Zöhrə xalanı inandırmağa 124 min peyğəmbərin gücü yetməzdi...BİRCƏNİN ROMANI

<b>Zöhrə xalanı inandırmağa 124 min peyğəmbərin gücü yetməzdi...</b> – <span style="color:red;">BİRCƏNİN ROMANI
23 fevral 2018
# 09:00

Kulis.az “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Sentyabr yenicə gəlmişdi, havaların gözəl çağıydı. Belə dinc günlərin birində toyundan sonra atamgilin ilk dəfə qonaq çağırdığı Sevil əriylə, qaynıyla birgə bizə də gəldi. Yeznə çox mehriban, savadlı, tərbiyəli oğlan idi, Sevili də çox sevib çox dəyərləndirirdi. Onlar tərəf bizimkilər qədər mühafizəkar deyildi, qadınlı-kişili ailədə özlərini sərbəst aparırdılar, sevgilərini, dərdlərini bir-birindən gizlətmirdilər. Sevillə əri üstəlik bir qrupda oxumuşdular deyə bir-birinin dilini daha da yaxşı bilirdilər.

Bacanağının saflığını, mehribanlığını görən Emin mənim də onlarla bir süfrədə oturmağıma, danışıb-gülməyimə etiraz eləmədi. Qonşu Salman dayını çağırıb ona bir quzu kəsdirdi, kabab çəkdirdi. Həyətdə süfrə açıb şad-xürrəm yeyib içdik.

Günorta üstü gənc ailəni gəldiyi yerə – atamgilə yola saldıq. Qonaqlar qayıdandan sonra işə getməyə hazırlaşan Emin yeri-yurdu gözüylə axtara-axtara dedi:

- Bayaq Cavid ağlayanda barmaqcılımı verdim ki, sakitləşsin, indi tapa bilmirəm. Bir buralara baxın görək...

Mən qovağın dibində açdığım süfrəni yığışdırırdım. Cavid o müddətdə eşiyə çıxmamışdı, demək, üzük evdə olacaqdı. Qab-qacağı həyətdən mətbəxə daşıdıqca altdan-altdan göz qoyurdum ki, Emin anasıyla birgə evləri ələk-vələk eləyir, ancaq onlara fikir verməməyə çalışırdım, dinməzcə işimi görürdüm.

Pilləkəni bir də çıxanda Zöhrə xalanın Eminə dedikləri qulaqlarımı güllə kimi yalayıb keçdi:

- Özünü yorma, evdə olmayan şeyi hardan tapacaqsan? Arvadın üzüyü verdi bacısına ki, indi də onun ərinin barmağına taxsınlar.

İldırım başımdan vurub ayağımdan çıxdı! Yox, belə zarafat da olmazdı, belə gerçək də. Üzü qapıya duran Emin anasının dediklərini mənim eşitdiyimi görüncə heyrət, təşviş qarışıq bir həyəcanla ona etiraz elədi:

- Dəlisən, elə şey olar?

- Dəli sənsən, olanda olur. Noldu, iki metr boyu olan oğlana (Sevilin ərini deyirdi) üzük almadılar, sənə aldılar?

Əllərimdə qab dolu sini quruyub qalmışdım. Söhbətin canı mənə hələ də çatmamışdı.

Emin halımı yaman görüb pərt oldu, məni yanlayıb anası eşitməsin deyə yavaşca:

- Ona bənd olma, - dedi, - mən gedirəm, yəqin evi süpürəndə taparsan.

Emin getdi, mən yır-yığışıma davam elədim. Arada qaynanam Cavidi həyətdən evə çağırıb üzüyü hara qoyduğunu soruşdu, Cavid də nənəsinin üzünə key-key baxıb evin ayrı-ayrı səmtlərini göstərdi. Mən çox rahat, çox da sakit idim, bilirdim üzük evdən çıxacaq. Axı evdə olmayıb harda olasıydı?!..

O üzüyü Eminə toyumuzda atam, qardaşlarım bağışlamışdılar. Mənə çoxlu qızıl gətirmiş qaynatamgilin qarşılığında onlar da nişanlıma üstündə dörd qiymətli qaşı olan bahalı bir barmaqcıl almışdılar. Eminin o barmaqcıldan çox xoşu gəlirdi, həmişə barmağında gəzdirirdi. Sevilə isə atam toy çaldırmadığı, cehiz vermədiyi kimi onun nişanlısına üzük də almamışdı. İndi qaynanam həmin fakta bir özgə məna verib yapışmışdı yaxamdan ki, bu da bir artistlik idi dədəngil elədi:

- Sən ata-ananın tapşırığıyla üzüyü ötürdün bacına ki, versin öz ərinə...

Bu sözlər nəinki məni, əsəbləri dəmirdən, dərisi mal gönündən olan birini də dəli eləyib çöllərə salmağa yetərdi. Şeytan özü belə utanardı bu şübhəsini dilə gətirməyə.

***

Çöl-bayır işlərini bitirən kimi üzüyü axtarmağa başladım. Evin hər künc-bucağına zərrəbinlə baxdım, otaqların altını üstünə çevirdim. Bilmirəm aradan nə qədər keçdi, Zöhrə xala yenə ləngərli yerişiylə içəri girib:

- Olmayan şeyi yalandan niyə axtarırsan, - dedi, - gəl o ipdəki paltarları yığ.

Daha bu yerdə dözə bilmədim, içimdə zəncir gəmirən quduz qancığı açıb arvadın üstünə buraxdım. Üz-üzə durub haqq aşıqları kimi deyişməyə başladıq. Qaynanam nə dedisə mən beş qatını, on qatını qaytardım, aradakı körpüləri, abır-həya pərdəsini yandırıb külünü göyə sovurdum. Qaynanam da borclu qalmadı, fürsətdən istifadə eləyib anamın məni saymadığını, ağır günümdə dalımca gəlmədiyini başıma qaxdı:

- Sən xəstəxanada it kimi gəbərəndə harayına anan gəlmədi, mən gəldim, nə tez yadından çıxdı?! Səni ölümün əlindən mən aldım, indi üzümə qayıdırsan?!

Söhbət artıq gəlin-qaynana, böyük-kiçik məcrasından çıxmışdı, çəpər başında toyuq-cücə üstündə bir-birinin ölüsünü-dirisini çölə tökən qonşu arvadlara dönmüşdük. Neylədiyimi, nə danışdığımı bilmirdim, ağzımda dilim də titrəyirdi:

- Anam sənin üzündən gəlmədi xəstəxanaya. Guya sən gəlib neylədin, qıyıb bir qab şorba da gətirmədin. Bir kilo çiy kartof atdın pəncərədən üstümə, yanıma gətirilən yeməkləri də yığıb evinə apardın.

Dostum, yadından çıxmayıbsa demişdim: zahı vaxtımda yağlı yeməyi təbim çəkmirdi, ona görə də Zöhrə xaladan soyutma kartof istəmişdim; o da bazardan bir kilo palçıqlı kartof alıb pəncərədən mənə uzatmışdı. Bu əhvalat xəstəxanada yatan arvadların arasında lətifəyə çevrilib məni xəcalətli eləmişdi. İndi mən də bunu qaynanamın başına qaxırdım.

İndiyəcən qəlbimə vurulmuş bütün yaralar dilə gəlib sızıldamağa başlamışdı – demə heç bir ürək yarası sağalmırmış, eləcə yumulub səsini içinə salırmış. Elə bir haldaydım ki, bu halımda adam da öldürə bilərdim.

Həyətə düşüb Cavidə səsləndim. Artıq başıma yerləşmişdi – atam evinə gedirdim! Amma necə gedəcəkdim, kimlə, nəylə gedəcəkdim? Bunlarla bağlı heç bir planım yox idi.

Cavidi tələm-tələsik geyindirdim, ayağına da rahat bir çust taxıb həyətin arxa darvazasına doğru gedəndə Zöhrə xala qabağımı kəsdi:

- Hara belə?

Mən onun yanından sivişib, bağa açılan kiçik ara qapıya əl atdım:

- Sənə nə var?

Mənim tir-tir əsdiyimi görəndə arvadın havası alındı, sakit səslə dedi:

- Üzün ağ olsun, yaxşı payımı verdin. Üzü gecəyədi, uşağı yanına salıb hara gedirsən? Eşitmirsən nə deyirəm? Vallah Emin öldürəcək səni! Heç olmasa uşağı aparma...

Hikkəylə dartıb Cavidin qolunu onun əlindən aldım, qapını çırpıb arxa darvazadan torpaq yola çıxdım. Lap uzaqda bizim kəndə qonşu kəndin hündür ağacları görsənirdi. Mən bu yolu elə də yaxşı tanımırdım, amma dəqiq bilirdim ki, burdan keçən üç arxın biri gedib-gedib düz evimizin arxasından axıb keçir – bu, həmin arx idi ki, mən uşaq vaxtı o arxın qırağında yatışan tısbağaları tutub arxası üstə çevirirdim, sonra da onlara konsert verirdim...

***

Payız hələ girməmişdi deyə hava nə istiydi, nə də sərin. Çalışırdım kənddən tez aralanım, düşünürdüm birdən Eminin qohumlarından məni tanıyan-görən olub ona xəbər çatdırar.

