Kulis Akademik Milli Dram Teatrının rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin APA-ya müsahibəsini təqdim edir.
- Mehriban xanım, milli teatrın səhnəsində Qriqori Qorinin “Herostratı unudun” tamaşasını hazırlayırsınız. İstərdim bu əsərə müraciət etməyinizdən, məşqlərin nə yerdə olmağından danışaq...
- Əsər mənə bugünkü zövqümlə çox aktual göründü. Qriqori Qorinin əsəri ilə yazıldığı müddətdə tanış idim. 1984-cü illərdə tələbə idim və o dövrdə bu əsər Moskva teatrlarında ən çox hazırlanan tamaşa idi. Amma o vaxt bu əsər mənim diqqətimi bu qədər cəlb etməmişdi. Yəni tanrı iradəsinə qarşı çıxmaq, bütün qanunların və əxlaqın əleyhinə gedərək üsyan etmək, bununla nəyə isə nail olmaq qədər absurd bir zaman hələ yetişməmişdi. Paradoksdur ki, bu gün dünyanın məhz belə qarmaqarışıq zamanında qanunlar, əxlaq, cəmiyyət bu əsəri daha aktual edir. Əsərdəki hadisələr iki min il əvvəl cərəyan etsə də, bu günlə çox səsləşir. Müasir insan cəmiyyətin məqbul bildiyimiz qanunla deyil, inancları yıxaraq, bütün əxlaqi dəyərlərin üzərinə gedərək mövqe əldə edir, bu mövqeyi ilə cəmiyyətə meydan oxuyur.
- Tamaşanın məşqləri necə gedir? Aktyorlardan istədiyinizi ala bilirsiniz?
- Müqaviləmə görə tamaşanı ayın axırında bitirməliyəm. Təhvil verməmək üçün elə bir bəhanəm yoxdur. Fors-major hal olmasa, Allah qoysa, ayın axırına tamaşanın ictimai baxışını planlaşdırırıq. O ki qaldı aktyor məsələsinə, belə demək caizdirsə, bu dəfə seçdiyim aktyorlar mənim prinsiplərimə uyğun bildiyim aktyorlardır. Daha çox müraciət etdiyim aktyorlardır. Bu tamaşada da, aktyorlarla müşkül yaşamadım. Daha böyük əsərlərdə daha çox iştirakçılar olur, amma bu tamaşada doqquz, on nəfər aktyorla işləyirik və tərəddüd edib obraz verdiyim aktyor olmadı. Hər halda, nəzər alsaq ki, idarə pultu məndədir, onda Paskal Blez demişkən, bütün təzyiq nöqtələrinə bərabər qüvvə ötürülür. (Gülür).
- İdarə pultu həmişə rejissorun əlində olurmu? Yəni son hazırladığınız tamaşalarda aktyor seçimi məsələsinə görə sizin iradəniz əsas götürülürmü?
- Əlbəttə, yalnız mənim iradəm əsasdır. İndiyə qədər heç kim mənə bu məsələdə təzyiq etməyib. Bundan sonra da, kimsə edə bilməz. Təbii ki, hansısa gənc rejissor səhv edəndə ona ox işarəsi göstərmək caizdir, amma hər halda, mən heç bir vaxt belə bir şey görmədim.
- Teatrın ətrafında olan qalmaqallar haqqında nə düşünürsünüz?
- Belə söz-söhbətə qarışmağa heç vaxt lüzum görməmişəm. Artıq mən də bu teatra dəvətli rejissoram. Bu teatrın ştatında oturan biri deyiləm. Odur ki, qarışmağım da lüzumsuzdur. Baş verə biləcək hər bir narazılıqda məqsəd və maraq olur. O mənada mən teatra məqsədsiz və maraqsız yanaşıram, heç bir gözləntim yoxdur. Son zamanlar Akademik Milli Dram Teatrında aparılan eksperimentlər, müxtəlif rejissorlara özünüifadə üçün meydan verilməsi yaxşı haldır. Bu, əslində çox ciddi məsələdir. Bu çək-çevir teatr üçün mütləq lazım idi ki, nəyin harada olduğu gəlib yerinə otursun.
