Cəlil Cavanşiri "mişka" əvəzi alan milyonçu qızı

Cəlil Cavanşiri "mişka" əvəzi alan milyonçu qızı
10 mart 2015
# 12:39

"Kulis" Cəlil Cavanşirin "Panduşka" hekayəsini təqdim edir.

Fransua Perrenə sevgilərlə…

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi. Kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur əhvalatı sizə nəql edim, sonrası nə ola, ola…

…Sevgililər günüydü. Yuxudan oyanıb özümə gələn kimi, yollandım şəhərin oyuncaq satılan ən böyük dükanlarından birinə. Məqsədim yüngülvarı bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi. Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər də maşallah, ceyran belində. Mağaza od tutub yanırdı. Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng mişkalar satılan bölməsinə. Mişkalar yan-yana düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə lazımdı? Niyə gənc oğlanlar öz incə, nər-mənazik sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında laübalı xəyallara dalmışdım ki, dükanın qarşısında üç CİP dayandı. Arxadakı maşından iki yekəpər gedə düşüb qaça-qaça qabaqdakı ən bahalı CİPin qapısını açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və lətafətli bir qız maşından düşdü. Gənclər öz aralarında danışa-danışa dükanı süzür, vitrinlərə baxırdılar...

...Görkəmlərindən cangüdən olduqları bəlli olan 6-7 nəhəng idmançı nəhəng yolu boşaldıb, gənclərə yol açdı. Səs-küyə dönəndə gördüm ki, dükan sahibi də daxil olmaqla bütün əhli-dükan qapıya doğru yüyürür. Satıcılar və dükan sahibi qapının yanında boy cərgəsi düzülüb farağat dayandılar.

Şıltaq gənclər deyə-gülə, boy cərgəsi düzülənlərə istehzalı bir nəzər salıb içəri keçdi. Görünüşlərindən sevgili olduqları bəlli olan gənclər düşünmədən yekə mişkalara – yəni mənim olduğum bölməyə tərəf yönəldilər. Mişkaların arasında sakitcə dayanıb yerimdən tərpənmirdim. Dükan sahibi onların yanında quyruq bulayır, həvəslə mişkaları qıza göstərirdi. Yerimdən tərpənmədən gəncləri süzürdüm. Gənclər mişkaların ora-burasını dartışdıra-dartışdıra bir dəfə yanımdan keçdilər.

Yavaş-yavaş özümə gəlib nə baş verdiyini anlamağa başlamışdım. Düz başa düşmüşdümsə, dükana təşrif buyuran adlı-sanlı biznesmenlərdən birinin oğlu və onun şirin-şəkər sevgilisi idi. Oğlanın ədabaz davranışları, ətrafında dolaşanlara münasibəti məni vahimələndirməyə başlamışdı. Bir neçə dəfə jurnalların üz qapağında, internet saytlarında şəklini gördüyüm gənc biznesmen yüksək səslə danışır, dükan sahibiylə qulluqçusu kimi davranırdı. Gördüklərim qanımı qaraltdığı üçün, aradan çıxmağı düşünə-düşünə yerimdən tərpəndim. Gənc biznesmenin sevgilisi qəfildən elə cikkə çəkdi ki, yerimdə donub qaldım:

- Aşkıııııım.... Buna baaax! Gör nə qəşəngdi! Ayaaaallllla!

Qızın cır səsi qulaqlarımı dəlib keçəndə donum açıldı, sanki yuxudan ayıldım. Cikkə çəkən şıltaq qızcığaz düz qarşımda dayanıb, barmağıyla məni göstərirdi:

- Aşkııııım, noooolar bu mişkanı alax da....nooollaaar!

And olsun bütün müqəddəslərə ki, qız məni göstərirdi. Bir anlıq özümü itirib duruxsam da, cəld özümü toparladım. Mişka olmadığımı bəlli etmək üçün bir ağız öskürdüm. Yerimdən tərpənməyə macal tapmamış qız boynuma atıldı:

- Aşkımmmmm. Canlı mişka! Bunu alaq, bunu alaaaaaq!

Oğlan kübarcasına sevgilisinin qolundan yapışıb kənara çəkdi:

- Balaşkam, görmürsən adamdır? Düzdü bir az ayıya oxşayır, amma adamdır. Ok? Gedək mişka alaq.

Qız dodaqlarını büzüb mızıldandı:

- Yooooo, istəmirəm! Bəs demişdin istəsən bütün mağazanı müdirqarışıq mənə alacaqsan? Hə, demişdin?

- Balaşkam...

- Eeee, nə balaşkam? Al bunu! Bunu istəyirəm. Başqası lazım deyil.

Oğlan çarəsiz-çarəsiz başını bulayıb mənə tərəf addımladı. Zibilə düşmüşdüm. Udquna-udquna gənc biznesmenin üzünə baxdım:

- Bilirsiniz, mən yazıçıyam... Ailəliyəm... kitablarım var... Hə... Xanımıma hədiyyə...

- Uzatma! Yazıçıya bax! Sən bu gündən mişkasan! Hahahahaha.... Ə, məllim, qiymətini de. Balaşkam səndən bezənə qədər onun mişkasısan! Kankret mişkasan ha! Vəssalam!

Mübahisə edəcək, özümü müdafiə edəcək durumda deyildim. Gənc biznesmenin səsindəki amiranəlik, məni yuxarıdan aşağı süzməsi gözümü qorxutmuşdu. Üstəlik cangüdənlərin belində parıldayan tapançalara baxanda ürəyim ağzıma gəlirdi. Balaşkası məni mişka hesab edirdisə, başqa yolum yox idi. Ağlıma gələn ilk rəqəmi dilə gətirdim:

- 100 min.

- Manat?

- Dollar olsa yaxşı olar...

Gənc biznesmen gülüb çiyinlərini oynatdı. Sonra arxasınca dolaşan nəhəng idmançını yanına çağırıb qulağına nə isə pıçıldadı. Nəhəng göstərişi eşidən kimi uşaq kimi maşına tərəf götürüldü. Gənc biznesmen mənə tərəf döndü:

- Prablem yoxdur. İndi sənə çek verəcəklər. Bilirsən də çek nədir? Bank çeki! Hahahaha! Nə zaman istəsən pulu bankdan götürə bilərsən.

Yazıq-yazıq üzünə baxdım:

- Ailəmlə görüşə bilərəm?

- Yox!

- Bəs pul göndərməyə icazə verərsiniz? Bir də kiçicik bir hədiyyə... Xanımım üçün...

- Olmaz! Ünvanı ver, bütün mağazanı evinə daşısınlar. Sən qayıdana qədər ailən darıxmasın. Pul da problem deyil. Bir-iki aya 20 min kifayət edər. Onsuz da bir-iki aya balaşkam bezəcək səndən...

Keyimişdim. Səsimi çıxarmadan ona baxırdım. Balaşkası yanımda fırlanır, saçlarımı qarışdırır, çimdikləyir, barmaqlayır, sevinclə qəhqəhə çəkirdi:

- Ayaaaaalla. Nə qəşəngdi, nə yumşaqdı, nə tüklüdüü... - Qız saqqalımdan ikiəlli yapışıb dartışdırmağa başladı. Ağrıtsa da yenə səsimi çıxarmadım. - Ayaaaaalla.- Nəhayət əlini yanağımdan çəkib qopardığı bir çəngə tükü qan qırmızısı dodaqlarına yaxınlaşdırdı və “füüü” edib üfürdü.

Sonra məndən ayrılıb sevgilisinin boynuna sarıldı. Uzun-uzun qoxlaşdılar, öpüşdülər və gənc biznesmen balaşkasını nəzakətlə bağrına basdı:

- Sən istə balaşkam, sən istə Marsda sənin üçün torpaq da alım.

- Lazım deyil. Sən ki mənə canlı mişka aldın, başqa heç nə istəmirəm. Aşkım, olar bunun adı Panduşka olsun? Gör necə şirindiiii. Pandaya oxşuyur, hə?

- Daha çox boz ayıya oxşayır. Hahaha...Amma sən deyirsənsə Panduşka olsun.

- Onda gedək evə. Axşama partimiz var, yadında? Bunu aparaq evə. Təmiz geyindirək, yedirək yatsın. Biz də gedək rəqs edək, əylənək. Dayan selfie edim, Panduşkamın şəklini qızlara göstərim. Sonra da İnstaqrama ataram....

- Getdik. Çimdirək, geyindirək, sonra çəkərsən şəklini.

...İki nəhəng mənim qoluma girib maşına apardı. Maşında evə balaca bir məktub göndərməyimə izn verdilər. “Hər şey qaydasındadır. İş elə gətirdi ki, bir müddət sizdən ayrı qalmalı oldum. Ümid edirəm mənsiz güzaranınız pis keçməyəcək. Hələlik”.

Gənc biznesmen məktuba baxıb gülümsədi və iki “paçka” dolları da məktubqarışıq mühafizəçiyə uzatdı:

- Kağızdakı ünvana. Dilcavabı vəziyyəti izah elə. Qoy evdəkilər panduşkadan narahat olmasınlar. Hihihihi...

...Evə çatan kimi əvvəlcə məni hamama salıb yaxşıca kisələdilər. Sonra qurulayıb təmiz ev paltarı geyindirib, başıma da qulaqlı papaq qoydular. Ətirləyib gənc cütlüyün yanına ötürdülər. Gənc biznesmen məni diqqətlə süzüb şaqqanaq çəkdi:

- Panduşka, oçkini çıxar. Belə balaşkamın xoşuna gəlməz.

