən bütün fəsillər kimi, bu yayı da yola saldım.

Nə qaldı əlimdə, ovcumda?

Bilmirəm.

Həyatımla bağlı hesab-kitab tutmuram.

Nə qazanıb, nə itirdiyim umrumda deyil.

Bu ay ən hüznlü, ən kədərli bir fəsil başlayacaq.

Sonra?

Sonra mən yenə aşiq olmadan, səfərə çıxmadan, xoşbəxtliyi dadmadan o çıxıb gedəcək.

Sonra, getmədiyim uzaqlara üzülüb, şeir-zad yazaram yəqin.

Bir də oxumadığım kitabları oxumaq ümidiylə sığınaram peçin yanına.

Buludları və yağışı sevərəm bir az.

Bir az günəş, bir az yaşıllıq üçün darıxaram.

Sonra...

Sonra bu fəsil də gəlib keçər...

# 4474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #