Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Müşfiq Hətəmovun APA TV-nın “Sözü kodu” verilişinə müsahibəsi
- Müşfiq müəllim, söhbətimizi “Libraff” kitab mağazasında aparırıq. Qonaqlarımıza ünvanladığım ənənəvi suala sizdən də cavab almaq istərdim. Kitab həyatımızda hansı rolu oynayır, bizim cəmiyyətin kitaba münasibəti haqqında nə düşünürsünüz?
- Belə bir gözəl kitab mərkəzində olmaq sevindirici haldır. Cəmiyyətin formalaşmasına təsir edən kitabların oxunmasını istəyiriksə, biz mütəmadi olaraq audiovizual informasiya vasitələri ilə bunu gecə-gündüz təbliğ etməliyik. Bu təbliğat nəticəsində oxucuları kitaba cəlb edə bilərik. Mən kitab yarmarkalarında oluram. Görürəm ki, oxucuların sayı gündən-günə artır.
- Yəni kitaba qayıdış var?
- Bəli, kitaba qayıdış var. Ona görə ki, əgər kitabı əvəz edən yoxdursa, deməli, əvvəl-axır öz yerində olacaq.
- Azərbaycan kinosu onlarla beynəlxalq festivalda iştirak edib, müxtəlif mükafatlarla qayıdıb. Bizim kinomuzun hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Kinomuz özünün hansı inkişaf mərhələsindədir?
- Əfsuslar olsun ki, Sovetlər birliyi dağılandan sonra yeni nəslin gəlməsi, kino sənayesinin müasir dövrün tələbləri səviyyəsində qurulması nəticəsində kino özünün ən acınacaqlı günlərini yaşadı. Nəticədə son 30-40 ildə Azərbaycan kinosuna gələn bir neçə insanın adını çəkə bilərik. Vaqif Mustafayev, Ayaz Salayev, Yavər Rzayev, Cəmil Quliyev... Biz mütəmadi olaraq, yerli və xarici ekspertlərlə birlikdə kinoindustriyanın qurulmasını, hansı proqramla hərəkət etməyi təhlil edirik. Bilirsiniz ki, cənab prezident tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” imzalanıb. Bu proqramdan çıxış edərək biz bir çox layihələri həyata keçirməyə başladıq. Bunlar nədən ibrətdir? Məsələn, yeni nəsli Azərbaycan kinosuna gətirmək. Təxminən son beş ildə 70-ə yaxın gənc “Azərbaycanfilm” kinostudiyasında sınaqdan çıxarıldı. Onların içindən rejissorlar, operatorlar, işıqçılar, rəssamlar, səs rejissorları yetişdi, biz nəticə əldə edə bildik. Bu gün Azərbaycan kinosu əllidən çox ölkədə nümayiş olunur. İndustriyanın düzgün qurulması məsələsində islahata böyük ehtiyac olduğunu hiss etdik. Yeni qanun layihəsi hazırlayıb Milli Məclisə təqdim etmişik. Bu qanun layihəsindən çıxış edərək əsas məqsədimiz Azərbaycan kinosunun dünya kinosuna inteqrasiya məsələsini həll etməkdir. Eyni zamanda iki əsas xətti inkişaf etdirmək məqsədini qarşımıza qoymuşuq: yerli filmlərin çəkilməsi, yaradıcılıq atmosferinin gücləndirilməsi və inkişaflı xətt üzərində qurmaq, o cümlədən, Azərbaycan kino xidməti yaradaraq xarici investisiyanın Azərbaycana gətirilməsi. Bu iki xətti paralel olaraq inkişaf etdirməyə çalışırıq. Bu gün qanunun qəbul olunmasında peşəkarlarla hüquq mütəxəssisləri arasında fikir ayrılıqları, problemlər var.
- Bu fikir ayrılıqları nədən ibarətdir?
- Məsələn, xarici investisiyanın cəlb edilməsi üçün film-komissiya deyilən qurum var ki, onu dünyada 400-dən çox təşkilat həyata keçirir. Dünyanın əsas kino çəkilişi bu təşkilatların üzərinə düşür. Biz film-komissiyanı yaradarıqsa, bu dövlətin strateji sahəsi olduğuna görə, bələdiyyələrdən, səhiyyə sahəsindən tutmuş, bank sektoruna qədər böyük qurum yaradılacaq, xarici şirkət internetdə film-komissiya bölməsinə baxacaq və hər şeylə tanış olacaq. Məsələn, Azərbaycanda neçə prodakşn, dünya standartlarına cavab verən hansı mütəxəssislər var və onlar Azərbaycana gələndə vizanı hansı sistemlə alacaqlar.
- Bu, eyni zamanda ölkəyə böyük vəsaitin daxil olması deməkdir.
- Bəli. Hətta bir çox dövlətlərdə, məsələn, Gürcüstanda qəbul olunub ki, 200 mindən çox vəsait sərf edilərsə, həmin vəsaitin 20 faizi çəkilişi aparanların özünə qaytarılır. Bu qayda dünyanın bir çox ölkələrində var. İndoneziyada hətta 30 faiz qaytarılır. Biz həvəsləndirici peşəkar sistem qurmalıyıq. İkinci bir tərəfdən, xarici şirkətlərin gəlməsi milli kinomuzun inkişafına o zaman dəstək olacaq ki, bizim mütəxəssislər onlarla bir yerdə çalışacaqlar. Çünki kino texnologiyası o qədər sürətlə inkişaf edir ki, dünya ilə əlaqən olmasa, o məsafəyə çatmaq çətin olur. İnanıram ki, bütün bunlar olsa, Azərbaycan kinosunda çox böyük irəliləyişlər olacaq.
- Eyni zamanda nəzərə alaq ki, kino böyük təbliğat vasitəsidir. Sizin sadaladığınız işlər yerinə yetirilsə, dünya kino ulduzları Azərbaycana gəlsə, bu ölkə mədəniyyətinin dünyaya təqdimatıdır.
- Azərbaycan kinosu ölkəmizi dünya kino arenasında çox inamla təbliğ edir. Təsəvvür edin ki, “Nabat” filmi Venesiya Film Festivalında iştirak etdi. Festivalın saytını yarım milyarddan çox tamaşaçı ziyarət etdi.
- Kifayət qədər ciddi rəqəmdir...
- Şamil Əliyevin “Çölçü”, İlqar Nəcəfin “Nar bağı”, Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Safatın “İçərişəhər” filmi... Azərbaycan kinosunda bir sıçrayış yarandı. Gənc rejissor Elvin Adıgözəlin prodüser Teymur Hacıyevlə birlikdə hazırladıqları ssenari Kann festivalı tərəfindən 15 ssenaridən biri olaraq seçildi, bu il yarışda iştirak edəcək. Bu gün Azərbaycan gənci dünyanın bütün kino mühitinin diqqətini Azərbaycana cəlb etdi. Bu çox böyük nəticədir. Qonşularımız təhlil edirlər ki, Azərbaycanın belə imkanlarının olduğunu gözləmirdik. Bunu daha da rentabelli və perspektivli etmək üçün böyük islahatlara ehtiyac var. Bu gün Azərbaycanda kommersiya studiyaları inkişaf edir. Ağır əziyyətlər çəkən peşəkar kinonu, müəllif kinosunu qoruyub saxlayan özəl studiyalarımız var.
- Kino turizmi anlayışı var. Bu haqda nə deyə bilərsiniz?
- Kino turizmi yerli turizmin inkişafına təkan verir. Gələcəkdə Şamaxı və Hacıqabulda 20 hektar yeri öz çəkiliş meydançamıza çevirə bilsək və məşhur bir film orada çəkilsə, görün nə qədər yerli və xarici turistləri cəlb edə bilərik. Bu, eyni zamanda böyük vəsaitin gəlməsi deməkdir. Dünya peşəkar yanaşmanın üzərində qurulub. Keçən dövrlərdə bizə qarşı o qədər inamsızlıq oldu ki... Tənqidin olmaması, ümumi kompozisiyanın korlanması biz qarşı inamsızlıq yaratdı.
- Yaradıcı şəxslərə qarşı inamsızlıq yarandı?
- Bəli. Biz ruslarla “Sonuncu” adlı qısametrajlı film çəkdik və Kann festivalına düşdü. Bu proses mütəmadi olaraq gedir. İş adamlarını, mədəniyyəti qiymətləndirən adamları inandıra bilsək, vəsait cəlb edə bilsək, Azərbaycan mədəniyyətini dünyaya çatdıra bilən kino olacaq. Kitablardan da güclü təbliğatı audiovizual vasitələr edir. Burada da birinci yeri kino tutur. Ona görə də biz kinoya münasibəti dəyişdirə bilsək - və görürük ki, dəyişir, - daha uğurlu nəticələrin əldə olunması bizə asan olacaq. 12 il müstəqillik böyük dövr deyil. Ənənənin formalaşmasına vaxt lazımdır.
- İş adamlarının dəstəyinə ehtiyac hansı dərəcədədir?
- İş adamlarını qınamaq fikri var. Mən bundan kənar adamam. Biz iş adamlarını maraqlandırmaq üçün nə təqdim edirik? Azərbaycan filmləri İndoneziyadan tutmuş Norveçə qədər çox da olmasa, satılır. Bu maraqları qura bilsək, böyük iş adamı nəslini cəlb edə bilərik. Burda hansı problemlər var? Gənc və istedadlı nəsli cəlb etdik. Ən böyük problem istedadın peşəkarlığa keçmə prosesindədir. Bizim cəlb etdiyimiz 70 nəfərin içində əsl istedadlar artıq peşəkarlaşır, inkişaf edir, vəsait tapırlar. Məsələn, Elmar İmanov Almaniyada yaşayır. Bizimlə müştərək film çəkdi. Vəsaiti ona Almaniya dövləti vermişdi. Əsas məsələ odur, istedadlıları peşəkarlaşdırıb dünyaya çıxara bilsək və iş adamlarını inandıra bilsək, yəqin ki, vəsaitdə o qədər də problem olmayacaq. Bu gün dünyanın hər yerində dövlət peşəkar kinonu, sənəti qoruyub saxlamaq üçün vəsait ayırır. Elə konsertlər olur, beş-on gün tamaşaçısı olur. Amma hansısa operanı nümayiş etdirsək, bir-iki gün tamaşaçısı olacaq. Amma bu o demək deyil ki, rentabelli olmadığına görə biz operanı qorumamalıyıq. Necə ki, dövlətimiz bu gün Opera və Balet Teatrını, Akademik Milli Dram Teatrını qoruyur. Cəmiyyətin psixoloji inkişafına uyğun olaraq, müasir inkişafı özündə əks etdirən əsərlərə çox böyük ehtiyacımız var. Məhz “Azərbaycanfilm” kinostudiyası bizim peşəkar kino məktəbimizdir. Böyük kino şirkətlərinin nümayəndələri gəlmişdilər. Onlar əvvəlcə bizə qarşı inamsız idilər. Mütəxəssislərimizlə söhbət edəndən sonra münasibətləri dəyişdi. Sevindirici haldır ki, artıq iki ildir özəl filmlərə bizim yaradıcı qrupdan insanlar dəvət olunur. İlkin dövrdə isə özləri çəkirdilər, dəvət etmirdilər.
- Peşəkar kino kadrlarının qorunub saxlanılmasının yolu nədən keçir?
- “Azərbaycanfilm”in hansısa filmi zəif, hansısa filmi çox güclü görünə bilər. Amma onların hamısı peşəkarlıqla çəkilib. Filmlərə bizim Bədii Şura nəzarət edir. Əgər bir istedadlı operatorumuz son istehsal olunan kamera ilə çalışmırsa, artıq rəqabətdə uduzub. Bilirsiniz ki, Azərbaycanda meydançadan canlı səsi yazan səs rejissoru yox idi. Artıq son dövrlərdə filmlərin səsləndirilməsi yığışdırılıb. Hamı səsi meydançadan yazır. Biz bir neçə nəfəri göndərdik, onlardan ən uğurlusu Ədalət adlı gəncimiz oldu. Ədalət çəkiliş meydançasında olmalıdır. Onun üçün yeni avadanlıq almağa çalışırıq, imkanımız yoxdur. Amma çalışacağıq ki, alaq.
- Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqələriniz necədir?
- Universitetin rektoru, hörmətli professorumuz Fərəh Əliyeva ilə bütün mövzuları mütəmadi olaraq müzakirə edirik. O cümlədən, Kinematoqrafçılar İttifaqının sədri Şəfiq Məmmədova ilə, Rejissorlar Gildiyası ilə problemlərimizi mütəmadi olaraq müzakirə edirik. Çünki müasir tədrisin qurulmasında müəyyən addımlar atılır və atılacaq da. Yaxşı nəticə almaq üçün Mədəniyyət və İncəsənət Universitetinə böyük dəstək olmalıdır. Bir çox müəllimlər xaricdən gətirilməlidir.
- Müşfiq müəllim, əhalisi və ərazisi Azərbaycan kimi böyük olmayan ölkələrdə kino ilə böyük pullar qazanmaq olurmu?
- Tamaşaçısı az olan ölkələrdə kino ilə pul qazanmaq çox çətin olur. Amma bu, ölkənin harada yerləşməsindən asılıdır. Əgər biz industriyanı qursaq, sizi inandırım, yaxşı pullar qazana bilərik. Qonşu İran, Türkiyə, Ərəb dövlətləri... Bizim alıcılarımız ilk növbədə bu ölkələrdir. Bilirsiniz ki, dünyanın hər yerində qiymətlərin bahalaşması ilə bağlı narahatlıq var. Şükürlər olsun ki, Azərbaycanda infrastruktur qurulub və biz buna hazırıq. 10-15 il əvvəl bunu bəlkə də edə bilməzdik. Pul qazanmaq üçün müştərək filmlər çəkilməlidir. Dünyanın aparıcı şirkətləri müştərəkliyə meyllidir. Biz də çalışırıq, bu cür edək ki, bazara daxil olaq. Məsələn, bizim Hindistan, Koreya, Fransa, Latviya ilə danışıqlarımız olub.
- Bu danışıqlara seriallar da daxildir?
- Danışıqlar əsasən kino ilə bağlıdır. Məhsul təqdim edəndə, hər şeyə nail ola bilərik. Bizə məxsus olan dəyərləri gözəl ssenarilər vasitəsi ilə kino dilinə çevirə bilsək, həddindən artıq maraqlı ola bilərik. Biz eyni zamanda yaradıcılıq məsələlərini həll edir, istehsalat sistemini müasir tələblərə uyğun qururuq. Bütün bu proseslərin içində bəzən səhvlərə yol veririk. Amma nəticə əldə olanda bütün bunlar unudulur. Peşəkar tənqidi də formalaşdıra bilsək, daha yaxşı olacaq. Bu, ən zəif yerlərimizdən biridir. Artıq nəticə vermək dövrü gəlib çatıb. Bilirsiniz ki, “Azərbaycanfilm” bu gün ağır günlərini yaşayır. Kinostudiya təmir olunmayıb.
- Əsaslı olmasa da, özünüz müəyyən işlər görmüsünüz...
- Bəli, elədir. Xeyli işlər görmüşük. Pavilyon işləyir, dəhlizlər təmizdir, televiziyalar çəkilişlər aparır, gənclər məşğul olurlar. “Cinema klub” yaratmışıq. Ən istedadlı gənc nəslin nümayəndələri həmin kluba cəlb olunublar. Onlar heç bir məvacib almadan yaradıcılıq mübadilələri aparır, qısametrajlı filmlər çəkirlər.
- Kino mövzularına toxundunuz, amma istərdim, bu məsələyə bir də qayıdaq. Hansı mövzuların kinoya gətirilməsini istəyirsiniz?
- Cəmiyyət dəyişdikcə, psixoloji tələblər artdıqca, yeni kino meydana çıxır. Ola bilər, 200 ildən sonra bizim çox sevdiyimiz filmlər insanlara maraqlı olmayacaq. Amma həmin filmlər gələcək nəsil üçün bizim kimliyimiz haqqında əvəzsiz informasiya daşıyıcısı olacaq. Çox istərdim, bu gün məhz bu baxımdan gələcək nəslə informasiya verəcək filmlər çəkilsin. Tarixi mövzuya müraciət etməyi niyə hamımız istəyirik? Çünki kinoda müasir Azərbaycan qadını və kişisinin obrazını yaratmamışıq. Ona görə də hamı keçmiş filmlərin təəssübünü çəkir. Bu gün müasir etik qaydalara cavab verən, əxlaqi dəyərləri özündə cəmləşdirən Azərbaycan qadını və kişisinin obrazını kinoya gətirməliyik. Məsələn, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elxan Cəfərovun “Dolu” filmi buna nümunə ola bilər.
- Yerli seriallara baxırsınız?
- Yerli seriallardan ilk dövrdə o qədər də böyük nəticə gözləmək lazım deyil. Bir arxayınçılıq yaranıb. Sifariş olunur, televiziya göstərir, tamaşaçı baxır. Hamı da razı, yaxud narazıdır. Peşəkar tənqid yoxdur. Bu da müvəqqətidir. Kommersiya filmlərində də vəziyyət eynidir.
- Kommersiya filmlərinin keyfiyyəti aşağı olsa da, tamaşaçını kinoteatrlara aparmağı bacarır.
- Onların içindəki çox zəif filmlər artıq tamaşaçı yığmır. Ən böyük problem odur ki, onların içində kinoya oxşayan, fərqlənənləri də tamaşaçı cəlb etmir. Demək, tamaşaçının formalaşdırılması üçün sosial həmrəyliyə, qınağa, tənqidə, maarifləndirməyə ehtiyac var. “Qırmızı bağ” və “Nabat” filmlərini izah edəndə adamlar filmlə ikinci dəfə baxırlar. Demək, tamaşaçının hazırlanması əsas məqsəddir.