Türk serialına görə məhləmizi ayağa qaldıran yetim Vəli – Bircə yazır...

Türk serialına görə məhləmizi ayağa qaldıran yetim Vəli – Bircə yazır...
11 iyun 2021
# 09:01

Kulis.az Bircənin “Türk dostuma rəngli məktublar” silsiləsini təqdim edir.

Əvvəli burda

Qara məktub

İlıq payız axşamında bomba, raket səslərinin qatı dalğalarını yarıb sizə səslənirəm.

İstanbulu gəzməmişəm, Rəşad Nurinin, Orxan Kamalın, Nazimin, Orxan Vəlinin ayaq izlərini görməmişəm, Gülhanə parkındakı ceviz ağacının gövdəsinə üzümü söykəməmişəm. İndi bu sətirləri yaza-yaza Memar Sinanın sehrli əlləriylə bəzənmiş mistik şəhərin küçələrini Yəhya Kamalın xəyalı kimi dolaşıram, Napoleonun səsi qulaqlarımda cingildəyir: “Dünyanı fəth eləsəydim, paytaxtım İstanbul olardı”.

Altı əfsanə, üstü gerçək şəhərin əyri-üyrü soqaqlarını qollarımla yara-yara özümü boğaza çatdırıram, dualarımı lacivərd sulara tapşırıram:

- Allahım, yağının gözünü bağla, əsgərimin ürəyinə qut, dizinə təpər ver! Bu davadan millətimi üzüağ çıxart!

Elə bilirəm, boğaz körpüsünün üstündə dursam, başım göyə dirənəcək, qitələrin, dənizlərin, dinlərin qovşağından Allah məni mütləq eşidəcək. Dualarımı suya səpirəm, əlimdəki qara yaylığı qara çadır kimi göyün üzünə çəkirəm...

Bir dəfə yazmışdınız ki, sənə ürəklə övladım deyə bilmirəm, çünki aramızda üzüqara Boraltan körpüsü dayanır. Ablam, bəlli ki, körpülər bir sahili o birinə calamaq üçün çəkilər – Boraltan sağ əli sol əldən, sağ yaxanı sol yaxadan ayırdı, başıqaxınclı Arazın yaxası açıq qaldı. Xan Araz, can Araz, yaxan düymələ-düymələ...

Otomobilinde kadın cesedi bulunan adam Boğaziçi Köprüsü'nden atlayarak  intihar etti

İndi boğaz körpüsündən hər iki İstanbula hayqırıram:

- Qoy varlığımıza qənim kəsilən, hər cinsdən olan köpəklərini keçmişimizə, gələcəyimizə hürdürən şər imperiyası utansın. Başqalarının varlığına darılanlar utansın. Bayrağımızı ucalara qaldıran “Bayraktar”lar yüz il bundan əvvəl aramızdan götürülmüş cəngavərlik körpüsünü yerdə də yox, göydə bərpa elədi. Boraltan körpüsü o səmavi körpüdən çox-çox aşağıda qaldı...

Boğazdan sıyrılıb pəncərənizin altında dayanıram. Üzü qibləyə Tanrı hüzurunda duran görürəm sizi. Dualarınız məni toxtadır. Elimi-obamı, əsgərlərimi, şəhidlərimi Allaha tapşırdığınızı eşitdikcə kövrəlirəm.

Beləcə, sizdən xəbərsiz küçələrinizi ayaqdan keçirirəm, payız küləyinin azadlığa çıxardığı yarpaq kimi diyirlənirəm mistik şəhərin soqaqlarında.

Qara gecə. Qaranlıq səma. Qaranlıq dünya. Bu zülmət gecələrdə mənə İstanbulun gözüylə baxın, gözləriniz işıq salsın gecələrimə...

Qaradan deyəcəkdim. “Möhtəşəm yüzil” serialına bütün Azərbaycan baxırdı. Bir axşam qonşumuz yetim Vəlinin fəryadı məhəlləni ayağa qaldırdı:

- Ay camaat, qoymayın, Sultan Süleyman Mustafanı öldürtdü!

Gallery

O gecə qonşular küçəyə axışdı, eyvanlardan qara bayraqlar asıldı, uşaq, böyük hamı yasa batdı.

Ata-anası erməni əlində qətlə yetirilmiş Vəli həyətdə iri tonqal çatdı. Yetim elə bil arxa-dayağını itirmişdi, öz dərdini Mustafanın müsibətinə qatıb ağlayırdı, gözünün yaşı batıq yanaqlarının çalasında göllənirdi.

Hamı matəm tonqalının başına yığışdı. Zalım atanı, Hürrəmi o ki var qarğıdıq. Qonşumuz Gülü xala Mustafaya ağı dedi:

Dağların qarı mənəm,
Gün dəysə ərimənəm.
Qəbrimi quzeydə qazın,
Cavanam, çürümənəm...

Suçlu-suçlu bir-birimizin üzünə baxa bilmirdik. Bəs necə! Qoca şeytan insan oğlunun ən müqəddəs damarını barmağına dolamışdı, atanın əlini övlad qanına bulamışdı. Bunları düşündükcə nənəmdən eşitdiyim bir əfsanəni xatırlayırdım...

...Bir zaman yer üzündə şeytan insandan çoxuymuş. Qara kürklü şeytanın insanı gözü götürməzmiş, harda bir işıqlı adam görsə, onu doğmasının əliylə qanına boyadarmış.

Bir gün ağıllı adamlar yığışıb şeytanların başını aldatmaq üçün tədbir tökürlər. Cəmi şeytanları bir bulağın başına toplayıb onlara mal-mülk vəd verirlər, şeytanlıqdan əl çəkmələri üçün düzlüyün, doğruluğun faydasından danışıb onları yaxşı əməllərə şirnikləndirirlər. Şeytanbaşı gülüb deyir:

- Biz şərlə nəfəs alırıq, pisliklə dirçəlirik, çörəyimizin üstünə qan yaxıb yeyirik, bu yoldan dönə bilmərik. Yaxşısı budu, siz gəlin bizə qoşulun.

İnsan oğlu görür şeytanı yoldan çıxara bilməyəcək, əl atıb qoltuğundan bir tük qoparıb şeytanbaşıya verir:

- Bu tükün qarasını o bulaqda yuyub qıvrığını açdığın anda hamımız sənin qılıncının altından keçəcəyik.

Günü bu gün də şeytan ordusunun əsgərləri bulaq başında sıraya düzülüb, o tükü növbəylə suya verirlər, ancaq hələ də qara tükün üzünü ağardıb əyrisini düzəldə bilmirlər. Şeytanın qara başı bir qara tükə qarışıb, yoxsa yer üzündə salamat adam qalmazdı...

...Ablam, hərdən şeytanla əzrayılı qarışdırıram, çünki hər ikisi gözümün qabağına qara libasda gəlir. Bu rəng insana hələ-hələ xoşbəxtlik gətirməz.

Yüz illər boyu şairlər qaşı-gözü-saçı qara qızlara tərif vurublar. Əslində isə öyülən qara deyil, qaranın fonunda görünən gözəllikdi. Bütün kainat qaranlığın bətnindən çıxıb. Gecənin qara ekranından işıq saçan ulduzlar qaranlıq olmasa görünməz. Qaranı ancaq rənglərin anası kimi sevib əzizləmək olar – məsələn, Qara dənizin qara sularından doğulan ağ ləpələrin anası kimi...

Məşhur bir həkimim vardı, otağına girər-girməz qarşıma rəngli kvadratlar düzərdi. Nə zaman qara rəngi əlimə alsaydım deyərdi:

- Mənim Bircəmin kefini yenə kim pozub?

Mustafa ölən gecəsi olduğu kimi bu qara gecələrdə də analar qara geyinib. Ürəyindən qara qanlar axan xanım analar bəy oğulların adını fələyin qara dəftərinə yazdırırlar, torpaqdan pay verməmək üçün qara torpağa oğuldan pay verirlər.

Qara libasdan sıyrılıb çıxacağımız günü-saatı amansız bir həsrətlə gözləyirik. Qoy qarı düşmənin qara niyyəti tezliklə zülmətə gömülsün!

Çox keçməz, bu qaranlıq gecələr bizə ağ günlər doğar. Ağ günlərin qanadında Qarabağa uçarıq. Dan üzü aydın günü Şuşada birgə qarşılayarıq. Şuşa İstanbulun kiçik qardaşıdır. Yaşca kiçik olduğuna baxma, başca elə qardaşı qədər böyükdü.

İkinci Qarabağ savaşının başlanmasından bir ay iki gün keçir. Qızdırmam otuz doqquz.

Xəzərdən əsən yellər səsimi sizə yetirsin!

29.10.2020

# 4250 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #