Karantinin ən ağır günü - Bircə yazır..

Karantinin ən ağır günü - Bircə yazır..
6 aprel 2020
# 11:01

Kulis.az Bircənin “Maral üçün nekroloq” yazısını təqdim edir.

Şəhər yuxuluykən yola çıxdıq. Yolumuz çox uzaqdı. Qorxulu virusun qulaqları bizim şəhərdə də çıxmışdı. İki gündən sonra ciddi karantin başlayacaqdı...

Mən, Cavid, bir də Rüfətin qızı Aytac. Uşaqlarım üçün yaxşı yol hazırlığı götürmüşəm. Bir termos çay, bir termos kofe, şəkərbura, qovurğa, arası soyuq kotletli dürməklər. Yol boşluqdu, gedən-gələn azdı. Cavid hərdən deyinir:

- Ana, yuxum gəlir, nəsə oxu, şeir de.

- Nə paxıllıqdı, yuxun gəlir, ver mən sürüm maşını, sən bir az mürgülə.

- Boyy, məni biyabır eləmə, sən alçaqdan oxu, mən yatmıyacam. "Kəsmə şikəstə" üstündə bir bayatı çağırırıram.

- Əzizinəm dan üzü,

- Ötür quşlar dan üzü.

- Mənim ölüm xəbərim,

- Çatsın sənə danüzü..

- Eee ana, oynaq bir şey oxu, bunu saxla orda oxuyarsan.

- Oynaq nəyə deyirsən? Aytac tez dillənir,

- Xala, "Can-cana" istəyir.

- Mən qələt eliyərəm, belə mahnı oxuyan yerdə. Özüm qəsdən uşaqlarımın ikisinin də xatirələrini cırmaqlayan, onu oxuyanda hər ikisini kövrəldən mahnı oxumağa başlayıram.

- Allah səni göydən yerə endirib,

- Gözəllər gözəli, ay Şərəbanı. İkisinin də gözü dolur, Cavid dayana bilmir tez qışqırır.

- Anaaa, bunu oxuma, sən bunu oxuyanda hamı sağıydı, hamı bir yerdə idi. Aytac mənə qısılıb deyir:

- Xala, sən bunu oxuyanda kəndimiz, sənin gözəl vaxtların, hətta o vaxtkı geyimlərin yadıma düşür. Məni ayaqlarının üstündə uzadıb bu mahnını oxuyurdun, mən də özümü göydən düşmüş kimi hiss eləyib yatırdım. Demək, qoxunun, dadın yaddaşı olduğu kimi, musiqinin də çox ağır yaddaşı varmış...

Güclü dumana düşdük, Cavid bir əli sükanda, bir əli telində Maraldan danışıb kövrəldi.

- Ana, sən də elə qadın ola bilməzdin. Sən işdən gələnə kimi məni şəlləyirdi dalına işlərini mənimlə görürdü. Öz balaları yerdə qalırdı, cibinə yığdıqlarını boynunun dalından qucağıma atırdı. Yeyib doyan kimi başlayırdım Maralın (uşaqlarının diliylə Cavid də həmişə bibisini adıyla çağırdı) saçlarını yolmağa, başını qapazlamağa, deyirdim:

- Aç məni, yerə qoy, öz uşaqlarını şəllə dalına. Hər dəfə Maral deyirdi:

- Ay Totu, qadan alım, sən kəllədə bir gözsən, sənə bir şey olsa tifağımız dağılar.

- Ana, mən bu "kəllədə bir göz" məsələsini çox gec anladım, əsgərlikdə. Hər dəfə elə bilirdim, Maral mənə Təpəgöz deyir...

Cavidin xatirələri yolumuzu yaxın elədi, Rüfət bizi rayon mərkəzində qarşıladı. Aytacı, onlara gətirdiyimiz sovqatları onun maşınına yığdıq. Eyni yerdə həmişə Səməndər qarşılayırdı məni.

Rüfət maşınından iri bir dəstə bənövşə uzatdı mənə.

- Baban qurban (hərdən belə də deyir) bunu sənə bizim damazlıq (Rüfətin xeyli uşağı doğulub tələf olmuşdu, sonra bir qızı da var onu deyirdi) yığıb.

- Ala, iyləyə-iyləyə Çənlibelə (ər evimi həmişə belə adlandırırdı) get. Rüfət qabaqda biz arxada yola düşdük.

Yenə yadıma Emin ölən günü getdiyim yol, o günkü hisslər düşdü.Ayaqlarım titrəməyə başladı. Arada başımı irəli uzadıb Cavidin üzünə baxırdım.

- Həyəcanlı deyilsən ki?

- Bir az var, Ana.

- Möhkəm ol. Bizim döngəyə çatanda Rüfət başını maşından çıxarıb Cavidə dedi:

- Körpə kimi çıxdığın evə kişi kimi qayıdırsan, ürəkli ol, cibinin ağzını aç, ürəyin istəyənlərə pul ver, adına layiq yaslama yazdır. Cavid qardaşımı arxayın saldı.

- Baş üstə, dayı. Ana, burdan beləki yolu sən göstərəcəksən. Bələdçiliyimi elədim, eynən Emin öləndəki kimiydi qapı, darvaza, qara geyimli adamlar. Yenə ayaqlarım əsməyə başladı. Cavid qapını görən kimi ilk sözü bu oldu.

- Ana, qovağın yoxdu. Maşını sıralama dayanan maşınların lap arxasında saxladıq. Mən düşdüm, Cavid ləngidi. Ona diqqətlə baxdığımı görəndə tez dilləndi:

- Ana, ayaqlarım titrəyir, bir az dayan. Oğlumun oturduğu tərəfə gəldim, "korvalol" iylətdim, bir qurtum isti kofe içirtdim.

- Uşaq deyilsən, özünü ələ al, kənardan bizə baxırlar. Toxtayıb maşından düşdü, qucağımda yatılı apardığım bir əlcək uşaq indi hündürboy göyçək bir oğlan olmuşdu. Ona bir az da baxıb qulağına xısıldadım.

- Eynəyin olmasa baban demiş, qənfet kimi oğlansan.

- Özündən bəri bax, sənin də eynəyin olmasa elə sən də qənfet kimi qızsan. Oğlumun qoluna girib iri yas mağarının qabağında sırayla düzülmüş adamlara sarı getdim. Yas mağarı Maralgilin geniş qapısında qurulmuşdu. Arvadlar bir zamanlar mənim yaşadığım evə gedirdilər. Çadırın qabağında Cavidi kimsə qolundan tutub məndən ayırdı. Ha baxdım, tanıya bilmədim. Mən sağa, sola baxa-baxa evimizə tərəf addımladım. Sağdakı arx yerindəydi, həmişəki kimi axırdı. Qovağın enli kötüyünün dodaqları torpağa dirənmişdi. Məhlə xarabalığa oxşayırdı. Cənnətim limonxanamdan əsər-əlamət yoxuydu. İri gövdəli qoz ağacları sanki heç vaxt bu bağda olmamışdı. Bir-iki keçəl-küçəl ağaclar boy verirdi. Mahmud əminin sitrusliğinda iki dənə dəfinə ağacları boy-boya vermişdi. Pilləkənin ayağında eltim Nərgizi tanıdım, üzümə diqqətlə baxsa da o, məni tanımadı. Pilləkənin başında Sahib əminin böyük qızıynan burun-buruna gəldik. Üzümə baxan kimi qollarını boynuma dolayıb hönkürdü:

- Gör bir fələk bizə neynədi, deyib fəryad elədi. Sahib əmidən sonra iki gözəl, cavan, müəllim oğlu rəhmətə gedib bacılarını çirkinlibas eləmişdi. Atam iki qardaşın kirvəsi olmuşdu. Qəmzəsindən qan daman gəlin indi beli bükülmüş qarı kimiydi. Evdəki arvadlar başlarını uzadıb bizə baxırdılar, Sahib əminin qızının kimi qucaqladığını tanımaq istəyirdilər. Baldızım Bəsti bir az üzümə baxdı əmisi qızı Sevdaya dedi:

- Ay Sevda, qonağını içəri apar, pilləkənin başında durma. Sevda yenə məni qucaqlayıb qulağıma dedi:

- Yazıq, yurduboş əmim, səni tanımadı ey bu girvənkəbaş.

- Heç istəmirəm tanısınlar, mən bura Marala görə gəlmişəm. İçəri keçdik, onda mənə aydın oldu ki, evi söküb yerində yenisini tikiblər. Maralın şəkli evin lap başında Eminin şəkliylə yanaşı qoyulmuşdu. İrəli durub şəkli qucaqladım, sinəmə sıxıb bircə bunu deyə bildim.