- Yaradıcı şəxs kimi enerjinizi, gücünüzü itirməmisiniz? Yəni daha böyük tamaşalara, nümayişlərə gücünüz varmı?
- Tükənməz gücüm var! Çox təəssüf ki, Azərbaycan tamaşaçısına çox və müxtəlif tamaşalar hazırlayıb təqdim etməyin mənası yoxdur.
- Mən elə düşünmürəm...
- Bu sizin fikrinizdir. Siz tamaşaçısınız! Mən isə belə düşünürəm. Bax, Londonun “Qlobus” teatrı Akademik Milli Dram Teatrına gəldi, tamaşa oynadı, biz baxdıq. Hər halda, o tamaşaya baxmaq üçün küllü miqdarda pul verib gəlmək istəyən adamlar var idi ki, o adamlar bizim teatra bir dəfə də olsun gəlməyiblər. Onlara imic lazım idi.
- Yəni bunun arxasında “mən Şekspirin “Qlobus” teatrının hazırladığı “Hamlet”ə baxmışam” qürrəsi dayanırdı?
- Bu iddiaların arxasında duran mənasız görüntü məni çox sarsıtdı. Repertuarı və ədəbiyyatı bilən tamaşaçı tamaşaya seçib getməlidir. Məsələn, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasındakı “Quran çiçəyi” ifadəsini eşidərək hicabla gəlib səhnədə şəriət görmək istəyən tamaşaçını necə anlayım? Teatrda bir başqa səhnə görəndə nümayişkaranə şəkildə imtina edib gedən tamaşaçı ilə hansı dildə anlaşım?
- Fakt var?
- Əlbəttə. Yetərincə faktlar var. Tamaşa uğurlu tamaşadır. Təbii ki, o adam əsəri oxumayıb, söhbətin nədən getdiyini bilmir. Bu onun düşüncəsidir və olsun, amma ədəbiyyatı bilməyib gəlib bir başqa səhnə görəndə, guya mentallığa zidd nələrəsə şahid olurlar. Təəssüf ki, hicablılar bizim jurnalistlərimiz arasında da var və bunun nəticəsi yaxşı olmur. Amma bir başqa hicablı tamaşaçı “Qatil”i ayaq üstə alqışlayır. Ümumiyyətlə, bilirsiniz necədir? Kimsə tamaşaya gəlib baxırsa, sənin zövqündən asılı olmayaraq tərbiyəsizlik etməməlidir. Ən azı ona ləyaqətlə münasibət göstərməlidir. İstəmirsə, fasilədə geri dönməməklə seçimini etməlidir. Qəbul eləmə, amma sayğı borcundur. Azərbaycanda da olsun maksimum iki min tamaşaçı, hə, onun üçün iş görməyə dəyər. Əslində biz elə o iki min tamaşaçı üçün işləyirik.
- Sizin quruluş verdiyiniz “Qatil” tamaşası ilə bağlı bir ara söz-söhbət, qalmaqal yaranmışdı. “Qatil”i yarımçıq qoyub acıq edib çıxan adi tamaşaçı yox, xalq artisti idi...
- Deməli, yaradıcı etikaları yerində və kifayət qədər deyilmiş. Su içdiyin quyuya tüpürmək olmaz. O məsələdə dediyiniz insanlar haqqında da söz-söhbətlər var. Mən onun hansı vasitələrlə ekstaz alıb, səhnəyə çıxmağının söz-söhbətini etmirəm ki? İstedad faktoru onun üçün də, mənim aktyorlarım üçün də var. Nə isə. Onlar heç! İndi bu məsələyə başqa düşüncə və başqa rakursdan baxaq. Dünyada bəyəm əxlaq və ailə dəyərləri on il bundan əvvəlki çərçivədə qalıbmı? Qalmayıb! Biz özümüzdən olana dəyər vermirik. Bax, bu ciddi məsələdir. Bunu İvan və ya Flipp etsəydi, ağzımız açıq halda əla deyərdik. Halbuki, mən “Qlobus”un tamaşasına olan bütün hörmətimə baxmayaraq, sadəcə, tab gətirdim.
- Bəyənmədiniz...
- Mənim zövqümü oxşamadı.
- Bəlkə müasir teatr anlayışı elə bu cür olur? Yəni minimalizm əsas götürülür...
- Bəlkə? Mən yeni teatr anlayışına vaqifəm. Dünyanın daha avanqard teatrlarındakı oyunları izləmiş biriyəm və yeni teatr bu deyil. Hərçənd ki, Qlobus teatrının bu oyunu yeni hesab edilmir. Söhbət dekorasiyadan yox, aktyor oyunundan gedir. Faciəni proses şəklində oynamağın da bir yolu var. Əgər belə olmasaydı, mən Tomas Pandurun baş rolda qadın olan “Hamlet” tamaşasını qəbul eləməzdim. O tamaşanı görəndən sonra “Qlobus”un tamaşası mənə bəsit göründü. Amma zəhmət fakt olaraq qalır. Məsələ mənim yanaşmamdadır.
- Son illər səhnəyə qoyulan tamaşalardan sizi heyrətləndirən tamaşalar olub?
- Olub. Var!
- Siz də hiss edirsiniz ki, Azərbaycan teatrı dramaturq problemi yaşayır?
- Çox istərdim, Anar yeni pyes yazsın. Arzu edərdim, Elçin mənə görə bir dəfə də janrını dəyişsin. “Qatil”də janrını dəyişdi, istərdim bir dəfə də belə olsun. Yaxud bəlkə mən də janrımı dəyişməliyəm? “Herostratı unudun” tamaşasında tarixi-pritça janrına gəlib çıxmışamsa, deməli, artıq mən də bir başqa müstəviyə gəlib çıxmışam. Müasir dramaturqlardan təbii ki, Elçin, Əli Əmirli, Afaq Məsud gözəl yazarlardır.
- Səhnə üçün əsər seçəndə kommersiya maraqlarını, bilet satışını əsas götürürsünüzmü?
- Çox təəssüf, pul və kassa tərəfini mən heç vaxt fikirləşə bilmədim. Bunu televiziyada da bacarmadım. Bu dəyərə lap axırda, vergüldən sonra baxa bilirəm. Mənim üçün vacib olan özünüifadə və sosial mesajdır. Cəmiyyət üçün sosial mesaja çevrilməyən səhnə əsəri tamaşa deyil!
- Tamaşalarınıza bilet satışı necədir?
- Hazırda repertuarda olan iki tamaşamdan biri – “Qatil” kassadan alınır. Qatil anşlaq yaşayan tamaşadır. “Əmir Teymur”un da öz tamaşaçıları var. Bir də bilet mənim sahəm deyil. Mən tamaşa hazırlayıram. Amma tarixi əsərlər nə zaman populyar oldu? Cəmiyyət də o deyil ki, sən onu maarifləndirmə yolu ilə aparasan. Televiziya da maarifləndirmə işini apara bilmirsə, teatr necə etsin? Teatr maarifləndirmə yolundan imtina etməlidir.
- “Əmir Teymur” necə qarşılandı?
- Tamaşaya Cavid varisi gəldi. Mən bu tamaşada da təbriklərimi qazanmış rejissoram. Bilirsiniz, tarixi tamaşalar uzun müddətli nümayiş üçün deyil. Düşünürəm, hər hansı tamaşanı bir il, iki il repertuarda saxlamaq doğru deyil. Bir tamaşa iki-üç ay, hər həftə iki dəfə olmaqla oynanılmalıdır, bitməlidir və onu yeni tamaşalar əvəz etməlidir.
- Amma bizim nəinki tamaşaçılar, hətta teatr xadimlərimiz də onun davasını edirlər ki, beş il əvvəl gözəl bir tamaşa var idi, onu niyə repertuardan çıxardılar, belə teatr idarə etmək olmaz və s...
- Hə, bax, o düşüncəni dəyişmək lazımdır. Mən tamaşanın rolundan danışıram ki, səhnə əsəri nə işi görməlidir. Teatr idarə etmək, filankəslər arasında konflikt və s. məsələlər məni maraqlandırmır.
- Anladığım qədər siz bizim tamaşaçılardan ciddi şəkildə narazısınız...
