İsa Muğannanın son əlyazmaları

İsa Muğannanın son əlyazmaları
19 may 2014
# 10:45

Hədəf Nəşrləri Xalq Yazıçısı İsa Muğannanın vəfatından sonra onun haqqında yazılan yazıları, müxtəlif müzakirələri və mərhum yazıçımızın sonuncu əlyazmalarını “İsa Muğanna. Ölümündən sonrakı həyat” adı altında nəşr edib. Kitabın tərtibatçısı və redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadıqovdur.

Nəfis şəkildə çap olunan kitab İsa Muğannanın 40 mərasimində pulsuz paylanılıb, eyni zamanda kitabevim.az mağazasından İsa Muğannanın bir kitabını alan oxucuya pulsuz təqdim olunur. Kitabda ən çox diqqət çəkən materiallar İsa Muğannanın son əlyazmalarının fotoları və mətnləridir. Oxucu marağını nəzərə alaraq həmin fotoları və əlyazmaları Şəmil Sadiqovun təqdimatında yayımlayırıq.

Mənim məhəbbətim

Bu əlyazma İsa Muğannanın masasının üstündə olan son iki əlyazmadan biridir. Yazılma tarixini dəqiq bilməsəm də, 2013-cü ilin son aylarında yazıldığını ehtimal edirəm. Çünki bir neçə ay bundan öncə mənə zəng edərək dedi: "Şəmil bir vərəqdən ibarət roman yazmışam. Bu roman bütün əsərlərimin ideyasını özündə birləşdirir".

Vəfatından sonra bu romanı yenə masasının üstündə idi, amma nədənsə üstündən xətt çəkilmişdi. Yəqin bu da ustadın özünəməxsus yeni variant işləmək istəyindən doğmuşdur. Ustad sənətkarın son əlyazmalarını sizə təqdim edirik.

Məhəmməd peyğəmbərə - BağhəmOd BağÜnEyərə, Həzrət Əliyə, imamlara, EyMənlərə məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. Vətənim Muğan düzündən sürülmüş Muğannalara – BağÜnlərə məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. Muğannalara məhəbbətim kamilliyə doğru gedən Yer - EyƏr bəşəriyyətinə məhəbbətdir. Yer bəşəriyyətinə məhəbbətim kainatın planetlərində yaşayan nəhəng OdƏr bəşəriyyətinə məhəbbətdir. OdƏr bəşəriyyətinə məhəbbətim Günəşin daxilindəki “Yadro” – EyOdƏr planetinin sahibi EyOdƏr EyƏsÜn babamıza məhəbbətdir. OdƏrcə Ey – uca deməkdir, Əs –yaradan deməkdir. EyƏsÜn – uca yaradan Ün deməkdir. EyƏsÜn babamızın oğlu BağBağÜn babaya, BağBağÜn babanın oğlu Bağ Ataya məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. Bağ Atanınn birinci oğlu Süleyman peyğəmbərə - ƏsƏlmənə, “Solomona” məhəbbətim, Bağ Atanın ikinci oğlu Nuh peyğəmbərə - ÜnEyə məhəbbətim, Bağ Atanın üçüncü oğlu İbrahim peyğəmbərə - EvƏrimə, “Arrama” məhəbbətim, Bağ Atanın dördüncü oğlu İsa peyğəmbərə - Eysara , "İsayi məsihə”, “Yisusa” məhəbbətim heç bir məhəbbətlə müqayisə oluna bilməz. OdƏrcə Sar - “çar”, hökmdar deməkdir. EySar – uca hökmdar deməkdir. Min nəfər Bağın SimOd məclisində EySar – ƏlAğ seçilib. Əl həm də oğul deməkdir. Ağ – SafAğ (ən təmiz) insan və SafAğ elmi deməkdir. ƏlAğın ərəbcə təhrifi “Allahdir” EySar ƏlAğa məhəbbətim heç heç bir məhəbbətlə əvəz oluna bilməz. EySara məhəbbətim sənətə məhəbbətdir. Sənətimə məhəbbətim Sözə - ƏsÜzə məhəbbətdir. Üz həm də məna deməkdir. Sözə- ƏsÜzə məhəbbətim SafAğ elminə məhəbbətdir. SafAğ elminə məhəbbətim cəmi Bağlara məhəbbətdir. Bağ insanı insana, EyƏr bəşəriyyətini OdƏrlərinə bağlayan Bağ – Allah deməkdir. Bağlara məhəbbətim cəmi kamil insanlara ÜnƏslərə məhəbbətdir. Yer üzündə nadir tapılan ÜnƏslərə məhəbbətim Heydər babaya – Ulu Öndərə məhəbbətimdir.

"EySar deyir ki, təzə tsikl başlayacaqsan. Birinci əsərin böyük romandır. Amma nə məzmunu, nə də ideyası haqda heç nə demir... Amma deyir gözün açılsın sonra deyəcəm. Stolumun üstündə bir səhifəlik yazı var, hər səhər gedib o yazıya baxıram ki, görüm gözüm düzəlir, ya yox. Bu səhər baxdım gördüm ki, oxuya bilirəm az-az." 27.04.2014.

Son görüşümüzdə - 27 apreldə demişdi bu sözləri İsa Muğanna.

Haqqında danışılan romanın yazıya köçürülmüş bir parçası. Romanın tam variantı İsa Muğanna ilə başqa bir dünyaya getmişdir. Bu yazı İsa Muğannanın son əlyazmasıdır.

...

Deyirlər güzəştə getmək müdriklik əlamətidir. Mən bu fikirlə razılaşa bilmirəm. O baxır nəyi, necə addımları, səhvləri, yanlışlıqları, cinayətləri güzəştə gedirsən - bağışlayırsan. Məsələn, min bir hiylə ilə, zorla sevgilini əlindən alan adamı necə bağışlayasan? Heç cür, heç cür bağışlaya bilmirəm, əksinə, intiqam almaq, hətta nəyin hesabına olursa olsun, bəlkə, lap həbsxanaya düşmək hesabına, öldürmək niyyətindəyəm. Bu məqsədi, niyyəti həyata keçirmək üçün qarşımda heç bir çətinlik görmürəm. Çətini bu məqsədlə özümün ürəkdən gələn məqsədim olmalı idi ki, o da sevgilimin – Nazəninin məndən gözəlliklə, ağıllı, dərrakəli bir gənclə - Əyyubla qısa ünsiyyətdən sonra dəyişməyə meyl göstərdiyini duyduğum dəqiqədə daxilimdə olan alov kimi qaynayan ehtirasın oyandığı anda baş vermişdi.

Nərimanov prospektinin düz xətt boyunca uzanan genişliyindəki təzə çoxmərtəbəli binalardan birinin mərtəbəsində çox alverçilərin qibtəsinə səbəb olan ərzaq malları ilə dolu olan dükanımı bağlayıb küçəyə - prospektin genişliyinə çıxanda böyrümdən qıjıltılı sürətlə bir “Mersedes” keçdi. Özü də maşını kimi qap-qara sifətli, amma son dərəcə yaraşıqlı - lap ali simmetrik gözəl Əyyubun məni vurmaq qəsdini lap aydın hiss etsəm də, buna inanmaq istəmədim.

# 2401 dəfə oxunub

Müəllifin son yazıları

# # #