Bəhram Osmanov: “Rejissor gücsüz olanda, aktyorlar liderlik edir” - MÜSAHİBƏ

Bəhram Osmanov: “Rejissor gücsüz olanda, aktyorlar liderlik edir” - <span style="color:red;">MÜSAHİBƏ
6 sentyabr 2017
# 15:03

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmikiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovun APA-ya müsahibəsi

- Bəhram müəllim, kiçik bir müşahidəmi bölüşmək istəyirəm. Son illərdə sizi sənət haqqında, daha konkret desəm, teatr haqqında bədbin fikirlərlə yaşayan görmüşəm. Güman edirəm, təəssüratım səhv deyil. Bəlkə də bədbin yox, həvəssiz demək daha yumşaq çıxar. Müsahibə təklifimə reaksiyanızı xatırlayırsınızmı: “Kimə lazımdır, axı”?!

- Yox, qətiyyən bədbin deyiləm. Ola bilər, kənardan belə görünsün. Müsahibə nəyi isə araşdırmaq, təhlil etməkdir. Mən isə danışmaqdan daha çox işləməyə üstünlük verirəm. Dediklərimi isə məşq vaxtı, yaxud dərs zamanı edirəm. Çünki bu, ətrafımda olan insanlar üçün vacibdir. Yerdə qalan vaxtları isə mütaliəyə həsr edirəm. Bu təkcə bədii ədəbiyyatı oxumaq üçün yox, aktual və müasir dövrlə səsləşən əsərləri tapmaq üçündür. Yaxşı əsər tapmaq çətindir. İstəyirəm ki, tapdığım əsərlər ilk növbədə işlədiyim aktyorlar üçün maraqlı olsun, onların yeni potensial imkanlarının açılmasına kömək olsun. Tamaşaçını razı salmaq sonra gəlir. Bu artıq bir vərdişə çevrilib. Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla artıq 2018-ci il üçün işləyirik. Baxmayaraq ki, hələ 2017-ci il bitməyib. 2018-ci ili qənaətbəxş etmək üçün çoxlu sayda əsərlər oxumaq lazımdır.

- Hansı müəllifləri oxumusunuz?

- Hər bir millətin qəbul edəcəyi mövzular var. Azərbaycan xalqı Şekspiri, Molyeri qəbul edir. Bu, əvvəlcədən bu cür aşılanıb, tərbiyə olunub, indi də davam edir. Məsələn, Ostrovski 50-ci illərdə qəbul olunurdu, indi sevilmir. Həm də bu günlə səsləşən əsərləri axtarıram.

Tutalım, Lars Nurenin “Müharibə” əsəri. Gənc Tamaşaçılar Teatrında həmin əsəri beş mövsümdür oynayırıq, müxtəlif festivallarda olmuşuq, yenə dəvətlər gəlir. Əvvəllər deyirdilər ki, rol bölgüsü tamaşanın uğurunun əlli faizidir. İndi məlum olur, yaxşı əsər tamaşanın uğurunun 60-70 faizi deməkdir.

- Bu günlərdə Elçin Əfəndiyevin tərcüməsində Sartrın “Həqiqət, yalnız həqiqət” və Kobe Abenin “İstehkam” pyeslərini oxudum. Kobe Abenin əsəri ilə bağlı demirəm, amma Sartrın pyesinin nə vaxtsa tamaşaya qoyulmaq arzusunu ürəyimdən keçirdim...

- Sartr bizə yaxın müəllifdir. Bilirsən, bu cür əsərlərin tamaşaçı tərəfindən qəbul edilməsi üçün dəqiq səhnə variantları tapılmalıdır. Elçinin “Baş” romanını səhnəyə hazırlamaq istəyirəm. Əsəd Cahangirlə birlikdə ilkin variant üzərində işləmişik. Amma sonradan gördük, yox, bu o deyil.

Daha doğrusu, hələ istədiyimizi edə bilməmişik. Müəllifin dəqiq kodlarını tapmaq və onu tamaşaya çevirmək işin vacib tərəfidir. Dostoyevskinin “Dayımın yuxusu” əsərini tamaşa üçün hazırlamışam, amma səhnə variantını hələ də tapa bilmirəm. Yaxud “Don Kixot”la bağlı da vəziyyət eynidir. Aktuallıq və müəllif kodunu tapmaq çox vacibdir.

- Çağdaş Azərbaycan dramaturgiyasından nə gözləyirsiniz?

- Elçin və Əli Əmirli kamil dramaturqlardır. Əjdər Ol, İlqar Fəhmi və Pərvinlə hazırladığımız işlər məni qane edir. Dramaturgiya çətin janrdır. Həmişə istəmişəm, müəllif əsərinin necə qoyulması haqqında diktəsini etsin. Əlbəttə, dramaturgiya ədəbi janr olsa da, teatr üçün işləyən bir sənət növüdür. Sadəcə olaraq, dramaturgiyada müəllif düşüncələri hadisələrdən doğan dialoqlarda özünü göstərir. Bax, bunu yaratmaq çətindir.

- Sizə elə gəlmir ki, dram əsərləri yazmaqla bağlı qəribə bir xof yaradılıb?

