Cəlil Cavanşir
Cinsi zorakılıqla bağlı xəbərlər gündəmdən düşmür. Bəzən bir gündə iki müxtəlif zorlanma hadisəsi ilə bağlı xəbər oxuyuruq.
4-5 il əvvəl bu tip xəbərləri oxuyanda sarsılırdım. Amma gündən-günə bu xəbərlər artırdıqca mən artıq heyrətlənmirəm. Və bu məni çox narahat edir...
Manyakların, qürursuzların və ləyaqətsiz ehtiras düşkünlərinin iyrənc əməlləri cinsi, qeyri-peşəkar jurnalistlərin sevinə-sevinə paylaşdığı xəbərlər zorakılığı cəmiyyət üçün adiləşdirir.
Bilirəm, deyəcəksiniz ki bütün cəmiyyətlərdə bu cür iyrənc faktlar var və bu hadisələr mediada işıqlandırılır. Mən bu cinayətlərin yayımlanmasının əleyhinə deyiləm. Narahatlığım medianın bu xəbərləri acgözcəsinə, bəh-bəhlə, manşet olaraq təqdim etməsidir. İllərdir bu davam edir və cəmiyyət hələ də bu faciələrdən dərs çıxarmayıb. Olmazmı bu cür ürəkbulandıran xəbərli kriminal xronika kimi verəsiniz? Mütləq manşetlərinizi intihar, ölüm, zorakılıq xəbərləri “bəzəməlidir”?
...Bu günlərdə Tovuzda bir tələbə qızın dörd nəfər tərəfindən zorlanması xəbərini oxudum. Nə qədər bu tip xəbərlərə alışsaq da, damarımda qanım dondu. Hansı ölçüdə qəddar, manyak və zalım olmalısan ki, bu addımı atasan? Görəsən bu dörd Azərbaycan gəncinin, “Azərbaycan kişisinin” heç birinin vicdanı sızlamayıb? Necə ola bilər ki, dörd nəfərdən biri digərlərini bu əməldən çəkindirməyə cəhd etməsin?
Sadəcə dəhşətdir.
Məncə bu cür oxşar xarakterli hadisələrin əsas səbəbi “seksual aclıq” və qadına nifrətdir...
Qadına qarşı nifrətin olduğu, bu cür qəddar və nadan insanların yaşadığı cəmiyyətdə yaşamaq getdikcə çətinləşir. Bu nifrət hər yerdə özünü göstərir. Nə qədər qəribə olsa da, bu cür rəzil hadisələrdə təcavüzçüyə haqq qazandırmağa çalışanlar da var. Təsəvvür edin ki, bəziləri bu xəbəri müzakirə edəndə bu hadisəni törədən dörd nəfər manyakı yox, zərərçəkmiş qızı günahkar sayır. Bəli, təəssüf bu cür ağıl sahibləri, bu cür manyak təfəkkürə sahib insanlar bizimlə eyni cəmiyyətdə yaşayır, bizimlə eyni havanı udur...
Təəssüf ki, bizim yaşadığımız cəmiyyət qadına bu qədər nifrət edir, hətta zorlanmış, alçaldılmış qadına da qara yaxmaqdan çəkinmir.
Müşahidələrimdən bilirəm ki, ən ucqar kəndlərdə yaşayan gənclər telefonlarında pornoqrafik videolar saxlayır. Porno onların ən gözəl əyləncəsidir. İnanıram ki, bu cür hadisələrdə qadını günahkar hesab edən təfəkkür sahibləri də manyaklıq dərəcəsində porno həvəskarlarıdır. Bu düşüncə sahiblərinə deməyə söz tapmıram...
Pornonun bu qədər vazkeçilməz olduğu cəmiyyətdə, gizli şəkildə pornoya düşkün olan insanlar arasında yaşamaq çox çətindir. İnsanların maariflənməyə, oxumağa, kitaba ehtiyacı var.
Doymamış libidolar, ödənməyən seksual tələbatlar bizi bu cür iyrənc faktlarla üz-üzə qoyur...
Zorlanma ilə bağlı statistika da tükürpədicidir. 2013-cü ildən bu günə qədər 130-dan çox zorlanma hadisəsi baş verib...
Gəlin hamılıqla düşünək: bizi bu qədər qəddarlaşdıran, zombiyə, manyaka çevirən nədir?
Əminəm, bu sualın cavabını da tapmaqda çətinlik çəkənlər çox olacaq.
Siz yenə sağda-solda zorlanmış qızın qeybətini edib, onu zorlayan manyaklara haqq qazandıracaqsınız.
Mənəviyyatdan bu qədər yoxsul olmaq isə bütün faciələrimizin əsas səbəbidir...