Cavid Zeynallı
“Müşrik və kafir şairlərə gəlincə, onlara yalnız azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar? (Hər tərəfə meyl edir, birini yalandan mədh, digərini isə əbəs yerə həcv edirlər!) Və onlar etmədikləri şeyi deyirlər! (Onların dediklərinin əksəriyyəti yalandır)”. (Şüara, 26/224-226)
***
Ərəblər şairlər haqqında nə düşünsələr yaxşıdır: Onlara şeytan toxunub. Qəribədir, başdan-başa hər kəsin şüuruna hakim kəsilmiş bu fikir sözə könül vermiş şəxsləri alçaltmaq, gözdən salmaq üçün yox, əksinə, xoşməramlı, təmiz niyyətliydi.
Məsələn, deyirdilər, şeytan toxunmayan adam insan qəlbini ovsunlayan, ağlı başdan alan sehrli şeirlər yarada bilməz. Demə, ərəb insanı üçün poetik istedad insanın ən ülvi məziyyəti sayılarmış. Üstəlik, şairə qohumluğu çatan adamlar bununla fəxr edər, iftixar duyardılar. Şairlər bütün qəbilənin istəkli və toxunulmaz şəxsləri idi.
Ərəb şairləri tanrıların və ilahələrin macəralarına baş qoşmaz, onlarla maraqlanmaz, daha çox döyüş və ov nəğmələri qoşar, qadın gözəlliyinin ötəriliyinə, həyat haqqında fəlsəfi düşüncələrə şeirlər həsr edərdilər.
İslamın Məkkədə yayıldığı ilk vaxtlarda peyğəmbərin tərəfdarlarına qarşı olan hücum və təhdidlər, bütpərəst qüreyşilərin islamı qəbul etmiş insanlara qarşı apardıqları boykot əleyhinə hərəkata Məhəmmədin bibisi oğlu Züheyr başçılıq edirdi. Boykotun acı nəticələri aradan qaldırıldıqdan sonra peyğəmbərin əmisi doxsan yaşlı Əbu Talib ölümündən az əvvəl haşimiləri cəsarətlə müdafiə etdiyinə görə, bacısı oğlu Züheyrin rəşadətini vəsf edən şeirlər qoşmuş, həmin nümunələr dövrümüzə qədər gəlib çıxmışdı.
Ancaq Məhəmməd peyğəmbərin şeirə münasibəti haqqında fikirlər birmənalı deyil.
Qəribədir, peyğəmbər şairləri doğrudanmı sevməyib? Bəlkə Xədicə ilə evlənərkən şair həmyaşıdlarının acıdilliyi onun qəlbinə toxunmuşdu? Hərçənd peyğəmbər xüsusi pərəstişkarı olmasa da, poeziya tarixini pis bilmirdi.
Buxarinin hədisləri isə başqa şeyi deyir: Peyğəmbər şəxsən özü şeir demiş, Həsən bin Sabit və Amir bin Əl-Əqva kimi bəzi şair əshabələrinə də bu məsələdə icazə verir, həmin şeirlərə özü də qulaq asırmış.
Rəvayət olunur ki, 40 yaşlı varlı Xədicə ilə bağlanmış nikahı bəyənən, qiymətləndirən şəxslərlə yanaşı ona istehza edən, iyirmi beş yaşlı bəyin, qırxa yaşlı gəlinin ünvanına şəbədə qoşan insanlar da tapılırdı. Və bu işdə xüsusi diliacılıq edənlər məhz peyğəmbərin poeziya həvəskarı olan həmyaşıdları idi. Ərəb şairləri pula nifrət edir, hər kəlməbaşı dönə-dönə təkrar edirdilər: zəngin vərəsəliyi dostlarla ziyafətlərə, gözəl qadınlarla sevgiyə xərcləmək hər şeydən yaxşıdır. Onsuz da gənclik solacaq, həyat sönəcək, israfçının da, xəsisin də qəbirləri üstündə eyni torpaq təpəcikləri düzəldiləcək, hər ikisinin adları nəsillərin yaddaşından silinəcək, həmişəlik itib gedəcəkdir.
Ərəb şairləri gözəl qızları, gənc qadınları yorulmadan tərənnüm edir, qırx yaşlı varlı dul qadınlara isə məhəbbətdən söz açmırdılar. Səbəbi də gizlətməkdən çəkinməzdilər: belə qadınlar şairlərin ilhamını oxşamır!
Şairləri incitmək olmaz...
Şairlərin divanəliyi peyğəmbərin nəzərində natəmiz qüvvənin təcəssümü deməkdi. Onlar hamı tərəfindən divanə kimi qəbul edilmişdilər və bu da bəs idi ki, söz adamları ərəblərin gözündə bu dünyanın sakinləri olmayan toxunulmaz adamlara çevrilsinlər. Sadə ərəb düşünürdü: ilahidən vergi verilmiş adamları incitmək olmaz. Peyğəmbər isə tək Allahın varlığına inanan və yaradıcılıqlarına islamın ruhu hopmuş şairləri sənətkar kimi tanıyırdı.
Zəvvarların və tacirlərin çadırları arasında Ərəbistanın hər yerindən gəlmiş yüngül əxlaqlı qadınlar gəzib-dolaşırdılar. Bu qadınlar zəmanələrinə görə çox yaxşı təhsil görmüşdülər, gözəl geyinib-keçinirdilər, şən xasiyyətli və diribaş idilər. Məşğul olduqları peşələrindən utanmır, heç kim də buna görə onlara həqarətlə baxmırdı. Onlar mahnı oxumağı, rəqs etməyi bacarır, çoxlu şeirlər bilir və yaddaşlarında olan şeirləri bəzən saatlarla yorulmadan söyləyirdilər.
Köçəri tayfaların savadsız, çirkli, aclıq üzündən arıqlayıb əldən düşmüş, dəriləri yanıb kobudlaşmış qadınları ilə müqayisədə yüngül əxlaqlı qadınlar az qala insana izaholunmaz həzz gətirən səma mələklərini xatırladırdılar. Amma bu qadınların “izaholunmaz həzz”ini dadmaq istəyinə nə verirlər: hədsiz baha idilər, onlarla yaxınlıq hər kəsə nəsib olmurdu.
Məhəmməd peyğəmbər eyş-işrət məclislərində şair və aktyorların çıxışlarına qulaq asmaq üçün yığılan kütləyə sərt, barışmaz nəzərlərlə baxırdı. Çoxsaylı dinləyicilər toplanan şeir yarışmalarında şairlər bir-biri ilə bütün ərəblərin sevimlisi olmaq uğrunda mübarizə aparırdılar. Onlar dar dairədə müsabiqəyə təqdim olunan şeirləri təfərrüatlı, bir çox hallarda qərəzli təhlil edir, uzun qəhrəmanlıq poemalarını və qəsidələri sözbəsöz, sətirbəsətir gözdən keçirirdilər.
100 yaşlı şairin qılıncla doğranılması...
Bədr yaxınlıqdakı qələbədən sonra Əbu Cəhlin kəsilmiş başını peyğəmbərin ayaqları altına atırlar. Bu böyük zəfərin ardınca Mədinədə qırğın başlanır. Yalnız “həqiqi müsəlmanlar” – peyğəmbərin hakimiyyətini tanıyanlar və ona gələn vəhylərin ilahiliyinə inananlar özlərini təhlükəsiz hiss edə bilərdilər.
“Qardaşcasına məhəbbət və şəfqətlər” haqqındakı qanunlar yalnız onlara şamil olunurdu. Qalanlar qanundan kənar elan edilmişdi. Məhz Bədr döyüşündən sonra müharibəyə qarşı təbliğat aparmaq, peyğəmbərin hakimiyyətinin əsaslarını sarsıtmaq cəhdləri daha qətiyyətlə boğulmağa başlandı.
İlk qurban yüz yaşlı şair Əbu Afaq oldu. Şair peyğəmbərə istehza edir, göylərdən aldığı vəhyləri ələ salırdı. Əbu Afaqın qohumu könüllü şəkildə şairin qətlini öz üzərinə götürdü. Günün günorta çağı şairin evinə gedib yüz yaşlı qocanı qılıncla doğradı.
Qoca şairin qətli həmkarlarını qəzəbləndirmişdi. Onlar qəbilə üzvlərinin bütpərəstlik dövründəki şərəfli həyatını mədh edir, onların qorxaqlıqlarını ələ salıb gülürdülər. Peyğəmbərin başqa bir əleyhdarı qadın şairə idi. Mərvanın qızı Əsma kimi tanınan şairə xəzrəcilərin və əusilərin “gəlmə” sayılan Məhəmməd peyğəmbərə boyun əymələrinə istehza edir, həmkarı Əbu Afaqın qətlini lənətləyirdi.
Müsəlman Ümeyr gecə ilə şairənin evinə soxulub qadını öldürdü.
Ümeyrə heç kim – nə Əsmanın əri, nə də beş oğlu toxunmağa cəsarət etdilər. Və ertəsi günü şairənin bütün qohumları islamı qəbul etdilər.
Peyğəmbər düşmənlərinin müsəlman qohumlarından təsadüfi yerə istifadə etmirdi. Nəsil daxilində qan axıdılması necə deyərlər, ailənin öz işi sayılırdı. Bunun heç kimə dəxli yox idi və qan intiqamına səbəb olmurdu. Belə demək olarsa, peyğəmbərin bu qətllərlə sanki bağlılığı yox idi, qohumlar öz aralarında haqq-hesab çürüdürdülər.
Mədinədəki qenyuqilər tayfasından olan bir zərgər ərli müsəlman qadınla yaramaz zarafat etmişdi. O, akasiya ağacının tikanları ilə qadının paltarının ətəyini çiyinlərinə bərkitmişdi. Zavallı qadın ayağa qalxanda ətrafda olan insanlar qəhqəhə ilə gülməyə başladılar. Bütpərəst gəncin zarafatını müsəlmanlar görünməmiş təhqir kimi qəbul etdilər.
Bu təhqiri yalnız qanla yumaq olardı. Bazarda olan müsəlman gənclərdən biri onun üstünə atılıb bütpərəsti öldürdü. Çox çəkmədi, zərgərin qan intiqamına susamış qohumları müsəlman gəncin işini bitirdilər. Elə bu bəs etdi ki, bütün müsəlmanlar əldə silah qenyuqa tayfasına qarşı qalxsınlar.
Siyasi qətllər, qenyuqa tayfasının Mədinədən qovulması o demək deyildi ki, peyğəmbərin bütün rəqiblərinin gözü qorxdu. Bütpərəstləri müsəlmanlara qarşı müharibəyə ruhlandıran şair Kəəb ibn Əşrəf peyğəmbərin qarşısında ciddi maneəyə çevrilmişdi. Şair tayfasının və dostlarının yardımına bel bağlayıb Mədinəyə qayıtmışdı. Beş nəfər gənc müsəlman vaxt itirmədən şair Kəəbi aradan götürməyə hazır olduqlarını bildirdilər.
Di gəl, Kəəb çox ehtiyatlı davranırdı. Sui-qəsdçilər istəmirdilər ki, şairə günün günorta çağı hücum etsinlər. Kəəbi yalnız bir vasitə ilə tələyə salmaq olardı: hiyləgərlik və ikiüzlülük. Qisasçıların dini vicdanları isə buna imkan vermirdi. Amma axırda onlar özlərini peyğəmbərin əleyhdarı kimi qələmə verib Kəəbin etimadını qazanmağa başladılar. Şair yeni dostlarına inandı, hətta gecə yarı onu evdən çağıranda ehtiyat etmədi. Sakit, boş çöllükdə gənclər Kəəbin üstünə atılıb onun işini bitirdilər.
Bu cür aktlar Bədr yaxınlığındakı qələbədə az rol oynamamışdı. “Daxili düşmənlər” əzilmiş, zərərsizləşdirmişdi. Heç kəs açıq şəkildə qüreyşilərin tərəfini saxlamağa, yaxud peyğəmbərin hərəkətlərinə qarşı çıxmağa cəsarət göstərmirdi.
Kəəbin öldürülməsi az qala Məhəmməd peyğəmbərin həyatını itirməsi bahasına başa gələcəkdi. Peyğəmbər ən-Nəzir tayfası ilə münaqişəni yoluna qoymaq üçün Əli və Əbu Bəkirin müşayiəti ilə nəzirilərin hasara alınmış məhəlləsinə yollandı. Nəziri şeyxləri münaqişə məsələsini peyğəmbərlə müzakirə etməyə razı oldular. Lakin xahiş etdilər ki, süfrə açılana qədər gözləsinlər.
Peyğəmbər, Əbu Bəkr və Əli danışıqların başlamasını gözləyəndə divarın dibində çömbəlib oturmuşdular. Birdən peyğəmbər ayağa qalxdı, heç kəsə bir söz deməyib iti addımlarla Mədinəyə tərəf yol aldı.
Evə çatandan sonra müsəlmanlara bildirdi ki, nəzirilər ona qarşı sui-qəsd hazırlayıbmışlar. Onların niyyəti damdan dəyirman daşını peyğəmbərin başına atmaq imiş. Danışıqları da elə buna görə uzadırmışlar. Heç nədən şübhələnmədən divarın dibində oturan peyğəmbərə vəhy gəlmişdi. Mədinədə hamı bildi ki, baş tutmayan bu sui-qəsd peyğəmbərin əmri ilə öldürülən şairin qan intiqamı kimi hazırlanıbmış.
P.S. Yazı V.F. Panova və Y.B. Vaxtinin “Mühəmməd peyğəmbərin həyatı” kitabı əsasında hazırlanıb. (Tərcümə Vilayət Quliyev, ön söz Rafiq Əliyev)