- Xeyir. Əslində çoxlu sayda dramaturqun olmasının əhəmiyyəti yoxdur. Onu nədənsə son vaxtlar dövrü mətbuat çox axtarır. Əlbəttə, maraqlı mövzularla əhatə olunmuş çoxlu sayda pyesin olması arzu olunandır. Hər şeyi gələcək göstərəcək.

- Böyük mənada götürsək, bəlkə müasir dünyanın tələskən “fast-food” insanına teatr maraqlı olmadığı üçün geriləmə hiss olunur?

- Teatr canlı sənətdir. Bunu hamı bilir. Amma bir şeyi unudurlar ki, bu təkcə aktyorun tamaşaçı ilə canlı ünsiyyəti deyil. Bu elə canlılıqdır ki, bəzən ən adi bir işçinin pis əhval-ruhiyyəsi belə tamaşanın, yaxud məşqin normal getməsinə mane olur. Teatrda işləyənlər sözün əsl mənasında sanki məbəddə xidmət ediblər.

Bu əhvalı, bu mühiti saxlamaq çətin olsa da, hər birimiz buna çalışırıq. İncəsənət, ələlxüsus teatr insanın formalaşmasında mühüm rol oynayır. Elə buna görə də 2500 il bundan əvvəl yaranan bu sənət növü bütün texniki inkişaflara qalib gələrək yaşayır. Çünki bu sənət teatrda işləyən hər bir kəsin energetikasının bir damlasından yaranır.

- Yaradıcı adamların içində həmişə tükənmək qorxusu olur. Belə narahatlığınız varmı?

- Həmişə olub. Buna real baxmaq lazımdır. Amma bir şeyi də deyim ki, daima axtarışda olan adamda tükənmə olmur. Öyrənməyin daşını atıb çayxana-bufet müzakirələrinə qoşulanda, bəli, tükənmə başlayır.

- Mədəniyyət və İncəsənət Universitetində dərs deyən müəllim kimi sizdən teatr təhsili sahəsindəki problemləri soruşmaq istərdim...

- Təhsil akademik teatr sənətini öyrədir. Ondan sonra insanın taleyi başlayır. Bu tale uğurlu da ola bilər, uğursuz da.

Vacibi odur ki, səbrli və zəhmətkeş olub sevdiyin sənətə xidmət etməyi bacarasan. Yeni nəsil tam aktyor, yaxud rejissor təhsili alaraq sənət həyatına qədəm qoyur. Bu sənətdə uğur qazanmaq çox çətindir. Kiminsə taleyi üzdədirsə, uğuru tez qazanır. Kimin istedadı hansı səbəbdənsə açılışa bilmirsə, buna səbrlə yanaşmaq lazımdır. Mən müəllim kimi də, rejissor kimi də hər zaman aktyorlara səbrli olmağı tövsiyə edirəm. Qırx yaşa qədər peşəkarlıq əldə olunur. Daha sonra isə əsl sənət həyatı başlayır. Çox nadir hallarda gənc yaşlarında parlayan aktyorlar sənət ömrünü uğurla başa vurur. Bizim nəsil səbrlidir. Gənclər isə müasir dövrün tələbinə uyğun olaraq daha çox praqmatikdirlər. Onların sənət tərbiyəsini teatrda aşılamağı bacarmaq lazımdır. Bu sənətin yekunu yoxdur. Ona görə də həyatdan gedənə qədər öyrənməyə məhkumsan ki, daima üzdə olasan. Kim bunu bacarırsa, öz işinə davam edir. Bacarmayanlar isə sıradan çıxırlar.

- Gənc rejissorun özünü təsdiq etmiş aktyor ansamblı ilə tamaşa hazırlamağı çətin başa gəlmirmi? Yəni aktyor nüfuzundan istifadə edib müdaxilə edirmi?

- Rejissor gücsüz olanda aktyorlar tamaşa hazırlığı prosesində liderlik edirlər. Mənə qarşı bu hallar heç vaxt olmayıb. Aktyordan kömək istədiyim vaxtlarda belə, heç nə edə bilməyiblər. Çoxları da deyir, Bəhram Osmanov kobud, diktator rejissordur. Amma əksinə, tamaşa səhnəyə düşənə qədər aktyorlara kifayət qədər danışmaq hüququ verirəm.

Heç bir aktyor mənim məşqimdə müşahidəçiyə çevrilə bilməz. O ya işləyir, ya da məşqimə gəlmir. Çünki boş qalan aktyor çoxlu sayda müzakirə və təhlillər aparır ki, bu onun özünə də ziyandır. Hansı aktyorun gücü var, özümlə bərabər həmmüəllif olur. Mənim üçün böyük aktyor birinci növbədə rejissorun dediyini etməyi bacarsın, sonra öz təkliflərini verən aktyordur.

- Azərbaycan aktyorunun mütaliə səviyyəsi məni həmişə narahat edib. Hətta istedadlı, peşəkar aktyorların da bəzilərinin sonuncu oxuduğu kitablar on beş il əvvəl olub...

- Görünür həmin adamlarda özünə vurğunluq çoxdur. Amma sənət özünə vurğunluğu sevmir. Həyatdan gedənə qədər bu sənəti sevib onun var olması üçün çalışmalısan. Bu gün Azərbaycanda yenə də istedad axtarırlar. Bir şeyi anlamaq lazımdır ki, ilk növbədə zəhmət və səbr, sonra istedad gəlir.

- İstedadlı adam səbrsiz ola bilər. Bəlkə də bununla heç nə itirməyəcək. Amma istedadsız adam nə qədər səbrli və zəhmətkeş olsa da, yaradıcılığı “hər şey var, heç nə yoxdur” misalına dönəcək...

- Ümumiyyətlə, istedad yoxdur. Bu, əfsanədir. Fərdiyyət var.

- Sənət taleyinizdə hansı tamaşanı daha çox qiymətləndirirsiniz. Daha doğrusu, peşəkarlıq tərəfdən daha mükəmməl saydığınız hansı tamaşadır?

- Çətin sualdır. Mən təbiət etibarı ilə hazırladığım tamaşalarla fəxr etmirəm. Premyera bitəndən sonra təəssüratım yaranır, düzəlişlər edirəm və məsələ bitir. Əlbəttə, tamaşanın repertuarda daha çox qalmasını görəndə sevinirəm. Deməli, aktyorlar o tamaşada hələ improvizə edə bilirlər, obraz olaraq onu yaşada bilirlər. Əli Əmirlinin “Varlı qadın”, “Mesenat”, ”Hasarın o üzü”, Elçinin “Şekspir”, Lars Nurenin “Müharibə”, Hüseynbala Mirələmovun “Xəcalət” tamaşalarını deyə bilərəm. “Xəcalət” hələ də oynanılır. Və bu, aktyor oyununun hesabınadır ki, o tamaşaya maraq var.

- Bölgə teatrlarının vəziyyəti necədir? Onların hazırladığı tamaşalara baxa bilirsinizmi?

- Baxıram. Bəzi teatrlarla əlaqələrim daha möhkəmdir. Azərbaycanda həmişə rejissura problemi olub. Bu gün 26 dövlət teatrı var. Eyni sayda da mükəmməl rejissor lazımdır. Bölgə teatrları orda işləyən aktyorların hesabına yaşayırlar. Hərdən çox maraqlı tamaşaları olur, festivallardan uğurla qayıdırlar. Sadəcə, bölgə teatrlarına yeni qüvvələrin cəlb olunması azdır. Universiteti bitirən uşaqlar bölgələrə getmək istəmirlər.

- Gənc tamaşaçılar Teatrının repertuar siyasəti necə təşkil edilib, hansı yeni tamaşalarınız olacaq?

- Bizim teatr 90-cı teatr mövsümünə artıq start verib. Heyətimiz keçən mövsümdən qalan tamaşaların məşqinə başlayıb. Elşad Rəhimzadə “Qulliverin səyahəti”, xalq artisti Cənnət Səlimova Fridrix Dürrenmattın “Fizikaçılar”, əməkdar artist Nicat Kazımov Yevgeni Şvartsın “Qar kraliçası” tamaşalarını hazırlayır. Gələn il üçün isə teatrın direktoru Mübariz Həmidovla danışıqlarımız olub, müəyyən bir repertuar planı hazırlamışıq. Teatrın yaranmasının 90 illiyini yeni əsərlərlə, yeni qastrollarla qeyd edəcəyik.

Bütün işlərdə Mədəniyyət və Turizm Nazirliyi bizə yaxından köməklik göstərir. Teatrımızın istər maddi-texniki bazasının təmin olunmasında, istər qastrol səfərlərinin təşkilində nazirlik hər zaman bizə dəstək olub. Artıq müxtəlif qastrollara dəvətlər almışıq. Düşünürük ki, Gənc Tamaşaçılar Teatrının 90 illiyini Azərbaycanda və ondan kənarda olan həmkarlarımızla birgə böyük bayramla qeyd edəcəyik. Çünki Gənc Tamaşaçılar Teatrı böyük teatrlarımız üçün tamaşaçı yetişdirən yeganə teatrdır.

- Azərbaycan tamaşaçısından razısınızmı? Biz niyə teatral ola bilmirik?

- Sosioloqlar sübut edirlər ki, ölkə vətəndaşlarının 3-5 faizi incəsənətin və ədəbiyyatın bütün sahələri ilə maraqlanırlar. Bu faizdən teatrın da payına düşür. Sənətin, xüsusən teatrın daim təbliğata ehtiyacı var. Teatra gələnlər eyni zamanda ədəbiyyatla maraqlananlardır. Populyar bədii əsərin əsasında hazırlanan tamaşa tamaşaçının teatra axınına zəmanət verir. Ona görə də hər şey bədii əsərin həmin tamaşaçıya təsir etməsindən asılıdır. Teatr canlı orqanizm olaraq daim axtarışdadır. Yaxşı əsər, yaxşı rejissor, yaxşı aktyor ifası, rəssam və bəstəkar işi... Bunlar üst-üstə düşəndə tamaşaçı salonu həmişə dolu olur.

# 3332 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #