Akademik Teymur Kərimli: “Postmodernizm ədəbiyyatımıza böyük ziyan vurdu”

Akademik Teymur Kərimli: “Postmodernizm ədəbiyyatımıza böyük ziyan vurdu”
27 fevral 2015
# 12:16

AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin APA-ya müsahibəsi

- Teymur müəllim, sizə zəng vurub müsahibə üçün görüşmək istədiyimi deyəndə, qəribə cavab verdiniz: ədəbiyyat haqqında İsa Həbibbəyli danışsa, daha yaxşı olar. Niyə bu cür düşünürsünüz ki, ədəbiyyat haqqında siz yox, məhz İsa Həbibbəyli danışmalıdır?

- Əslində burda bir subordinasiya məsələsi var. Subordinasiya tələb edir ki, hər kəs öz sahəsində daha yaxşı bilir və daha səlahiyyətlidir. Bizdə çox böyük ədəbiyyatşünaslar olub: Məmmədcəfər Cəfərov, Yaşar Qarayev, Əziz Mirəhmədov, Abbas Zamanov, Məmməd Arif Dadaşzadə və başqaları. Müasir dövrdə isə bu sahənin ən böyük siması şübhəsiz ki, akademik İsa Həbibbəylidir. Bu baxımdan dedim, subordinasiyanı gözləyək, İsa Həbibbəyli özü danışsın. O başqa məsələ ki, əlbəttə, biz ədəbiyyat adamıyıq və deyərdim, təkcə ədəbiyyatşünaslar yox, başqa sahənin adamları da ədəbiyyatı çox gözəl biliblər. Tarix boyu bizim fiziklərimiz lirika ilə çox maraqlanıblar. Akademik Həsən Abdullayev fizik idi, amma folklora yaxşı bələd idi. Akademik Fərəməz Maqsudov riyaziyyatçı olsa da, ədəbiyyatı çox gözəl bilirdi, saatlarla şeir deyə bilərdi. Bu mənada, əlbəttə, hər kəsin borcudur ki, ədəbiyyat haqqında fikrini desin. Məlumdur ki, keçid dövrü ədəbiyyata, dilə marağı xeyli zəiflətdi. Bizim gənc nəsil bəlkə də ingilis dilini ana dilindən yaxşı bilir. Bu, bizi narahat edir və narahat etməlidir. Beş il əvvəl akademik Ramiz Mehdiyev həyəcan təbili çalırdı ki, niyə bizdə böyük ədəbiyyat yaranmır, əl-əl gəzən romanlar, gözəl dram əsərləri niyə yazılmır? İndiki gənc nəsil daha çox öz biznesini qurmağa çalışır, menecment sahəsinə meyllənir. Mənəviyyat sahəsinin geri qalması anormal haldır.

- Ədəbiyyatın və elmin firavan gələcək vəd etmədiyi ölkədə gənclərin menecment sahəsinə meyl göstərməsi normal hal deyil?

- Sovet dövrünü çıxsaq, ədəbiyyat heç vaxt şairlərin, yazıçıların çörək ağacı olmayıb. Ədəbiyyat daxili tələbat olub ki, ürəkdən gələn sözləri kağıza köçürüb oxumaq üçün xalqa verəsən. Ədəbiyyata ancaq sovet dövründə qonorar veriblər.

- Amma ədəbiyyat Nizami Gəncəvinin də çörək ağacı olub...

- (Gülür) Yox, deməzdim ki, ədəbiyyat Nizaminin çörək ağacı olub. Əsərlərini yazana qədər Nizaminin imkanı olmasaydı, orta əsrlərdə o səviyyədə bilik ala bilməzdi. Nizami səviyyəsində elm öyrənmək üçün insan mütləq orta təbəqənin adamı olmalı idi. Yəni Nizami yaradıcılığa başlayana qədər onun maddi vəziyyəti yaxşı idi. Əlbəttə, Nizami istəsəydi ki, şeirlə dolansın, o da başqa şairlər kimi saraya dəvət alanda qəbul edərdi. Məsələn, Xaqani kasıb ailədən idi, saray şairi idi, onu təmin edirdilər. Fələki Şirvani, Mücirəddin Beyləqani də o cümlədən.

- Deməli, ədəbiyyat təkcə sovet dövründə yox, elə orta əsrlərdə də çörək ağacı olub...

- Müəyyən mənada olub, ancaq ömrü boyu bunun altını, əzabını çəkiblər. Xaqani də, Fələki də zindana düşüb, Mücirəddin zindanda yatıb, çıxandan sonra öldürüblər. Yəni Nizami bilirdi ki, sarayın bəlası səfasından çoxdur. Nizamiyə də hədiyyə verirdilər. Məsələn, onun bir qəzəlinə Dərbənd hökmdarı gözəl bir kəniz göndərmişdi ki, Nizami onu həyat yoldaşı etdi. Ona bağışlanan kənd xaraba kənd olub. Yazırdı ki:

Kənd nə kənd, andırır dar bir kürəni,

Yarımca ağacdır uzunu, eni.

Ədəbiyyat adamın içindən gəlməsə, onu çörək üçün, pul üçün yaratmaq çox çətindir.

- Belə çıxır ki, sovet dövrü Azərbaycan söz adamını pis öyrətdi?

- Yox, belə deməzdim. O dövrdə başqa sahələrdə nə qədər qazanırdılarsa, ədəbiyyatda da belə idi. Yazıçılıq-şairlik peşə idi, iş idi. Həmin işdən adamlar maaş alırdılar, dolanırdılar. İmperiya parçalanandan sonra oxucu auditoriyası dağıldı, müəyyən qədər ədəbiyyat geri qaldı. Bu gün biz klassik ənənələrə üz tutmaqdansa, təəssüf ki, yazıçılar müxtəlif izmlərə uyur, onun zəif təkrarını ortaya çıxarırlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda mənə bir roman verdilər, on beş səhifədən o tərəfə oxuya bilmədim. Gördüm ki, Paulo Koelyodan, Uilyam Bleykdən nəsə götürüb, mozaika yaradıb. Postmodernizm son zamanlar bizim ədəbiyyata böyük ziyan gətirdi. Əlbəttə, parlaq əsərlər də yazıldı. Məsələn, Kamal Abdullanın “Unutmağa kimsə yox”, “Yarımçıq əlyazma” romanları. Yaxud Kamal Abdullanın çox gözəl hekayələri var, onları böyük maraqla oxuyuram. Burda zövq məsələsi də var. Ola bilər, həmin mozaika şəkilində olan postmodern əsərlər gənclərin xoşuna gəlir. Onların zövqünü də klassika ilə tərbiyə etmək lazımdır. Mən gənclərə həmişə deyirəm ki, Füzulini oxuyun. Bəlkə birinci oxunuşda nə isə başa düşməyəcəklər, amma lüğətlərin köməkliyi ilə təkrar-təkrar oxuyanda sözün qüdrətindən heyrətlənəcəklər. Bizim bu boyda sərvətimiz ola-ola niyə görə xaricdən nə isə import etməliyik ki, o da bizim xarakterimizə uyğun gəlməsin?!

- Luis Sinkler Nobel nitqində deyirdi: “Əsl universitet professorunu bu fikrin özü belə qorxudur ki, ədəbiyyatı adi insanlar yarada bilər - o adamlar ki, küçə ilə gedir, əksəriyyət kimi adi şalvar, pencək geyinir və öz xarici görünüşləri ilə sürücüdən, fermerdən fərqlənmirlər. Bizim Amerika professorlarının xoşuna gələn aydın, soyuq, qüsursuz və tamamilə ölü ədəbiyyatdır”. Sinklerin “Amerika professorları” ifadəsinin yerinə “Azərbaycan professorları” ifadəsini qoysaq, məncə, heç nə dəyişməz. Yəni bizim professorlar gənclərdən nəinki böyük ədəbiyyat, ümumiyyətlə, heç nə gözləmirlər. Bu inamsızlıq nədən yaranır?

- Bu inamsızlıq çox təbii şeydir. Yəni biz əlimizi oda vurmayınca inanmırıq ki, o, yandıra bilər. Gənc özünü sübut edənə, auditoriyanı toplayana qədər inamsızlıq olmalıdır. Biz hər yoldan keçənə inana bilmərik ki, bu adam böyük şəxsiyyət və yazıçı olacaq. Əgər gənc daşlı-kəsəkli yolları keçə bilirsə, özünü sübut edə bilirsə, biz də ona inanırıq. Biz görmədiyimiz, eşitmədiyimiz, əl vurmadığımız bir şeyə necə inana bilərik?!

- Gənclərdən inandığınız var?

- Son zamanlar gəncləri yaxşı oxuya bilməmişəm. Bir az yaşlı nəsildən Salam Sarvanı misal gətirə bilərəm. Salam çox istedadlı şairdir. Mən Salamı oxuyanda Füzulinin rayihəsini duyuram. Yaxud Rasim Qaracanın adını çəkə bilərəm ki, məni tutan, xoşuma gələn şeirləri var. Mənə elə gəlir, epiqon ədəbiyyat heç vaxt böyük ədəbiyyat ola bilməz. Vaxtilə Füzulini təkrar edən epiqon şairlər var idi, indi də Borxesin ardıcılları var. (Gülür) Bu, bəlkə kimisə müəyyən müddət maraqlandıra bilər, amma o, yaşamayacaq. Ona görə böyük ədəbiyyat yaratmaq üçün ənənəyə getmək lazımdır.

- Deməli, postmodernizmi qəbul etmirsiniz...

- Postmodernizmin birmənalı tərifi yoxdur. Ona görə oxucularda çaşqınlıq yaranır. Məsələn, avtoritet tənqidçi yazır ki, postmodernizm ədəbiyyatın çöküşüdür. Postmodern, yaxud modern əsər olmasından asılı olmayaraq, ədəbiyyatı istedad yaratmırsa, onun haqqında danışmağa dəyməz. Əslində bunlar hamısı zahiri qabıqdır. Əsas məsələ ürəkdən gələn sözdür. O sözü müxtəlif formalara salmaq olar.

- Tənqid və tənqidçilər haqqında nə düşünürsünüz? Azərbaycanda obyektiv tənqidçi olmaq mümkündür?

- XI əsrdə Xətib Təbrizi deyirdi ki, şeiri tənqid etmək onu yazmaqdan çətindir. Tənqid pisləmək, yıxıb sürümək, zəif cəhətləri tutmaq deyil. Tənqid qiymət vermək deməkdir. Əgər əsər qiymətsizdirsə, çalışıb onun qiymətsiz olduğunu sübut etməlisən. Necə ki, başqa sənət növlərində subyektivizm var, tənqiddə də bu mövcuddur. Bu, təbii bir şeydir. Heç kimdən gözləmək olmaz ki, sən yüz faiz obyektiv olmalısan. İnsanlar bir-biri ilə üz-üzə gəlir, ona görə də tənqidçi məcbur olur, gecəyə gündüz, pisə yaxşı desin. Bu, kiçik ölkələrin bəlasıdır. Azərbaycanda hamı bir-birini tanıyır. Bu da bir bəladır. Amma doğru özünə onsuz da yol tapır. Tənqidçilər zəif əsəri göylərə qaldırsalar da, bir müddət sonra o, sabun köpüyü kimi partlayacaq.

- Ədalətinə və zövqünə inandığınız tənqidçilərin adlarını soruşsam, deyərsiniz? Ki, həmin adamın yazısını görəndə mütləq oxuyursunuz...

- Yüz faizlik belə adam yoxdur. Bizim dövrdə Asif Əfəndiyev, Məmmədcəfər Cəfərov, Yaşar Qarayev gözəl tənqidi yazılar yazırdılar. Müasir dövrdə oxuduğum tənqidçilərin də, əlbəttə, adını çəkə bilərəm. Məsələn, Elnarə Akimova, Bəsti Əlibəyli, Tehran Əlişanoğlu. Onlar yaxşı tənqidçilərdir. Yenə deyirəm, heç kimdən yüz faiz ədalət gözləmək mümkün deyil.

- Ədəbiyyatda “həyatdan və kitabdan gəlmə” deyilən bir bölgü var. Bu bölgü ciddi ədəbiyyat söhbəti üçün mövzu olmasa da, hər halda, müzakirə olunur, mübahisəyə səbəb olur...

- Ədəbiyyat həyatdan gəlmirsə, həyata necə nüfuz edə bilər? Mən ədəbiyyatda qurmağı, texnika ilə yazmağı qəbul etmirəm. Bəlkə bunu robot, maşın qəbul edə bilər, ancaq mən qəbul edə bilmirəm. Oradan-burdan götürüb, maşından roman yazırlar. İnsan yaşamalıdır ki, nə isə yaza bilsin. Yaşanmayıb qələmə alınan ədəbiyyat insanları cəlb etməyəcək.

- Mən sizdən Orxan Pamuk və Umberto Eko haqqında soruşmaq istəyirdim, ancaq mövqeyiniz bəllidir...

- Orxan Pamukun “Mənim adım qırmızı” romanından 15 səhifə oxudum, sonrasını oxuya bilmədim. Uydurmanı, quramanı, fantasmaqoriyanı qəbul edə bilmirəm. Simvolun özündə də bir məna olmalıdır ki, onu qəbul edə biləsən. Simvolu, fantasmaqoriyanı mənasızlaşdıranda adamın ürəyi o kitabı itələyir. Baxmayaraq ki, bütün dünya Umberto Ekonu dahi hesab edir, mən onu da oxuya bilmədim. Bəzən axına qarşı da üzməyi bacarmalısan. Təəssüf ki, biz çox vaxt dəblə yaşayırıq. Məsələn, gənc bir yazıçının əsərini kimsə oxuyur, mif düzəldir və biz də deyirik, mütləq oxumalıyıq. Oxuyanda görürsən, kitab səni özündən uzaqlaşdırır, amma axıra çatmaq xətrinə davam edirsən və görürsən ki, hə, doğrudan da mif imiş.

- Sizə elə gəlmir ki, qəzəlin vaxtı keçib? Hətta bir dəfə yazmışdılar ki, qəzəl yazmaq çarıq geyib Bakının küçələrində gəzməyə bənzəyir...

- Qəzəl formadır. Əsas olan məzmundur, sözdən necə istifadə etmək bacarığıdır. Onu sən sərbəst şeirdə də, qəzəldə də, qəsidədə də istifadə edə bilərsən. Bu, zahiri məsələdir. Necə ki, postmodernizm zahiri qabıqdır, qəzəl, qəsidə də eyni mənada qəbul edilməlidir. Qəzəl yazmağa pis baxmıram. Əgər o ənənəni davam etdirirlərsə, bunun nəyi pisdir?

# 1844 dəfə oxunub

Müəllifin son yazıları

# # #