Bermud üçbucağından sağ qayıdan azərbaycanlı alimin QEYDLƏRİ

Bermud üçbucağından sağ qayıdan azərbaycanlı alimin QEYDLƏRİ
21 avqust 2013
# 11:24

Bermud üçbucağı haqqında danışılanlar əfsanədir, yoxsa gerçəklik? Bəlkə bu, köhnə dənizçilərin uydurduqları bir nağıldır? Bəlkə bəzilərinin iddia etdiyi kimi, itkin qitə - Atlantikdən qalmış bilinməyən bir şey bu məkanda qeyri-adi hadisələrə səbəb olur? Əslində bütün “şəhər əfsanələri” pul tələsidir. Bəli, bəziləri Bermudun sirrini, pul tələsi, “böyük güc”lərin oyunları hesab edir.

Müasir mifləri sıralasaq, şübhəsiz ki, Bermud Şeytan üçbucağını ilk üçlüyə daxil etməliyik.

Bermud Şeytan Üçbucağı, Atlantik Okeanında çox sayda təyyarə və gəminin itdiyi, bəzi paranormal hadisələrin yaşandığı bölgənin adıdır. Bu bölgə Amerikan sahil mühafizə təşkilatının 5720 saylı raportunda belə təsvir edilir: "Bermud üçbucağı, ya da şeytan üçbucağı adı ilə tanınan xəyali yer, Atlantik okeanında, ABŞ-ın cənub-şərq sahillərində, açıqlana bilməyən, gəmi və təyyarə itkilərinin çox olduğu bir sahədir. Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur”.

Bu zonada son 27 ildə mindən çox adam həlak olub. Lakin axtarışlar zamanı bir dənə də olsun meyit və ya iz aşkar olunmayıb. Son 40 ildə isə 100-dən çox təyyarə və gəmi itib.

Elmin çözməyə çalışdığı fenomen

Heç kəsin izah edə bilmədiyi bu əsrarəngiz fenomen, hətta elm adamları tərəfindən də "fövqəltəbii güclərin ərazisi" hesab edilir. İtkin Atlantidanın da bu yerdə yoxa çıxdığı fərz edilir (bu fərziyyəyə görə Atlantik okeanın adı buradan götürülüb). İtkin qitənin texnoloji və maqnetik sahələrdən birinin və ya yadplanetlilərin yaratdığı maqnetik sahənin təsirində olduğunu düşünürlər. Kolumbun da gündəliklərində həmin bölgədə uçan naməlum obyektlərin olduğundan bəhs etdiyini bilidirirlər.

Bermud haqqında son iddialara görə bütün sirli hadisələr əslində sadə təbii qaz kütləsinin təsirindən baş verir.

Yeraltından fışqıran təbii qazlar, qurudan deyil, dəniz və okean səthindən də çıxır. Çünki dəniz səthi üzəri suyla örtülmüş quru parçalarıdır. Ancaq, okeanların dərinliklərindən çıxmaq istəyən təbii qazlar, oradakı təzyiqin təsiriylə qatı hala çevrilir və "hidrat"laşır, ağ və qatı bir maddəyə çevrilir. Robot-dalğıclar dənizin dibinin şəklini çəkdikdən sonra aydın oldu ki, Bermudun dibi ağ rəngdən və batmış gəmilərin qalıqlarından ibarətdir.

Bu bölgə eyni zamanda Gulf Stream (Qolfstrim) cərəyanının da keçdiyi ərazidir. Səthin istiləşməsi səbəbindən "zəhərli qazlar" sudan yüngül olduqları üçün səthə doğru qalxır. O anda, dənizin dibindən səthə qədər suyun sıxlığı azalır və oradan keçən nə varsa, dərin sürətlə okeanın dibinə çəkilir. Sıxlığı azalan su gəmiləri səthdə saxlamağa qadir deyil. Qazın yüksəlməsi sona çatınca sıxlıq təkrar köhnə vəziyyətinə qayıdır və nəhəng gəmilər heç bir iz buraxmadan Bermudun sularına gömülür.

Təyyarələrin itməsinin də səbəbi eynidir. Səthə çıxan təbii qazlar havadan yüngül olduqları üçün səmaya doğru yüksəlməyə davam edir. Bu dəfə sıxlığın azalması, atmosferdə meydana gəlir. Ərazidən keçən təyyarə dərhal radarları itirir və mühərrikləri dayanır. Çünki, mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyac var və sıxlığı azalmış havanın tərkibindəki oksigen miqdarı mühərriklərin çalışması üçün kafi deyil. Beləcə təyyarə də , sürətlə okean sularına düşür və yoxa çıxır.

Bu cür sadə elmi izahlar çoxlarını qane etmir. Bəlkə də buna görə Bermud üçbucağı kütləvi informasiya vasitələrinin təqdimatında naməlum fizika qanunlarının etibarlı olduğu və ya fizika qanunlarının işləmədiyi qeyri-adi bölgə kimi məşhurlaşıb.

Bermud üçbucağının bir amerikalı jurnalistin təxəyyülünün məhsulu olduğunu düşünənlər də az deyil.

“Atlantik qəbiristanlığı”

On illər boyunca burada baş verən bir çox qəribə hadisələr haqqında dəqiq informasiya verilməyib. Rabitənin inkişaf etmədiyi vaxtlarda bu cür hekayələr daha geniş yayılmışdı. Ancaq ötən əsrin 60-cı illərdən sonra bu bölgədə batan gəmilərin yoxa çıxması xeyli azalıb.

Üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub.

1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf edir və buranı Şeytan adası adlandırır. Sonralar onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırılıb.

Yoxa çıxan gəmilər, müəmmalı tapıntılar

1840-cı ildə Baham adalarının paytaxtı olan Nassau limanının yaxınlığında Fransanın “Rozali” gəmisi aşkarlanır. Əla vəziyyətdə olan gəmidə hər şey qaydasında idi, lakin gəmi heyəti yoxa çıxmışdı. Gəminin jurnalında heyətin başına gələn hadisə barədə heç bir qeyd aparılmamışdı. Bununla da “Bermud üçbucağı”nın qeyri-adi tarixçəsi başlayır. Bu tarixçənin səhifələrində 103 ton su tutumu olan “Mariya Çelesta” gəmisinin başına gələn müəmmalı hadisə (7 noyabr 1872-ci il) xüsusi yer tutur. Aşkar olunan bu gəminin də heyəti yoxa çıxmışdı.

Çox keçmir ki, kerosin yükü ilə Nyu-Yorkdan Genuaya istiqamət alan “Dei Qratia” gəmisi Azor adaları rayonunda aşkarlanır. Gəminin göyərtəsində heç kim yox idi. Yaxınlıqdan keçən gəminin kapitanı Morxaus səsgücləndirici vasitəsilə gəmidə kiminsə olub-olmamağını yoxlamaq istəyir. Lakin cavab gəlmir.

20 oktyabr 1902-ci ildə Atlantik okeanında Almaniyanın “Freya” ticarət gəmisinə rast gəlinir. Yenə də gəmi heyəti yoxa çıxmışdı.

4 mart 1918-ci ildə ABŞ-ın 12 min ton su tutumu olan “Siklop” gəmisi 309 nəfər heyət üzvü ilə Barbados adasından səfərə çıxır. Baltimora istiqamət götürən “Siklop” təyin olunan yerə gəlib çatmır. Hər hansı bir həyəcan siqnalı da qeydə alınmır.

“Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq...”

5 dekabr 1945-ci ildə 5 “Evendjer” (Qisasçılar) bombardmançı təyyarəsi havaya qalxaraq şərqə doğru istiqamət götürür və sonra təyyarədən xəbər çıxmır…

Saat 14.10-da 15 pilotla havaya qalxan 5 təyyarə təyin olunmuş yerə çataraq saat 15.30 -15.40 radələrində geriyə dönüb cənub-qərbə istiqamət götürür. Lakin bir neçə dəqiqədən sonra-saat 15.45 - də Fort-Loderdeyl aviabazasının komanda məntəqəsi qəribə bir məlumat alır: "Bizdə qəza vəziyyətidir. Görünür, istiqaməti itirmişik. Torpağı görmürük. Təkrar edirəm, biz torpağı görmürük"! Dispetçer onların koordinatlarını soruşur. Lakin cavab bazadakı zabitləri şoka salır: "Biz harada olduğumuzu müəyyənləşdirə bilmirik. Deyəsən, azmışıq".

Belə bir vəziyyətdə aviabazanın nümayəndələri yeganə düzgün qərar qəbul edirlər. "Qərbə doğru istiqamət götürün!" Yenidən qəribə cavab: "Biz bilmirik qərb hardadır. Heç nə alınmır... İstiqaməti müəyyənləşdirə bilmirik. Hətta okean da həmişə olduğu kimi görünmür!" Saat 16.45 - də uçuşun komandiri Teylordan təəccüblü məlumat gəlir: "Biz Meksika körfəzinin üstündəyik". Yerdəki dispetçer Don Ful fikirləşir ki, yəqin pilotlar kontuziya alıblar. Çünki göstərilən yer horizontun əks tərəfində idi. Təyyarələrin ora gedib çıxması inanılmaz idi.