- Canım sənə qurban. Kimsə qabağa atılıb şəkli əlimdən aldı, aparıb yerinə qoydu və dedi:

- Hamımız dövlətin tapşırığına əməl eləməliyik, ağır virus hər tərəfi caynağına alıb, ağlaşma olmaz, gələnlər çayını içib getsinlər. Arvadı tanıdım. Maralın "qara pıspısa" ayaması qoyduğu qardaşı arvadıydı. Gələnlərin çoxu dağıldı. Qaldım Maralın şəkliynən üz-üzə. İri, köşək gözləri, ağ sifəti, al yanaqları mənə töhmət yağdırırdı, üzümə baxıb deyirdi:

- Niyə satdın məni bu xoryatlara, niyə bir dəfə qapımı açmadın, niyə bir dəfə ziyarətimə gəlmədin? Mənim gül üzlüm baxışlarıyla məni söydükcə susub ağlayırdım. Sevda da durmadan qulağıma deyirdi:

- Görürsən, səni tanımadılar. Gözüm lal Kərimin gəlininə, Cavidin süd anasına zillənmişdi. Baxışlarımız ələ vermişdi bizi. Gəlin oturduğu yerdən iməkləyə-iməkləyə qənşərimə gəldi, baxdı, baxdı birdən qışqırdı:

- Ay Allah, mən kimi görürəm. Bir az da onunla qucaqlaşıb ağladıq. Evdə qara geyimli qadınlar gəzişirdi, danışırdı. Heç nə eşitmirdim.

Mahmud əmi qovaqdan yelləncək asmışdı. Evdə heç kim yoxuydu, sevimli körpələrimə qoşulub yelləncəkdə uçurdum, gizlənqaç, "müharibə" oynayırdım, arada yüyrükdəki çağanı yelləyirdim, şüşə, güzgü qırıqları evciyimə daşıyırdım...

Böyürtü kimi bir səs yelləncəyimin ipini qırdı, məni tappıltıyla yerə çırpdı.

- Bibiiii, deyirlər sən burdasan. İlahi, bu mənim qaragöz Bəhruzumuydu. Bir dəstə arvada baxıb devikirdi, məni tanımağa çalışırdı. Yerdən bir balaca dikələn kimi oldum. Tosqun, üzü tüklü pəhləvan kimi Bəhruz çiyinlərimdən tutub məni yerə oturtdu, balacalığında olduğu kimi dizlərimin üstünə yıxılıb ağlamağa başladı.

- Maral getdi, bibi. Maral bizi yetim qoydu. Maral ölənə kimi sizi gəzdi, sizi axtardı. Totunun indiki halını çox görmək istəyirdi.

- Biz onunla görüntülü danışırdıq, Cavidi hər cürə görürdü. Hərən deyirdi, dur ayaqüstə baxım sənə, indi saçını qarışdır baxım sənə.

- Ay bibiii, hər il payınızı torbalara yığıb ağzını tikirdi, siz gəlmədikcə içini bizə verirdi, torbanı yenidən doldururdu. Bəhruzla danışığımıza eltim, baldızım tamaşa eləyirdi. Bəsti bir az dinşəyib dedi:

- Boyyy, bu Bircəymiş eyy, bayaqdan baxıram tanımıram. Nərgiznən ikisi də gəlib oturulu məni öpdülər. Mən indi yekə kişi olmuş körpəmin başını sinəmə sıxıb ağlayırdım, onu ovutmağa çalışırdım. Sahib əminin qızı bərkdən bir nərə çəkdi:

- Eləmi sənəm səsinə,

- Səs ver sənəm səsinə.

- Yaman həvəsim gəlir,

- Öz kimsənəm səsinə.

- Səni burdan didərgin salan fələyin gözü oxlansın. Öldü azman kişilər, Sahib əmi, Misir əmi çoxdan haqqın dərgahına qovuşublar - daha səni burda tanıyan olmadı...

Qara pıspısa yenə aranı qatıb yası urvatsız elədi.

- Ağlaşma olmaz, hamı durub dağılsın. Cəld qalxdım. Bəhruz dayısı arvadına çəmkirdi.

- Bəsdi dəəə. Bir zamanlar həm də kirvəsi olduğum Qaragözümü götürüb pilləkəni endim. Aşağıda məni bir zamanlar qonşu olduğum gəlinlər gözləyirdilər. Onlarla da ayaqüstü görüşdük. Cavidin süd anası dedi:

- Ay Bircə, nolar sən dillənmə, görək Cavid məni tanıyacaqmı. Başımda bir dəstə arvad yas çadırına tərəf getdik. Cavidi uzaqdan görən kimi baldızım çığırmağa başladı:

- Belin qırılsın, ay Emin, Cavid evimizə gəlib. Bəhruz Bəstinin ağzını tutdu.

- Hıh, hələ bir diliniz də var...

Cavid quruyub dayanmışdı, qolları da yanında. Onu qucaqlayanların heç birinə qollarını açmırdı. Nərgiz irəli durub dedi:

- Totu, tanıdın məni? Oğlum üzümə baxdı, qırmızı, qırmızı...

- Yox tanımadım, dedi. İndi də mən dilləndim:

- Sənin süd anan bu xanımların arasındadı, gör tanıya bilərsən. Cavid hamıya ötəri bir göz atdı. Bir dəstə arvadın içindən əl atıb lal Kərimin gəlininin biləyindən tutdu.

- Mənim süd anam budu. Gəlin Cavidə sarılanda baldızım yenə dilləndi.

- Yekə kişi olmusan, get atanın, babalarının, əmilərinin qəbirlərini ziyarət elə. Cavid özünü eşitməməzliyə vurdu. Gözüm aralıdan Elgizi aldı, qızlarının üçü də boy-boya verib bizə baxıb ağlaşırdılar. Cavidi yanaladım.

- Bax, o qızlar sənin əmin qızlarıdı, irəli dur onları qucaqla öp.

- Ana, dayım deyir bir az tez gəlin, deyib maşına tərəf getmək istədi. Əl atıb biləyindən tutdum.

- Qadan alım, insafın olsun, get əminlə, onun balalarıyla görüş, get atanın, Maralın qəbrini ziyarət elə. Cavid üzümə baxıb sakitcə dedi:

- Getmirəm. Baldızım yenə illər öncəki sifətini geyindi.

- Yaxşı dərs veriblər sənə, heç getmə, gedən gününüz olmasın. Sahib əminin qızı baldızıma çəmkirəndə burnumdan qan açıldı. Çox maraqlıdı, Eminin sağlığındakı kimi bir anda qanıma bələndim. Məni daldaya çəkdilər, üzümə, başıma buz döşədilər. Burnum qanayan kimi Cavid qaçıb əmisinin üç qızını bağrına basdı. Qızlar oğluma sarılıb bir müddət onu buraxmadılar. Bəhruz dəsmalla gah burnumun qanını silirdi, gah saçlarımı geri yığırdı, gah da məni güldürməyə çalışırdı.

- O qızlarla (Elgizin qızlarını deyirdi) heç vaxt evcik oynamadıq, onları yaxınımıza buraxmadıq. Maralı qoymadıq o qızları sevsin.

- Çox nahaq, gör nə qəşəng qızlardı. Baldızım arada arvadları yarıb mənə sarı boylanırdı. Qanımın səngidiyini görəndə yenə çənəsinə cəh verirdi. Yenə ağzıma qan dadı, burnuma qan iyi dolmuşdu. Elə bildim bir az da burda ləngisəm indi yuxu kimi xatırladığım o günlər, o adamlar yenidən canlanacaq, hansısa qüvvə məni ömürlük buralara mismarlayacaq. Cəld qalxıb Cavidin qoluna girdim.

- Hamıyla görüş gedək. İndi bığlı-saqqallı kişiyə dönmüş körpələrim boyaboy düzüldülər. Hamısını dönə-dönə öpdüm. Baldızım hələ də nəsə donquldanırdı. Maşındakı şirniyyatları Maralın gözəl nəvələrinə, lal Kərimin gəlininə, qonşularıma, Sahib əminin qızlarına payladım. Cavidin pul qabısının ağzını açıb qızların hərəsinə bir "əllilik" verdim. Süd anamızın xüsusi hədiyyəsini, Cavidin aldığı şərfi bağışladım. Maşına oturanda Nərgiz bir yanını əyə-əyə əlində ağır zənbil özünü yetirdi.

- Ay Bircə, bu kənd payıdı, Bayram payıdı sizə qoymuşam. Nərgizin gözlərinin içinə baxdım.

- Çox sağ ol, payın artıq olsun, mən də o payı sizin özünüzə qaytarıram. Bəsti hələ də deyinirdi. Bəhruz Maralın Cavidə oxşadıb yanından ayırmadığı toppuş nəvəsini qucağında tutmuşdu. İllər öncə qucağımda oğlum gecəynən tərk elədiyim evi, indi yanımda bir cavan oğlan tərk eləyirdim. O, gecə bütün kənd səssizcə darvazalarının ağzında dayanıb qaranlıqda bizə əl eləyirdi. İndi həmin el, həmin qapıda günün günorta çağı bizi yas çadırından yola salırdı.

Arxamda indi böyümüş körpələrim, bir də Maralın azman şəkli qalırdı. İçim bomboşuydu. Maşın yerindən tərpənəndə Cavid bunu dedi:

- Ana, geri baxma. Üzünü qəbristanlıq tərəfə tutub hönkürdü:

- Maral, məni bağışla...

Hər tərəf dumanıydı, çiskin yağış aramsız səpələnirdi....

Karantinin ən kəskin günlərindən biri...

Bakı. 6 aprel. 2020.

# 8443 dəfə oxunub

Müəllifin son yazıları

# # #