Atalarının gözü qabağında oğlanlarla görüşən dayım qızları

Atalarının gözü qabağında oğlanlarla görüşən dayım qızları
3 fevral 2017
# 14:49

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

...Bircə o yadımdadı ki, zavallı başım həkimlərin əlinə düşəndə ağaclar çılpaq, havalar soyuq idi. Şüurum yerinə gələndə isə harda olduğumu kəsdirə bilmədim. Önümdə böyük pəncərələr açılırdı, pəncərədən yamyaşıl ağaclar görsənirdi. Yan-yörəmdə bir tanış üz tapa bilmirdim. Qonşu çarpayıda yatan yaşlı qadın qara-qara əncirləri soyub əlindəki dərmanları iki-iki əncirin içinə qoyurdu, ardınca da başını geri qanırıb əncirləri ağzına atırdı. Hər ənciri udandan sonra “Qadamı alasan ağzımın içini görsən” deyib üzümə baxır, qəhqəhə çəkirdi. Əvvəlcə anlamırdım niyə belə deyir, kimə deyir. Hərdən onun atmacasını özümə çıxırdım, sonra bildim ki, deməyəsən, dərmanları bu “bicliklə” udurmuş, sataşdığı da mən yox, dərmanlarmış.

Çarpayıda nə qədər uzanılı qaldığımı bilmədim. Düşünürdüm ki, məni yenə qara basır. Bu hallar məndə uşaqlıqdan olurdu; balaca vaxtı qarabasmadan çox qorxardım, böyüdükcə gözümə görünən əcinnələrə alışdım. Bəzən yeməyə oturanda masanın ayaq ucunda həvədiş, uzunsaqqal bir kişi də mənlə qabaq-qənşər otururdu. Qəfildən qalxıb hoppanırdım masanın o biri başına, elə bilirdim bu əcaib məxluqu indicə tutub saxlayıb hamıya göstərəcəm. Dediklərimə nənəmdən başqa heç kəs inanmazdı; deyərdi, fikir vermə, səni qara basır, gözünə bir şey görünən kimi ucadan “bismillah” de. Hər gecə namazını qılıb yatağına uzananda nənəm kəlmeyi-şəhadətini deməmiş gözlərini yummazdı. Məni də öyrətmişdi, kefimə düşəndə şəhadətimi oxuyurdum. Gecə yuxuya getməmiş qara məni basanda deyirdim, ay nənə, o eybəcər kişilər yenə gəlib; nənəm də qayıdırdı ki, sən kəlmeyi-şəhadətini deməmisən, buna görə onlar sənin üstünə ayaq açıblar...

Mənim əcinnələrimdən seçilməyən çarpayı qonşum əncirləri udub ayağını sürüyə-sürüyə qapıya gedən kimi mən gözlərimi yumub uca səslə bir kəlmeyi-şəhadət çevirdim. Gördüm, yox, arvad yenə qayıdıb mənlə üz-üzə oturdu, hətta mənə bir ağız da güldü ki, qoca arvadlar kimi mollalıq eləyirəm. Yavaş-yavaş anladım ki, bu, qarabasma deyil. Güclə dikəlib çarpayının ortasında oturdum. Əllərim, qollarım nazilib çöpə dönmüşdü, sinəm quru taxta kimiydi. Birtəhər yerimdən qalxıb pərdəsiz enli pəncərənin önünə gəldim. Həyətdə adamlar qaynaşırdı. Ağ xalatlı bir xeyli qız-gəlin görəndə anladım ki, xəstəxanadayam.

Boynumun arxasından başımın ortasına doğru bir damar ağrı qaçdı. İki əlimin ikisini də eyni anda başıma apardım, elə bildim başım həmişəki ağırlığında deyil. Barmaqlarım təpəmin ortasında çataqlandı. Gözlərimə qaranlıq çökdü, bütün qanım başımın içində gölləndi elə bil. Əllərim sanki başıma yox, tikanlı bir şeyə toxundu. Qollarımı yanıma salıb bir də başıma əl atdım. Ağlımdan keçənlərdən üşəndim, əl havasına saçlarımı axtardım, tapa bilmədim. Gözlərim qaraldı, tavan ayağımın altında qaldı. Var gücümlə bağırdım:

- Mənə güzgü verin! Mənə güzgü verin!..

Ağ xalatlılar göz qırpımında içəri doluşdular. Başı kəsilmiş toyuq kimi partlayırdım. Hamı mənə mərhəmətlə baxırdı. Göyçək bir tibb bacısı məni dikəldib bərk-bərk sinəsinə sıxmışdı. Mən dayanmadan qışqırır, ağlayır, güzgü istəyirdim. Birdən o göyçək xanım məni buraxdı, yanındakılardan birinə güzgü gətirməyi tapşırdı.

Güzgünü əlimə alanda birinci üzümə tutmadım, sinəmə sıxdım, sonra ətrafdakılara məhəl qoymadan yavaş-yavaş üzüm boyu qaldırdım. Yox, güzgüdən baxan mən deyildim; ovurdları batıq, gözləri quyu dibində, başı keçəl, cinsi bəlli olmayan bir məxluq idi!

Anamın bətnində cərrah bıçağını gördüyüm o gündən keçmiş 19 ildə belə zədə, belə zərbə almamışdım. Sən demə, o vaxtacan cənnətlə cəhənnəmin sərhədlərində dolaşırmışam. Mənim cəhənnəmim qulac-qulac saçlarımın qırxıldığı başımı görəndə od aldı, bura qədər yaşadıqlarım bunun yanında heçnəydi.

Güzgünü divara fırladıb özümü ağzı üstə yerə çırpdım...

***

Xəstəxana divarları ömrümün ən gözəl illərini əlimdən aldı. Gündüzləri yenə birtəhər yola vermək olurdu, gecələrim başdan-başa işgəncəydi. Gözlərimə yuxu getməzdi, çarpayıda oturub səhərəcən düşünərdim, öz-özümə danışardım, bəzən də öz-özümə gülərdim. Palata yoldaşlarım məni dəli sanırdılar – ağlım bunu görməyəcək qədər qaçmamışdı.

Doğmalarım başımın üstündəydi, Dostum, ancaq mən xəstəxana divarları arasında hamıdan çox Səni gözlədim. Gecələr gizlicə danışdığım da, küsdüyüm, küsüb barışdığım da Sən idin. Heç kimə uyuşa bilmirdim, heç kimə dərdimi-sirrimi aça bilmirdim. Bir balaca özümə gələndə əzizlərimə yalvarırdım ki, məni burdan götürüb aparsınlar.

Bir ara paytaxtdan əyalətə göndərilmiş qardaşım Aqil bu müddətdə yenidən Bakıda işə düzəlmişdi. Atam çoxdan köçüb şəhərə gəlmiş dayımın vasitəsilə bizə paytaxtda ev almışdı. Özümü qərib sandığım bu yad şəhərdə Aqil məni bir dəqiqə yalqız buraxmırdı, nişanlısı Fəridə də az qala mənim palata yoldaşım olmuşdu.

Uzun müddət güzgüyə baxa bilmədim – aynalardan küsmüşdüm, heç üzbəsurət durub danışdığım insanların gözündə də özümə baxmaq istəmirdim, suçlu kimi gözümü gözlərdən yayındırırdım. Əvvəlki görkəmimi qaytarmaq üçün indi ömrümün qalanından keçərdim. Düzdü, mən bundan irəli də elə gözəl deyildim, ancaq başıma gələnlərdən sonra anlamışdım ki, sən demə, mənim bütün gözəlliyim elə o şabalıdı qıvrım saçlarımdan ibarət imiş.

Fasilələrlə düz iki il xəstəxanalarda yatdım, o iki il ərzində beynimdən iki ağır əməliyyat keçirdim, ikisində də saçlarım dibindən qırxıldı. Birinci əməliyyatdan sonra qırxılmış saçlarımı bibimin yalvarışları müqabilində ona vermişdilər. Bibim mənim saçlarımdan balaca bir yastıqça düzəltmişdi, mən ölümlə əlləşdiyim vaxtlarda hər gecə o yastıqçanı üzünün altına qoyub qoxulaya-qoxulaya yatırmış.

O yastıqçanı bibim son gününəcən qoruyub saxladı. Hərdən zarafatla deyirdim, mama, qaytar özümə saçlarımı. Oğluna vəsiyyət eləmişdi ki, öləndə mənim saçlarımdan düzəltdiyi yastıqçanı üzünün üstünə qoysunlar (Nənəmin də buna bənzər bir vəsiyyəti olmuşdu – dünyadan cavan getmiş qardaşının təsbehini, köynəyini nənəmlə birgə məzara qoymuşdular). Ancaq Telli mamanın vəsiyyətinə əməl olunmadı, qəbirə sallandığı gün o yastıqça tapılmadı ki, tapılmadı...

...İki ildə mən bu işıqlı dünyadan, bu gözəlim həyatdan sürgün olundum. O günləri yada saldıqca yaşanmışları bir də yaşayıram, üstümə qaranlıq çökür, qapqara qatı tüstü Sənin işığınla dolmuş içimə yol tapıb boğur məni. Mən Sənin cənnətində o cəhənnəm tüstüsünün hisinə bulaşmaq istəməzdim, Dostum, heç istəməzdim...

Çox şey silindi yaddaşımdan o iki ildə. Hərdən Əliyə də içimdən nifrət püskürürdü, elə bilirdim bütün bəlalara məni o salıb. Amma yenə o xəstəxananın palçıq rəngli künclərində gecə-gündüz onun yolunu gözləyirdim. Bilirdim gəlməyəcək, yenə də gözləyirdim. Kimsə mənə nəsə maraqlı bir əşya gətirəndə saatlarla onun tamaşasına dururdum, elə bilirdim o əşyanın içindən Əlinin məktubu çıxacaq. Bilirdim məktub-zad yoxdu, yazılmayıb, yazılmayacaq – bilə-bilə gözləyirdim. Fəridə bir gün yenə dedi ki, istəsən Əlini tapıb bura – xəstəxanaya gətirdə bilərəm. Qəti razılaşmadım; bilsəydim ki, onu görsəm ikinci əməliyyata ehtiyacım qalmayacaq, yenə razılaşmazdım. Heç vaxt istəməzdim o məni elə bir görkəmdə görsün. Bununla belə, elə hey gözləyir, gözləyir, gözləyirdim...

...Onda elə bilirdim mən onu gözləyirəm. İndi başa düşürəm ki, Səni gözləyirmişəm, Dostum, Səni, Səni, Səni...

***

Axırıncı yoxlamalardan sonra həkimin nə dediyilə heç maraqlanmırdım da. Ötən müddətdə qardaşım Kamilin iki qızı dünyaya gəlmişdi, mehrimi o uşaqlara salmışdım. Artıq həyatdan bir yenilik, bir sevinc, bir xoş üz gözləmirdim.

Belə yekrəng günlərin birində qardaşım Aqil paytaxtdan kəndə gəldi. Bir axşam atam-anamla nəyin üstündəsə uzun-uzadı mübahisə, çək-çevir elədi, səhəri də mənə dedi ki, hazırlaş, səni özümlə Bakıya aparıram.

İnan ki, içimdə bircə hüceyrə də yerindən tərpənmədi, sevinc bir yana, heç qüssə də oyanmadı. Sakitcə:

- Heç yerə getmirəm, heç nə də istəmirəm, - deyib nənəmin otağına çəkildim.

Aqil üç gün məni dilə tutdu, yalvardı, inandırmağa çalışdı. Hələ də bilmirəm onu bu qərara gəlməyə kim, nə vadar eləmişdi. Razılığa gəldiyimiz günün səhəri məni qonşu erməni kəndinin dükanına apardı, dükandan dörd cür parça aldı, elə o kənddə yaşayıb-işləyən adlı-sanlı erməni dərziyə fərqli modellərdə yaraşıqlı paltarlar tikdirdi. Qısası, bircə həftənin içində Aqil məni başdan-ayağa şəhər dəbinə uyğun bəzədi, özü də bütün bunların müqabilində atamdan bir qəpik almadı.

Evdən çıxanda Kamilin o iki qızından ötrü ağladım. Vəssalam. Qalan heç kimdə, heç nədə gözüm qalmadı.

***

Bakıda Aqil məni texniki peşə məktəblərindən birinin iki illik dərzi kursuna qəbul elətdi. Onu bu fikirdən daşındırmaq üçün çox minnət elədim, çox yalvardım:

- Axı dərzilik mənim nəyimə lazım? Oxumağımı istəyirsənsə, qoy instituta girim, - dedim.

Bunun qarşılığında Aqil:

- Mən səni dərzi olasan deyə oxutmuram, - dedi, - istəyirəm o xarabadan çıxasan, cəmiyyətə qarışasan. Həm də burda oxumaq səni yormayacaq, kefin istəyəndə gedib özünü göstərəcəksən...

Məni yola salanda anam uzun bir çıxış eləmişdi, mənə bərk-bərk tapşırmışdı ki, birdən oralarda Əlini axtarıb tapmaq fikrinə düşərəm. Belə bir iş tutaramsa, məni dərhal kəndə qaytaracağına and içmişdi.

Bəri başdan deyim ki, anamın gözləri Bakıda da məni güdməyindən qalmadı. Şəhərdə bizlə qonşu olan dayımla arvadı gecə-gündüz məni izləməklə zəhləmi tökdülər. Məni səbəbsiz bir qəzəblə Əliyə qısqanan dayım qızları sonralar istədikləri oğlanlarla elə atalarının gözü qabağındaca görüşürdülər. Mənim sevgimə ikrahla baxan dayım da, dayım arvadı da illər sonra görüşdən gələn qızlarını qarşılamaq üçün dəqiqələrlə, bəzən saatlarla dayanacaqda durub, gələn avtobusların içinə boylanırdılar...

Bilmirdim hara gedirəm, necə bir yerə gedirəm. Sentyabrın biri günü Aqil məni filan qədər pul hesabına adımı yazdırdığı peşə məktəbinə apardı. Əvvəlcə məktəbin yolunu mənə tanıtdı, çatandan sonra da məni müəllimlərlə tanış eləyib, uzaq bir şəhərə ezamiyyətə getdi.

İlk günlər çox sıxılırdım. İnsafən məktəbin şəraiti yaxşıydı. Həftənin üç gününü tədris korpusunda, üç gününü də istehsalat korpusunda olurduq. Tələbə yoldaşlarıma alışa bilmirdim. Qrupumuzda məndən, bir də üç erməni qızından başqa heç kəsin şəhərdə evi yoxuydu, qızlar hamısı yataqxanada qalırdı.

Oktyabr ayında artıq bütün məktəb məni barmaqla göstərirdi, ancaq içim yenə də qımıldanmırdı. Məni dərsə dayım aparır, evə Hakim qaytarırdı. Əlini görmək əsla könlümdən keçmirdi. Məktəbdəki uğurlarım da üzümü güldürmürdü. Doğmalarımın hamılıqla məni güdməsi doğulandan azadlığa dartınan ruhumu müdam əzir, incidir, sıxırdı.

Hələ də nişanlı olan Aqil gərgin işləyir, qazancının çoxunu bizə xərcləyirdi. Hakimlə məndən kiçik bacım Sevil ali məktəbdə oxuyurdular. Aqil mənim əyin-başıma ayrıca diqqət göstərirdi, yemək-içmək sarıdan da qəti korluq çəkmirdik. Dərziliyə heç bir meylim, həvəsim olmasa da, artıq noyabrda ilk işimi başa gətirdim – özümə yubka tikdim.

Məktəbdə keçirilən tədbirlərin gözüydüm – həm təşkilatçılıq, həm də aparıcılıq eləyirdim. Müəllimlərim mənim nədən ali məktəbə sənəd vermədiyimi, peşə məktəbini seçdiyimi heç cür anlaya bilmirdilər. Yavaş-yavaş şəhərə də, tələbə yoldaşlarıma da alışıb-yovuşurdum. Bircə şey hələ də zəhləmi tökürdü: anamın şəhərdəki canlı kamerası olan dayım daim məni izləyir, bu gərgin fəaliyyətdən heç yorulub usanmırdı. Gedəcək bir yerim də yoxuydu, dərslər bitən kimi evə qayıdırdım. Dərsdən sonra hərə öz yuvasına qaçırdı, mənsə dayanacaqda boynumu büküb Hakimi gözləyirdim ki, nə vaxt bu da dərsdən çıxıb avtobusla uzun-uzadı yol gələcək, gəlib məni götürüb evimizə aparacaq. Şəhərdəki evimizin də bazarlığı, biş-düşü mənim boynumdaydı. Üstəlik, dayımın balalarına da baxırdım – kimisini məktəbə aparır, kimisini də bağçadan gətirirdim.

Dostum, peşə məktəbində də mənim ömrümə çox dərin iz salacaq bir insanla rastlaşdım...

ardı var

# 2201 dəfə oxunub

Müəllifin son yazıları

# # #