Saat 17.00. Pilotlar güclü əsəb gərginliyi həddindədirlər. Onlardan kimsə qışqırır: "Lənət şeytana, əgər qərbə istiqamət götürsəydik, yəqin ki, evə düşərdik"! Sonra Teylorun səsi gəlir: "bizim evimiz şimal-qərbdədir..." Həyəcanlı anlar bir qədər səngiyir və pilotlar aşağıda hansısa adanı müşahidə edirlər: "Məndən aşağıda torpaq var. İnanıram ki, bu Kisdir..." Lakin hər şey hədər idi. Qaranlıq düşür, itmiş təyyarələrin tapılması üçün havaya qalxan "Bombardmançı"lar əliboş bazaya qayıdırlar. Onlardan biri də axtarış zamanı yoxa çıxır..." Lakin Teylorun son sözləri barədə hələ də mübahisələr davam edir: "Mənə elə gəlir ki, biz ağ sulara qərq oluruq... Biz tamamilə azmışıq". 1987-ci ildə məhz orada - Meksika körfəzinin dərinliklərindən 40-cı illərin istehsalı olan "Evendjer"lərdən biri tapılır. Amerika mətbuatı “Evendjer”lərin yoxa çıxması ilə bağlı müxtəlif versiyalar irəli sürür. Ancaq bu hadisə böyük bir müəmma olaraq qalır.

Ağ dumanda yoxa çıxan qatar

Buna bənzər hadisə 1911-ci il iyunun 14-də dəmiryol gəzintisi vaxtı da baş verib. Roma vağzalından gəzintiyə çıxan vaqon şəhərin görməli yerlərinə yol alır. Qatar yeni çəkilən dəmir yolu tunelinə yaxınlaşır. Qatardan atılmağa imkan tapan iki sərnişinin dediklərinə görə, birdən ətrafı ağ duman bürüyüb, qatar tunelə yaxınlaşdıqca duman qatılaşıb. Şahidlərin dediyinə görə, duman getdikcə yapışqan mayeyə çevrilib. Qatar tunelə girib və yox olub. On ildən sonra həmin qatar Poltava vilayətinin Zavaliçi kəndi yaxınlığında göründü. Maşinistin kabinəsi boş idi, pərdələr bağlı idi. Qeyri-adi hadisələr araşdıran komissiyanın sədri V.P.Leşatıy keçmişdən qayıtmış bu qatarı tədqiq etməyə cəhd etdi. Onun qeydlərinə görə qatar naməlum şəkildə zamanı keçərək bizim dövrə gəlib. Leşatıy 1991-ci ildə qatarın pilləkənində yoxa çıxdı. Qatar hal-hazırda Zavaliçi kəndində dayanıb, lakin heç kəs onu öyrənməyə cəsarət etmir. Alimlər zamanın yerdəyişməsi ideyası ilə razılaşıblar. Burada nəinki zaman möcüzələri baş verir, eləcə də buradakı insanların vaxtından əvvəl qocalmaları da müşahidə olunub.

Tədqiqatçıların fikrincə, vaxt bütün bədənə müəyyən təsir göstərir. Amerikanın sualtı gəmilərinin birində qəribə hadisə baş verib. Bermud üçbucağı ərazisində 70 metr dərinlikdə üzən gəmidə matroslar qəribə səs-küy eşidir. Bunun ardınca onlar hiss edir ki, heyət üzvləri çox sürətlə qocalır. Həkimlərin cəhdinə baxmayaraq heyət geri qayıdandan sonra da qocalmış olub, görmə və eşitmə qabiliyyətləri pisləşir.

Bermuddan sağ qayıdan azərbaycanlı alim

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iki alimi 1982-ci ildə əfsanəvi "Bermud üçbucağı"nda olub. Onlardan biri geologiya-mineralogiya elmləri doktoru Xəlil Əliyulla, digəri isə geologiya-mineralogiya elmləri doktoru Rüstəm Babayevdir.

Rüstəm Babayevin xatirələri: “1982-ci ildə Bemudda səfərdə olmuşam. Geologiya İnstitutunda geologiya-mineralogiya elmləri namizədi kimi, böyük elmi işçi vəzifəsində idim. Keçmiş SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsindən məktub gəldi ki, bölmə SSRİ Elm və Texnika Dövlət Komitəsinin (SETDK) qərarına əsasən, elmi tədqiqat aparmaq məqsədilə Bermud adalarına 3 aylıq ekspedisiya təşkil edir və Azərbaycandan iki alim səfərə dəvət olunur. Ekspedisiyanın məqsədlərindən biri okeanın atmosferlə əlaqəsini öyrənmək idi. Qeyd edim ki, okeanla atmosfer arasında ən sıx və güclü əlaqə, böyük enerji "Bermud üçbucağı"ndadır. Ümumiyyətlə, bu ərazi dünya okeanının ən enerjili və təlatümlü hissəsidir. Səfərdə hidroloq, hidrogeoloq, bioloq, fizik və geoloqlardan ibarət heyətə bizdən əlavə SSRİ Elmlər Akademiyasının Okeanologiya İnstitutunun Cənub bölməsi və Fizika İnstitutunun əməkdaşları daxil idi. Onlar Moskva, Leninqrad, Vilnus, Gelencik şəhərlərindən idilər. Çexslovakiyadan bir botanik, Almaniyadan iki geologiya-mineralogiya elmləri doktoru da var idi. "Pravda" qəzetinin müxbiri L.Poçevalov "İki nəfər okeanda" adlı məhəbbət romanı yazırdı. Ekspedisiyanın iştirakçıları əsərin qəhrəmanları idi. Mən romanda öz familiyamla deyil, "Rüstəm Məmmədov" obrazı ilə əks olunmuşam. Ekspedisiyanın rəhbəri Sovet dövrünün məşhur okeanoloqu, dəniz və okean tədqiqatçısı, coğrafiya elmləri doktoru Aksyanov idi.

Polşada yenicə hazırlanmış qəhrəman "Vityaz" gəmisi ilk reysini bu limana etmişdi ki, bizi "Şeytan üçbucağı"na aparsın...

Orada tədqiqatlar aparmaq üçün bizə bir gün kifayət edirdi. Lakin möcüzəli üçbucaq "oyanaraq" qonaqlarını elə ilk gündə öz xarakterinə uyğun qarşıladı. Əvvəlcə küləksiz hava şəraitində sunami dalğaları nəhəng "Vityaz"ı yellədi. Masaların üzərindəki yüngül əşyalar – çəngəl, qaşıq, qələm, stəkan, kiçik ləvazimatlarımız sürüşməsin deyə yaş parçalardan süfrə kimi istifadə etdik. Bir az sonra, tayı-bərabəri olmayan, dəhşətli fırtınanın yaxınlaşdığı xəbər verildi. Bu məqamda hər kəs öz əşyalarını yerbəyer etməyə başladı. Gəminin içərisində qab-qaşıqların, kiçik ləvazimatların formasına uyğun xüsusi yerlər var idi. Əşyaları dağılmamaq üçün qoyduq həmin yerlərə. Laboratoriya aparatları və cihazlarını isə içəridə iplə sarıdıq. Qapıları bağlayıb hamımız yatağa uzandıq. Hər birimizdə qoruyucu qurşaq var idi. Elə bu an gəminin dörd tərəfinə dəyən zərbələrin bizi vahiməyə salan səsini eşitdik. Gəmi suyun üzərində kibrit qutusu kimi yırğalanmağa başladı. Sunaminin ardınca baş verən fırtına okeanın dalğalarını sərtləşdirmişdi. Gəmi hər dörd tərəfdən qalxıb-enirdi. Göyərtə suyun səviyyəsinə qədər əyilib-qalxırdı. Bayırda duman-çəndən başqa heç nə görünmürdü. "Vityaz" böyük və güclü burulğanın içərisində idi. Bizdə qorxudan peşmanlıq hissi yaranmağa başlayırdı. Amma gəmini idarə edənlərin yüksək məharəti onu batmağa qoymurdu. Onlar yaxşı bilirdilər ki, gəmini hara və necə döndərmək lazımdır. Kiçik səf nəticəsində burulğan "Vityaz"ı sürətlə 5 kilometr dərinliyi olan okeanın dibinə apara bilərdi. Bu vəziyyət üç gün davam etdi. Həmin müddətdə nə xörək bişirə, nə də tədqiqatlar apara bildik. Konserv xörəklər və meyvələrlə qidalanırdıq. O qədər yırğalanırdıq ki, ürəkbulanmadan söhbət də edə bilmirdik, sakit uzanıb, fırtınadan nə zaman qurtulacağımızı düşünürdük. Zərbələrin vahiməli səsləri ara vermirdi. Peyk vasitəsi ilə daim hava haqqında proqnozu izləyirdik.

Kapitan xəbər verəndə ki, təhlükədən sovuşduq, hamı biri-birini təbrik etdi. Okean sakit, dümdüz, göyün üzü tam aydın idi. Günəş sevincimizə şərik idi.

Ertəsi gün tədqiqatlar apardıqdan sonra, cənub-şərq istiqaməti ilə Cəbəllütarix boğazına qayıdıb geri dönəndə anladıq ki, doğrudan da "Bermud üçbucağı"ndan sağ qayıtmaq mümkün imiş”.

# 6364 dəfə oxunub

Müəllifin son yazıları

# # #