Atamgilin belə bir iş tuta biləcəyinə iki dünya bir olsa da inanmazdım, ancaq qaynanam üzüyün itməsiylə bağlı öz versiyasını o qədər əmin-arxayınlıqla təsdiqləyirdi ki, istər-istəməz mənim də qəlbimə şübhə damırdı. Ağlıma bir fikir də gəlirdi: düşünürdüm birdən Cavid üzüyü bacımın çantasına atmış olar. Belə düşünməyim də əsassız deyildi, çünki Sevil əl çantasını bizim otağa qoymuşdu. Hər şeydən çox bu fikrə inandırmışdım özümü. Üzük Sevilin çantasından çıxsaydı, Zöhrə xalanı inandırmağa yüz iyirmi dörd min peyğəmbərin belə gücü, imanı, etiqadı yetməzdi...

Maşın yolundan adlayıb ana-bala otlu-pıtraqlı, pişpişəli arxüstü cığıra düşdük. Gün qarşı dağların dalına keçmişdi artıq. Bilirdim Cavidin ayağıyla bu yolu getmək asan olmayacaq. Evdən çıxdığıma peşman olmuşdum, ancaq geri qayıtmağa da üz qoymamışdım.

Ayağımızın tappıltısına arxın yaxasındakı qurbağalar özlərini şappıltıyla suya vurduqca Cavidin bağrı yarılırdı. Otun-alağın içində itib-batmışdıq. Vəlvələ canıma yarasa kimi darışmışdı, getdikcə hövüllənirdim, qorxumdan geriyə baxa bilmirdim. Buralarda Eminin əlinə keçsəydim, əlbəttə, öldürəcəkdi məni.

Handan-hana ayaq səsi eşidib geri qanrıldım: bir uşaq qaraltısı otlu-cəngəlli cığırda boy göstərə-göstərə bizə sarı qaçırdı. Ayaq saxladım. Qaynım oğlu Bəhruz idi. Uşaq təngnəfəs bizə çatanda ağlamağa başladı:

- Bibi, qadan alım, nolar qayıt, qabağı qaranlığa gedir. Əmim bilsə bu yolla getmisən, öldürəcək səni.

Şalvarına, corablarına pıtraq, pişpişə yapışmış balaca dostumu görəndə ürəkləndim:

- Yox, qadam, gedəcəm. Sən gəldiyin yolla geri qayıt, bizi gördüyünü də heç kimə demə.

Otun-tikanın içində gah mənə, gah Cavidə sarılan Bəhruz fikrimin qəti olduğunu görüncə qoşuldu bizə:

- Onda mən də sizlə gedirəm, geri qayıdan deyiləm.

İndi də mən başladım uşağı dilə tutmağa:

- Anangil səni axtarar, qanbağır olarlar, qayıt.

- Anam bildi ki, mən sizin dalınızca gəldim, qorxma.

Beləcə, bir cüt uşağı yanıma salıb yolu aldım əlimə. Bizdən azca aralı yovşanlıqda çoxlu qoyun-quzu vardı, sürüdən o yandakı sahədə təkəm-seyrək adam gözə dəyirdi. Uzaqdan görünən tanımadığım insan övladlarını özümə həyan tutub gedirdim. Cavid çox tez yorulurdu deyə arada onu dalıma alırdım, di gəl, onda da özüm yeriyə bilmirdim.

Tutduğum işdən əməllicə peşman olmuşdum. Ayaqlarım zindan kimi ağırlaşmışdı. Arada xeyli dayanıb həndəvərə baxındım; istədim bir tanış adam bizi görə, məni zülümlə getdiyim bu yoldan daşındıra, onun sözünü-danlağını üzümə tutub geri qayıdam. Özxoşuma dönmək mənə ar gəlirdi, qürurum ayağıma dolaşırdı.

Cavidlə birgə xəstəxanada yatdığım vaxt tanıdığım, ərindən küsüb atası evinə qayıtmış o hikkəli gəlinin – öz əlləriylə balasının ölümünə bais olmuş Gülşənin müsibəti gözümün qabağından getmirdi. Bir səs qulağıma pıçıldayırdı ki, uşaqla birgə atam evinə getsəm, başımıza nəsə bir qəza gələcək. Söymüşdüm, dalaşmışdım, gərək qaxılıb xarabamda oturaydım, qaranlıq gecənin içinə doğru hara gedirdim?

Üstəlik, özümünkülər də başımı sığallamayacaqdılar, onlar da məni tənbeh eləyəcəkdilər – bunu bilə-bilə gedirdim.

Mənə elə gəlirdi ayağımın altında xırçıldayan hər cəngəlin, hər kolun, hər yarpağın altında bir ilan qıvrılıb yatıb – bunu düşündükcə ilan kimi bir qorxu haça diliylə canımı zəhərləyə-zəhərləyə dizimdən ürəyimə doğru sürünürdü. Qoyun-quzunun tapdayıb keçdiyi yovşanın qoxusu sinəmə dolduqca ulaya-ulaya ağlamaq istəyirdim, ancaq uşaqların toranda böyümüş gözlərinə baxıb özümü tox tuturdum.

Arada Bəhruz eymənirdimi, ya nəydisə hələ bərkiməmiş səsiylə qaranlıq sükutu doldurmağa çalışdı:

- Bibi, ya bir nağıl danış, ya da gəl şeir deyək, yol gödəlsin. Amma qorxulu nağıl danışma ha!..

Uşağın bu müdrik təklifi lap ürəyimdən oldu. Koroğludan bunlara o qədər oxumuşdum, balacalar dastanın çoxunu əzbər bilirdilər. Başladım Koroğlunun Toqat səfərini danışmağa; mən hadisələri nağıl eləyirdim, Bəhruz şeirlərini söyləyirdi, dalıma aldığım Cavid də başını kürəyimə söykəyib mürgüləyirdi.

***

Qaranlıq qatılanda bibimgil yaşayan kəndə çatdıq. Qıvraq yerisəydik, burdan evimizə on-on beş dəqiqəyə yetişə bilərdik. Kəndin itlərindən qorxurdum deyə ana yoldan çıxıb dolayı yolu tutası oldum. Bir az da irəli gedəndən sonra xalamgilin evi, məhləsi göründü. Onların həyətinin kiçik dal qapısı arxın üstünə açılırdı. Kimsə axar suda qab-qaşıq suya çəkirdi.

Yolu yanlış gəlmişdik, əslində bir az yuxarıdakı körpüdən keçməliydik; ancaq körpüdən keçsəydik, xalamgillər hökmən bizi görəcəkdilər. Özüm bu löyündə, yanımda da iki uşaq onlarla üz-üzə gəlmək istəmirdim. Həm də xalam evdən qaçdığımı o dəqiqə biləcəkdi, bilən kimi də bütün kəndə yayacaqdı.

Evimizin arxa darvazasına aparan cığıra çıxmaq üçün indi mən ya suya girməliydim, ya da bu kəndin içiylə, el yoluyla getməliydim. Vaxtı uzatmaq olmazdı, az sonra çöl-bayırdan əl-ayaq yığılacaq, itlər açılacaqdı. Bu yandan da suya girməyə qorxurdum ki, birdən dərin olar, boğularam. Dostum, bundan irəli də demişəm: ta ağlım kəsəndən mən sudan çox qorxardım, uşaqlıqda tez-tez yuxuda suya yıxılıb ayılardım. Nənəm ölən günə kimi məni sudan qaçındırardı, müdam tapşırardı ki, özünü sudan qoru.

İndi yedəyimdə bir cüt uşaq qalmışdım iki arxın arasında. Yaxşı ki, Bəhruz da bizə qoşuldu, yoxsa mən bir dilbilməz körpəylə bu yolu necə gələcəkdim, bilmirəm.

Bizdən bir az aşağıda kimsə örüşdən qayıdan mal-qoyun sürüsünü hohalaya-hohalaya arxdan adladırdı. Bəhruz o səmtə diqqətlə göz qoyub:

- Bibi, bax, - dedi, - ora dayazdı, su inəyin buduna da çatmadı.

Çırmanıb üşənə-üşənə suya girdim. Ayaqlarım topuğacan lilə batanda tüklərim ürpəşdi. Duruxmağın, huyuxmağın yeri deyildi – həm gecəyə düşürdük, həm də bizi görüb-tanıyan olardı. Uşaqları bir-bir arxın o tayına adladıb, lilli-palçıqlı ayaqlarımı məxmər çustlarımın içinə dürtdüm. Burdan o yana yolun quyruğu qalırdı, aşağı-yuxarı beş yüz addımlıq cığırın son ucu həyətimizin arxa qapısına calanırdı.

Qapıya çatanda anamın səsini eşitdim:

- Sizi necə qarşıladılar, Emin sizlə mehribanmı görüşdü?

Qaranlıqda Bəhruzun parıldayan gözləri altdan-yuxarı üzümə baxdı, uşaq pıçıltıyla:

- Bibi, bizdən danışırlar ey, - dedi, - neyləyək? Gözləyək qurtarsınlar, sonra gedək...

ardı var

# 1684 dəfə oxunub

Müəllifin son yazıları

# # #