O illərin Anarı

O illərin Anarı
25 oktyabr 2013
# 10:10

Həftəsonu Anarın 1986-cı ildə çap olunmuş “Dünya bir pəncərədir” kitabını oxudum.

Anarın bədii-sənədli yazılarından, esselərindən xeyli yeni məlumatlar öyrəndim.

Kiril qrafikasında çap olunmasına baxmayaraq, kitab o qədər axıcı idi ki, 536 səhifənin bir günə bitirdim.

Həftəsonunu Anara, daha doğrusu onun yaradıcılığına həsr etdim.

Cəmi bir qutu siqaret, 7-8 fincan acı qəhvə, pəncərədən içəri soxulmaq istəyən payız havası və masanın üstündəki “Dünya bir pəncərədir” ...

Kitab üç hissədən ibarətdir və ilk iki hissədə sadəcə özümü üçün qeydlər etdim.

Ərtuğrul Cavid, Ülkər Kürçaylı, Sabit Rəhman, Vaqif Mustafazadə haqqında Anarın yazdıqları məni xeyli silkələdi...

Xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyliyə həsr olunmuş “Sizsiz” xatirə-romanı barədə isə elə ilk səhifələri çevirəndəcə yazmaq ehtiyacı hiss elədim.

Kövrəldiyim, qəhərdən boğazımın düyünləndiyi, dalbadal siqaret yandırdığım məqamlar oldu.

İlk təəssüratım dağılandan sonra, ola bilsin ki, bu əsər haqqında nə vaxtsa yenidən, daha geniş bir yazı yazacağam.

İndi isə diqqətimi çəkən bir məqamdan, xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin məktublarından yazmaq istəyirəm.

Bu məktubları oxuduqca tanıdığım həmyaşıdlarının Anar haqqında söhbətlərini xatırladım.

Anarın yeniyetməliyini və gəncliyini təsəvvürümdə canlandırdım.

O illərin Anarı birdən birə mənə olduqca doğmalaşdı.

Onun ilk yaradıcılıq cəhdləri, ilk yazıları, təhsili, çabaları, valideynləri ilə münasibətləri mənə çox səmimi, içdən və doğma göründü.

Bilmirəm, bəlkə də bizim nəslin görmək istədiyi Anar budur.

Sadə, çalışqan, obyektiv, səmimi, “yeyib-içən”, dostcanlı...

Rəsul Rzanın və Nigar Rəfibəylinin məktublardakı “Anari”, “Ani bala”, “Anar bala”, “Anar müəllim”, “Anar bəy” müraciətləri, valideyn gileyləri, məsləhətləri, tövsiyələri məni çox duyğulandırdı...

Qarmaqarışıq, dumanlı düşüncələr arasından gənc yazıçı Anar boylandı. Təsəvvürümdə filmlərdə və köhnə fotolarda gördüyüm o illərin Bakısını, Moskvasını, xəstəxanaları, qatarları, vağzalları, bağ evlərini canlandırdım.

Anarı düşündüm.

İndi onu tənqid edən gəncliyi özünə düşmən hesab edən, 75 yaşlı qocaman Anarı...

Yəqin çoxları razılaşmayacaq. Amma o illərin Anarı mənə nəsildaşım olan gənc yazarlar qədər doğma, əziz göründü.

Qeyri-iradi əlimi telefona atıb, mesaj yazmaq istədim: “Qardaş, vaxt elə görüşək”.

Sonra əl saxlayıb, reallığa qayıtdım...

Anarın valideyinləri ilə bağlı düşüncələri, valideyn itkisinin ağırlığını, dəhşətini ustalıqla ifadə edə bilməsi məni ürpərtdi...

Bu təkcə yazıçı istedadı, sadəcə yazı faktı, sıradan övlad ağrısı deyildi...

Anarın “Sizsiz”dəki kədəri, təəssüfü, dərdi məni elə bürüdü ki, onunla bağlı bütün incikliyimi unutdum...

Anar bu ağrıları yaşayanda, bu dərdini yazıya köçürəndə mən və bir çox qələm dostlarım hələ dünyaya gəlməmişdik.

İlahi, dərdlə biz doğulmamışdan əvvəl tanış olan, dərdi necə çəkməyi bacaran bir adam necə də dəyişərmiş!

Bu kitab məni həqiqətən silkələdi...

Haqlı olaraq tənqid etdiyim bir yazıçının keçmişini sevməyə başladım.

Onu yersiz yerə müdafiə edən, ətrafında olub əl-ayağına dolaşanlardan, özünü “anarpərəst” göstərib arxada qeybət edənlərdən, bizim yazdığımız tənqidlərə cavab verməyi vəzifə borcu bilənlərdən, təqaüd üçün, ev növbəsi üçün yalmananlardan, qabağa getmək üçün quyruq bulayanlardan daha çox sevdim Anarı...

Anarın Amerika həyatından bəhs edən pyesini - ilk əsərini Şuşada yaşadıqları evin eyvanında ailə üzvlərinə oxuması canlandı gözümün qabağında.

Bir də Rəsul Rzanın oğluna – Anara dediyi və onun taleyini həll edən sözlər qulağımda cingildədi : “Sən də yazıçı oldun”

Əlahəzrət oxucu, yazıya necə reaksiya verəcəksiniz, bilmirəm.

Amma imkan tapıb Anarın “Sizsiz”ini hökmən oxuyun!

# 3453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #