İlahi, belə də zülüm olarmı? – Bircənin Romanı

İlahi, belə də zülüm olarmı? – Bircənin Romanı
16 avqust 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Avqustun sonunda Cavidin əl-ayağını yığıb, yükünü tutub məktəbinə yola saldım – oğlum artıq on birinci sinfə gedəcəkdi. Bundan iki həftə sonra – sentyabrın ortalarında Aqilin qaynatası Ağa dayı atamın üstünə sürhaya gəldi.

Onu qohum kimi də, ağsaqqal kimi də çox istəyirdik. Həmişə sözün düzünü deyən, uşaqla uşaq, böyüklə böyük təki davranan Ağa dayı atamdan yaşlı olsa da ona öz ağsaqqalı kimi baxırdı. İstəkli arvadı dünyasını dəyişəndən sonra kişi tayqanad qalıb kövrəlmişdi.

Gecə süfrə yığışdırılıb hərə bir yana çəkiləndə kişi elə mənim yanımdaca atamı xırxaladı:

- Mən səni dünyanın örkənini öz doğanağından keçirmiş bir adam bilmişəm, - dedi, - bu qədər günahı niyə kürəyinə şəlləyirsən?

- İndi aradan nə keçdi, örkən boğazıma dolandı?

- Niyə Bircənin oğluna qahmar çıxmırsan, o da gedə ailə qura, ev-eşik yiyəsi ola?

Atam kişinin təhnizini başa düşüb mənə tərəf qovzandı:

- Vallah xalx qız verib quda qazanır, biz verdik qada qazandıq. Qahmar çıxmaq necə olur?

- Sən dediyin qahmar çıxmaq deyil, uşağına bir tikə yedizdirirsən, anasını arabaya qoşursan. Qızın yazıqdı, bu qədər yalvaranın biriylə baş-göz elə, qoy gedib arnayıb-artsın.

Kişidən həya eləyib özümü verdim mətbəxə. Ağa dayı atamla çox bozalaşdı, ikinci dəfə ailə qurub yarıyan tanıdıqlarını misal çəkdi. Atamdan tutarlı cavab almayanda mənim üstümə tüyüdü:

- Bircə, gəl otur yanımda, səni and verirəm inandıqlarına, ürəyini mənə aç. Bəlkə Rəhimdən çəkinirsən, bəlkə qardaşlarından utanırsan? Bilirsən ki, səni qızlarımdan seçmirəm, bax məni bacılığın hesab elə, de görüm nə fikirləşirsən, bəlkə ürəyində biri var?

Qulaqlarımacan pörtdüm, boğazım isindi:

- Ağa dayı, vallah ürəyimdə heç kim yoxdu.

- Girərəm Rəhimin yaylağından, çıxaram qışlağından, nə var oturmusan bu kənddə, dədənin evi həmişə gördüyün küllü kömbədi də. Bu qədər elçidən birini bəyənməmiş olmazsan.

- Heç biri xoşuma gəlmir.

- Elə demə, sən birini mənə isnad ver, qalanıyla işin olmasın. Mən özüm subay oğlanıydım, müharibədən qayıtdım, Fəridənin anasının yanında da bir qızı vardı. Elim-obam mənə düşmən kəsildi, ancaq sözümdən dönmədim, onunla evləndim. Evin tək oğluydum, Zərifi alandan atam məndən üz döndərdi. Qızını evimizə gətirəndən bir ay sonra anam çatlayıb öldü. Özün gördün biz necə yaşadıq.

Ağa dayı düz deyirdi, arvadı özündən yeddi yaş böyük olsa da ona altı uşaq doğmuşdu. Rəhmətlik xanım-xatın, səbirli, el yaraşığı, qohum bəzəyi bir qadınıydı. Yaşlansa da gözəlliyini itirməmişdi, di gəl, qardaşı bir oğlu, bir bacısı oğluyla erməniyə girov düşəndən sonra qəddi əyildi, bu dərdlə də köçünü sürüb getdi.

- Zərif öləndən bəri mən bir yetim uşağam, ortalıqda yiyəsiz qalmışam, - deyib kişi zülüm-zülüm ağladı.

Sonra döş cibindən balaca bir dəsmal çıxarıb arasını açdı:

- Bax bu, Zərifin saçının tağıdı, özümlə gəzdirirəm, öləndə üzümün altına qoyacaqlar.

Kişinin əlindəki ağ saçları görəndə Fuadın mənim darağımın dişləri arasından yığdığı tellər, 17 yaşımda qırxılmış başımın tükündən bibimin düzəltdiyi yastıqça yadıma düşdü. İçimdən ilıq cərəyan keçdi, ətim uyuşdu.

- Ata, qardaş, oğul başqa, ailə başqa. Özünü çürütmə, yazıqsan. Bir azdan Cavid evlənəcək, onda necə olacaqsan? Elinə tüpürən üzünə tüpürər. Elindən-obandan üz çevirmə, birini bəyən, qoy sənin də ailən olsun.

Ağa dayı üç gün bizdə qaldı. Yazıq kişi məni yola gətirə bilməyəndə atamın üstünə qaçdı, ondan ağlı bir şey kəsməyəndə anama yalvardı. Gah yalvardı, gah əsəbiləşdi, gah ağladı. Evinə qayıdana yaxın yenə məni yanladı:

- Bircə, gedirəm, - dedi, - qulağım səsdə səndən soraq gözləyəcəm. Nə vaxt fikrini dəyişsən mənə xəbər göndər, quş qanadı taxıb yanına uçacam.

Zərif xaladan sonra şaxı sınmış, saçında-saqqalında bir qara tük qalmamış Ağa dayının boynunu qucaqlayıb dedim:

- Arxayın gedin, elə bir fikrim olanda öz ayağımla gələcəm sizə.

- Özünü işə-gücə az ver, sən Rəhimin qulluqçusu deyilsən. Gündə bir yol başına duz çevir, xoruz səsi eşitməyən üzərlik yandır.

Atam kişini qucaqlayıb:

- Qadan alım, Bircənin xoruzdan zəhləsi gedir, - dedi, - qoy elə teyxa üzərlik yandırsın.

Anam da bu söz meydançasına borclu qalmadı, özüylə danışırmış kimi yavaşca dedi:

- Hmmm, yoğun baldırına, bardaq məməsinə, balıq yanbızına göz dəyər birdən.

Ayrı bir eşidən olmadısa da Rüfətin qulağı anam deyənləri çaldı:

- Sən bu qızı qarağac qabığı kimi yandırmısan, - dedi, - saydıqların onda çətin tapıla.

***

Cavid məni əlyetməz diləyimə yaxınlaşdırdıqca təb-təb olurdum. İndi də bir özgə dərd canıma sırmanmışdı – buralardan necə qopub gedəcəkdim? Emin öləndən sonra o xarabanı uzun müddət tərk eləyə bilmədiyim kimi, indi də bir neçə aydan sonra burdan ömürlük gedəcəyimi düşünəndə dişlərimin kökü sızıldayırdı.

Kəndimiz onsuz da suyu soğulmuş dəyirmana dönmüşdü, ayağı yer tutan qaçıb getmişdi. Mənim sirdaşım xəstə bacılar da, dediyim kimi, analarından sonra hərəsi bir diyara sürülmüşdü – böyüyü Bakıdakı qardaşları, kiçiyi qonşu kənddə ərdə olan bacıları aparmışdı.

Gülnaza əlim çatmasa da özümü toparlayıb bir dəfə Validəyə dəydim. Anasından sonra qızın olan-qalan canı da əldən getmişdi. Böyük bacıları məni görəndə üstünə gün doğdu:

- Qadan alım, ay Bircə, nə yaxşı gəldin, - dedi, - gör bu qıza bircə tikə yedirdə bilərsənmi?

Mətbəxlə yanaşı kiçik otağı Validəyə vermişdilər. Qızın yatağın ortasında yığılıb bir ovuc qalmış canı qaxaca dönmüşdü, bədənində diri olan təkcə gözləriydi. Çarpayının bir qırağında özümə yer eləyib oturdum. Yönsüz xəstəlik qızı elə hala salmışdı, onu qucaqlaya da bilmirdim. Gözləri mənə baxa-baxa dinməzcə ağlayırdı, səsi elə bil o dünyadan gəlirdi:

- Ay Bircə, kaş səni ürəyimin başına sıxa biləydim. Atam öldü, anam öldü sevindim, dedim qoy qara torpağın altında dincəlsinlər. Bacımdan ayrı düşdüm, bax buna dözə bilmirəm.

Validənin fır bağlamış, kötük kimi qurumuş əllərini, qollarını sığalladım, əyilib diri gözlərindən öpdüm:

- Elə demə, bu bacın da yazıqdı, iki balası var.

- Bircə, yalvarıram sənə, kömək elə özümü öldürüm, - dedi. - Bacım dərmanlarımı məndən uzağa qoyur. Özüm də qalxa bilmirəm ki, hamısını xışmalayıb yeyəm, onun da canı qurtara, mənim də.

Gözündən axan sel Validənin ağzının cəhəngindən içəri süzülürdü.

- İlahi, belə də zülüm olarmı, - dedi, - əlini uzadıb ağız-burnunun suyunu da silə bilməyəsən.

Onun üz-gözünü dəsmalla qurulayıb dedim:

- Mən də acam, qoy bacın yemək gətirsin ikimiz də yeyək.

- Ay Bircə, mənə nə deyirsən de, yemək demə. Qulluğumda duran ana deyil ey, bacıdı.

- Bacın anandan da yaxşı baxır sənə.

- Bilirəm baxır. Bacım mənə görə ailəsiylə bir süfrədə oturammır, cavan gəlin ola-ola gecələr mənlə yatır – kimin əri dözər buna? Öz zəlilliyim bir yana, bacımı da dustaq elədim, yazıq xeyirə-şərə də gedə bilmir. Mən ölməyincə ona dinclik yoxdu.

Əlimlə Validənin ağzını tutdum:

- Sən Allah elə demə, bacın eşidər, yazıqdı.

- Hamı mənə ye deyir, bəs mənim adamlığım necolsun? Mən heyvan kimi otlayım, bu bacım da xəstəlik tapsın?

- Mən də anamdan küsmüşəm, iki gündü acam. Gəlmişdim sənin yanında bir tikə yeyəm.

Söz ağzımdan çıxan kimi Validənin diri gözləri güldü:

- Mənim başımı bişirmə, Mənzər xala o qədər də daşürək deyil.

Biz danışıb dərdləşdiyimiz müddətdə bacısı balaca masanın üstündə süfrə açdı. Güc-bəlayla Validəyə bir çolpa budu yedizdirdim. Hər xırdaca loxmanı udduqca böyük bacı sevincindən qol-qanad açırdı.

Sağollaşıb ayrılanda Validə məni lap yaraladı:

- Bircə, sən də ta gəlmə, yazıqsan, get başını kitablarınla qat. Bilirəm məni görəndən sonra özünə gələmmirsən. Anam sağ olanda sənin gəlişini çox gözləyirdik, indi istəmirəm, gəlmə.

- Nə deyirsən de, yenə gələcəm.

- Sən bir də gələnə kimi mən öləcəm.

Qapıdan qayıdıb Validənin taxta canına sarıldım, diri gözlərindən öpdüm.

***

Ölmədim o günü də gördüm ki, oğluma sevgi məktubu gəlməyə başladı.

Kənd məktəbində Cavidlə bir sinifdə oxumuş üç qız həmişə onu diqqətdə saxlayırdı – Cavid evə buraxılanda yanına gəlirdilər, biz onu görməyə gedəndə Cavidə məktub göndərirdilər. Qızların doğum günlərini də bilirdim; bayramlarda, ad günlərində üç qızın üçünə də hədiyyə alırdım, Rüfət aparıb Cavidin adından özlərinə verirdi, hərçənd çox vaxt Cavidin bundan xəbəri olmurdu.

Sonradan bu üç qızdan birinin Bakıda yaşayan onlarla yaşıd qohumu da Cavidə məktub yazmağa başladı. Cavid evə buraxıldığı vaxt kənddə olurdusa o qız da qızlara qoşulub bizə gəlirdi. Qızın cəsarəti Cavidə zövq verirdi, onun məktublarına ayrıca diqqət göstərirdi. Mənsə bundan qorxuya düşmüşdüm, uşağın dərsdən-kitabdan soyuyacağından çəkinirdim.

Günün birində məktubların topasını götürüb getdim Cavidin sinif rəhbəri Faiq müəllimin yanına. Məni yüksək mədəniyyətlə dinləyən gənc müəllim dərdimi ona danışandan sonra məktublardan birini oxudu, qalanlarını səliqəylə büküb mənə verdi:

- Bunları hardan götürmüsüz, qaytarın qoyun yerinə, - dedi. - Böyütməyin, oğlunuzun hisslərinə sayğı duyun.

- Böyütmürəm, qorxuram uşağım dərslərindən soyuya, sizin də, bizim də əməyimiz zay ola.

- Heç nədən qorxmayın, ürəyinizdə sevinin, amma Cavidə bu barədə heç nə deməyin.

- Nəyə sevinim axı?

- Sevinin ki, oğlunuzda əsl kişi hissləri yaranıb.

- Sizcə, çox tez baş qaldırmayıbmı bu kişilik hissi?

- Yox, lap vaxtında başlayıb. Məktubları yerinə qoyun, Cavidə heç nə deməyin. Oğlunuz bizim kursun gözüdü, biz ondan 500 bal gözləyirik.

Evə sevincək qayıtdım, olanları atama danışanda kişi şaqqanaq çəkdi:

- Karlı oğul dayısına bənzər.

- Hansı dayısına?

- Hakim dayısına. Yadından çıxıb o at çapan qız? Dostum Nadirin qızını deyirəm. Beş oğul böyütdüm, Hakimdən başqa birinin dalınca qapımıza qız gəlmədi.

- Gəlməyi yaxşıydı?

- Əlbəttə! O qızı çox istəyirdim, bilmirəm Hakim niyə onu almadı.

- Deməli sevgi deyilmiş, eləcə dostluq imiş...

Qız Telli mamagilin kəndindən idi, Hakimdən bir sinif aşağı oxuyurdu. Atası İradəni oğlan kimi böyütmüşdü. Tənəffüsdə qaçıb Hakimin yanında dururdu. Dərsdən sonra atasının atını yəhərsiz-yüyənsiz, yalınçaq minib sürürdü bizim doqqaza, başı hardasa qarışmış Hakimi qapıda görməyəndə anama şığıyırdı:

- Mənzər xala, Hakim hardadı?

- Ay qızım, neylirsən Hakimi, get ananın bir bulaşığını yaxala.

- Bulaşıqları anam özü yuyur, sən Hakimi çağır.

Mən at belindəki qıza həsədlə, heyranlıqla baxanda anam üstümə qışqırırdı:

- Zəmanəniz dağılsın, süd soyumamış get qatığı çal, atanın geyinmədiyi pencəyi sal üstünə.

- Ayrı şey salsam olmaz?

- Yox, olmaz, süd uyuşmaz.

Bizim evin yazılmamış qanunuydu – qatıq çalınan qazanın üstü köhnə kişi pencəyi ilə basdırılmalıydı.

İradə darvazamızın qabağında Hakimlə uzun-uzadı söhbətləşirdi, oxuduqları kitabları dəyiş-düyüş eləyirdilər. Sonra qız yenə atın belinə sıçrayıb evlərinə çapırdı. At löhrəmə getdikcə yel İradənin saçlarını dalğa-dalğa əsdirirdi. Mənim gözümdə o, dünyanın ən xoşbəxt qızıydı – onun dağınıq telləri, cingiltili gülüşü, at belində oğlanın görüşünə gəlməyi, heç kəsdən çəkinmədən mərdi-mərdanə qardaşımla söhbətləşməyi, bu zaman özünü qətiyyən suçlu, xoflu aparmamağı təkcə məndən ötrü yox, kəndin bütün qızlarından ötrü əlçatmazıydı.

İradə atını çapıb gedən kimi atam Hakimi xırxalayırdı:

- Bax amandı haa, məni el içində xar eləyərsən! Körpəydim, qar yağanda ayağım yer tutmurdu, o qızın atası iki qış məni dalında məktəbə aparıb. Danış, gül, amma əluzunluq eləmə.

Kişi belə deyəndə Hakim odlanırdı:

- Biz ancaq dərsdən, kitabdan danışırıq, Kor Əlişin qəlyanı kimi iy buraxma.

- Yumurta sınmayınca içi dağılmaz, təki mənim danışığım iyli olsun, sizin münasibətiniz təmiz. İstəsən o qızı sənə ala bilərəm.

- A kişi, bəyəm mən evlənirəm? Get məndən qabaqkıları evləndir.

Hakim əsgər gedənəcən İradənin atının ayağı bizim qapıdan kəsilmədi. Qardaşım əsgərlikdə olanda qız qonşu rayona ərə getdi...

ardı var

# 6413 dəfə oxunub

Müəllifin son yazıları

# # #