Onsuz yaşaya bilmərəm - Bircənin romanı

Onsuz yaşaya bilmərəm - Bircənin romanı
27 noyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Aqil gecəylə paytaxtın adlı-sanlı həkimlərini Səməndərin başına topladı. Hamılıqla bir qərara gəldilər – xəstəni Mərkəzi Klinik Xəstəxanaya köçürüb müalicəsinə orda davam eləmək, çünki ən son tibbi avadanlıq ancaq onlarda vardı. Elə gecəylə Mərkəzi klinikanın hesabına külli pul köçürüldü, gün çırtmamış qardaşım bir nömrəli xəstəxanaya yerləşdirildi.

Səhər tezdən hamımız klinikanın qarşısında boynumuzu bükmüşdük. Sevil, Rüfət, Musa əmimin oğlanları, Səməndərin Bakıda olan yetirmələri, burda yaşayan kəndlilərimiz hayımıza yetib bizlə boy-boya vermişdilər. Səməndəri tibb işçilərinin aralığa aldığı xərəkdə görəndə yer ayağımın altından qaçdı. Bacılarımın çığırtısı xəstəxananın üzlər görmüş soyuq daş-divarına dəyib çilikləndi. Lalə xərəyin qarşısında özünü qaldırıb yerə elə vurdu, dedim bəs zavallının içi-içalatı tikə-parça oldu.

Fırfıra kimi xərəyin başına dolana qalmışdım. Qardaşım səsimizə gözünü açdı, saralmış əlini uzadıb ehmalca əzik qolumdan tutdu:

- Ayıb olsun, mənim başıma niyə fırlanırsan?

- Qoy fırlanım, qardaş, - dedim, - sənə gələn qada-bəlanı mən alım, qoy əzrayıl məni məngirləyib aparsın.

Əlimi zəifcə sıxdı:

- Dəlilik eləmə. Cavidgil gəldilər?

- Gəldilər ey, gəldilər.

Sonra gözlərini bir az da geniş açıb hamıya tək-tək baxdı, hamıya gülümsədi:

- Bəs atam hanı, Kamil hanı?

Hakim onun iynədən deşik-deşik olmuş sol əlini duz kimi yalayıb gözünün üstünə qoydu:

- Yoldadılar, gəlirlər, qardaş.

Rüfət Səməndərin saralmış yanaqlarından, çalaya düşmüş gözlərindən öpüb yalvardı:

- Nolar bir az da döz, Aqil qoymaz öləsən.

- Ölmərəm, qorxmayın, - dedi, qolunu güclə qaldırıb Rüfəti sinəsinə sıxdı. - Yuvadibi, sonbeşik, bacılarımı apar yedizdir, sən möhkəm oğlansan, düşmən çəpərisən.

Hərəmizi bir yana itələyib xərəyi ambulansa qaldırdılar. Lalə özünü asfaltla bir elədi:

- Gedin anasını gətirin, Kamilə xəbər verin, Telli mamaya deyin...

***

Avqustun cırhacırında ağzımız oruc qaldıq xəstəxana qapılarında. Mərkəzi klinikaya köçürülən kimi qardaşım əməliyyat olundu. Həkimlərin deməsinə görə bağırsağı partlamışdı, qanına zəhər keçmişdi, böyrəyinin biri sıradan çıxmışdı. Əməliyyat uğurla başa gəlsəydi böyrək köçürülməliydi.

İndi də böyrək vermək üstündə qırğına çıxdıq.

- Bizim qan qrupumuz eynidi, - dedim, - Cavid də böyüyüb daha, mən verəcəm böyrəyimi.

Sevil ordan, Lalə burdan dirəşdi, bacılarım üzlərinə, birçəklərinə əl atdılar. Axır bizi əmimiz uşaqları kiritdi, Məhər əlini qardaşlarına uzadıb dedi:

- Bəs biz bura nədən ötrü düzülmüşük, lazım olsa birimiz böyrək, birimiz ciyər verəcəyik, siz gedin işinizə-gücünüzə.

Aqil də and-aman eləyib bizi arxayınlaşdırdı:

- Durun dağılışın evinizə, hər şey yaxşı olacaq, - dedi. - Türkiyədən həkim çağırmışıq, iki günə Səməndəri krizisdən çıxardacaq.

Sevil yaxasını cırdı:

- Heç yerə gedən deyiləm, mən qardaşımın üzünü görə bilmədim.

- Bir-iki günə görəcəksən. Rüfəti, əmimin balalarını da götürün gedin bağa ata-anamızın yanına, hamımız bir yerdə olaq.

- Mən işə getməliyəm, - deyib onlardan ayrıldım...

İşdə Elgünlə danışıb məzuniyyətimin qalanını götürdüm. Bacılığım Təranə halımı görüb mənə təskinlik verməyə çalışdı:

- Ay Bircə, uşaq deyilsən ki, çalış özünü ələ al.

- Necə alım ələ özümü, ay Təranə, - dedim, - qardaşım gözümün qabağında ölür, gözgörəti ölür Səməndər.

- Maşallah, gör ondan başqa neçə qardaşın var, şükür elə Allaha.

- Ölən qardaşım deyil, başa düşürsən, atamdı, anamdı, oğlum-qızımdı, nəslim-kökümdü.

Mənə təsəlli verməyə gücü çatmadığını görən bacılığımın dediyi cümlə sinəmi dəlib kürəyimdən çıxdı:

- Nə yaxşı mənim qardaşım yoxdu.

- Hə, sevin ki, qardaş yarasının nə olduğunu bilmirsən...

***

Küçələr dərddən ağırlaşmış canımı hara daşıyırdı – bilmirdim. Ağabəy həkimin illər öncə dedikləri beynimdə öz səsiylə, ləhcəsiylə dönə-dönə səslənirdi: “Yeriyəndə tələsmə, üz-üzə gəldiyin insanlara gülümsə, arxadan kimsə səni çağıranda geri dön, dərdini danışmaq istəyənə qulaq as. Adamlardan qaçma, bəlkə sənin səadətin yanından ötdüyün adamın ovcundadı, cibindədi, gözlərindədi...”

Demə ruhumun həkimi mənə Səni tapmağın, Sənin səmtini tutmağın yolunu öyrədirmiş, Dostum. Di gəl, mən o illər boyu Sənə doğru qaçmaq yerinə eyzən Səndən qaçmışdım. İndi küçə uzunu ağır-ağır yeriyib bunları düşündükcə canımı at kimi qovub çərlətdiyim bu neçə ildə hara tələsdiyimi, qaça-qaça özümdən, sənliyimdən nə qədər uzaq düşdüyümü anlamağa çalışırdım.

İndi yenə Sən yadıma düşmüşdün, Dostum. Küçələrdə məqsədsiz gəzirdimsə demək Səni axtarırdım...

Axtara-axtara bir ayrı ünvan tapmadım, yenə gəlib kilsəyə çıxdım. İsti məni təntitmişdi. Məbədin sərin havası buxurun, yanmış şamların qoxusuna qarışmışdı. Bu qarışıq qoxulara burnum artıq alışmışdı.

İçəri seyrəklik idi. Qapıdan girən kimi görünən böyük orqan ağır, sanballı sükutuyla adamı özünü yığışdırmağa vadar eləyirdi.

Tanış rahibələrdən biri üzünə yalançı təbəssüm çəkib qarşıma yeridi:

- Müqəddəs ata dincəlir, gərək bir az gözləyəsiz.

Bu dünyadan əlimi üzüb o dünyanın qapısına gələndən sonra hara tələsəcəkdim? Çantamı yanaşı düzülmüş oturacaqlardan birinin üstünə atıb əriyən şamların işığında zəif görünən ikonaya yaxınlaşdım. Rahibəyə otuz qəpik verib iki xırda şam aldım. Şamları Məryəm oğlu İsanın parlaq çini heykəlinin önündə yandırıb ona yalvardım:

- Ya İsa, səndən imdad diləyirəm. Qardaşım ölüm döşəyindən qalxsın, o qapıdan sənin ayağına iməkləyə-iməkləyə gələcəm. Sənin xaçını boynumdan asıb üç gün üç gecə hüzurunda yatacam. Ac qarınlar doyurub yalın ayaqlar sevindirəcəm...

Qardaşım hər ağır xəstəlikdən ayağa duranda nənəm kəndimizin qəbiristanlığında uyuyan övliyaların məzarı başında piltə yandırardı. O piltələri özü hazırlayardı – pambığı lülələyib quyruq yağında islağa qoyardı. Yadımdadı, Səməndər ödüylə dalağı götürüləndən sonra yanımıza salamat qayıdanda nənəm Telli mamayla birlikdə qəbiristanlıqda otuz iki piltə yandırmışdı. Piltələrin niyə məhz o sayda olduğunu ondan çox soruşmuşdum, nə cavab verdiyini indi xatırlaya bilmirəm. Kiməsə ağır qarğış tökəndə də belə deyərdi:

- Əndamına otuz iki piltə döşənsin.

İndi mən də müqəddəslərə nənəmsayağı yalvarıb içimdə qurd kimi ulayırdım...

O gün keşiş məni ürəkli dinləmədi, bir neçə sual verib başından elədi.

- Hava istidi, belə ağlamaq olmaz, əziz balam.

- Ən yaxın adamım, bir qarında yatdığım qardaşım ölür, müqəddəs ata.

- Hamımız öləcəyik, tək şeytan qiyamətəcən yaşayacaq.

- Kaş o da bir şeytan olaydı.

- Günaha batırsız, övladım, məni incidirsiz.

- Onsuz yaşaya bilmərəm, padre, mən necə dözəcəm bu itkiyə?

- Yaşayacaqsız, siz bu sözləri əvvəllər də demisiz, amma yaşamısız. Əziziniz cismən öləcək, ruhu sizin qəlbinizdə kök salacaq.

- Siz əminsizmi onun öləcəyinə?

- Əmin deyiləm, sizin sözünüzə əsaslanıb belə deyirəm. Yadınızdamı, həkiminiz öləndə də bu haldaydınız, gör neçə il keçib onun üstündən. Yenə itkiniz olsa yenə yaşayacaqsız.

- Padre, içimdə dəhşətli bir qorxu var – bəlkə mənim səhvim üzündən Allah bizi cəzalandırır?

- Bilirəm nəyi deyirsiz. Belə düşünmək üçün əsas yoxdu. Gedin evinizə, dincəlin. Özünüzü ələ alın, bir neçə gündən sonra gələrsiz.

- Axı mənim sizə deyəcəklərim vardı.

- İndi onları dinləməyə gücüm qalmayıb, on gün sonra gələrsiz.

Ürəyimdə özümü də, onu da qarğıyıb kilsədən çıxdım.

***

Gülü xala məni həyətdə gözləyirdi. Onunla sarmaş-dolaş olub doyunca ağlaşdıq. Bizə qalxıb qolumun sarığını açdı – ətini töküb bürüşmüş biləyimdən yumurtanın əcayib iyi gəlirdi.

- Dur əllərini yaxşıca sabunla, iftarına az qalır. Sənə yemək bişirmişəm, bir loxma ye gir yerinə. Çıxmayan cana umud çoxdu. Gör biləyin nə təhər incəlib.

- Qadan alım, əziyyət çəkmə, - dedim, - evdə hər şeyim var.

Gözüylə zədəli qoluma işarə vurub dedi:

- Əl yarası tez sağalar, dil yarası kök salar. Məndən olsa bu günlərdə heç oruc tutmazsınız. Hava isti, gözünüzün də suyu qurumur.

Camalı körpə üzü kimi şirin qadının sinəsinə qısıldım:

- Yaxşı, sənin xətrinə tutmaram, get sən də dincəl.

- Hara dincəlim, ay balana qurban olum, mənim qarağanlıqdan çıxan oğlum getdi Sevastopola ad günü keçirməyə.

- Ora niyə?

- Kişi orda əsgərlikdə olub axı...

Gülü xala çıxan kimi Sabiri yığdım. Bir az da onun üstünə ağlayıb sıtqadım. Sabir məni əməllicə qınadı:

- Bugün-sabah yüz əlli yaşın olacaq, niyə özünü uşaq kimi aparırsan? Mənim yerimə olsan neylərsən?

Allahsız-insafsız bir inadla soruşdum:

- Nolub ki sənə?

- Desəm canına azar olub inciməzsən?

- Səndən adama dost olar? Elə bilirdim dərdli ürək mənim dərdimi lap tez anlar.

- Gözümü dünyaya açmış-açmamış doğmalarımı, əzizlərimi, tanışlarımı itirə-itirə gəlirəm. Cavan yaşımda ölümcül yaralandım, saxlayan saxladı, ölmədim qaldım. Atamın qəbrinə həsrətəm, indi də anam can verir, basdırmağa torpağımız yox. Çörək kəsdiklərimin çoxu üzümə durur ki, yurdunuzu qoyub qaçmısınız. Ailəmdən də yarımadım, balamın üzünə doyunca baxammıram. Hələ hamısını demirəm, özün yaxşı bilirsən. İndi bax gör hansımızın dərdi böyükdü?

Susurdum, onun haqlı iradı qarşısında deməyə söz tapmırdım.

- Səni and verirəm inandıqlarına, hər yetənin yanında ağlayıb üsyan eləmə, istəyəni dağlayıb istəməyəni sevindirmə. Şükür, hələ qardaşın da sağdı. Möhkəm dur, hər zərbəni sakit qarşıla.

- Deyəsən dərdlərimlə səni bezdirdim.

- Mən səni çox güclü bilirdim. Hamıyla güləşib mənim işimi düzəltdin ha, bax onda sənlə qürur duydum. Sınma, sındırma özünü. İçində ağla, düz yeri. Bizim yerimizə olsan neylərsən? Maşallah, sağ-salamat atan-anan, padşah kimi qardaşların, abad yurdun, ölünü basdırmağa qəbiristanlığın, hayına yetən qohum-əqrəban, el-oban... Daha nə istəyirsən? Sızıldama.

- Yaxşı, indən belə ölənim olsa da sənə zəng vurmayacam...

Telefonu qapadandan sonra nənəmin namaz üstündə qıldığı dua qulağımda səsləndi:

- Ya Rəbbim, səndən Səməndərə əlli il ömür istəyirəm, - deyib yalvarırdı, - çox yox, əllicə il.

Hesabladım, indi qardaşımın əlli səkkiz yaşı vardı.

Sonra qapımızda qurulmuş qoşa toy mağarı gözümdə canlandı. Yaqubun göydə quşa qanad saxladan “Mənsuriyyə”si... Nənəm qara kəlağayısının altından qıpqırmızı “şamaxı” bağlayıb mağarın qabağında qollarını oynadırdı. Yaman illərdə bir qoşun doğması qırılmışdı, cavan qardaşları Sibirə sürülmüşdü deyə onu toy mağarında görən olmamışdı. İndi əziz nəvəsinin toyunda qol qaldırıb oynamaq yamsılayırdı.

Dörd para kənd qapımıza axışırdı. Gümüşü papaqlı, xrom çəkməli Musa əmi aşpazlara qazanaçdı verirdi. Atam Səməndərin yanında dayanıb “Bu bəyin sağdışı özüm olacam” deyirdi. Cahangir əmi Orta Asiyada qazandığı pulları xanəndənin başından xəzəl kimi yağdırırdı.

Üçüncü günün axşamı şıq geyimli bəyi toyxanaya gətirdilər. Xanəndə bəy tərifinə başlayanda nənəm özünü daldaya verib noyabr sazağına baxmadan ayaqlarını bir vanna soyuq suya saldı, tökülüb yapağası qalmış saçlarını aya doğru qovzayıb:

- İlahi, səsimi eşitdin, - dedi, - balam gərdəyini sovub muştuluq tüfəngini atanda mənim canımı al. Arzuma yetdim, burdan belə nə olacaqsa tökülmüşlərim görməsin...

Mən də balaca eyvanımda oturub sübhəcən nənəm sayağı yerin-göyün yiyəsinə yalvardım.

***

Səməndərin dili batanda Aqil Kamilə zəng vurdu:

- Qardaş, yaman yerimizdi, gör gələ bilərsənmi?

Kamil yaxını-uzağı, qohumları, şəhərdə yaşayan el adamlarını xəstəxananın həyətində bizlə baş-başa görəndə fəryad qopardı:

- Hamı burdaymış mən qulağı batmışdan savayı.

Axşamlar növbə dəyişəndə iki-iki bizi içəri buraxıb xəstəmizə aralıdan baxmağa icazə verirdilər. Kamil gələndə hamımız geri çəkilib növbəmizi ona verdik, istədik o da qardaşına göz sığalı çəkə bilsin. Aqil mavi xalatı Kamilin əyninə geyindirə-geyindirə deyirdi:

- Ağzını söykə Səməndərin qulağına, onu çağır, onunla danış. Səni çox istəyir, bəlkə səsin onu oyada.

Qardaşlarım içəridən gec çıxdılar. Onların üzünə baxan kimi bizi nə gözlədiyini anladım. Kamil uçunurdu. Özünü toxtadıb xəstəmizin quru nəfəsinə qarovul çəkənlərin topasına üz tutdu:

- Nənəm deyərdi el içində, öl içində. Aranızda ölüm, çiyninizdə gedim, ay mənim elim-obam. Səməndər kiminizin müəllimi olub, kiminizin dostu olub, kiminizin də qohumu. Sizin bu istidə əziyyət çəkməyinizi, gecə yuxusuz qalmağınızı istəmir. Hamınız gedin evinizə, amma sayıq-sərvaxt yatın görək başımıza nə gəlir. Bizi bu qərib eldə, namərd dünyada tək qoymayın.

Gələnlər bikef-bikef dağılışdılar. Rüfətin böyrünə qısılmış kəndçimiz Şahmar yerindən qımzanmadı. Kamil onu qucaqlayıb ağladı:

- Ay Şahmar, Səməndər oxumaq üstündə səni çox danlayıb-incidib, bəs niyə çıxıb getmirsən?

Şahmar hönkürə-hönkürə dedi:

- Ay Kamil müəllim, onun məni döyən əlinə qurban olum. Mənim sənədlərim mühasirədə qalanda səngərdə yanmışdı, onun hamısını Səməndər müəllim düzəltdirdi, mən hospitalda yatanda bütün məktəbi başına yığıb yanıma gətirdi, yaralı canıma qan verdirdi. Nolar dəyməyin mənə, qoyun yanınızda qalım.

Xəstəxananın həyətində özümüzdən savayı heç kimin qalmadığını görəndə Kamil bir bayatı çağırdı:

Dağlar, səni əndərim,

Üzünü bəri döndərim.

Ölür Səməndərin, ay Telli mama,

Xəbərə kimi göndərim?..

Sonra bizə qayıtdı:

- Ay namərdlər, niyə qoymadınız bir az tez gələm, bəlkə mənə bir sözü varıdı.

Lalə haray çəkdi:

- Varıdı, ay qardaş, varıdı, nə soruşduqsa dedi Kamil gələndə deyəcəm.

Qardaşımız dil deyib ağladıqca biz də ona qoşulub mələşirdik, bir-birimizi kiridəmmirdik. Kamil üzünü Aqilin bağı səmtə tutub valideynlərimizi təhnizləyirdi:

- Qulağınız batsın, ay ana, ay ata, evimiz yıxılır, dirəyimiz uçur.

Təmkinini qorumağa çalışan Aqil bizi ovutmağa cəhd eləyirdi:

- Durun gedək evə, bəndəlik nə iş varsa hamısını eləmişəm, qalanı Allahlıqdı. Səməndərin həyat eşqi onu ölməyə qoymayacaq. Qardaşımızın əlini sağ-salamat sizin əlinizə verəcəm.

Ardınca da Kamili qollarından tutub dartıb səkidən qaldırdı:

- Gedək bizə, hamımız bir yerdə qalaq.

Qardaş yola gəlmədi:

- Ata-anamız yazıqdı, onlara heç nə deməyək. Hərə öz evinə gedib dincəlsin, sabah iş başında olmalısız. Mən burda qalacam.

Aqil razılaşmadı:

- Burda qalmağın mənası yoxdu, qardaşımız komadadı. Hamımız gedək səhəri gözləyək.

Kamil dedi:

- Onda mən Laləgilə gedirəm, onun evi Səməndərə yaxındı...

***

O bir həftəni necə başa vurduq, niyə ölmədik, bilmirəm. Heç birimizin səsi istəkli qardaşımızı oyatmadı. Hər gün əllərindən tutub ağlaya-ağlaya yalvarırdım:

- Səməndər, məni eşidirsənsə barmağımı sıx.

Cavab gəlmədikcə qışqırırdım. Qardaşımın qoşulduğu aparatın şkalaları titrəyəndə növbətçi həkim deyirdi:

- Xanım, ağlamayın, o sizi eşidir, narahat olur.

Gecələr qərar tutmurdum, pay-piyada düşürdüm şəhərin canına, öz-özümə danışırdım, azeylənirdim, atam-anam dura-dura qardaşımın ölməyini qəbul eləyə bilmirdim. Evdə məni Gülü xalayla Xədicə gözləyirdi. Sabirin dediklərini beynimdə bəlkə min kərə təkrarlayıb qayıdırdım evə, içimi didən kədəri üzə vurmamağa çalışırdım. Gülü xala məni zorla yedizdirib qapıdan çıxan kimi dolabları eşib özümə qara paltar gəzirdim...

ardı var

# 7775 dəfə oxunub

Müəllifin son yazıları

# # #