- Yooo aşkım, qoy qalsın. Yazıxdı eee... Ayalla, nə şirindi buuu...

Balaşka məni xeyli qıdıqladı, papağımın qulağıyla oynadı, dartışdırdı, çimdiklədi və sonra sevgilisini mənimlə baş-başa qoyub bəzənməyə yollandı. Gənc oliqarx deyəsən sevgilisinin məni barmaqlamasından utanmışdı, başını aşağı dikdi:

- Bunu anlayışla qarşılayacağınıza inanıram. Balaşkam çox ərkəsöyündür. Papa da, mama da xaricdədir. Nazını mən çəkirəm. Bir dediyini iki eləmirəm. Küsən kimi mənimlə görüşməkdən imtina edir. Mən də söz-söhbət olmasın deyə özümü oda-közə vururam. Yəqin tezliklə toyumuz olacaq və mənim də bu yersiz kaprizlərdən canım qurtaracaq. Hələliksə dözmək lazımdır. Sən də dözərsən, məllim.

Bilirsən, hər bayram mənə 150-200 minə başa gəlir. Ad günündə 22 metrlik tort hazırlatmışdım. Bir dilim yedi, qalanını fermaya göndərdim. Ötən Novruzda iki “Galenvagen” yandırıb, vertolyotla yuxarıdan tamaşa elədik. Yeni ildə tayqadan küknarlar gətirib villasının dörd tərəfinə əkdirdi, ağacları bəzədi. Sonra da sökdürüb hamısını yandırmağımı istədi...Bir ay məni danışdırmadı. Nə var, nə var küknarların üstündəki dələlər buna baş əyməyibmiş... Ehhh... Sən də deyirsən yazıçıyam, kitabım var...

Sakitcə üzünə baxırdım. Danışmağa həqiqətən qorxurdum. Cibindən bir qutu adını bilmədiyim siqaret çıxardı:

- Çəkirsən?

- Hə.

- Balaşka gələnə qədər çəkək, vaxt getsin.

...Balaşkası gəldi. Yenidən məni qıdıqlayıb, kürəyimdən, qarnımdan dişləyib aşkıyla əylənməyə getdilər.

...Evdəkilərin hamısı xarici olduğu üçün danışmağa adam yox idi. Mənə yemək gətirir, qarşıma cürbəcür meyvələr, şokoladlar düzür, işarə ilə yeməyimi istəyirdilər. Boğazımdan yemək keçmirdi. Oturub siqaret sümürür, başıma gələnləri düşünürdüm.

...Gecə yarıdan keçmiş, səs-küyə oyandım. Gənc cütlük əyləncələrini bitirib geri dönmüşdü. Qulluqçular gəncləri qarşılayıb yuxarı ötürdülər. Balaşka içkili olsa da məni xatırlayıb göstəriş verdi:

- Panduşkanın pijamasını geyindirib aparın yataq otağıma. Yatmasın! Gəlib onunla oynayacam...

...Artıq neçə gündür balaşka öz gənc biznesmenindən küsüb. Bütün günü məni qucaqlayıb yatır. Depressiyadadır. Hər gün hamama salıb çimdirir, ətirləyib bəzəyir, qıdıqlayır, öpür, dişləyir... Xülasə sevgilisini unutmaq üçün mənim başıma oyun açır...

Ailəmlə hər gün 10 dəqiqə danışmağa icazə versə də, dostlarla əlaqəmə, internetə girişimə icazə yoxdur. 100 min artıq ailəmə təhvil verildiyi üçün xanımım da məndən nigaran qalmır.

Amma bir problem var...

Biznesmenin balaşkası mənə daha ayı gözüylə baxmır. Panduşka deyib əzizləsə də hiss edirəm artıq insan olmağımı qəbul edir. Deyəsən məndən xoşu gəlir. Yox, düzünü deyim ki, balaşka mənə əməlli başlı aşiq olub... Hərdən məni danışdırır. Ona şeir-zad oxuyuram. Əvvəl qarnımı, kürəyimi, yanağımı dişləyirdisə, indi yalan olmasın yarım saat dodaqlarımdan öpür...

Hələ gecə yatanda başıma açdığı oyunları demirəm...

Xülasə, gənc biznesmenin qayıdışından it kimi qorxuram... Qorxuram hirslənib məni yesin...

Başıma gələcək sürprizləri həyəcanla gözləməkdəyəm. Bu məktubu gecə fürsət tapıb balaşkanın kompüterindən yazdım. Mümkünsə ictimailəşdirin...

# 1738 dəfə oxunub

Müəllifin son yazıları

# # #