Ay dəli, ölmərəm, qorxma - Bircənin romanı

Ay dəli, ölmərəm, qorxma - Bircənin romanı
20 noyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Qolum yanımdan asılı, qara böcəyimdən xəbərsiz, gözüm küçələri gəzə-gəzə işə gedib-gəlirdim, necə deyərlər, səhər naxıra, axşam axura. Səhər də, axşam da fələyə minnətçi düşürdüm ki, Cavid qayıdana qədər biləyimin sarığı açılsın.

Lalənin gündən-günə artan narahatlığı, çarəsiz uşaq kimi zülüm-zülüm ağlamağı məni də qorxuya salmışdı, elə hey:

- Səməndərdən xəbər çıxmadı, - deyib vaysınır, göyü üstümə uçururdu, - qardaşımız İranda itdi, başına nə gəldi bilmədik.

- Ay qız, dəli-dəli danışma, - deyirdim, - Səməndər düymə deyil ki, itsin. İşini-gücünü bitirib qayıdacaq.

- Yox, yuxusunu görmüşəm, qardaşımın başı qaldadı.

- Özün fikirləş, Səməndər getdiyi yerin muzeyini, qalereyesını gəzməsə geri qayıdandı?

- Mənə demişdi Təbrizdə toxtayan kimi sənə xəbər verəcəm.

Bacımın qorxusu indi də mənim canıma sıçradı. Gündə yüz yol Səməndərin əl telefonuna zəng vururdum, zəngim boşa çıxırdı. Aqil ailəsiylə birgə xaricə getmişdi. Cavidgildən Mehriban vasitəsiylə xəbər tuturduq. Atamla anam sanatoriyadan qayıdıb Aqilin bağında dincəlirdilər. Biz iki bacı da telefonlara qarovul çəkirdik.

Beş günü bu minvalla yola verəndən sonra Hakimdən zəng gəldi:

- Hardasan?

- İşdəyəm.

- İşdən çıxanda bizə gəl, mən də Səməndəri Biləsuvardan götürüb qayıdıram, deyəsən soyuqlayıb.

Sevincək Laləni muştuluqladım:

- Ay qaraçı, gözün aydın, qardaşın gəlir!

Lalə soyuq cavab verdi:

- Hələ bir gözlə görək nə halda gəlir.

İşdən sonra qaçdım Hakimgilə. Qardaşım məni çox bikef qarşıladı:

- Ayaqlarını vannaya qoyub bankalamışam. Mürəbbəli çay içən kimi qaytardı. İndi huşa gedib, tərpətmə.

İrəli durub Səməndərin üzünə baxdım: dumduru çöhrəsi payız buludu kimi qaralmışdı, qalın kölgəli qollu-budaqlı gövdəsi dərisinin içinə yığılmışdı, uşaq əlinə bənzər əllərinin barmaqları quzey qarıtək ağarmışdı.

Xosunlaşmağımıza gözünü açdı. Mənə ilk sözü bu oldu:

- Sən hardaydın, axşamlar evdə olmurdun?

- Hara gedəsiydim, - dedim, - evdə olmuşam.

- Bəs niyə ev telefonuna cavab vermirdin?

Başladım and-aman eləməyə:

- Əziz canın haqqı bütün günü qulağım darı dəlib, telefonuma səndən bircə zəng də gəlməyib.

Hakim üzümə acıqlı baxıb Səməndərin tərini sildi:

- Onun evi cavab vermirdi, mənim xarabama zəng eləyəydin, Laləyə zəng vuraydın.

Səməndər suçlu-suçlu:

- Hamınızın ev nömrəsi yadımdan çıxmışdı, - dedi, - tək Bircənin nömrəsini yadıma sala bildim.

O gecə sübhə qədər Hakim apteki evə daşıdı; dərman uddurduq, iynə vurduq, qardaşımızın qızdırmasını sala bilmədik. O, divanda uzanıqlı, biz yerdən oturuqlu bir-birimizə naçar-naçar tamaşa elədik. Gün çırtanda canı bir az nəmərdi, qızdırması düşdü, yuxuya getdi. Bundan sonra geyinib qaçdım işə.

***

Günortayacan bacı-qardaş bir-birimizi muştuluqladıq, elə bildik Səməndər daha yaxşıdı, tezliklə ayağa qalxacaq. İşdən çıxanda yenə Hakimgilə getdim. İki qardaş diz-dizə oturmuşdular. Gəlin də işdən yenicə qayıtmışdı, qayıdan kimi bol, səliqəli süfrə açmışdı. Burasını da deyim ki, əvvəl tarix müəllimi, sonra böyük qaynı olmuş Səməndərə Sevincin bir ayrı hörməti vardı; evə gələndə aldığı corabları, başmaqları ayaqlarına, yumşaq pambıq qoftanı əyninə geyindirib qardaşımın qulluğunda dayanmışdı.

- Qorxma, ay Bircə, - deyib mənə təskinlik verdi, - azar-bezarı İranda qoyub gəlib, təzə geyimlərin içində hünəri nədi xəstələnə.

Deyə-gülə axşam yeməyi yedik, Hakim məni aparıb evimin qarşısında düşürüb geri qayıtdı. Gecə yatağıma girməmiş onlara bir də zəng vurdum, Sevinc qanıqara cavab verdi:

- Səməndər yenə qusdu, qızdırması 39-a qalxıb, Hakim sirkəylə ovuşdurur.

Bundan sonra anası ölmüş bacı necə göz yumsun? O gecənin səhəri şənbəyə açılırdı. Hava işıqlaşan kimi yenə qaçdım Hakimgilə. Səməndər sozalmışdı, qızdırmadan titrəsə də bizi görəndə özünü birtəhər ələ alırdı. O da mənim kimi neçə əməliyyatdan keçmişdi, ödünü, dalağını kəsib götürmüşdülər.

Boyumu görcək qardaşım köynəyini geyinib hazır durdu:

- Uşaqlar, məni aparın atamın-anamın yanına.

Göyərdim:

- Atan-anan sənə qurban, həkimə gedirik.

Hakim hansısa klinikada işləyən qohumumuzla danışmışdı.

- Yox, atamı görsəm sağalacam, məni onların yanına aparın.

Hakimlə baxışdıq, qardaşım handan-hana dilləndi:

- Yaxşı, neylək, gedək bağa onlarla görüşək, həkimə günortadan sonra gedərik.

Bağa çatmağa xeyli qalmış Laləni yolda duran gördük. Səməndər oturan tərəfin qapısını açıb sallaşdı qardaşının boynundan:

- Səməndər, sən gələn yollara qurban olum, niyə bizi beyman elədin?

Qardaşım Lalənin qollarını boynundan açıb dedi:

- Hamınız sakit olun, atamız qorxar, ürəyi partlayar. Tərs kimi Aqil də uzaqdadı...

Atam istədi bir ömür nazını çəkdiyi böyük oğlunun başına dolana, Səməndər qoymadı. Qaçıb qardaşımın əllərindən tutdum:

- Ata, qurbanın olum, anamı da çağır Səməndərin başına hərlənin, ona gələn qada-bəla sizə gəlsin.

Səməndər əlini əlimdən çəkəndə zədəli biləyim yerindən oynadı. Mən ufuldayıb qolumu qucaqlayanda biləyimin sarıqlı olduğundan duyuq düşdülər.

- Yıxılmışam, - deyib canımı qurtardım.

Hamımız kənarda dayanıb qardaşımızın ata-anamızla görüşməyinə baxırdıq. Səməndər onların təbərrük, bəy balışı, xan sovqatı övladıydı. Ondan böyük qardaşımız beş yaşında qızılcadan ölmüşdü. Atamla Musa əmim əl-ələ verib Səməndəri kəllədə göz kimi böyütmüşdülər. İki qardaşın ondan sonra doğulan uşaqlarının çoxuna Səməndər ad qoymuşdu. Bir sözlə, onun kəsdiyi başa sorğu-sual olmamışdı.

İndi qardaşım yenə ailəmizin taxtında – atamla anamın arasında oturmuşdu. Çiynində güclə saxladığı başını gah birinin, gah o birinin qucağına qoyurdu. Lalə ona baxdıqca kirimək bilmirdi, elə hey ağlayırdı.

Qulluqçu qadının açdığı süfrədən hərəmiz bir tikə daddıq. Səməndər yediyi bir dilim yemişi qaytaranda anam ağzının acısını mənim üstümə tökdü:

- Nə gözünü döyürsən?! El-aləmə iynə-dərman vurursan, niyə oğluma yardım eləmirsən?

Bu zaman feldşer dayım bir torba dərmanla özünü yetirdi. Onun gətirdiklərindən qarışdırıb qardaşımın damarına yeritdik, qızdırması öləzidi. Anam yenə yaxamı buraxmadı:

- Qalx süfrəni yığ, qabları yu, xanım olmusan?

- Qabı yuyana bir ətək donluq verirlər, qoysana işini görə.

- Onu göndərdim dincəlsin, sən yuyacaqsan qab-qacağı.

- Hə də, südlü aşı qızım yesin, bulaşığını da gəlinim yusun. Qardaşımı bu halda qoyub qab-qaşıq yuyan deyiləm.

- Bayquşluq eləməyin, Səməndər belə ütülərdən çox çıxıb, inşallah yenə yaxşı olacaq.

Dayımın gətirdiyi dava-dərman dada yetdi, xəstəmiz bir kasa qatıq içib huşa getdi. Lalə yatılı qardaşına baxıb dedi:

- Di durun gedin evinizə, bağın havası sərindi, elə bununla da keçəcək hər şey.

Hakimlə mən darvazadan çıxanda anamızın qıyyası qulağımızı dəldi. Geri döndüm. Arvad hikkəylə mənə soxuldu:

- Xəstəni burda qoyub hara qaçırsız?

Səməndər yenə qaytarmışdı, qızdırmadan ləhləyirdi. Nə illah elədisə anam onu yanında qalmağa qoymadı.

- Biz də qalırıq, dəymə, qoy Səməndər bu gecə atamızın yanında qalsın, - dedim.

- Siz qələt eləyib qalırsız, - anam dedi, - durun bu dəqiqə bunu həkimə aparın.

Hikkəylə qardaşıma cumdum:

- Qalx, tez ol qalx gedək!

Hakim maşını lap xəstəmizin yanına sürdü. Səməndərin qollarını atamın boynundan güclə qoparıb maşına sarı dartdım. Qardaşım əlimdən çıxıb anama tərəf gedəndə arvad yenə çığırdı:

- Üstümə gəlmə, qaç həkimə!

Əzik qolumu qollu qoftanın altında gizlədim, sol əlimlə qardaşımı arxamca sürüdüm:

- Səməndər sağalıb sənin meyidinin üstünə gəlsin, - dedim, - niyə qoymursan oğlun sənlə halallaşa?

- Ağzına daş yamansın, - anam dedi, - oğlumun nəyi var ki, halallaşaq da?

Maşın yerindən dəbərəndə Səməndər nisgilli gözləriylə geri boylandı:

- Məni heç hara aparmayın, qoyun atamın-anamın yanında qalım.

- Anan qoydu ki, qalasan, - dedim. - Hakim, sür xəstəxanaya.

***

Yol boyu xeyli götür-qoy elədik. Bir zamanlar Səməndəri sağaldıb ayaq üstə qoymuş adlı-sanlı həkimlərin bir qismi indi o dünyada, bir qismi də xaricdə, kurortlarda dincəlməkdəydi. Axırı Semaşkoya gedəsi olduq. Növbətçi həkimin cibinə xeyli pul basıb qardaşımı ayrıca palataya yerləşdirdik. Həkimin yazdığı dərmanları Hakim yubanmadan alıb gətirdi. Qollarına sistem qoşulan kimi Səməndəri yuxu apardı.

Yenə Hakimlə bacı-qardaş dərd əlindən göz-gözə qaldıq. Anladıq ki, bu şəhərdə, elə bu dünyada da Aqilsiz biz heç nə, heç zad, heç kimik.

Həyətdə bir sürü ağcaqanad bizi o ki var dalayıb qanımızı doyunca içdi. Gecə yarıdan keçəndə Hakim məni taksiylə evə göndərdi:

- Get çolpa bulyonu hazırla, palatada geyməyə bir yüngül şəpid götür, sabah ertədən qayıt gəl.

Dərdi olan yata bilməz – sübhəcən qardaşıma xəstəxana hazırlığı gördüm, qablarımın ən gözəlindən seçib ayırdım, həmişə bizə gələndə geydiyi çəkələyi, yumşaq köynəyi götürdüm. Bir sözlə, xəstəxanada yatan adama lazım olası nə varsa yığışdırıb taksini sürdürdüm Semaşkoya.

Amma palataya girib əzizimi gün işığında görəndə anladım ki, heç nəyin faydası olmayacaq, Səməndər bu yataqdan qalxmayacaq. Qardaşım bir gecədə tanınmaz hala düşmüşdü – dodaqları göyərmişdi, ovurdları batmışdı, nəfəsi güclə gedib-gəlirdi.

Onun sinəsinə sərilib bağırdım:

- Ay Səməndər, sənə qurban olum, nolar mənə yazığın gəlsin!

Qalın kirpiklərini aralayıb iri gözlərini üzümə zillədi, gülümsədi:

- Ay dəli, ölmərəm, qorxma.

- Qardaş, vallah sən ölürsən, - deyib nalə çəkdim.

Hakim əlimdən tutub məni geri dartanda elə bilidim çatlaq biləyim qolumdan üzüldü. Məndən bir ulartı qopdu, səsimdən özüm də qorxdum. Birini görüb fikir eləyirsən, birini görüb şükür – indi deyirdim, Allah, nolaydı, kaş qardaşımın da qolu-qıçı qırılaydı, amma bu ütüdən salamat qurtulaydı.

Hakim dartıb məni palatadan çıxardı:

- Sənin başın xarab olub, kişinin üzünə niyə elə deyirsən?

- O, kişi deyil, qardaş, o, indi bir körpədi, yetimdi, məzlumdu məni gözümdə. De görüm bəs neyləyəcəyik? Aqilin qayıtmağına neçə gün qalıb?

- Səkkiz gün.

- Aqil gəlincə Səməndər öləcək, qoy zəng vurub təcili çağıraq.

- Aqildənsə gəl Kamili çağıraq, bütün gecəni Kamili haraylayıb.

- Kamil bıçaq altından təzə çıxıb, onu tərpətmə. Sən imkan ver Aqilə mən deyərəm.

Hakim yenə harasa xeyli pul ödədi, günortadan sonra qardaşımızı xərəkdə reanimasiyaya qaldırdıq. Gecə bizi ona yaxın buraxmadılar. Sabaha qədər dəhlizlərdə əl açıb Allaha yalvardıq.

Səhər tezdən növbə dəyişməmiş həkimin cibinə bir əllilik basıb özümü atdım qardaşımın yanına. Səməndərin gül qoxulu canı təndir kimi alışıb yanırdı. Üzündən, sinəsindən, əllərindən öpdükcə öpdüm. Gözlərini açıb üzümə baxıb yenə gülümsədi.

- Səməndər, qurbanın olum, axı sənə nə gəldi, - dedim, - o xaraba İranda neylədilər sənə?

Əlimi tutub dodaqlarına apardı:

- Cavidgil gəldi?

- İki gündən sonra gələcəklər.

- Axı sən Anarı niyə onun yedəyinə verdin? Biz o uşağı nə zülümlə böyütmüşük, başına bir iş gəlsə neylərik?

- Heç nə olmaz, qorxma, - dedim, - inşallah salamat qayıdacaqlar. Məni başa sal görüm sənə noldu, niyə bu günə düşdün?

- Qoy Kamil gəlsin, ona deyəcəm.

Tibb bacıları məni qardaşımdan qoparıb qapıdan çölə atdılar. İki gün əvvəl hazırlaşıb yola çıxmaq istəyən Kamili aldatmışdım ki, qardaşımız yaxşıdı; indi onu çağırmağa üzüm gəlmirdi. Zəng vurub ağzımın zəhərini atamın başından axıtdım:

- Sənə dedimmi o qara ipəyi ver yandırım? Qarnın ağrıyan kimi qaçıb özünə kəfən, üz örtüyü aldın. Anan ölən günətən demədimi bizə belə şeylər düşmür? Almayın, aldığınız əzizinizə qismət olur demədimi? İndi öz ehtiyatını çəkərsən oğlunun üzünə.

Atamın səsi bir xeyli sonra gəldi:

- Səməndər necədi? Elə bu dəqiqə aldıqlarımı töküb ortaya yandıracam.

