Gecələr itkin oğlumu haraylayıb ağlayırdım - Bircənin romanı

Gecələr itkin oğlumu haraylayıb ağlayırdım - Bircənin romanı
6 noyabr 2020
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Taylanın üzünü bir də ertəsi gün gördüm – şahidi olduğu təntənədən ağzıaçıq qayıtmışdı. Dili büdrəyə-büdrəyə təəssüratını danışandan sonra canıma od vurdu:

- Annəm, sənin qohumuna bilirsənmi nə dedim?

- Nə dedin?

- O pəzəvəngin bizi incitdiyini dedim.

Ayaqlarım altımda burxuldu, ağzımdan-burnumdan isti bir dalğa keçib boğazıma doldu. Çoxdanın vərdişiylə tez əlimi burnumun altına tutub dodaqlarımı yoxladım – bu səfər burnum qanamamışdı, qan içimdə dövr eləyirdi. Yenə kəkələməyə başladım. Taylan həyəcanımı sezib bozardı:

- Ya annəm, dayılarıma deməyə qoymadın, bu adam da mənə dayılarım qədər doğma gəldi. Cibimə pul qoydu, mənə dürmək alıb verdi, yumşaldım.

- Nə dedin, necə dedin?

- Dedim kötü adamdı, qızını Cavidə sırımaq istəyir. Annəm razı olmayanda bizi incidir, qışqırır, dava salır, hər yerə burnunu soxur.

- O nə dedi?

- Dedi bir dəfə onun əllərini tutaram, sən də ona yağlı bir şillə çəkərsən.

- Elə bu?

- Hayır. Ardınca bunu da söylədi ki, hər zaman qorxularının üstünə get, ondan qorxub küncə qısılma. Bu qədər.

Taylan mənə dediyindən artıq nəsə demədi. Bu söhbətdən sonra Niyaz hər zəng vuranda məndən soruşurdu:

- Səni incidib-eləyən yoxdu ki?

Mən Doneşi gözümün qabağına gətirib saxta əminliklə deyirdim:

- Yox, məni kim incidə bilər!

***

Avroviziya yarışması sona çatanda Cavid evə buraxılmalıydı. Hələ ordaykən qrafikini tutmuşdu:

- Ana, gələn kimi Taylan, Anar, mən gedəcəyik Türkiyəyə. Səfərdən qayıdanda elçilik, sonra nişan.

Atam, qardaşlarım hamılıqla Cavidin seçiminə xeyir-dua verib balamın yolunu gözləyirdilər. Aqil elçi gedəndə geyinməsi üçün atama təzə kostyum da almışdı. Mən işdən sonra mağazaları gəzib gözümə dəyən ən gözəl nişan xonçalarını evə daşıyırdım. Konfetləri, şokoladları muncuqlu-qaşlı tüllərə büküb səbətlərə doldururdum. Gecələr qırmızı, yaşıl tüldən xırda nəmər torbaları tikirdim. Özüm də tül qanadlı kəpənəyə dönmüşdüm, evin içində o baş-bu başa uçurdum.

Gəlinimin səmtini Həmidgilin gözlərindən, sorağını qulaqlarından qorğanmağa çalışırdım. Bəzəkli xonçaları görəndə ər-arvadın ağzı nədi, gözləri, qulaqları da sulandı:

- Yəqin bunlar bizim qıza qismət olar, - dedilər, - inanırıq ki, bu xonçalar bizim qapıya gələcək.

Taylan ipini qırıb yenə Həmidlə öcəşdi:

- Cavid elə bir qızın barmağına üzük taxacaq ki, o heç bir erkəklə görüşüb-danışmamış olsun.

- Alə, yetimçə, sən nə bilirsən belə şeyləri?

- Niyə bilmirəm, qardaşım dostuna telefon açan, onunla görüşən qızı almaz.

Doneş Taylana cumanda araya girdim:

- Adam düz deyir, nə göyərirsən.

- Mənim qızım bir uşaqlıq səhvi eləyib deyə onu həmişə başımıza vuracaqsız?

- Deməli sənin qızın hələ uşaqdı, gözlə böyüsün, sonra ərə verərsən.

Solmazın Minənin qardaşıyla zəngləşdiyini, onunla görüşüb gəzdiyini Taylan aşkara çıxarmışdı. Həmid işdən xəbər tutanda qızıyla oğlanın arasını vurub niyyətini hamının yanında uca səslə dilə gətirmişdi:

- Mən kraliçamı başqa heç kimə yox, Cavidə verəcəm.

Beləcə, qızını Əli aşından da, Vəli aşından da eləmişdi. İndi biz gəlinimizin kimliyini daldaladıqca onun alaq basmış ürəyində xırdaca-xırdaca cücüklər cücərməyə başlayırdı...

***

Avroviziyanın bağlanış gününə qədər Niyaz Həmidlə iki dəfə də qarşılaşmışdı. Mən işdə olduğum vaxtlar Taylan evdə oturub qohumumun yolunu gözləyirdi, gəlib yükünü apardıqca ona kömək eləyirdi. Sümsük it kimi yalanıb-bulanan, gələnin kimliyini, evimdəki yükün nə olduğunu öyrənmək üçün dəridən-qabıqdan çıxan Doneşin iyə gedən burnunu yaxşıca yanıltmışdılar. Hər gün Allaha yalvarırdım ki, qohumum o malları mənim evimdən qadasız-bəlasız çıxarsın.

Qorxuma, quşquma güc gələmməyib bir gün Niyazdan soruşdum:

- Bağlamaları apardıqca qonum-qonşu hamı görür, sonra bir problem çıxmaz ki?

Niyaz güldü:

- Mən sənin evinə qorxulu yük yığaram? Burda nə varsa hamısının sənədi, haqq-hesabı lazımi yerlərə çatdırılır, sən ürəyini buz kimi saxla. Mənə tapşırılan qonaqların qaldığı otel sənin evinə yaxındı deyə yükümü bura tökdüm. Xeyri niyə başqasına verək?

- Mənə xeyir-zad lazım deyil, təki sənin yanında xəcalətli qalmayım.

- Cavidin otağına bir televizor bəyən, sənə borclu olduğumuz kirayə puluna onu mən alacam.

Qəti etirazımı bildirəndən sonra rahatlaşdım...

Bağlanış gününün günortası bağlamaları Niyazın maşınına yükləyəndə Doneş Taylana zəng vurur:

- Alə, türk, bileti sat mənə, Solmazı göndərim konsertə.

Taylan telefonda Həmidlə dirəşir, uşağın üstünə yağdırılan təhqirləri qohumum da eşidir. Taylana deyir:

- Ona zəng elə, denən gəl bileti verirəm sənə, aldat gətir bura.

Zəngə umsunan tamahkar tələnin üstünə öz ayağıyla gedir. Həyətə çatıb maşından düşməmiş Taylanı alçaltmağa başlayır:

- Alə, yetimçə, iyirmi manat bəsindi, tez ol ver bileti, vaxt yoxdu.

Taylan mandıxıb qalır, bilmir neyləsin. Bu zaman Doneş daha ağır söz işlədir. Sonrasını Tapdığımın öz dilindən eşit:

- Annəm, Niyaz amcam onu dartıb maşından saldı. Adamı boyu bərabəri qaldırıb yerə vurdu. Zavallı Doneş Niyaz amcanın əlində motala bənzəyirdi. O an onun gözlərini görmən lazımdı, yuvasında fırfıra kimi fırlanırdı. Sonra Niyaz amca Doneşi yerdən qaldırıb boğa-boğa arabasına soxdu, sükandan yapışıb dedi uşaqdan üzr istə. Annəm, adam məndən üzr dilədi. Niyaz amca cibindən iki bilet çıxarıb onun ağzına dürtdü, boynunun ardına bir qapaz ilişdirib dedi get, bir də qatırçının qatırını ürkütmə. Annəm, Doneş getcək mən Niyaz amcamın ayaqlarına qapandım.

Dostum, inanmazsan, o təhər alçaldılandan sonra Doneş qızını da qoltuğuna vurub Avroviziyanın bağlanış mərasiminə getmişdi. Ancaq gecənin yarısı Taylana hədə mesajı yazmağı da unutmamışdı: “Sənin ayağın bir də bu torpağa dəyməyəcək. Sən kimsən ki, mən səndən üzr istəyəm...” Yazıb dalınca yağlı bir söyüş də göndərmişdi.

Taylan da ona xox gəlmişdi: “Bu mesajları yollayacam Niyaz amcaya”.

Bundan sonra Həmid yenidən uşağa yalvarmağa başlamışdı. Mən də Taylanı dilə tutub söhbəti böyütməməyi tapşırmışdım.

***

Cavid elə hərbi hissədən sərəncamını verdi:

- Ana, mən qayıdınca elçilər getsin.

- Ay oğlum, bir gəl evimizə toxta, - dedim, - mən hələ heç qızın üzünü də görməmişəm. Sənə tur-paket götürmüşəm, get gəz qayıt, baxarıq.

- Yox, ana, mən qayıdana kimi elçi getməlisiz.

Oğlumun arzusunu qardaşlarıma utana-utana çatdırdım. Aqilin reaksiyası gözləmədiyim dərəcədə müsbət oldu, qardaşım qol götürüb qabağımda oynadı:

- Sənin oğluna qurban olum, gör neçə ildi bu günü gözləyirik. Elə sabah dəstəni yığıb nəslin baş oğlanına elçi gedəcəm.

Atam sevincək dəlləyə qaçıb gur saçını Cavidin bəyəndiyi kimi cavansayağı qırxdırdı. O başda olmaqla Aqil, Hakim, Yasəf, Lalə, bir də Anar qız evinə yollandılar. Anar Aqilin bağlatdığı iri gül dəstəsini, üstündəki ipək şərfi qamarlayıb soruşdu:

- Xala, bəs sən niyə getmirsən?

- Mən oğlan anasıyam, ağır oturub batman gəlməliyəm, - dedim. - İkinci elçiliyə özüm də gedəcəm.

- Xala, üzüyü Mehribanın barmağına mən taxacam. Sənin o kifir oğlun bu qıza görə məni o qədər çırpıb ki...

Dostum, Cavid Nefertitini istədiyi vaxtlarda Anar həmişə onu cinləndirib:

- Kimi sevirsən sev, axırda sənə Mehribanı alacam, - deyirdi.

İndi bacım oğlunun diləyi çin çıxmışdı deyə özünü oğlan atası kimi aparırdı...

Geyinib-kecinmiş qardaşlarımı, onlardan seçilməyən atamı Quranın altından keçirib bacımın qapısından elçiliyə yola saldım. Onlar çıxandan sonra bir topa üzərlik yandırdım – nənəm deyərdi balta yıxmayan evi göz yıxar.

Taylanla oturub gedənlərin yolunu gözlədik. Xeyli keçmiş elçilərim geri döndülər. Atam məni gülə-gülə qucaqlayıb:

- Qızın dədəsi vermirdi, - dedi, - ayaqlarına yıxıldım, dizini qucaqladım yumşaldı.

Anar mənim tutulduğumu görüb qaranəfəs irəli atıldı:

- Xala, babam səni aldadır, biz içəri girən kimi verdilər.

Kişi əziz-xələf nəvəsini qucaqlayıb bağrına basdı, yumru başından öpdü:

- Bu cür oğlan aparmışdım elçiliyə, kim onu əliboş qaytara bilər?

Təzə qohumlarımızın pay qoyduqları şirniyyatdan götürüb Tapdığımla evə qayıtdım. Xədicə yenə pilləkənin başında oturub yolumuzu gözləyirdi. Yazığın qəribə sevinməyi vardı – ağlaya-ağlaya burnunu ovuşdurub adamın gözünün içinə baxırdı, sonra qəfil qəhqəhə çəkib gülürdü. Taylan qapını açana qədər qulağıma pıçıldadı:

- Donuzla eşşək (Doneşi belə adlandırırdı) gəlmişdi. Mənə qışqırdı, qapını bir az döyüb getdi.

İçəri girəndə Taylan torbadan bir şokolad çıxarıb Xədicəyə uzatdı:

- Hatçə, al ye, sənə də qismət olsun, sənə də elçi gəlsin, toyun olsun.

Toy sözünü eşitcək zavallı qız yenə ağlamağa başladı. Taylana çəmkirdim:

- Əl çəksənə bu vayvaya yumurtasından, bilmirsən elə deyəndə gözünün miziyini axıdır?

- Ya annəm, elin qızları ərə getmək üçün ağlayır, səninki də ər adı gələndə ağlayır.

Bəzəkli səbətlərimin sayı onu adlamışdı. Bəzədiyim hər konfeti Xədicə əlinə alıb öpürdü, o üz-bu üzünə baxıb ürəkdən gülürdü, sonra ehmalca qaytarıb səbətə qoyurdu. Belə məqamlarda onu qıraqdan dinməzcə izləyən Taylan gözgörəti bayılırdı:

- Ya mən sənin gülüşünü yeyim, ay Hatçə, - deyib qəşş eləyirdi.

Tapdığım bütün ağırlığını iri bir çamadana yığıb küncə qoymuşdu. Onun da bir tikə səbri qalmışdı, oturum möhləti bitmişdi deyə gözünə yuxu getmirdi, durub-durub elə hey:

- Annəm, sənin xarizmasız oğlun keşkə tez gəlsəydi, - deyirdi, - məni qulaqlayıb atacaqlar bu şəhərdən.

İçimdə çəlpəşik, çulğaşıq duyğular qaynaşırdı; illərlə yoluna göz sərdiyim gün ayağıma gəlirdi, amma sevinə bilmirdim. Hər an nəsə bəd xəbər gözləyirdim, həyəcanımı gecələr də kiritmirdi...

***

Gözüm oğlumun yolundaykən bir axşam işdən gələndə qapını üzümə ding demədən dingildəyən Şəfa açdı. Tapdığım sanki öz qarnımdan çıxmışdı – süfrədə dişədəyər nə varsa hamısını yığışdırıb mənim otağımda Niyazdan qalma qutuların üstünə qoyub qapını kilidləmişdi.

Boyumu görcək çöpəgülən cingildədi:

- Az, Çimnaz (baldızları onu belə çağırırdılar), harda qalmısan? Bu qara gədə hər şeyi gizləyib, qapıları da qıfıllayıb. Kofe bankasını da harasa dürtüb. Sən öyrətmisən bunu?

- Çimnaz özünsən, - dedim, - oğlanın da adı Taylandı, gədə niyə olur. Evimizdə gizlədiləsi bir şey yoxdu.

Şəfaya nə vardı – bir əlinə yemək, o birinə telefon ver, evini yandırsan belə dünya vecinə olmazdı. Yenə təzə eşqə düşmüşdü, aləm gözündə ancaq aşnası rəngdə, aşnası boy-biçimdəydi.

Danışığından belə anladım ki, Doneş Niyazdan aldığı dərs barədə ona bir söz deməyib. Həmid onların dalınca gələndə başladım Şəfaya dil tökməyə:

- Nolar, tez geyinin düşün, ərin yuxarı çıxmasın.

- Ərimə Allah bir ucuz ölüm versin, indi düşərik.

Qapını açıb onları ötürmək istəyəndə Həmid qəfil yel kimi özünü içəri təpdi. Üzümə qanlı-qanlı baxıb susdu. Taylan mətbəxdə telefonla danışırdı:

- Yox, abi, evdən çıxamam, vizamın vaxtı bitib, məni deport edərlər.

Doneş atasından anqırmaq öyrənən qoduq kimi yerində soncuqlamağa başladı, üfürülmüş gözləri bayram şarıtək çalasında atılıb düşdü. Qızını qucaqlayıb öpüb mənə qalibanə görkəmlə baxdı:

- Hazırsız, - arvad-uşağından soruşdu, - gedək?

Solmaz qabaqda, ər-arvad arxada çıxdılar. Doneş qapının astanasında qanrılıb üzümə xədicəsayağı güldü:

- Mən qisasımı gec alaram, amma güc alaram...

Cavidin gəlməyinə iki gün qalmış Tapdığım yoxa çıxdı. İşdən dönəndə qapını üzümə Xədicə açdı, Taylanı soruşdum.

- Düşdü çörək, bir də mənə dərman almağa, qayıtmadı.

Zəng vurdum, telefonuna zəng çatmadı. Gecəni dirigözlü açdım, qara böcəyimdən xəbər çıxmadı. İşə çatan kimi Elgünün üstünə qaçdım:

- Türküm dünən günortadan qeyb olandı, - dedim. - neyləyim, kimin üstünə gedim?

- Olub ki, hardasa gecələsin, dost-tanış yanında qalsın?

- Dostlarının hamısı çoxdan qayıdıb. Uşağın möhləti bitmişdi deyə evdən uzaqlaşa bilmirdi.

- Ay Bircə xanım, vallah onu deportasiya eləyiblər.

- Çörək almağa düşübmüş, evin yanında kim güddü, kim yaxaladı onu?

- Qorxmayın, elə mən deyən olacaq.

- Polisə xəbər verməyim?

- Nə deyim, bir-iki gün də gözləyin görək nolur.

Nolasıydı, quzusu itmiş çobana döndüm, yer ayağıma dolaşdı, göy başıma uçdu. Tapdığımın əşyalarına baxdıqca ev-eşik üstümə gəlirdi, kitab-dəftəri gözümə batırdı. Gecələr itkin oğlumu haraylayıb ağlayırdım. Elə oldu ki, əsgər oğlumun dönüşünə də sevinə bilmədim. Cavid zarafata salıb dedi:

- Ana, deyəsən gəlişim ürəyincə deyil.

- Taylan yoxa çıxıb, oğlum.

- Necə yoxa çıxıb?

- Bu gün dördüncü gündü uşaqdan xəbər-ətər yoxdu.

- Bəs niyə polisə, dayılarıma deməmisən?

Cavidi sakitləşdirib Niyaza xəbər verdim. İki saatdan sonra öyrəndik ki, Taylanı vətəninə deportasiya eləyiblər. Toxtadım, sakitləşdim. Əmin idim ki, əli daş altında olsa belə Tapdığım səsini çıxarıb yerini bildirəcək...

# 8526 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #