Lap çoxdan olmuş əhvalatdı. Hardasa 20-25 ilin söhbətidir. Deyəsən nənəmdən eşitmişdim. Gülbadam adlı bir qadın varmış qonşu kənddə. İşi gücü qohum qonşunun qız-gəlinini güdməkmiş Gülbadam arvadın. Səhər inəkləri naxıra ötürmək adıyla evdən çıxıb, bütün kəndi gəzərmiş. Kimin qızı kiminlə görüşür, kimin əri kimin bacasından düşür, kimin qızı qoşulub qaçacaq, kimin şəhərdəki gəlinin ayağı sürüşkəndir, kim gecələr uşaqları yuxuya verib hara gedir – bütün informasiyalar Gülbadamda olarmış. Bütün kənd camaatı bezibmiş onun əlindən. Ev-eşiyi, həyət-bacası zibil içində itib-batırmış. Pintiliyi və sözgəzdirənliyi hətta qonşu kəndlərdə də dillər əzbəri imiş.
Bir-birindən gözəl dörd qızı varmış Gülbadamın. Gülbadam başqalarını nəzarətdə saxlamaqdan başı açılmırdı ki, qızlarının taleyi ilə də maraqlansın. Başlı-başına böyümüşdü dörd qız. Evdə oturub qızlarına tərbiyə verməkdənsə, işi-gücü bundan-ona, ondan-buna söz gəzdirməkmiş. Hava qaralana qədər bir əliylə tumanını dəstələyib çəpər deşiklərindən, ağacların arxasından boylanar, heç kəsi nəzarətsiz buraxmazdı. Bulaq başına toplaşan qız gəlin onu görən kimi söhbəti kəsər, sakitcə qaçarmışlar ondan. Burnunu başqalarının həyatına soxmaq xəstəlik kimi yaxalamışdı Gülbadam arvadı.
Əri də çıxıb getmişdi Rusiyaya, hər ay pul göndərir, 3-4 ildə bir dəfə gəlib evə-eşiyə əl gəzdirib, mal-qaranın sayını artırıb geri qayıdırdı. Deyilənə görə Rusiyada evləndiyi rus qadından da iki oğlu varmış. Gülbadamın qızları başlı-başına böyüyürdü; ata Rusiyada, ana da qohum-qonşunun doqqazını pusmaqda. Əvvəlcə böyük qızı evdən qaçdı. 2-3 il sonra səsi Bakıdan, namünasib yerlərdən gəlməyə başladı. Gülbadam yenə dizinə döyə-döyə başqalarının həyatına burnunu soxurdu. İkinci qızı bir az ağıldankəm, olduğu üçün kəndin cavanları əksəriyyətini soxmuşdu qoynuna. Gülbadam hamıdan xəbərdar olsa da, qulağının dibində min oyundan çıxan qızından xəbərsizdi. Üçüncü qızı kəndlərinin ən sefeh, bivec adamıyla evlənmişdi, daha doğrusu boxçasını yığıb köçmüşdü o bivec gedənin evinə. Həftənin o başı da, bu başıda əri döyüb evdən çıxarır, Gülbadam da dizinə döyə-döyə qonşusu Gülbaharın boşanmış qızını pusmağa gedirdi.
Sonbeşiyinə də elçi gəlmədi Gülbadamın. Sevdiyi oğlanı tövlədə bacısıyla birlikdə tutandan sonra özünə qapandı. Günlərlə dəli kimi gəzib-dolaşandan sonra həyətdəki su quyusundan cəsədini çıxardılar. Gülbadam qızına dil deyib ağlayanda da, kəndin bütün talehsiz qız-gəlinin adını çəkib, paxırını açıb guya onlara da ağı deyirmiş...
Ərinin də ayağı tamam kəsildi kənddən...
Və bir gün yenicə ailə qurmuş qonşu qızının pəncərəsinin altında ürəyi dayandı Gülbadamın...
...İllər keçib, amma bu əhvalat yaddaşımın bir küncündə ilişib qalıb. Başqalarının həyatına burnunu soxan insanları gördükcə Gülbadamın faciəsi düşür yadıma. Müasir gülbadamlar daha fərqli və modern üsullarla, elm və texnikanın yenilikləri ilə silahlanıb. İndi sosial şəbəkələrdə gülbadamların əlindən camaat həyatını rahat yaşaya bilmir.
Xüsusilə ömrünün qürubunda olan gülbadamlar sosial şəbəkələri “arvad məclisi”nə döndərib. Kim evləndi, kim ayrıldı, kim kimin statusunu layk elədi, hansı evli qadın boşanmış kişinin açıq-saçıq statusuna rəy yazdı, kim gecə yarısına qədər onlayn idi və s.
Başqalarının həyatına burnunu soxan bu aciz-avara gülbadamların taleyi olduqca kədərlidir. Daha doğrusu mən onları düşünəndə adətim üzrə kədərlənirəm. Həmişə narahat, həmişə nigaran gülbadamların övladları, ərləri(arvadları) o biçarə Gülbadam arvadın qızlarının, ərinin taleyini yaşayır.
Gülbadamların cinsi yoxdur. Hətta kişi gülbadamlar daha faciəvi, daha iyrənc tale yaşayır. Holmsdan daha “istedadlı” xəfiyyələr məhv olub gedir sosial şəbəkələrdə...
Nə isə, bunu elə belə yazdım. Oxuyub nəticə çıxaran olmayacaq onsuzda. Yenə hər sözümüzdən min məna çıxaran gülbadamlar google-da “gülbadam” sözünü axtarışa verib, günlərlə nigaranlıq içində çırpınacaqlar...