- Gecdi, ay ata, - dedim, - Səməndər ölür.

- Sən çoxdanın qaraçısısan, - kişi bəlaya təslim olmaq istəmirdi, - Səməndər neçə belə xəstəliyin kürəyini yerə vurub.

- Bu xına o xınadan deyil, istəyirəm Aqilə xəbər verəm.

- Sən Allah dəymə, yazıqdı, qoy dincəlsin.

Səməndərin telefonu əlimdə xəstəxana qapısında ləbbeyk döyürdüm. Hakim başını itirmişdi, hər həkim yazığı bir dərman dalınca qaçırdırdı. Özümü toxtadıb Aqili yığdım, ikinci zəngdən sonra cavab verdi:

- Hay can, mənim böyük qardaşım.

Cavabını eşidəndə hönkürdüm:

- Aqil, durma gəl özünü bizə yetir, qardaşımız əldən gedir.

- Bəs atam dedi yaxşıdı?

- Yaxşı deyil. Səməndər sənə görə neçə gündü telefonunu bağlı saxlayıb.

Vəziyyəti Aqilə ətraflı danışıb sakitləşdim. Az keçmiş atam, anam, Hakim məni itdən alıb qurda verdilər, Aqili istirahətdən yarımçıq çağırdığıma görə mənə qənim kəsildilər. Heç kimə məhəl qoymadım, telefonla hər tərəfə ün saldım, Sevilə, Rüfətə, əmim oğlanlarına, Telli mamaya zəng vurub haray çəkdim. Təkcə Kamilə xəbər vermədim.

Axşam qaş qaralana Aqil özünü yetirdi – təyyarədən düşüb birbaşa yanımıza gəlmişdi. Onun gəlişi hamımızı ayazıtdı, toxtatdı. Anam bir də zəng eləyib abrımı ətəyimə bükdü:

- Telli yorsun, niyə qoymadın balam dincələ, qaraçılığına salıb niyə onu beyman elədin? Qoy Səməndər sağalsın, sənə öz əllərimlə zəhər yedirdəcəm. Atam oxuyan Quran haqqı səni boğub dədənin aldığı ağa bükəcəm, qaranı da üzünə sərəcəm.

- Ay qansız, balan ölür ey, balan ölür! Kaş Allah o dediklərini mənə qismət eləsin.

- Yengəsi Yetər olanın günü betər olar. Sən həmişə mənim oğlanlarımın üstünə əsnəmisən. Uşağım soyuqlayıb dayna, əlinə şeypur alıb nə düşmüsən elin canına?

- Ay ana, vallah Səməndər ölür, dur sən də tərpən üzübəri.

- Özün öl, Telli də başdaşın olsun. Oğlum sağalıb bura gələndə ambır tulası kimi düşməyəsən ha onun yanına, səni rüsvay eləyərəm yoxsa, - deyib telefonu qapadı.

Sümüklərim çalxaşdı. Qolu bağlı olanı fələk də döyər, külək də.

Dostum, qəribə burasıydı ki, qardaşımın ölə biləcəyinə məndən başqa kimsə inanmaq istəmirdi. Nənəm deyirdi axı – heç kəs əzizinə ölüm yovutmaz.

ardı var

# 8276 dəfə oxunub

Oxşar xəbərlər

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

"Bəx­tim on­da gə­ti­rib ki..." - Rasim Ocaqov niyə eyni aktyorlarla işləyirdi?

18:40 22 noyabr 2024
Orxan Həsəninin yeni romanı çap olundu

Orxan Həsəninin yeni romanı çap olundu

17:25 22 noyabr 2024
Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

Xalq yazıçısı Anar Prezidentə açıq məktub ünvanladı

16:40 22 noyabr 2024
Rasim Balayev:  "Kabinetdə oturanda belə yırtıq yaranır”

Rasim Balayev: "Kabinetdə oturanda belə yırtıq yaranır”

16:30 22 noyabr 2024
"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

"Dünyadan gör necə insanlar gedib..." - Qələbədən arzulara doğru

16:00 22 noyabr 2024
Azərbaycanlı şair fəxri titula layiq görülüb

Azərbaycanlı şair fəxri titula layiq görülüb

15:25 22 noyabr 2024
# # #