Mənə kişi sözü ver ki, Bircəni... – ROMANDAN PARÇA

Mənə kişi sözü ver ki, Bircəni... – <span style="color:red;">ROMANDAN PARÇA
27 yanvar 2017
# 15:47

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Qaçmaq planım pozulandan sonra bilmirəm üstündən neçə ay, neçə gün, neçə saat ötmüşdü. Ağır xəstəydim, uzun yoxlamalardan, analizlərdən keçirilmişdim. Atam bu ərəfədə məni şəhərdə qoyub kəndə qayıtmışdı. Saçlarımın qırxılmağına, başımın əməliyyat olunmağına az qalırdı.

Paytaxtda işləyən üçüncü qardaşım Aqil nişanlıydı. Nişanlısının atası ağıllı, dünyagörmüş bir insanıydı. Mənim halımdan halı olan bu kişi, sən demə, bir gün öz qızına – bizim gələcək gəlinimiz Fəridəyə tapşırar ki, bəs dünya ölüm-itim dünyasıdı, bilmək olmaz bu qız (yəni mən) ölər, ya qalar, çalış Bircəni Əliylə görüşdür...

Fəridə bu sözü mənə açanda çox qorxdum – axı bir dəfə sirrimi gələcək gəlinə verib olmazın bəlalar çəkmişdim! Yenəmi bəlalı başımı qoyum kötük üstünə?! Həm də bütün olanlardan sonra Əli mənim haqqımda nə düşünürdü – bilmirdim. Elə bilirdim onunla üz-üzə gəlsəm, üzümə baxmaz, məni pərt eləyər. Fikrim çox dolaşmışdı, üstəlik də, qorxurdum – bizimkilər xəbər tutsaydılar, ikimiz üçün də yaxşı olmayacaqdı.

Fəridə mənə toxtaqlıq verdi:

- Sən qorxub eləmə, bu işi qoy mənim boynuma. Səni elə aparacam, heç kəsin xəbəri olmayacaq.

Hakim də kəndə getmişdi deyə əl-qolumuz lap açılmışdı.

O gecə yerimə qor doldu. İki dəfə özümü soyuq duşa verdim ki, bəlkə damarlarımda qaynayan qanımın köpüyü yata. Səhəri Fəridə məni təzə gəlin kimi bəzəyib-düzədi. Əl dırnaqlarımı təmizləyib lakladı, özündən buruq olan saçlarımı bir az da burdu. Dikdaban üstə çox gəzə bilmirdim, tez yorulurdum, ona görə də özünün bir rahat ayaqqabısını seçib ayağıma geyindirdi. Gecənin bir yarısı güzgüdə mənim bəzək-düzəyimə eninə-uzununa baxdıqca baxdı, bəyənib arxayınlaşandan sonra ikimiz də soyunub yatdıq.

Yatdıq deyirəm, ancaq nə gizlədim, mən yata bilmədim. Sabah ertə altdan-üstdən qıfıllanıb evdən çıxdıq. Fəridə iki gün əvvəldən gedib Əlinin oxuduğu institutun yerini, qrupun nömrəsini, dərs saatlarını öyrənmişdi. Bununla belə, bu görüşün baş tutacağına bir zərrə inamım yox idi. Mənə elə gəlirdi bizim birgəliyimizin yolu haqdan bağlanıb.

Yadımdadı, metrodan çıxıb avtobusa mindik. Allaha yalvarırdım ki, burnum qanamasın. Bir xeyli gedəndən sonra avtobusdan düşdük, qızlar-oğlanlar qaynaşan bir binaya girdik. Yaşıdlarımı tələbə qiyafəsində görüncə ürəyim yeddi yerdən sızıldadı, qəlbimdə valideynlərimə nifrinlər, qarğışlar yağdırdım. Bu auditoriyalardan birinin bir küncündə mən də otursaydım, dünyamı dağılardı?..

Mən belə fikirlərlə çarpışmaqdaykən Əlinin yolun o biri tayından üç oğlanla bizə sarı gəldiyini gördüm. Onu gözümlə Fəridəyə nişan verdim, elə həmin andaca məni titrətmə tutdu. Tezcə qaçıb bir yerdə daldalanmaq istədim, fikirləşirdim ki, yəqin mühit onu dəyişib, indi mən ona yad olaram. Fəridə əlimi əlində möhkəm-möhkəm sıxıb mənə ürək-dirək verə-verə Əlinin qapıya yaxınlaşmasını gözləyirdi.

Onun bizə çatmağına lap az qalmış mən Fəridənin əlindən çıxıb foyedəki iri büstün (yadımda deyil, ya Marksın, ya da Leninin büstüydü) arxasında gizləndim. Həyəcandan, ondan da betər xəcalətdən az qalırdım yerə girəm – qız da oğlanın görüşünə gedərdimi? Bu azmış kimi oğlan da sənə boz üz göstərsə?.. Acından özgə bostanına oğurluğa girmiş uşaq kimiydim.

Heykəlin arxasından onları gizli-gizli izləyirdim. Fəridə yaxınlaşıb Əliyə nəsə dedi. Onlar bir-birini tanımırdılar. Fəridə danışır, danışdıqca gülürdü, amma Əli yerində quruyub qalmışdı. Xeyli söhbətdən sonra birdən geri boylanan Fəridə məni görməyəndə tutuldu. Əli eləcə key kimi baxır, Fəridə isə gah qapıya qaçır, gah da pilləkənlə yuxarı çıxan qızların arasında gözüylə məni gəzirdi. Deyəsən, elə bilmişdi ki, mən qaçıb oralardan uzaqlaşmışam.

İkisinin də pərt vəziyyətdə olduğunu görüncə mən suyum süzülə-süzülə büstün daldasından çıxdım. Məni görcək Əlinin qoltuğundakı portfel yerə düşdü. Utandığımdan başımı qaldıra bilmirdim. Uzun zamandan bəri xəstə yatmağım məni onsuz da zəiflətmişdi, bu yandan da həyəcandan ayaqlarım yerimirdi.

Əli bir göz qırpımında qrup yoldaşlarını başıma yığdı. Onunla bir qrupda oxuyan qızlar mənə çox diqqətlə, maraqla baxırdılar – demə, qiyabi də olsa hamısı məni tanıyırmış. Bir belə adamın arasında bir-birimizə yaxınlaşıb əl-ələ tuta da bilmirdik.

Əlinin qızlı-oğlanlı bütün qrup yoldaşları bir-bir mənlə görüşəndən sonra çəkilib getdilər. Qaldıq üçümüz. İndi ancaq Fəridə danışırdı, o da danışmaq xatirinə danışırdı. Biz ikimiz susub durmuşduq. Sonra Əli Fəridəyə yalvardı ki, heç olmasa ikicə saatlıq məni ona versin. Onda Fəridənin üzündə qorxu əlamətləri görünməyə başladı, sanki tutduğu işin məsuliyyətini indi dərk eləmişdi, işin ciddiyyəti elə bil ona birdən əyan olmuşdu. Xeyli tərəddüddən sonra Fəridə Əliyə şərt qoydu:

- Mənə kişi sözü ver ki, dediyim saatda Bircəni geri qaytaracaqsan.

Fəridə qorxurdu ki, birdən Əli məni qaçırdar, ona görə də danışdıqca səsindəki amiranə ton yalvarış notlarıyla əvəzlənirdi:

- Uşaqlar, siz qoşulub gedərsiz, mənim həyatım bərbad olar, indi də mənim nişanım qayıdar.

Handan-hana Əli onu inandıra bildi, məni Fəridəyə təhvil verəcəyi yeri dəqiqləşdirəndən sonra qolumdan tutub sevincək ordan uzaqlaşdı. Yazın gözəl çağıydı, böyük şəhərin ortasında günün günortasında bir-birimizə baxa-baxa qalmışdıq. Bu görüşün baş tutduğuna nə o inanırdı, nə mən.

Əli çox dil tökdü ki, onun kirayə qaldığı evə gedək. Razılaşmadım. Elə bilirdim ora getsəm, ismətimi itirərəm, Əliylə bir otaqda qalsam, başıma böyük fəlakət gələr. Əl-ələ tutub göz-gözə baxa-baxa dörd saat açıq havada gəzdik, yorulduq, üşüdük, yenə doymadıq.

Əli mənə çox yalvardı ki, ondan ayrılmayım, çətinliyə qatlaşım, doğmalarımın basqısına boyun əyib başqasıyla ailə qurmayım. Məni inandırmağa çalışdı ki, bir az da dözsəm, hər şey yaxşı olacaq. Hətta mənə elə indicə qoşulub qaçmağı da təklif elədi. Mən qəti razılaşmadım, “Qarşıda ağır müalicələrim var, sən də hələ tələbəsən, oxuyub institutu başa vurmalısan” deyib onu sakitləşdirdim. Biz gəzə-gəzə onun kirayə qaldığı evin həndəvərinə qədər getdik. Mən küçədə gözlədim, o içəri girib tez də qayıtdı:

- Sənə məktub yazmışam, ancaq göndərə bilməmişəm. Gecə tək qalanda oxuyub cavab verərsən.

Vaxt-vədə tamam olanda Fəridəylə sözləşdiyimiz yerə qayıtdıq. Biz vədə yerinə çatanda Fəridə bir az soyuqdan, bir az da qorxudan əsim-əsim əsirdi. Biz əl-ələ tutub gəzdiyimiz müddətdə o yazıq da tək-tənha Bakının küçələrini dolaşırmış.

Bu, zor-güc ərə verilənə qədər mənim Əliylə sonuncu görüşüm oldu. Evə qayıdanda yol boyu Fəridəni duz kimi yaladım, öpməkdən üzündə salamat yer qoymadım. Fəridə arada bu neçə saat ərzində haralara getdiyimizi, nə iş gördüyümüzü qorxa-qorxa, ehtiyatla məndən xəbər alırdı. Onun niyə narahat olduğunu, nədən şübhələndiyini anlayırdım. Mənim ovqatımın çox yaxşı olması, atılıb-düşməyim qızın qorxusunu, şübhəsini bir az da artırırdı. Evə çathaçatda mən onu bir daha bərk-bərk qucaqlayıb:

- Qorxma, özümü ağıllı aparmışam, - dedim.

Məktubu çox gec açdım. Əlinin həmişəki məktublarından deyildi, Bu məktubda bizim qovuşmağımız üçün ata biləcəyimiz ən radikal addıma işarə vuran örtülü məqamlar vardı: o hesab eləyirdi ki, həmin addımı atmaqla biz ailələrimizi fakt qarşısında qoya bilərik, onların da bizi evləndirməkdən başqa çarəsi qalmaz...

Ancaq həmin axşam mən onun nə demək istədiyini düz-əməlli anlamamışdım; anlasaydım belə, o dediyi yolla getməyə heç vaxt cəsarətim çatmazdı, üstəlik də, halal məqsədimə haram yolla yetişməyə qəlbimin saflığı imkan verməzdi.

Kağızı qatlayıb çantamda gizlədim. Əllərimi bəlalı başımın arxasında çarpazlayıb gündüzkü görüşün şirin xatirəsinə daldım. Ağlıma da gəlməzdi ki, yaxın zamanlarda məni hansı zülümlər, sarsıntılar gözləyir. Hələ ki, o zəif, üzgün canımla özümü hamıdan güclü bilirdim. Əlinin məni bunca dərindən sevməyi qəlbimə sonsuz rahatlıq, alabəzək umudlar çiləyirdi.

Elə o rahatlığın, o umudların beşiyində dadını çoxdan yadırğadığım dərin yuxuya getdim...

ardı var

# 1832 dəfə oxunub

Müəllifin son yazıları

# # #