- Xeyir, mən elə söz demədim. Hansı səbəbə bu qənaətə gəldiniz, maraqlıdır. Mən hər dəfə “Qatil” tamaşasından sonra o bitməyən alqışları eşidəndə, hətta özüm də kövrəlirəm. Bunu “Əmir Teymur”a da, “Qatarın altına atılan qadın”a da aid edirəm. Sadəcə, son zamanlar çox aktyor iştirak edən tamaşalardan imtina etməyi düşünürəm. Çünki ilkin qurulan xırdalıqların təhriflərini görürəm. Bu artıq aktyor məsələsidir. Ümumən, tamaşaçıların tarixə marağı heç vaxt olmayıb. Bunu mən televiziyada işləyəndə də görürdüm.
- Tamaşaçının tarixə marağı yoxdursa, “Şah Qacar”a biletlər niyə yaxşı satılır, nümayişlər nəyə görə anşlaqla keçir?
- Xəbəriniz yoxdursa, deyim ki, “Şah Qacaq” və “Əmir Teymur” eyni tələbatda olan tamaşadır. Ola bilsin, kimsə Fuad Poladovu, kimsə isə Nurəddin Mehdixanlını daha çox, ya da az sevir. Amma anşlaq varsa, sizin həmkarlar, jurnalistlər nəyə görə deyir ki, teatr çöküb?
- Teatra yaxın olan adamların dilindən eşitmişəm ki, Mehriban Ələkbərzadə son vaxtlar tamaşalarında çox açıq-saçıqlığa yer verir...
- (Gülür)... Məncə, gülüş ən yaxşı cavabdır.
- Davam edirlər: teatr məbəddir, belə şeyləri bu müqəddəs məbədə daşımaq olmaz...
- Siz o deyənlərə fikir verməyin. Zərrəcə teatr zövqü olan kəs bunu söyləməz. Türk düşüncəsində məbəd deyilən bir şey varmı? Cameə var, məbəd yoxdur. Məbəd-tanrıçılıqdan gələn bir məfhumdur. Teatr o məbəddə göstərim edib də, sonralar səhnəyə transfer edilib. O adamlar hansı məbəddən bəhs edirlər, məni başa sala bilərlərmi? Sual verəcəyəm ki, məbəd nədir, o adamlar gözünü döyəcək. İkincisi də açıq-saçıqlıq edib nə etmişəm? Əslində müsəlmançılıqda oyun da, rəsm də, musiqi də günahdır. Dinləməsinlər onda. Bəlkə istəyirlər, leylək dimdiyində səhnəyə bələk gəlsin? Hind filmləri belə müstəvini dəyişib, bunlar nəyin umurundadırlar ki? Həyatda bəzi məsələlərə mənim qədər konservativ baxan ikinci adam bəlkə də yoxdur. Amma səhnə və kino başqa-başqa şeylərdir.
- Kino çəkmək istəyirsiniz?
- Təbii ki, istəyirəm. Amma bir, yaxud iki film. Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımla bağlı bir ssenarim var. 37-ci ilin repressiyalarında “xalq düşmənləri”nin xanımlarının sürgün həyatı haqqında film çəkməyə özümə borc bilirəm. Bir də bugünkü durumumuzdan bir film çəkmək istəyirəm.
- Müasir ədəbi prosesi izləyə bilirsiniz?
- Desəm ki qarabaqara izləyirəm, yalan olar. Hər halda, əlimə düşəni oxuyuram. Mən Nigar Köçərliyə minnətdar olaraq, Milli Kitab Müsabiqəsində münsiflərdən biri idim. Orda məni heyrətləndirən əsər olmadı. Xeyli əsərlər təqdim olunmuşdu, biz onları oxumaq məcburiyyətində idik. İnanın, əziyyət çəkə-çəkə oxuyurdum. Hazırda mənə müasir dramaturqların əsərlərini veriblər. Onları oxumaq üçün çox əziyyət çəkirəm. Bir də deyirlər, yaxşı tamaşa istəyirik. Müasir dramaturqların iddiaları ilə cümlələrinə olan münasibət üst-üstə düşmür. Müasir dramaturqlar nə səhnəni bilirlər, nə aktyor texnologiyasını nəzərə alırlar. Hər şeyi söz altında basdırmaq istəyirlər. Hər halda mən oxuduqlarımdan danışıram. Kimi oxumamışamsa, haqqına girə bilmərəm.